Türkologiya elmimizin patriarxı
Görkəmli türkoloq, elm təşkilatçısı,
milli kadrların yetişməsində müstəsna xidmətləri
olan akademik Məmmədağa Şirəliyevin anadan
olmasının 100 ili tamam oldu. O, Azərbaycan dilçiləri
arasında ilk elmlər doktoru, ilk professor, ilk əməkdar elm
xadimi, ilk Dövlət mükafatı laureatı, Azərbaycan
Elmlər Akademiyasının ilk müxbir üzvü və ilk
akademiki, "Sovetskaya turkologiya" jurnalının ilk baş
redaktoru, Türk Dil Qurumunun ilk azərbaycanlı müxbir
üzvü (1957), Azərbaycan SSR EA-nın Dil İnstitutunun
ilk direktoru (1949-1951), Ədəbiyyat və Dil İnstitutunun
dialektologiya şöbəsinin yaradıcısı və ilk
müdiri (1951), ali məktəblər üçün
dialektologiya üzrə ilk dərsliyin müəllifi
olmuşdur. Bu ilkinə akademik Ağamusa Axundovun həsr etdiyi
"Böyük Azərbaycan dilçisi" məqaləsində
gəldiyi qənaəti əlavə etsək, mətləb
daha da aydın olar: "Məmmədağa Şirəliyev Azərbaycan
dilçiliyi hüdudlarını yarıb beynəlxalq aləmə
çıxan, elmi türkologiyanın zəngin üfüqlərində
öz işıqlı yeri olan ilk Azərbaycan
dilçisidir". Onu da deyək ki, Azərbaycan ədəbi
dilinin formalaşmasında dialektlərin rolu məsələsini
ilk dəfə gündəmə gətirən və bu barədə
qiymətli əsərlər yazan da akademik M.Şirəliyevdir.
Məlum olduğu kimi, akademik
M.Şirəliyev əsasən türkologiya, onun maraqlı sahələrindən
biri olan dialektologiya ilə məşğul olmuşdur. Lakin bu
o demək deyildir ki, M.Şirəliyev Azərbaycan dilinin
başqa sahələri ilə məşğul olmurdu. Alimin
professor M.Hüseynzadə ilə birgə yazdığı
"Azərbaycan dilinin qrammatikası. Sintaksis" dərsliyi
yarım əsrə yaxın dövriyyədən
çıxmamışdır. M.Şirəliyev eləcə də
Azərbaycan dilinin morfologiya, orfoqrafiya, orfoepiya, əlifba,
terminologiya, durğu işarələri, üslubiyyat, nitq mədəniyyəti,
türkologiyanın nəzəri problemləri və s. tədqiqatların,
monoqrafiyaların müəllifidir. Alimin "Azərbaycan dili
orfoepiyasının əsasları" əsəri bu gün də
aktuallığını itirməmişdir. Bununla belə, deməliyəm
ki, taledən ona hər alimə qismət olmayan pay
düşmüşdü. M.Şirəliyev daha çox Azərbaycan
dialektologiya elminin banisi və dialektologiya məktəbinin
yaradıcısı kimi şöhrət qazanmış,
türkologiya tarixində öz layiqli və əbədi yerini
tutmuşdur. Təsadüfi deyildir ki, hələ 1945-ci ildə
SSRİ EA-nın müxbir üzvü N.Dmitriyev
yazmışdır: "M.Şirəliyevi çəkinmədən
Azərbaycan dialektologiyasının banisi adlandırmaq
olar".
Akademik M.Şirəliyevin
"Bakı dialekti", "Azərbaycan
dialektologiyasının əsasları", təkmilləşdirilmiş
nəşri, "Azərbaycan dilinin dialekt və şivələri"
(rusca), türkoloqların ən çox bəhrələndiyi
əsərlər olub. Dialektologiyanın mövcud nəzəri
məsələləri bütövlükdə bu əsərlərdə
öz əksini tapıb.
Akademik M.Şirəliyev Azərbaycan
Respublikasının Dövlət mükafatına layiq
görülmüş fundamental "Azərbaycan
dialektologiyasının əsasları" əsərində
türk dillərinin dialektlərinə dair o vaxta qədər
yazılmış əsərlərdən fərqli olaraq, ilk
dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli
üsullardan geniş istifadə etmiş, Azərbaycan dili
dialekt və şivələrinin təsnifini vermiş,
özünün şəxsən iştirak etdiyi dialektoloji
ekspedisiyalar zamanı toplanan faktiki materiallar əsasında
ümumiləşmələr aparmış, Azərbaycan dili
dialekt və şivələrinin 4 qrupa: şərq, qərb,
şimal, cənub qruplarına bölündüyünü
inkarolunmaz faktlarla isbat etmişdir. Alim Azərbaycan dialektlərini
belə müəyyənləşdirmişdir: Quba, Bakı,
Şamaxı (şərq qrupu), Qazax, Qarabağ, Gəncə
(qərb qrupu), Şəki (şimal qrupu), Naxçıvan,
Ordubad, Təbriz (cənub qrupu). Bu kitabda Azərbaycan dili
dialekt və şivələrinin fonetik, leksik və qrammatik
xüsusiyyətləri tam əhatə olunur. Onu da deyək ki,
son vaxtlar aparılan tədqiqatlar göstərir ki, Dərbənd
dialekti də şərq qrupuna daxildir.
Maraqlıdır ki, hələ
1941-ci ildə M.Şirəliyev rus dilində çap etdirdiyi
bir məqaləsində ilk dəfə olaraq Azərbaycan
dialektlərinin təsnifini coğrafi prinsip əsasında
aparıb və bu bölgü sonralar, 1959-cu ildə YUNESKO-nun
"Fundamental turcica" əsərində öz əksini
tapıb. Akademik M.Şirəliyevin türkologiyada ilk dəfə
dialekt və şivələrin təsnifinə dair
bölgüsü türkoloqlar tərəfindən qəbul
olunmuşdur. Bu münasibətlə görkəmli qazax
dilçisi Ş.Sarıbayev yazırdı: "Qazax
dialektologiyasında mübahisəli məsələlər
çoxdur. Onların biri dialektlərin təsnifidir. Bu məsələnin
türkoloji aləmdə obyektiv yolunu Azərbaycanın
görkəmli türkoloqu M.Şirəliyev müəyyənləşdirmişdir".
Akademik M.Şirəliyevin ən
böyük xidmətlərindən biri də türkologiya
tarixində ilk olaraq "Azərbaycan dilinin dialektoloji
atlası"nı yaratmasıdır. M.Şirəliyevin təşəbbüsü,
rəhbərliyi və iştirakı ilə hazırlanan atlas
türkoloji aləmdə bu sahədə atılan ilk və
uğurlu addımdır. Məhz buna görədir ki, başqa
türkdilli xalqlar dialektoloji atlaslarını tərtib edərkən
Azərbaycan dialektoloqlarının təcrübəsinə əsaslanırdılar.
Türkmənistan EA-nın prezidenti, akademik P.Əzimov bu
münasibətlə yazırdı:
"Türkmənlər
dialektoloji atlasın tərtibi işlərini M.Şirəliyevin
məktəbindən əxz etmişlər".
Qeyd etmək lazımdır ki,
türkologiyada dilçilik coğrafiyasının əsasını
qoyan da akademik M.Şirəliyev olmuşdur. Bu baxımdan
Ural-Altay cəmiyyətinin sədri İ.Qunnarın fikri maraq
doğurur: "Türk dillərinin dilçilik
coğrafiyası üsulu ilə öyrənilməsi sahəsində
M.Şirəliyevin xidmətləri danılmazdır".
Akademik M.Şirəliyevin
türkologiya sahəsində gördüyü qlobal işləri,
Bakını türkoloji mərkəzə çevirməsini
tanınmış türkoloqlar görür və yüksək
qiymətləndirirdilər. "Voprosı yazıkoznaniya"
jurnalında (¹5, 1967) "Keçən 50 il ərzində
Sovet İttifaqında dilçiliyin inkişafı"
adlı baş məqalədə qeyd edilirdi ki, sovet
dövründə türk dilləri dialektlərinin tədqiqində
əldə edilmiş nailiyyətlərdə akademik
M.Ş.Şirəliyevin böyük xidmətləri
olmuşdur.
Görkəmli alimlərin
M.Şirəliyev haqqında yazdıqlarını toplasaq, bir
kitaba sığmaz. Türkoloqlar arasında akademik M.Şirəliyevin
nüfuzu o qədər böyük idi ki, 1970-ci ildə
SSRİ EA-nın Rəyasət Heyətində "Sovetskaya
turkologiya" jurnalının nəşri və baş
redaktor məsələsi müzakirə olunanda SSRİ
Türkoloqlar Komitəsinin sədri, akademik A.Kononov və
SSRİ EA-nın Ədəbiyyat və dil bölməsinin
katibi, akademik M.Xrabçenkonun jurnalın Bakıda
çıxmasını və baş redaktor vəzifəsinə
akademik M.Şirəliyevin namizədliyini dəstəkləməsi
təsadüfi deyildi.
Həqiqətən də
M.Şirəliyev sovet türkologiyasının
inkişafında və yüksək ixtisaslı kadrların
yetişdirilməsində əvəzsiz xidmətlər
göstərmişdir. Təkcə Azərbaycanda professorun rəhbərliyi
ilə 10 elmlər doktoru (akademik A.Axundov, AMEA-nın müxbir
üzvü T.Hacıyev, professorlardan M.Rəhimov, M.Adilov, R.Məhərrəmova,
Ə.Mahmudov, İ.Məmmədov və başqaları), 50-dən
artıq elmlər namizədi yetişmişdir.
Bundan başqa, M.Şirəliyevin
rəhbərliyi altında 1 nəfər Balkan, 1 nəfər
qaqauz, 1 nəfər qaraqalpaq namizədlik dissertasiyası
müdafiə edib. Eləcə də 9 özbək, 2
başqırd, 2 tatar, 1 qaraçay və 1 qazax aliminin
filologiya elmləri doktoru alimlik dərəcəsi almasında
da M.Şirəliyevin xidmətləri olmuşdur.
Onu Avropada və Türkiyədə
də yaxşı tanıyırdılar. 1957-ci ildən
Türk Dil Qurumunun müxbir üzvü olan M.Şirəliyev dəfələrlə
Türkiyədə elmi məclislərdə
türkologiyanın ən aktual problemləri barədə
maraqlı məruzələrlə çıxış
etmişdi. Professor 1953-1954-cü illərdə Bolqarıstanda
Sofiya Universitetində türk filologiyası kafedrasına rəhbərlik
etmiş, 1963-cü ildə isə Polşada Varşava və
Krakov universitetlərində türk dilindən dərs
demişdi.
Professor Bolqarıstanda türk kəndlərini
gəzərək zəngin material toplamış və həmin
materiallar əsasında "Türk dialektologiyası" əsərini,
eyni zamanda "Dilçiliyə giriş" dərsliyini
yazmışdı. Onun fəaliyyəti istər bolqar, istərsə
də sovet alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Bolqar alimi Emil Boyev 1966-cı ildə Ankarada XI Türk Dili
qurultayında "Bolqarıstanda türk dialektlərinin
araşdırılması" mövzusunda məruzə edərkən
xüsusi vurğulamışdır: "Bolqarıstanda
türk dialektlərinin araşdırılmasının əsasını
professor M.Şirəliyev qoydu. Biz - onun şagirdləri isə
bu işi davam etdiririk".
Akademik M.Şirəliyevin yaradıcılığına
Azərbaycan alimləri də yüksək qiymət verirdilər.
Akademik Həmid Araslı, EA-nın müxbir üzvü Əbdüləzəl
Dəmirçizadə, akademik Ağamusa Axundov, EA-nın
müxbir üzvü Tofiq Hacıyev, professorlardan Mirzə Rəhimov,
Yusif Seyidov, Vaqif Aslanov, Əhməd Mahmudov, Rəhilə Məhərrəmova,
Qəzənfər Kazımov, Aydın Nağdalıyev və
başqaları Şirəliyevə məqalələr həsr
etmiş, alimin elmi fəaliyyətinə işıq tutan diqqətəlayiq
fikirlər söyləmişlər.
Namizədlik dissertasiyası yazarkən
akademik M.Şirəliyev elmi rəhbərim olub. "Azərbaycan
dilinin Kərkük dialekti" adlı mövzunu da özü
seçmişdi. 1962-ci ildə mən İraqa tərcüməçi
işləməyə gedəndə yanına
çağırdı. Özünün
hazırladığı "Azərbaycan dilinin dialekt və
şivələrinin monoqrafik tədqiqinə dair proqram" və
"Bakı dialekti" kitabını mənə verərək
dönə-dönə tapşırdı ki, Kərkük
dialekti İraq türkmanlarının azərbaycanlı
olduğunu göstərə biləcək əsas sübutdur.
Bu şansı əldən verməməliyik. Professorun hiss-həyəcanını,
xalqımıza olan dərin məhəbbətini sonralar daha
yaxşı anladım. M.Şirəliyev böyük məktəb
idi. Xeyirxah, həssas, təvazökar, son dərəcə mədəni,
hamıya nümunə ola biləcək nadir insan idi.
Yuxarıda qeyd etdiyimiz kimi,
M.Şirəliyev sintaksis üzrə professor M.Hüseynzadə
ilə müştərək yazdığı ən
uzunömürlü dərsliyin müəllifidir. Türkoloqlar
arasında ən çox mübahisəyə səbəb olan
isə sintaksisdə tabeli mürəkkəb cümlə məsələsidir.
Bəzi alimlər feli bağlama tərkiblərini budaq cümlə
hesab edirlər. M.Şirəliyev, M.Hüseynzadə, Z.Budaqova, Ə.Abdullayev,
Y.Seyidov və başqaları isə feli bağlama tərkiblərinin
xəbərlik kateqoriyasına məxsus qrammatik əlaməti
olmadığına və bu tərkiblər mübtəda ilə
uzlaşmadığına görə budaq cümlə hesab
etmirlər.
Akademik M.Şirəliyev
"Tabeli mürəkkəb cümlə problemləri" və
"Müasir Azərbaycan dilində mürəkkəb
cümlə məsələsi" məqalələrində
feli bağlama tərkibləri barədə öz müddəalarını
irəli sürmüşdür.
Biz Azərbaycan dilinin Kərkük dialektində - -anda,
-əndə şəkilçili feli bağlamaların və şərt ədatı "isə"nin şəxslər üzrə dəyişərək şəxs şəkilçilərini qəbul etməsi və təsriflənməsini ortaya qoyanda Azərbaycanda sensasiya kimi qarşılandı və çoxları budaq cümlə məsələsində akademik M.Şirəliyevin müddəalarına əngəl törəndiyini düşündülər. Professor bu haqda məqalə yazdı. Gəldiyi nəticə bu oldu ki, bu proses bütün feli bağlamalara aid olmadığından və həm də təkcə İraq-türkman ləhcəsində müşahidə olunduğundan budaq cümləyə dair onun müddəalarını əngəlləmir.
Professor Azərbaycan dilinə dair xaricdə nə çıxsa ciddi şəkildə izləyir və ingilis-Azərbaycan dilləri fakültəsini bitirdiyimdən tərcüməsini mənə həvalə edərdi. 1975-ci ilin ikinci yarısında ABŞ-ın Florida Universitetindən Səlim Hüseynqulu oğlunun "Azərbaycan dilinin generativ fonologiyası" adlı doktorluq dissertasiyasını rəy üçün Nəsimi adına Dilçilik İnstitutuna göndərmişdilər. İnstitutun direktoru, akademik M.Şirəliyevlə əsərə müsbət rəy verdi.
Tale elə gətirdi ki, 1983-cü ilin yayında ABŞ-a iki aylıq elmi məzuniyyətə gedəsi oldum. Professor dönə-dönə tapşırdı ki, ABŞ-da Azərbaycan dilinə dair araşdırmalarla (Cənubi Azərbaycan daxil olmaqla) ciddi maraqlanım. ABŞ-da Azərbaycan dilinə və dialektinə dair xeyli tədqiqatların olduğunu üzə çıxardım və Vətənə qayıdandan sonra Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları qarşısında məruzə etdim. İnstitutun direktoru M.Şirəliyev direktor müavini professor Z.Budaqovaya və şöbə müdirlərinə göstəriş verdi ki, Azərbaycan dilinin xaricdə tədqiqinə dair məqalələr toplusu hazırlasınlar. Mənim "ABŞ-da Azərbaycan dilinə dair araşdırmalar" adlı geniş məqaləm daxil olmaqla, məqalələr məcmuəsi "Azərbaycan dili xaricdə" adı ilə professorun sağlığında işıq üzü gördü və təşəbbüsü öz bəhrəsini verdiyinə görə sevindi.
Akademik M.Şirəliyev belə bir insan idi.
Qəzənfər PAŞAYEV,
filologiya elmləri doktoru, professor
Azərbaycan.- 2009.-7 noyabr.- S. 7.