Neft gəlirlərinin idarə olunmasının şəffaf və səmərəli mexanizmi

 

Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi uğurların mühüm səbəblərindən biri də neft gəlirlərinin düzgün və səmərəli idarə olunması, bu sahədə maksimum şəffaflığın təminatına yönəlmiş çevik və işlək mexanizmlərin tətbiqidir. Ölkə iqtidarı ilk gündən neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasını, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsini özünün iqtisadi siyasətində daim prioritet tutur. "Əsrin müqaviləsi"nin 15 illiyi ilə əlaqədar keçirilən təntənəli mərasimdə dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev bu məqama xüsusi toxunmuş, respublikamızın hasilat sənayesində şəffaflıq təşəbbüslərində fəal şəkildə iştirak edən dövlətlər sırasında olduğunu xüsusi vurğulamışdır.

 

Müasir dövrdə neft istehsal edən dövlətlərin heç də hamısı neft pullarının ədalətli bölüşdürülməsi, şəffaflığın təmin edilməsi, qazanılan gəlirlərdən hər bir vətəndaşın rifahı üçün istifadə olunması kimi məsələlərdə fəallıq göstərmir. Bu mənada, hasilat sənayelərində şəffaflıq təşəbbüslərinə münasibət bu gün həm də ayrı-ayrı dövlətlərin beynəlxalq imicini formalaşdırır. Təsadüfi deyildir ki, Azərbaycanın əvəzsiz milli sərvəti olan neftdən qazanılan gəlirlərin düzgün idarə edilməsi, hasilatda şəffaflıq prinsipinin qorunması hələ 90-cı illərin ortalarından ümummilli lider Heydər Əliyevin daim xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Ulu öndər dəfələrlə bəyan etmişdir ki, neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə, hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunmalı, israfçılığa yol verilməməlidir.

Ümummilli liderin uğurla gerçəkləşdirdiyi yeni neft strategiyası milli iqtisadiyyatın dirçəldilməsi üçün zəruri maliyyə əsaslarının formalaşdırılması, kənd təsərrüfatının və emal sənayesinin, o cümlədən qeyri-neft sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafı baxımından həlledici əhəmiyyət kəsb etmişdir. Böyük strateq Heydər Əliyevin "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" 29 dekabr 1999-cu il tarixli fərmanı da məhz bu ali məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. Fond neft sazişlərinin həyata keçirilməsi ilə bağlı əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsi mexanizmidir. Belə bir qurumun yaradılması dövlətin neft-qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin istifadəsində israfçılığa, əyintilərə səbəb ola biləcək halların qarşısının alınması, eləcə də şəffaflığın tam təmin edilməsi istəyi ilə əlaqədardır. Fondun fəaliyyətinin başlıca məramı neft və qaz hasilatından əldə olunan maliyyə vəsaitlərinin indiki və gələcək nəsillərin mənafeyi naminə səmərəli idarəsinin təşkilidir.

Fondun fəaliyyətinin prioritet istiqamətləri ölkə iqtisadiyyatının inkişafına təkan vermək, daha dəqiqi, strateji əhəmiyyət kəsb edən enerji layihələrini, eləcə də mühüm sosial layihələri maliyyələşdirmək, neftdən qazanılan vəsaitləri indiki və gələcək nəsillər üçün qoruyub saxlamaq, artırmaq, hasilatda şəffaflıq prinsipini təmin etməkdən ibarətdir. Dövlət Neft Fondu həm də ölkənin neftdən qazandığı külli miqdarda gəlirin daxili iqtisadi mühitdə yarada biləcəyi neqativ proseslərin - manatın bahalaşmasının, inflyasiyanın qarşısını almağa, milli sənaye potensialının formalaşdırılması məqsədinə yönəlmişdir. Söhbət xarici valyutanın kütləvi surətdə ölkə iqtisadiyyatına daxil olması nəticəsində manatın bahalaşması təhlükəsindən gedir. İqtisadi təcrübə göstərir ki, manatın bahalaşması bilavasitə daxili istehsal prosesinə mane olan, yerli sənaye potensialının möhkəmlənməsinin qarşısını alan mənfi tendensiyadır. Belə olan təqdirdə istehsalla məşğul olmaq yerli iş adamlarına, sahibkarlara heç də cəlbedici olmur, xarici istehsalçılar isə bundan istifadə edərək öz mallarını həmin ölkəyə ixrac etməklə külli miqdarda gəlir əldə edirlər. Bu baxımdan daxili bazarın qorunması üçün gömrük siyasəti ilə yanaşı, makroiqtisadi siyasətin aparılmasına da ciddi ehtiyac duyulmuşdur. Dövlət Neft Fondunun yaradılması xarici valyutanın milli iqtisadiyyata mənfi təsirlərinin qarşısını almaq niyyətindən irəli gəlmişdir.

Ümummilli lider Heydər Əliyevin fərmanları ilə Dövlət Neft Fondundan ilk maliyyə vəsaiti Azərbaycanın ən ağrılı probleminin həlli - qaçqın və məcburi köçkünlərin mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması, çadır düşərgələrinin ləğvi məqsədilə ayrılmışdır. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə ümummilli lider Heydər Əliyev təkcə 2001-ci ildə üç mühüm sənəd - "Məcburi köçkünlərin ərzaq təminatı haqqında" 15 avqust tarixli sərəncam, "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" 22 avqust tarixli fərman və "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 7 sentyabr tarixli fərman imzalamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti son illərdə inamla davam etdirərək neft sahəsində gəlirlərin idarə olunması, onlardan səmərəli istifadə, habelə şəffaflığın gözlənilməsi məsələlərinə daim ciddiliklə yanaşmışdır. Respublikamızın Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin mədən hasilatı sənayelərində şəffaflıq təşəbbüsünə qoşulması bunu bir daha təsdiqləyir. Hələ 2002-ci il Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən ümumdünya sammitində Böyük Britaniyanın Baş naziri Toni Bleyer mədən hasilatı sənayelərində şəffaflıq təşəbbüsünü elan etmiş və zəngin təbii sərvətlərə malik dövlətləri bu təşəbbüsə qoşulmağa çağırmışdır. 2003-cü ilin iyun ayında bu məsələ ilə əlaqədar London şəhərində təşkil olunmuş beynəlxalq konfransda o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir. Beynəlxalq konfransın gedişində cənab İlham Əliyev hökumət adından Azərbaycanın Böyük Britaniya Baş nazirinin həmin təşəbbüsünə qoşulduğunu bəyan etmişdir. Konfransdan sonra Böyük Britaniya hökumətinin nümayəndələri ilə görüş zamanı cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan bu sahədə pilot ölkə funksiyasını üzərinə götürməyə hazırdır. Halbuki neft və qazla zəngin bir sıra dövlətlər Toni Bleyerin bu təşəbbüsünə indiyədək maraq göstərməmişlər. Uzağa getməyək, bədnam qonşumuz Ermənistanda xarici şirkətlərin iştirakı ilə hazırda qızıl və mis hasil edilsə də, bu təcavüzkar ölkə şəffaflıq təşəbbüsünə qoşulmaq niyyətindən tamamilə uzaqdır.

Şübhəsiz, şəffaflıq təşəbbüsü hesabatlılığın və düzgün idarəetmənin, iqtisadi və siyasi müstəqilliyin təmin olunmasında yardımçı amildir. Bu da, öz növbəsində, neft, mədən və qaz sektorları ilə bağlı mümkün münaqişələrin qarşısının alınmasını təmin edir. Şəffaf olmayan idarəetmənin yarada biləcəyi siyasi qeyri-sabitlik sərmayə yatırımlarına təhlükədir. Mədən sənayesində yatırılan sərmayələr uzunmüddətli sabitlikdən asılı olduğu üçün onların gətirəcəyi qazanc baxımından qeyri-sabitliyin aradan qaldırılması mühüm amil hesab edilməlidir. Bu baxımdan, şəffaflıq təşəbbüsünün tətbiqi ictimaiyyət qarşısında yüksək şəffaflıq standartlarının təmin olunmasının nümayişi baxımından Azərbaycan hökuməti üçün vacib addımdır.

Dövlət başçısı İlham Əliyev hesab edir ki, Dövlət Neft Fondu fəaliyyətində bugünkü və gələcək nəsillərin mənafelərini əsas tutmalıdır. Ötən müddətdə fonda daxil olan vəsaitlər ilbəil artmış, habelə bu vəsaitlərin müəyyən qisminin büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsi təmin edilmişdir. Cənab İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərmanı bu istiqamətdə atılmış ilk ciddi addım olmuşdur. Neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması, Dövlət Neft Fonduna toplanan vəsaitin şəffaflığının qorunması məqsədilə onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsinin təmin olunması, habelə dövlət qurumları üçün ayrılmış maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə edilməsi, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi məsələləri sənəddə mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.

Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu strategiyada vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın, habelə infrastruktur sahələrinin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.

Mədən hasilatında şəffaflıq təşəbbüsünün tətbiqində lider ölkəyə çevrilən Azərbaycan hələ 2006-cı ilin dekabrında şəffaflıq təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinin BMT-nin Katibliyinə təqdim olunması təklifi ilə çıxış etmişdir. 2008-ci il fevralın 13-də isə belə bir layihə Azərbaycan hökuməti tərəfindən BMT-nin Katibliyinə təqdim olunmuşdur. Bu müddət ərzində qətnamə layihəsinin BMT Baş Assambleyasında qəbul edilməsi üçün mühüm işlər görülmüş, bir sıra dövlətlərin nümayəndələri ilə çoxsaylı görüşlər keçirilmişdir. Görülən tədbirlərin nəticəsi olaraq Azərbaycan hökuməti tərəfindən təqdim edilmiş qətnamə layihəsi 2008-ci il sentyabrın 11-də BMT-nin Baş Assambleyasında yekdilliklə qəbul edilmişdir.

Şəffaf fəaliyyətinin nəticəsi olaraq 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülmüşdür. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumudur və Azərbaycanı mükafat uğrunda mübarizədə Qərbi Asiya regionu çərçivəsində təmsil edir.

2009-cu ilin fevralında isə Qətərin paytaxtı Doha şəhərində MHŞT üzrə 4-cü beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi xüsusi vurğulanmışdır. Azərbaycan MHŞT-ni tətbiq edən və namizəd statusu almış 26 ölkədən tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkə olmuşdur. Konfransda Azərbaycana prinsip və meyarlarına tam cavab verən ölkə olmasına və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Dövlət başçısı İlham Əliyev "Əsrin müqaviləsi" ilə bağlı keçirilmiş mərasimdə demişdir: "1994-cü ildə Azərbaycan kasıb bir ölkə idi. Bizim valyuta ehtiyatlarımız sıfır dərəcəsində idi. Bu gün Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıbdır. 2003-2008-ci illərdə Azərbaycanda iqtisadiyyat, ümumi daxili məhsul 2,6 dəfə artıbdır. Bu, dünyada misli görünməmiş bir nəticədir. Son beş il ərzində Azərbaycanda 800 minə qədər yeni iş yeri açılmışdır ki, onların tam əksəriyyəti qeyri-neft sektorundadır. Yoxsulluq şəraitində yaşayanların sayı beş il ərzində 49 faizdən 13 faizə düşmüşdür. Bu da onu göstərir ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Azərbaycanda tam şəkildə şəffaflıq təmin edilibdir. 1999-cu ilin sonunda yaradılmış Azərbaycan Dövlət Neft Fondu çox müasir qurumdur, çox şəffaf təşkilatdır. Təsadüfi deyildir ki, Azərbaycan Dövlət Neft Fondu BMT-nin şəffaflıq üzrə mükafatı ilə təltif edilmişdir və Hasilat Sənayelərində Şəffaflıq Təşəbbüsünün fəal üzvüdür. Azərbaycan Dövlət Neft Fondunun təcrübəsi bir çox hallarda başqa yerlərdə də öyrənilir".

Bütün bu nailiyyətlər Neft Fondunun nə dərəcə şəffaf və səmərəli fəaliyyət göstərdiyini bir daha təsdiq edir. Eyni zamanda, neftdən əldə olunan gəlirlərin düzgün idarə olunması nəticəsində son illər qeyri-neft sektorunun, sosial-mədəni infrastrukturun inkişafı mümkün olmuş, vətəndaşların maddi rifah halının yüksəlməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycanın qlobal maliyyə böhranından maksimum dərəcədə sığortalanması da, əslində, neft gəlirlərinin idarəolunmasında tətbiq edilmiş mexanizmlərin effektivliyini bir daha təsdiqləyir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 6.