İstanbulda İKT-nin İqtisadi
və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin 25-ci sessiyasının toplantısı
keçirilmişdir
İstanbulda İslam Konfransı Təşkilatı
İqtisadi və Ticarət Daimi Komitəsinin (COMCEC) 25-ci sessiyasının
toplantısı keçirilmişdir.
Toplantıda ölkəmizin
İstanbuldakı Baş
konsulluğunun əməkdaşı
iştirak etmişdir.
Toplantını giriş sözü ilə açan Türkiyə Prezidenti Abdullah Gül bildirmişdir ki, İslam ölkələrinin dünya
ticarət dövriyyəsində
payı 2003-cü ildə
8,1 faizdən 2008-ci ildə
11,2 faizə yüksəlmişdir.
İKT daxilində
ticarət dövriyyəsinin
həcmi isə 16 faizə çatmışdır.
Lakin, hələ də dünyadakı ən az inkişaf
etmiş 49 ölkədən
22-si İKT üzvdür və
bu yoxsul ölkələrin inkişafına
da kömək etmək lazımdır.
İKT-nin baş katibi Ekmələddin İhsanoğlu da İslam dünyasında iqtisadi inkişafa nail olmaq üçün
birgə fəaliyyətə,
habelə yeni strateji plana ehtiyac olduğunu demişdir. Vurğulamışdır
ki, iqtisadi inkişaf olmadan bu ölkələrdə sabitliyin təmin olunması da mümkün deyildir.
Toplantıda çıxış
edənlər qlobal maliyə böhranı, üzv dövlətlər
arasında əməkdaşlığın
perspektivləri, yoxsulluğa
qarşı mübarizə
və digər məsələlərə toxunmuşlar.
Noyabrın 9-da COMCEC-in sədri, Türkiyə Prezidenti Abdullah Gülün sədrliyi ilə təşkilatın
zirvə toplantısı
keçiriləcəkdir. Toplantıda
ölkəmizi Baş
nazirin birinci müavini Abid Şərifovun təmsil edəcəyi gözlənilir.
Həmin iclasda COMCEC-in 25 illik yubileyi münasibətilə
rəsmi ziyafət də təşkil olunacaqdır.
COMCEC-ə 57
üzv və 3 müşahidəçi dövlət
daxildir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2009.- 8 noyabr.- S. 8.