Vaşinqtonun hüquq mütəxəssisləri Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini işıqlandıran hesabatla tanış olmuşlar

 

Vaşinqtonun hüquq mütəxəssisləri Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini işıqlandıran hesabatla tanış olmuşlar.

Vaşinqtonda keçirilən "Azərbaycan-ABŞ: 11-ci təhlükəsizlik dialoqu" çərçivəsində Azərbaycan tərəfi Birləşmiş Ştatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini əks etdirən hesabat təqdim etmişdir. Xarici işlər nazirinin müavini Araz Əzimov bu barədə ABŞ-ın Milli Mətbuat Mərkəzində dialoqun nəticələrinə həsr edilən brifinqdə bildirmişdir.

Xatırladaq ki, 1996-cı ildən başlanan Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu çərçivə mexanizmi kimi xidmət edərək tərəflərə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə yardım edir. Dialoqun builki raundu zamanı Araz Əzimov və ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müavini Əndrü Şapironun həmsədrliyi altında nümayəndə heyətləri bölgədə kütləvi qırğın silahlarının, narkotik maddələrin dövriyyəsinin yayılmasının qarşısının alınması, terrorla mübarizə, Xəzər hövzəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, ABŞ-ın bölgədəki maraqları və digər məsələləri müzakirə etmiş, bu sahədə ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparmışlar.

Nazir müavini bildirmişdir ki, Vaşinqtonun hüquq ekspertləri Xarici İşlər Nazirliyinin hazırladığı Dağlıq Qarabağ münaqişəsinin hüquqi tərəfini açıqlayan hesabatla tanış olmuşlar. Onlar yekdilliklə münaqişənin ərazi bütövlüyü prinsipi əsasında nizama salınmalı olduğunu bildirmişlər. Araz Əzimov vurğulamışdır ki, Ermənistan tərəfinin danışıqlarda əsas gətirdiyi "öz müqəddəratını təyin etmə" prinsipi "ərazi bütövlüyü" ilə ziddiyyət təşkil etməməlidir. Azərbaycan tərəfi güzəşt kimi öz dövlət sərhədləri daxilində Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının statusunun müəyyən edilməsi məsələsinə baxmağa hazırdır. Lakin bu proses bölgədən didərgin salınan 70 min nəfər azərbaycanlı icmasının iştirakı olmadan baş tuta bilməz.

Xarici işlər nazirinin müavini Minsk qrupunun həmsədri kimi ABŞ-ın münaqişənin həll edilməsi üçün daha çox səy göstərəcəyinə ümidvar olduğunu bildirərək demişdir: "Biz, bölgənin sabitliyi və təhlükəsizliyi üçün nəticələrin tələb olunduğu bir anda yaşayırıq". Araz Əzimov həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinə aid olmadığını düşünənlərə bölgədəki proseslərə ehtiyatla yanaşmağı tövsiyə etmişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2009.-7 noyabr.- S. 6.