Azərbaycan Xarici İşlər Nazirliyi xaricə səfər edənlərə A/H1N1 virusu təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdir

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) son günlərdə bir çox ölkələrdə A/H1N1 virusuna (donuz qripi) yoluxma və onun səbəb olduğu ölüm hallarının artması ilə əlaqədar xaricə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq etmişdir.

Nazirliyin rəsmi saytında bildirilir ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) cari ilin oktyabrın 17-nə olan məlumatına əsasən, dünya üzrə 414 mindən çox laborator təsdiq olunmuş virus qripi ilə xəstə qeydə alınmış və 5 min nəfər bu xəstəlikdən dünyasını dəyişmişdir.

ÜST-nin məlumatına görə, ABŞ, Almaniya, Argentina, Avstriya, Avstraliya, Antil Adaları, Antiqua və Barbuda, Bermud Adaları, Baham Adaları, Barbados, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Böyük Britaniya, Virgin Adaları, Boliviya, Bolqarıstan, Belçika, Braziliya, Bosniya və Hersoqovina, Çin, Çili, Çexiya, Danimarka, Dominikan Respublikası, Dominika, Əlcəzair, Efiopiya, Ekvador, El Salvador, Estoniya, Fici, Finlandiya, Fransa, Fransa Polineziyası, Filippin, Hindistan, Honduras, İran, İraq, İspaniya, İsveç, İsveçrə, İrlandiya, İslandiya, İsrail, İtaliya, İordaniya, Kamboca, Kayman Adaları, Kolumbiya, Kabo-Verde, Kot d'İvuar, Kosta Rika, Keniya, Kuba, Kanada, Koreya Respublikası, Küveyt, Laos, Lüksemburq, Livan, Liviya, Latviya, Litva, Misir, Malayziya, Martinike, Macarıstan, Malta, Mavriki, Monako, Monqolustan, Myanma, Nepal, Niderland, Norveç, Nikaraqua, Oman, Panama, Papua-Yeni Qvineya, Palau, Paraqvay, Peru, Polşa, Portuqaliya, Puerto-Riko, Qayana, Qvatemala, Ruanda, Rumıniya, Rusiya, Samoa, Sinqapur, Serbiya, Səudiyyə Ərəbistanı, Sao Tome və Prinsiri, Sloveniya, Slovakiya, Surinam, Suriya, Şri Lanka, Sent Lusiya, Tailand, Türkiyə, Trinidad və Tobaqo, Tunis, Ukrayna, Uqanda, Uruqvay, Vanuatu, Venesuela, Vircinya Adaları, Vyetnam, Yəmən, Yunanıstan, Yeni Zelandiya, Yamayka, Yaponiyada və İordan çayının qərb sahili və Qəzza zolağı 2009-cu ildə dünya üzrə A/H1N1 virusuna yoluxma hallarının təsdiqləndiyi ölkələr sırasındadır. Bu ölkələrdə olan və səfər etməyə hazırlaşan vətəndaşlara ehtiyatlı olmaq məsləhət görülür.

ÜST tərəfindən virusun yayıldığı regionlar üzrə bölgü bu cür aparılmışdır: Afrika - 13297 yoluxma (75 nəfər vəfat etmişdir), Amerika - 160129 yoluxma (3539 nəfər vəfat etmişdir ), Şərqi Aralıq dənizi zonası - 14739 yoluxma (96 nəfər vəfat etmişdir), Avropa - 63000-dən çox yoluxma (ən azı 261 nəfər vəfat etmişdir), Cənub Şərqi Asiya - 41153 yoluxma (573 nəfər vəfat etmişdir), Qərbi Sakit okean zonası - 122267 yoluxma (455 nəfər vəfat etmişdir).

Bütün bunları nəzərə alaraq, XİN xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı və virusa yoluxduqda və ya yoluxma halları ilə rastlaşdıqda həkimə müraciət etməyi tövsiyə edir.

Ukraynanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkə ərazisində A/H1N1 virusuna yoluxma halları kəskin artmışdır. Virusa yoluxma halları Ternopol, Lvov, İvano-Frankovsk və Çernovtsı regionlarında daha çox müşahidə olunur. Noyabrın 3-nə olan məlumata görə, Ukrayna ərazisində 250 min nəfər bu virusa yoluxma halı baş vermişdir. Bunlardan 235 nəfərin intensiv müalicəyə ehtiyacı vardır, 70 nəfər isə bu virusdan vəfat etmişdir. Ukraynanın qərb regionlarında, xüsusilə də Kiyevdə A/H1N1 virusuna yoluxma halları sürətlə artır. Laborator müayinələr nəticəsində qripə yoluxanların əksəriyyətində A/H1N1 virusunun olduğu müəyyən edilmişdir.

XİN-in xəbərdarlığında Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın bu ölkədəki səfirliyi ilə əlaqə saxlasınlar və konsulluq qeydiyyatına düşsünlər.

Azərbaycanın xarici ölkələrdəki bütün səfirliklərinin və konsulluqlarının ünvanları XİN-in internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 noyabr.- S. 8.