"Sevilya bərbəri" yeni quruluşda
Azərbaycan xalqının musiqi
zövqünün sehrli və cazibədar muğam kökləri
üzərində formalaşması onun bütün musiqi
janrlarından bəhrələnməsi üçün zəmin
yaratmışdır. Azərbaycan musiqisevərlərinin sivil
dünya ölkələrində, xüsusilə də
İtaliyada ərsəyə gətirilmiş operalarına
marağı da məhz bununla izah edilməlidir.
Avropa ölkələrində bu
və ya digər şəxsin intellektual səviyyəsinin əsas
göstəricilərindən biri opera janrından nə dərəcədə
xəbərdar olmasıdır. Azərbaycanlıların operasevərliyi
avropalılarda xoş təəccüb doğurur.
Böyük klassik bəstəkar Üzeyir Hacıbəylinin
opera musiqisinin təsirindən musiqi dünyasının
ağuşuna atılmaqdan zövq alan millilərimiz dünya
operası şedevrlərinə böyük maraq göstərirlər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
tamaşaya qoyulan yerli və əcnəbi müəlliflərin
operaları bu marağın genişlənməsinə
güclü təkan verir. Uzun illərdən bəri klassik
operalarda baş rollarda çıxış etmək
üçün MDB məkanının müxtəlif bölgələrindən
ifaçılar dəvət olunurdu. Bu, bir tərəfdən
müsbət haldır. Dünyanın sivill ölkələrində
tamaşaya qoyulan operalarda baş qəhrəmanların
partiyalarında çıxış üçün
qastrolçuların dəvət edilməsi adi
qarşılanır və tamaşaçı
axınını gücləndirmək üçün
yaxşı vasitə hesab olunur. Operasevərlər rollarda əcnəbi
qastrolçuların çıxışlarına
böyük maraq göstərirlər. Doğrudan da eyni
ifaçını dəfələrlə səhnədə
görmək və dinləmək bir o qədər də maraq
doğurmur. Bakıya dəvət olunan qastrolçuların
heç də hamısı yüksək səviyyədə
ifa nümayiş etdirə bilmirdilər. Bəzən elə
olurdu ki, öz teatrlarında bu və ya digər rolda
çıxış etməyən müğənnilər
Bakı səhnəsində özlərini həmin rollarda
sınamaqdan çəkinmirdilər. Seyircilərdə belə
bir haqlı sual doğurdu: "Məgər bizimkilər
bunlardan pisdir?" Bakı opera səhnəsi
üçün əlaqədar musiqi kafedralarında geniş
ifa qabiliyyətli vokalçıların hazırlanmaması
qastrolçu dəvət edilməsi zərurətini
yaradırdı. Lakin ünvanlarına söylənilən
qınaqlardan nəticə çıxaran teatr rəhbərliyi
bu sənət ocağının fəaliyyətində
müsbətə doğru dönüş yarada
bilmişdir. Bugünlərdə böyük
italyan bəstəkarı Coakkino Rossininin 1816-cı ildə
görkəmli fransız dramaturqu Pyer Oqyusten Bomarşenin
"Sevilya bərbəri" komediyasının motivləri əsasında
cəmi 19 günə bəstələdiyi bütün
dünyada məşhur olan eyniadlı operasının
teatrın gənc solistlərinin qüvvəsi ilə
yeni quruluşda sərgilənməsi Bakının musiqi aləmində
hadisəyə çevrildi. Qraf Almavivanın (əməkdar
artist Həsən Enami), bərbər Fiqaronun (əməkdar
artist, beynəlxalq müsabiqə laureatı Əvəz
Abdullayev), doktor Bartolonun (beynəlxalq müsabiqələr
diplomantı, əməkdar artist Əkrəm Poladov), don
Bazilionun (beynəlxalq müsabiqənin qran-pri
mükafatçısı Əli Əskərov)
partiyalarının gözlənildiyindən də
yaxşı ifa olunması tamaşaçıların gur və
sürəkli alqışları ilə dəyərləndirildi.
Populyar klassik musiqi dünyada ən
çox tələbat olan musiqi aləmidir. Alimlərin fikrinə
görə, klassik musiqi insanın beyin fəaliyyətini
gücləndirməyə, onun itirmiş olduğu enerjini
özünə qaytarmağa kömək edir. Latın dilində
klassika "nümunəvi" mənasındadır. İnsan
populyar musiqi çələngi sayılan klassik "Sevilya bərbəri"
komik operasını dinləyərkən dünyanın sehrli,
cah-cəlallı musiqi aləminə baş vurmuş olur.
"Sevilya bərbəri" operası intəhasız incəliyi,
melodik genişliyi və vokal partiyalarının virtuoz parlaqlığı
ilə dinləyicini ovsunlayır. Səhnə hərəkətlərinin
dinamikası, komik halların bolluğu bu operaya xas əlamətlərdir.
İncə melodiyalar, temperamentli, həm də yüngül
ritmika, aşıb-daşan həyati istəkləri əks
etdirən təranələr bu musiqi əsərini
çoxdinlənilən və baxılan edir.
Həmkarları Rossinini komik
janrın son klassiki və kralı adlandırırdılar. Məhz
Rossininin yaradıcılıq axtarışları sayəsində
orkestr daha da canlanmış, opera
iştirakçılarının tamhüquqlu üzvünə
çevrilmişdir. Orkestrdə hər bir musiqi aləti unikal
musiqi imkanlarının tam açılmasına, əsərin
qəhrəmanlarının oxuma xüsusiyyətlərinə
uyğunlaşmasına yardımçı olmuşdur.
Bütün bunların nəticəsində Rossininin əsərlərində
orkestr sanki vokalçıların səsləri ilə oxumaq
imkanı qazanır. Rossini ilk dəfə olaraq musiqinin
başlıca məziyyətlərini bəyan etmiş və
bildirmişdir ki, operada musiqi mətnin nökərinə
çevrilməməli, sözlər melodiyaların
arxasınca səslənməlidir. Elə bu səbəbdən
də Rossininin operalarında musiqi sözlərin əsiri
olmur, tamhüquqlu iştirakçı kimi səslənir.
Melodiyaların səmimiliyi və mükəmməliyi, incə
lirizmlə dolğunluğu tamaşaçıları təranələr
aləminə aparır.
Rossininin ən parlaq, lakin texniki
baxımdan çox mürəkkəb "Sevilya bərbəri"
operasını tamaşaya qoymaq istəyində bulunan
teatrın potensialında yaxşı opera səsli
ifaçılarla yanaşı, həm də yaxşı
aktyor qabiliyyətli solistlərin varlığı əsas
şərtdir. Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının yaradıcı kollektivində geniş
diapazonlu, xoş tembrli səsləri olan gənc istedadlar elə
teatrın özündə hazırlandığına görə
belə bir çətin operanı tamaşaya qoymaq məramı
reallaşmışdır.
Məşhur "Sevilya bərbəri"
operasının yeni quruluşda ilk tamaşası bayram
ovqatı yaratmışdır. Teatrın möhtəşəm
salonunu dolduran operasevərlər tamaşanın aqibətinin
necə olacağını böyük maraqla gözləyirdilər.
Tamaşaçılar arasında xarici ölkə səfirliklərinin
əməkdaşları, elm və mədəniyyət xadimləri,
mətbuat nümayəndələri yetərincə idi.
Operanın uvertürası əməkdar incəsənət
xadimi Azad Əliyevin təfsirində son dərəcə əhatəli
səslənməklə dinləyicilərin bütün diqqətini
baş verən hadisələr cərəyanına cəlb
etdi. Azərbaycan Respublikasının əməkdar artisti,
professor Hüseyn Əliyevin iştirakçı gənclərlə
apardığı yaradıcılıq
hazırlığı öz bəhrəsini verdi. Doktor Bartolonun Sevilya şəhərinin meydanında
yerləşən evi qarşısında məhəbbət
aşiqi qraf Almavivanın (Həsən Enami) bir qrup
musiqiçinin müşayiəti ilə gözəl qız
Rozinaya oxuduğu serenada sona yetəndə gənc lirik tenorun
xoşagələn ifa texnikası, koloratur gedişləri
seyirçilər tərəfindən gurultulu alqışlarla
qarşılandı. Bu, Həsən Enaminin qraf Almaviva rolunda
ilk çıxışının uğurlu
başlanğıcının sübutu idi. Almavivanın
qarşılaşdığı çətinliklər
zamanı gənc ifaçının roldan-rola girərək vəziyyətdən
xilas yolu tapması tamaşaçılarda onun aktyorluq məharətindən
razılıq hissləri özünü göstərdi. Həsən Enaminin sərxoş soldat libasında
doktor Bartolonun evinə soxularaq gecələmək
üçün yer verilməsini tələb etməsi səhnəsində
Enaminin tanınmaz dərəcədə dəyişilə
bilməsi qabiliyyəti tamaşaçılarda xoş ovqat yaratmışdı.
Ona görə ki, Enami özünü böyük
stajlı dram aktyoru kimi də göstərə bildi. Həsənin
italyan dilində iti danışıq və oxu maneraları da
xoşagələn idi. Gənc ifaçı
Rossininin nəzərdə tutduğu çətin vokal
nömrələrinin ödəsindən layiqincə gələ
bildi, eyni zamanda, quruluşçu rejissor Hüseyn Əliyevin səhnə
hərəkətlərində statiklikdən yayınaraq
dinamizmə üstünlük vermək göstərişlərinə
əməl etdi.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında Fiqaro partiyasında vaxtilə
güclü səsi, böyük diapazonu olan bariton Ağababa
Bünyadzadə və geniş vokal imkanlı bariton İdris
Ağalarov çıxış etmişlər. Ağababa
Bünyadzadənin Azərbaycan dilində oxuduğu Fiqaronun
kavatinası ahıl yaşlı operasevərlərin
qulaqlarında öz möhtəşəmliyi ilə bəlkə
hələ də səslənir.
Təkcə bizim opera səhnəmizdə
deyil, dünyanın başqa opera səhnələrində də
unudulmaz bariton Müslüm Maqomayevin yaratdığı Fiqaro
obrazı öz yetkinliyi ilə qəlbləri fəth
etmişdi.
"Sevilya bərbəri"nin
tamaşaçılara təqdim olunan yeni quruluşunda Fiqaro
partiyasında gənc və istedadlı Əvəz Abdullayevin
çıxışı operasevərlər tərəfindən
rəğbətlə qarşılandı. Əvəz
Abdullayev Fiqaronun cəld danışıq, böyük
diapazonlu səs tələb etdiyi üçün çox
çətin sayılan partiyasının öhdəsindən hər
cəhətdən ustalıqla gəldi. İndiyədək
italyan bəstəkarı Cakomo Puççininin
"Toska" operasında polis rəisi baron Skarpia rolunda,
Cüzeppe Verdinin "Riqoletto" operasında Mantuyalı
hersoqun təlxəyi rolunda uğurlu
çıxışlarından sonra
tamaşaçıların sevimlisinə çevrilmiş Əvəz
Abdullayev bərbər Fiqaro rolunda da parlaq oyun nümayiş
etdirə bildi. Onun səhnədəki cəld hərəkətləri,
reçitativlərdə, duetlərdə və s.
nümayiş etdirdiyi zəngin mimikası fəndgir,
bacarıqlı, ağıllı, sağlam düşüncəli,
müxtəlif peşələr sahibi Fiqaronun daxili aləminin
tam genişliyi ilə açılmasına yardımçı
oldu. Onun yeni tamaşalarda da uğurlu
çıxış edəcəyinə inanırıq.
Bas səsinin
çevikliyi və geniş imkanları ilə az qala xarüqələr
yaradan Əkrəm Poladov Rozinanın qəyyumu, çox kifir,
qoca, acgöz, pulgir don Bartolonun partiyasını, cəsarətlə
deyə bilərik ki, böyük uğurla ifa etdi. Əkrəm
Poladov - don Bartolo qəyyumluq etdiyi Rozinanı var-dövlətinə
sahib çıxmaq üçün heç bir çirkin hərəkətdən
çəkinmir. Onun əsas məramı gənc qız
Rozinaya evlənməkdir. Bu işdə ona köhnə dostu -
rüşvətxor, çirkin əməllər sahibi musiqi
müəllimi don Bazilio qraf Almavivaya böhtan atmaq məsləhəti
verir. Gur, möhtəşəm bas səsli Əli
Əskərovun oxuduğu "Böhtan" ariyası onun bir
aktyor və müğənni kimi yaxşı
formalaşdığının sübutu kimi səslənir. Əli
Əskərovun Əkrəm Poladovdan fərqli olaraq parik
taxmadan səhnəyə çıxması ona murdar xislətli
don Bazilodan daha çox, abırlı adam görkəmi
verir ki, bu da arzuolunmaz hal kimi qiymətləndirilməlidir.
Operada baş
qadın obrazı Rozinanın - öz həyatını
başqalarının istədiyi kimi deyil, öz arzusuna uyğun
qurmaq uğrunda qətiyyətliliyi, fəndgirliyi və işvəliliyi
ilə mübarizə aparmaq iqtidarında olan gənc
qızın vokal partiyasını respublikanın əməkdar
artisti İnarə Babayeva təqdirəlayiq ifa etdi. Onu da xatırladaq ki,
Rossini Rozinanın vokal partiyasını koloratur xarakterli metso
soprano səs üçün yazmışdır. Rozina
partiyasında görkəmli koloratur sopranolar da
çıxış edirlər. İnarə Babayeva
özünün yüksək keyfiyyətli vokal texnikasına
malik səsi sayəsində bu partiyanın öhdəsindən
bacarıqla gəldi. Güman edirik ki, ifaçı xanım
görkəmli italyan bəstəkarı Cakomo
Puççininin "Madam Baterrflay" operasında da
baş qəhrəman qadın rolunun öhdəsindən
layiqincə gələcəkdir.
Respublikanın əməkdar
artisti, professor Hüseyn Əliyevin böyük rejissorluq
istedadı sayəsində tamaşaçılara çox
yüksək səviyyəli əsər təqdim
olunmuşdur. Hüseyn Əliyev ifaçıların bir yerdə
donub qalaraq konsert manerasında oxumalarına imkan verməyərək
onların səhnədə ifa zamanı çeviklik göstərmələrinə
nail olmuşdur. Hadisələrin dinamik inkişafı az qala
tamaşaçıları da hadisələrin bir növ
iştirakçısına çevirir və beləliklə
də tamaşaya biganəlik tam aradan qalxır.
Dirijor Azad Əliyevin musiqi təfsiri
hadisələrin canlı təsir qüvvəsini
artırır. Orkestr tam dolğunluğu ilə səslənir,
hər bir musiqi aləti ümumi ifaya üzvi surətdə
qoşulur. Simli alətlərin, nəfəs alətlərinin,
zərb alətlərinin, sinclərin bəstəkarın nəzərdə
tutduğu kimi səslənməsi tamaşa seyirçilərini
məmnun qoyur. Ümumiyyətlə, Azad Əliyevin bir dirijor
kimi teatra cəlb olunması tamaşaların bədii dəyərinin
artmasına zəmin yaratmışdır.
Azərbaycanın əməkdar rəssamı
Tahir Tahirovun verdiyi quruluş əsərin məzmununa uyğun
həyata keçirildiyi üçün tamaşanın bədii
təsir qüvvəsi daha da artmışdır.
Artıq iki yüz ilə
yaxındır ki, Rossininin "Sevilya bərbəri" komik
operası tamaşaçıları özünün
çoşğunluğu, musiqisinin solmayan təravəti ilə
məftun qoyur. Dahi alman bəstəkarı Van Lüdviq Bethoven
operanın tamaşalarının möhtəşəmliyini nəzərə
alaraq Rossiniyə belə demişdi: "Belə "Bərbərlərdən"
çox yaratmağınızı məsləhət görürəm".
"Sevilya bərbəri"
Rossini irsinin populyar operası olmaqla bərabər, italyan opera
tarixində ən parlaq komediyadır.
Rossini musiqisinin xəfifliyi və
ürəyəyatımlılığı onu dinləyənlərin
hamısının könlünü oxşamaq
iqtidarındadır.
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının bu musiqi şedevrini öz
repertuarına daxil etməsi çox əlamətdar hadisə
kimi qiymətləndirilməlidir.
Arif HÜSEYNOV
Azərbaycan.- 2009.- 7 noyabr.- S. 7.