Bakıda dünya şöhrətli universitetlərin iştirakı ilə Beynəlxalq təhsil sərgisi keçirilmişdir

 

Noyabrın 7-də Bakıdakı "Landmark" mehmanxanasında Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq təhsil sərgisi-2009" keçirilmişdir.

Tədbirdə çıxış edən mərkəzin direktoru Elnur Əliyev demişdir ki, sərgi iştirakçıları ali təhsil ocaqlarına müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqqında geniş məlumat ala biləcəklər.

Bildirilmişdir ki, sərgidə Qlazqo Universiteti (Böyük Britaniya), Şərqi İngiltərə Universiteti (Böyük Britaniya), Glion Ali Təhsil İnstitutu (İsveçrə), INTO Universiteti (Böyük Britaniya), Studi Qroup (Böyük Britaniya), Kendal Kollec (ABŞ) və digər nüfuzlu təhsil müəssisələri iştirak edirlər.

E.Əliyev vurğulamışdır ki, mərkəzin həyata keçirdiyi layihələr nəticəsində 10-dan çox azərbaycanlı gənc xarici ölkələrin aparıcı universitetlərində təhsil alır.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov bildirmişdir ki, Kaspi Təhsil Mərkəzi dünyanın aparıcı universitetləri ilə geniş əlaqələr qurur və Azərbaycan gənclərinin bu təhsil müəssisələrində oxumaları üçün ardıcıl addımlar atır.

Natiq demişdir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrin sayı cari ildə 300 nəfərə çatdırılmışdır. Bu gün Azərbaycan gəncləri 20-dən çox ölkənin tanınmış ali məktəblərində təhsillərini davam etdirirlər.

E.Qasımov qeyd etmişdir ki, hazırda xarici ölkələrdə dövlət və qeyri-dövlət təşkilatlarının vəsaiti hesabına təhsil alan tələbələrin sayı 10 mindən çoxdur.

Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sərgi ilə tanış olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-8 noyabr.- S. 8.