Bakıda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Beynəlxalq konfrans başa çatmışdır

 

Noyabrın 7-də Bakıda, Təzəpir məscid-kompleksində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Beynəlxalq konfrans işini davam etdirmişdir.

Konfransa sədrlik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirmişdir ki, belə aktual bir mövzuya həsr olunmuş tədbirin Bakıda keçirilməsi Azərbaycanın inkişafı və Prezident İlham Əliyevin ölkədə dini tolerantlığa böyük önəm verməsindən irəli gəlir.

Sonra məruzələr dinlənilmişdir. Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddin konfransın həsr olunduğu mövzunun böyük əhəmiyyətini vurğulamış, bütün insanların və cəmiyyətlərin dialoq şəraitində yaşamasının vacib olduğunu bildirmişdir.

Tacikistan Prezidenti yanında İslamşünaslıq Mərkəzinin direktoru Nuradullah Dövlətov Tacikistan Prezidenti İmoməli Rahmonun Allahşükür Paşazadəyə təbrik məktubunu oxumuşdur.

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin konfransda çıxış edərək şeyxin Qarabağ problemi, Qafqazda sülh və sabitlik yönündə göstərdiyi təşəbbüslərin təqdirəlayiq olduğunu demişdir.

Gürcüstan Patriarx Katolikosu II İlya isə Azərbaycan və Gürcüstanın qarşılaşdığı əsas problemin həllinə ümid etdiyini qeyd edərək bildirmişdir ki, əgər biz Qafqazda sülh istəyiriksə, o zaman ərazi bütövlüyünə nail olmalıyıq. Sülhdən danışanda onu da düşünməliyik ki, bunun üçün birinci növbədə ədalət olmalıdır. Ədalət olmadan isə sülh mümkün deyildir.

Konfransda Küveytin vəqflər nazirinin müavini Adil əl Fəlah, Məzhəblərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Ayətullah Məhəmməd Əli ət-Təsxiri, Türkiyə Diyanət İşləri İdarəsi sədrinin müavini Mehmet Yemin Özafşar, İslam Aləmi Liqası baş katibinin müavini Əbdürrəhman əz-Zeyid, Qazaxıstanın müftisi Əbidsəttar Derbisali çıxış edərək Allahşükür Paşazadəyə təbriklərini çatdırmış, konfransın dinlərarası münasibətlərə töhfələr verəcəyinə əminliklərini bildirmişlər.

Sonra Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev şeyxülislam Allahşükür Paşazadəyə Əlaqələndirmə Mərkəzinin ordenini təqdim etmişdir.

Konfransda çıxış edən İordaniyanın vəqflər və islam ziyalıları naziri Əbdülfəttah Salah, Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin şəriət işləri üzrə müşaviri Əli bin əs-Seyyid Əl-Haşimi, İraqın Kərkük vilayətinin müftisi Şeyx Abbas Fazil Abbas və başqaları çıxış edərək şeyxülislam Allahşükür Paşazadəyə ən xoş arzularını çatdırmış, hədiyyələrini təqdim etmişlər. Qeyd olunmuşdur ki, konfransın mövzusu olan dinlərarası dialoq bu gün dünyada ən aktual məsələlərdəndir. Azərbaycan isə bu məsələdə örnək ola bilər. Çünki Azərbaycanda dinlərarası dialoq, dini dözümlülük, tolerantlıq yüksək səviyyədədir.

Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Konfransda çıxış edən şeyxülislam Allahşükür Paşazadə onun Qafqaz xalqları qarşısında xidmətlərini, dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdiklərinə, ona ümumi amallar naminə verdikləri mütəmadi dəstəyə görə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış və Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri onun ünvanına söylənən xoş sözlərə və təbriklərə görə təşəkkür etmiş, bundan sonra da dinlərarası dialoqa töhfələrini əsirgəməyəcəyini vurğulamışdır.

Konfransa sədrlik edən Hidayət Orucov bu beynəlxalq tədbirin xalqlar və dinlərarası dialoqa müsbət təsir göstərəcəyinə əminliyini bildirmiş, tədbir iştirakçılarına dəyərli fikirlərinə görə minnətdarlıq etmişdir.

Sonra əlavələr və dəyişikliklər nəzərə alınmaqla konfransın qətnaməsi qəbul olunmuşdur.

Bununla da konfrans işini yekunlaşdırmışdır.

Konfransdan sonra iştirakçılar Heydər Əliyev Fondu ilə tanış olmuş, Bakı şəhərini gəzmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 noyabr.- S. 8.