Şərur yallısı - Naxçıvanın tacı
Xalqımızın mənlik
və qəhrəmanlıq dastanı olan "Kitabi-Dədə
Qorqud"da adı "Şəruk" kimi xatırlanan bu
diyar təkcə iqtisadi qüdrəti, təbii imkanları ilə
öyünmür. O, həm
də qədim və şərəfli tarixə malikdir. Rayon ərazisi
bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən
biri sayılır. Tənənəm kəndi
yaxınlığındakı Qazma mağarasında
altmış-yetmiş min il bundan əvvəl daş
dövrünün insanları yaşayıblar. Aparılan
arxeoloji qazıntılar nəticəsində daş
dövrünün mədəniyyəti üçün səciyyəvi
sayılan obsidandan hazırlanmış itiuclular, qaşovlar və
sair əldə olunub. Xələc, Ərəbyengicə, Maxta,
Ovçular təpəsi, Şortəpə yaşayış
məskənləri isə eramızdan əvvəl V-II
minilliklərə aid olub. Bu yerlərdə neolit dövrünə
aid maddi mədəniyyət nümunələri aşkar
edilib. Oğlanqala ilkin şəhər mədəniyyətindən
soraq verir. O, qüdrətli qala şəhərlərdən
olub.
Şərurun qədim tarixə və
mədəniyyətə malik olmasını təkcə onun
daş abidələri, arxeoloji maddi-mədəniyyət
nümunələri təsdiqləmir. Şərur həm də
mədəniyyətimizin incisi və ən qədim
növü sayılan yallıları ilə öyünür.
Əsrlərin süzgəcindən keçərək bu
günümüzədək gəlib çatan bu rəqslər
onun nə qədər mənəvi zənginliyə malik
olduğunu da ortaya çıxarır. Bu mənada
yallını Şərurun qədim rəmzi adlandıranlar da
yanılmırlar. Akademik İsa Həbibbəyli də bu qənaətdədir
ki, yallılar qədim oğuz yurdunun möhürü olub.
Tədqiqatçıların
fikrincə, yallı 8-10 min il bundan əvvəl yaranıb.
Heç şübhəsiz ki, onun yaranma tarixi əlifbanın,
yazılı mədəniyyətin əmələ gəlməsindən
əvvəlki dövrlərə təsadüf edib. İlkin
yallılar oda, atəşə pərəstiş
dövründə formalaşaraq od-ocaq ətrafında toplanan
mərasimlərdən ibarət olub. Sonralar isə əhalinin
başlıca məşğuliyyət sahəsi olan
ovçuluqla bağlı rəqs nümunələri
yaranıb. Ovun, döyüşün uğurlu olmasını
arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii qüvvələrə
and vermək istəyənlər özlərinin bu münasibətlərini
mərasimlərdə təqlid, təsvir yolu ilə ifadə
etməyə çalışıblar. Yadelli, hiyləgər
düşmən üzərində qabiliyyətli mübarizə,
baharın gəlişi və digər həyati vacib məsələlər
də yallılarda dolğun əksini tapıb. Bu deyilənləri
tariximizin ən böyük daş kitabələri olan Qobustan
və Gəmiqaya qayaüstü rəsmlərində də
duymaq olur. Əcdadlarımız yaxşı anlayıblar ki,
süfrələrin zəngin olması, ovun uğurlu keçməsi,
çətinliklərin həll olunması, düşmənin
yerində oturdulması xeyli dərəcədə birgə əməkdən,
birlikdən asılıdır.
Azərbaycanın
tanınmış mədəniyyət xadimi, rəqslərimizin
mahir ifaçı və tədqiqatçısı, xalq
artisti Əminə Dilbazi: "Söz demədən o
xalqımıza məxsus bütün xüsusiyyətləri,
onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə
aşılaya bilir". O, bu mənada Şərur
yallılarını birinci sırada görür.
Alimlərin fikrincə, oğuz
ellərinin həyat tərzi, məişəti,
dünyabaxışı "Dədə Qorqud"
dastanlarında sözlə-fikirlə, yallılarda isə rəqslə,
ritmik hərəkətlərlə ifadə olunub. Hər bir
yallı növü də xüsusi məna və məzmun
daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini,
mübarizliyini, qorxmazlığını, həmişə
haqqa-ədalətə və sülhə can atmasını
özündə yaşadıb. Elə götürək
yallının ən qədim növlərindən biri olan
"Qaladan-qalaya" rəqsini. Şərur
yallılarının mahir ifaçılarından biri olan əməkdar
incəsənət xadimi Vasif Çörəkçinin
dediyinə görə, bu yallıda insanların
döyüş əhval-ruhiyyəsini, cəsarətini və
mübarizliyini əks etdirən maraqlı səhnələr
var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə
ağır templə başlayırlar, sanki
"döyüş meydanında düşmənlə
üz-üzə gəliblər". Rəqsin sonrakı hissəsində
isə hərəkət müəyyən qədər sürətlənir,
"Cəngi"nin sədaları döyüş məqamının
çatdığını bildirir. Tərəflər
üz-üzə dayanırlar. Dəstə
başçıları öz güclərini göstərirlər.
Oyunun digər hissəsində isə yenə də
qılınca əl atılır. Məğlub tərəf
qalib gəlmək əzmini göstərir. Qan töküləcəyini,
düşmənçilik yarana biləcəyini görən
ağbirçək ana meydana gələrək yaylığı
ilə döyüşçünün
qarşısını alır. "Uzundərə"
havasında dəstələr sülh və barış
arzusunda olduqlarını öz ifa tərzləri ilə də
göstərirlər. Bu rəqs həm də qədimdən
xalqımızın nə qədər sülhsevər
olduğunu bir daha göstərir.
Şərur toylarını bu
gün də yallısız təsəvvür etmək çətindir.
Hətta elə kəndlər var ki, onun sakinləri arasında
yallı getməyi bacarmayanlar barmaqla sayılası qədərdir.
Bayram tədbirlərini, xalq şənliklərini, konsert
proqramlarını da yallısız təsəvvürə gətirmək
çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə
çevrilib. Yallıda əl-ələ tutub coşqunluqla
ünsiyyətdə olan insanlar öz ritmik hərəkətləri
ilə ətrafdakılara da olduqca xoş təsir
bağışlayırlar.
Böyük sənət
adamları Şərur torpağını həm də
yallıların beşiyi adlandırıblar.
Xoreoqrafiya məzmununa görə
yallı iki növə ayrılır: süjet və rəqs
tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir
etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir.
Bu rəqslərdə zarafat, gülüş
üstünlük təşkil etsə də, digər
yallılarda ifa və yeriş elementləri diqqəti çəkir.
"Tənzərə", "El yallısı",
"Gopu", "Qazı-qazı", "Köçəri",
"Urfanı", "Qaladan-qalaya" belə yallı
nümünələrindəndir.
Nə gizlədək, milli-mənəvi
sərvətlərimizin qorunması sahəsində itirdiklərimiz
də çox olub. Başqa sözlə, tariximizin müəyyən
bir dövrlərində incəsənətin bu sahəsinə
maraq xeyli azaldığından onun bir çox nümunələri
unudulub. Ötən əsrin 70-ci illərindən isə milli
folklor rəqslərinin tədqiqi və təbliği istiqamətində
də əsaslı və ardıcıl tədbirlərin həyata
keçirilməsinə başlanılıb. Bu səbəbdən
də unudulmaqda olan yallı növlərinin bir çoxu yenidən
həyata qaytarılıb. "Hoynərə", "Dönə"
kimi yallıları buna misal göstərmək olar.
Şərur
yallılarının yaşadılmasında, qorunmasında və
təbliğində "Şərur" xalq yallı
ansamblının da böyük rolu olub. Ansamblın əsası
1924- cü ildə qoyulub. 30-cu illərin ortalarından
"Staxanov kolxozçularının rəqs ansamblı"
adı ilə fəaliyyət göstərib. Elə o illərdə
də onun fəaliyyətində canlanma yaranıb. Məhz bu
dövrdən ansambl böyük səhnəyə qədəm
qoyub. Kollektivin şöhrətlənməsində və
repertuarını genişləndirməsində Azərbaycanın
dahi musiqiçisi və bəstəkarı Üzeyir Hacıbəylinin
böyük xidmətləri olub. 1937-cı ildə SSRİ Ali
Sovetinə Şərur torpağından deputat seçilən
dahi sənətkar bölgədə musiqinin inkişafına
qayğı və yardım göstərib. "Şərur
Azərbaycan folklor mədəniyyətinin beşiyidir"
söyləyən dahi musiqiçi həyat yoldaşı ilə
birlikdə bir neçə dəfə ansamblın
çıxışlarını dinləyib. Onun
xeyir-duası ilə ansamblın 1938-ci ildə Moskva şəhərində
keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyündəki çıxışları
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb.
Ansamblın fəaliyyətində
əsl canlanma isə ötən əsrin 70-ci illərindən
başlanıb. Ölkəmizdə mədəniyyətə,
onun ayrılmaz qolu olan incəsənətə göstərilən
qayğı və diqqətdən bu kollektivə də pay
düşüb. Məhz bu dövrdən "Şərur
yallısı" el-el, oba-oba gəzib dolaşıb. Kollektiv
dünyanın bir çox ölkələrində
keçirilən bədii özfəaliyyət
festivallarında iştirak edərək diplom və
mükafatlara layiq görülüb.
1970-ci ildə Bakı şəhərində
keçirilən "Naxçıvan mədəniyyəti
günləri"ndə muxtar respublikanı təmsil edən
kollektivlər sırasında bu ansambl da olub. Respublika
sarayında keçirilən yekun tədbirində iştirak edən
ulu öndər Heydər Əliyev konsertdən sonra səhnə
arxasında ifaçılarla söhbətində bu
ansamblın çıxışından razı
qaldığını bildirib, tövsiyə və
tapşırıqlar verib. "Yallılar bizim
keçmişimiz, bugünümüz, gələcəyimizdir...
Yallını qoruyub saxlayın. Bu Naxçıvanın
tacıdır" deyib. Elə o vaxtdan muxtar respublikada,
bölgədə bu folklor sənətimizə qayğı,
diqqət çoxalıb. Kənd mədəniyyət evləri,
klublar nəzdində də yallı qrupları
yaradılır. Yengicə, Çərçiboğan, Şəhriyar,
Püsyan, Dizə kənd mədəniyyət evlərində
fəaliyyət göstərən yallı ansambllarını
buna misal göstərmək olar.
1972-ci ildə ADR-də
keçirilən ümümdünya folklor festivalı
ansamblın üzvləri üçün daha yaddaqalan olub.
Ansamblı beynəlxalq əhəmiyyətli tədbirə məşhur
rəqqasə, xalq artisti Əminə Dilbazi hazırlayıb. O
öz xatirələrində yazır:
"Məndən soruşdular:
SSRİ-ni Almaniyada hansı folklor kollektivi təmsil edə bilər?
Qərara gəldik ki, Naxçıvan yallısını
aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz
Naxçıvanda Şərur torpağındadır... Biz ora
- Almaniyaya elə bir folklor nümunəsi aparmalıydıq ki,
üstündə xalqımızın möhürü olsun.
Bu, Şərur yallısı idi..." Uğurlu
çıxışlarına görə ansambl festivalın
laureatı adını qazanır. Həmin il ansambl Azərbaycan
SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur,
kollektivə xalq yallı ansablı statusu verilir.
1977-ci ildə Moskva şəhərində
keçirilən kənd əməkçilərinin birinci Ümumittifaq
xalq yaradıcılığı festivalı da onlar
üçün əlamətdar olur. 1980-ci ildə ansambl
Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti
və incəsənəti ongünlüyündə iştirak
edib. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində
keçirilən beynəlxalq folklor festivalının
laureatı da bu kollektiv olub. Kollektivin uğurlu
çıxışı mərkəzi televiziya ilə
geniş göstərilib. Məhz o dövrdə
Ümümittifaq televiziyası ilə "Şərur
yallısı" sənədli filmi çəkilib.
Onu da qeyd edək ki, kollektivin
uğurlarında Azərbaycanın tanınmış
musiqiçisi və rəqs ustalarından olan Əminə
Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər
Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi sənət
adamlarının da böyük zəhmət və xidmətləri
olub.
Müstəqillik dövründə
isə ansamblın fəaliyyətində canlanma 90-cı illərin
ikinci yarısından başlanıb. Muxtar respublikada
böyük ürəklə həyata keçirilən yeni həyat
quruculuğu xətti mədəniyyət sahələrini də
öz ağuşuna alıb. Tarixi memarlıq abidələrinin
bərpasına başlanılıb, incəsənət
kollektivlərinin fəaliyyəti gücləndirilib. Bu
qayğının sayəsində də "Şərur"
yallısı 1997-ci ildə Türkiyənin İskəndərun
şəhərində folklor bayramında uğurla
çıxış edib. 1998-ci ildə Bayburt şəhərində
keçirilən "Dədə Qorqud" festivalında da
onlar yüksək mükafata layiq görülüblər.
2001-ci ildə Misirin paytaxtı Qahirədə keçirilən
on ikinci beynəlxalq folklor festivalı da onlar üçün
yaddaqalan olub.
Ansamblın bədii rəhbəri,
Şərur yallılarının mahir ifaçısı, Azərbaycanın
əməkdar mədəniyyət işçisi Səttar Əhmədovun
dediklərindən: Avropanın, Asiyanın və Afrikanın
bir çox ölkələrini gəzmişik. Həmişə
bizim yallılara böyük maraq görmüşük. Elə
bir səfər olmayıb ki, hansısa festivaldan,
yarışmadan əliboş qayıdaq. Misirdə keçirilən
folklor festivalında da Şərur yallısı bütün
salonu məftun etdi. 40-dan çox ölkənin folklor rəqs
ansamblının dəvət olunduğu həmin tədbirdə
"Qızıl Açar"a layiq görüldük".
Kollektivin üzvləri 2002-ci ilin
iyun ayında İstanbulun iri bölgələrindən biri
olan Pendikdə keçirilən mədəniyyət və incəsənət
bayramında da öz ustalıqlarını bir daha təkrarlayıblar.
Onlar bu ilin iyul ayının əvvəllərində Ərdahan
vilayətində "Atatürkün izində, kölgəsində
Damal şənlikləri" festivalında da müvəffəqiyyətlə
iştirak ediblər. Bunlarla bərabər muxtar respublika və
rayon miqyasında keçirilən xalq şənliklərində,
bayram tədbirlərində də kollektiv öz
gücünü göstərib. 2005-ci ildə isə
"Şərur yallısı" sənədli filmi
ekranlarda yayımlanıb. Filmin quruluşçu rejissoru Beynəlxalq
kino festivalının mükafatçısı Tahir Əliyevdir.
Filmdə rəqs canlı, ritorik, emosional təsir
bağışlayırsa, musiqidə şüur əlvanlığı,
insan mənəviyyatının gözəlliyi ön plana
çəkilir. Bu səbəbdəndir ki, hər dəfə
film tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanır. Hər bir sakin də bu mədəniyyətə
sahib, yiyə olması ilə qürurlanır.
Ansamblın bədii rəhbəri
S.Əhmədovun sözlərinə görə, xalq əmanətini
yaşatmaq məqsədi ilə kollektiv yaradıcılıq
axtarışlarını bu gün də davam etdirir: "Kəndbəkənd,
oba-aba gəzir, qədim rəqslərimizi,
yallılarımızı toplayır, öyrənir,
repertuarımızı daha da zənginləşdiririk.
Ömürlərinin ahıl çağını yaşayan
insanlarda xeyli bilgilər var. Onların köməyi ilə
unudulmaqda olan 4-5 yallı bərpa edilib. Hazırda isə
repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən
40-dan çox yallı və rəqs vardır.
Ansamblın 50-yə yaxın
üzvü var. Onların bir çoxu istedad və qabiliyyətləri
ilə ölkə miqyasında yaxşı tanınıblar.
Azərbaycan milli musiqi mədəniyyətinin, folklorun
inkişafında göstərdiyi xidmətlərə görə
ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə ansamblın bədii rəhbəri Səttar Əhmədovla
yanaşı, müğənni Kimya Babayevaya və tütəkçalan
Kamal Babayevə də əməkdar mədəniyyət
işçisi fəxri adı verilib. Bu mükafatlar kollektiv
üzvlərini daha da ruhlandırıb.
Yallının beşiyi
sayılan Şərurda indi 3 yallı ansamblı fəaliyyət
göstərir. Maraqlıdır ki, bu ansamblların üzvləri
yaş fərqinə görə seçilib: "Şərur
qönçələri" uşaq yallısı, gənclərə
və orta nəslə mənsub olan "Şərur" xalq
yallı ansamblı və yaşlılardan ibarət
"Nurani" yallısı. Başlıca məqsəd də
qədim folklor rəqslərini yaşatmaqdır. Rayonda
tanınmış digər bir yallı kollektivi isə
"Nurani" xalq yallı ansamblıdır. Kənd mədəniyyət
evinin nəzdində fəaliyyət göstərən bu
ansambl öz ətrafında 60-70 yaşında
ifaçıları toplayıb. Onları bir yerə çəkən
qüvvə el sənətimizə olan sonsuz hörmət və
ehtiramdır. İfaçılar unudulmaqda olan
yallılarımızın həyata qaytarılmasında
köməklərini əsirgəmirlər. Onların
arasında təcrübəli ifaçılar da var. Onlardan
biri 81 yaşlı Bahəddin Əsgərovdur. O, əllinci illərdə
Şərur yallılarının təbliği ilə məşğul
olub. Son illərə qədər mədəniyyət sahəsində
çalışıb. "Hoynərə", "Dönə"
kimi yallılar da bu cür xeyirxah insanların səyi nəticəsində
yenidən sənətə qaytarılıb.
"Şərur qönçələri"
uşaq yallı ansamblı isə düz on il bundan əvvəl
yaradılıb. Rayon mədəniyyət sarayının nəzdində
fəaliyyət göstərir. Ansamblın 34 üzvü var.
Onlar iki yaş qrupunda (9-12 və 13-16 yaşlar) cəmləniblər.
Ötən müddət ərzində kollektivin fəaliyyəti
razılıq doğurur. 2000-ci ildə ansambl Türkiyənin
Ankara şəhərində keçirilən Uşaq
bayramında uğurla çıxış edərək diplom
və mükafatlara layiq görülüb. 2007-ci ildə Qars
şəhərində keçirilən Uşaq bayramında
da onlar birinci mükafat qazanıblar. Ötən il də məktəbli
rəqqaslar üçün uğurlu olub. Onlar ümummilli
lider Heydər Əliyevin anadan olmasının 85 illiyi şərəfinə
Bakı şəhərində keçirilən uşaq rəqs
kollektivlərinin birinci respublika festivalının qalibləri
cərgəsində olublar, müvəffəqiyyətli
çıxışlarına görə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
diplomuna və pul mükafatına layiq görülüblər.
Naxçıvan Muxtar Respublikasında
keçirilən xalq yaradıcılığı günləri
baxış-müsabiqəsinin qalibləri sırasında
onlar da olub. Bu ilin avqust ayında Türkdilli xalqların mədəniyyət
sahəsində beynəlxalq əməkdaşlıq təşkilatı
TÜRKSOY-un dəstəyi və Türkiyənin Ağrı
şəhər valiliyinin təşkilatçılığı
ilə keçirilən türk ölkələri Ağrı
dağı mədəniyyət və sənət günləri
tədbirindən də mükafatla qayıdıblar.
Gənc istedadlar üçün
ən əlamətdar və yaddaqalan hadisə isə
Türkdilli dövlət başçılarının
Naxçıvan şəhərində keçirilən
doqquzuncu zirvə toplantısı şərəfinə Heydər
Əliyev Sarayında möhtəşəm konsert
proqramında çıxışıdır.
Bir sözlə, yallı təkcə
musiqi və rəqs növü deyil. O qədim oğuz-türk
tarixinin başlıca möhürlərindən biri olmaqla
yanaşı, xalqımızın həm də bugünkü
varlığıdır. Məhz bu mənəvi sərvətlərimiz
ilə düşmənlərimizə də kimliyimizi,
varlığımızı göstərə bilirik. Elə
bu baxımdan da muxtar respublikada yallılarımızın
yaşadılması, tədqiqi və təbliği istiqamətində
həyata keçirilən tədbirlər təqdirəlayiqdir.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2009.- 8 noyabr.- S. 10.