Qılman İlkin
Azərbaycan ədəbi
ictimaiyyətinə ağır
itki üz vermişdir. Azərbaycanın xalq yazıçısı,
Dövlət mükafatı
laureatı, əməkdar
incəsənət xadimi,
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü Qılman
İlkin (Qılman İsabala oğlu Musayev) 2009-cu il noyabrın 6-da ömrünün
96-cı ilində vəfat etmişdir.
Qılman İlkin
1914-cü il aprel ayının 28-də Bakının Mərdəkan
kəndində anadan olmuşdur. O, burada ilkin təhsilini başa vurduqdan sonra 1926-1929-cu illərdə
şəhər pedaqoji
texnikumunda oxumuş,
1932-1936-cı illərdə
Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində
ali təhsil almışdır.
Qılman İlkin
əmək fəaliyyətinə
Xaçmaz rayonunun Əhmədoba kəndində
məktəb müəllimi
kimi başlamış,
1931-1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, 1938-ci ildən isə "Uşaqgəncnəşr"də məsləhətçi,
baş redaktor və direktor vəzifələrində işləmişdir.
İkinci Dünya müharibəsinin başlanması
ilə əlaqədar
olaraq Qılman İlkin ordu sıralarına çağırılmışdır.
O, müharibə illərində
keçmiş Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə
müxbir olmuş, Təbrizdə çıxan
"Vətən yolunda"
adlı əsgər qəzetinin redaksiyasında
çalışmışdır.
Qılman İlkin müharibədən qayıtdıqdan
sonra Nizami Gəncəvi yubileyi komitəsində elmi katib, Azərbaycan Dövlət Universitetində
baş müəllim vəzifələrini tutmuşdur.
O, bədii yaradıcılıqla
yanaşı, uzun müddət mətbuat sahəsində fəaliyyət
göstərərək, 1960-1963-cü illərdə Azərbaycan
Dövlət Nəşriyyatının
baş redaktoru,
1963-1967-ci illərdə "Azərbaycan" jurnalının
baş redaktoru,
1967-1971-ci illərdə isə
yenidən Azərbaycan
Dövlət Nəşriyyatında direktor
vəzifələrində çalışmışdır.
Müasir Azərbaycan
nəsrinin tanınmış
nümayəndələrindən olan Qılman İlkin 1943-cü ildən
etibarən ədəbi
yaradıcılığa başlamışdır.
O, altmış ildən
artıq bir dövr ərzində nasir kimi zəngin
fəaliyyət göstərmiş
və ədəbiyyatımızın
inkişafına öz
töhfəsini vermişdir.
Yazıçının qələminin
məhsulu kimi meydana çıxan çox sayda hekayə, povest və romanlarda tarixilik, vətənpərvərlik
və tərbiyəvi
mövzular aparıcı
yer tutmuşdur. Bu əsərlər yaxın keçmişimizdə
baş verən hadisələrlə və
müasirlərimizin həyatından
alınan bədii lövhələrlə zəngin
nəsr nümunələridir.
Qılman İlkinin qədim Bakının tarixi yerləri və görkəmli şəxsiyyətlərimiz haqqında
silsilə xatirələri
oxucular tərəfindən
maraqla qarşılanmışdır.
Yazıçının Qarabağ
müharibəsindən bəhs
edən publisistik məqalələri gənclərimizin
vətənpərvərlik ruhunda tərbiyə olunması işində mühüm rol oynamışdır.
Qılman İlkin Azərbaycanın kino salnaməsinə daxil olmuş bir neçə bədii filmin və televiziya tamaşalarının
ssenari müəllifi kimi də tanınmışdır.
Yazıçı bir
sıra xalqların dillərinə tərcümə
olunaraq ölkəmizin
hüdudlarından kənarda
yayılan əsərləri
ilə nəsrimizi layiqincə təmsil etmişdir. Eyni zamanda onun tərcümələri
sayəsində Azərbaycan
oxucusu dünya ədəbi fikrinin bəzi nümunələri
ilə tanış olmaq imkanı qazanmışdır.
Qılman İlkinin müasir Azərbaycan ədəbiyyatı və
mətbuatının inkişafında
səmərəli xidmətləri
qiymətləndirilmişdir. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Azərbaycan
Respublikasının "Xalq
yazıçısı" və "Əməkdar incəsənət xadimi"
fəxri adlarına layiq görülmüşdür.
Tanınmış yazıçı,
gözəl publisist və təvazökar insan Qılman İlkinin xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət
eləsin!
İlham Əliyev,
Artur Rasizadə,
Oqtay Əsədov,
Ramiz Mehdiyev,
Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov,
Fatma Abdullazadə,
Əbülfəs Qarayev,
Misir Mərdanov,
Anar Rzayev,
Fikrət Qoca,
Çingiz Abdullayev,
Balaş Azəroğlu,
Gülhüseyn Hüseynoğlu,
Söhrab Tahir,
İsa Hüseynov,
Nəriman Həsənzadə,
Əkrəm Əylisli,
Vaqif Səmədoğlu
* * *
Mərhumun cənazəsi vidalaşmaq üçün 2009-cu il noyabrın 7-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin binasında (Üzeyir Hacıbəyov, 34) qoyulacaqdır.
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 4.