Azərbaycan və Sloveniya prezidentlərinin geniş tərkibdə danışıqları
Noyabrın 9-da təkbətək
görüş başa
çatdıqdan sonra
Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün nümayəndə
heyətlərinin iştirakı
ilə geniş tərkibdə danışıqları
olmuşdur.
Azərbaycan dövlətinin
başçısı İlham
ƏLİYEV görüş iştirakçılarına müraciətlə
dedi:
- Cənab Prezident!
Mən Sizi Azərbaycanda bir daha salamlayıram. Sizi görməyimə çox şadam. Bu, Sloveniya Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər uğurlu olacaqdır. Biz ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəyik və onların daha da inkişaf etdirilməsi yollarını araşdıracağıq. Potensial çox böyükdür və əminəm ki, Azərbaycana səfərinizin praktiki nəticələrini gələcəkdə görəcəyik.
Bu gün bizim ikitərəfli münasibətlər
və regional inkişafla
bağlı artıq müəyyən müzakirələrimiz
oldu.
Azərbaycanda Sizi bir daha salamlayıram və uğurlu səfər arzulayıram.
Sloveniya Prezidenti Danilo TÜRK səmimi qəbul üçün təşəkkür edərək dedi:
- Çox sağ olun, cənab Prezident!
Burada olmağımızdan çox şadam. Şəxsən mən Azərbaycanda olmağımdan çox məmnunam. Hətta Sloveniya Prezidenti seçildiyim ilk günlərdən Azərbaycana səfər etmək istəyirdim. Nəhayət, çox şadam ki, bu səfər artıq baş tutub.
Cənab Prezident, bildiyiniz kimi, Sloveniya ilə Azərbaycanın yaxın keçmişdəki tarixi oxşar olub. Hər iki ölkə gənc, müstəqil dövlətdir. Xalqlarımız çətin siyasi sınaqlardan keçib. Hər iki ölkə daha geniş Avropanın formalaşmasına çalışır. Budəfəki səfərimiz Berlin divarının yıxılması tarixinə təsadüf edir. Həmin tarixi hadisə Avropada böyük dəyişikliklərə səbəb oldu və qarşımızda geniş imkanlar açdı.
Təbii ki, bizim münasibətlərimiz müstəqillik dövrü ilə məhdudlaşmır. Biz yaxşı bilirik ki, Azərbaycanın qəhrəman oğulları İkinci dünya müharibəsi dövründə Sloveniya torpağında faşizmə qarşı mübarizə aparıblar. Biz həmin faktları ölkələrimizin ictimaiyyətinin diqqətinə geniş çatdırmalıyıq. Çünki bu, ortaq tariximizin ən mühüm hissələrindən biridir. Bu cür hadisələr tədqiq edilməli və daimi olaraq öyrənilməlidir. Hesab edirəm ki, biz belə bir bünövrə əsasında münasibətlərimizi daha da inkişaf etdirə bilərik.
AzərTAc
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 1, 2.