Unudulmaz himayədarlıq

 

Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi ilə əlaqədar "Şərq-Qərb" nəşriyyatında işıq üzü görən "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" adlı kitabda ulu öndərin folklora, klassik ədəbiyyata, ədəbi prosesə göstərdiyi qayğıdan, diqqətdən və himayədarlıqdan söz açılır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan bu topluda müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin milli ədəbiyyatımızla bağlı fikir və mülahizələri təhlil edilərək mənəviyyat sahəsindəki müdrik siyasətinin mahiyyəti açıqlanır. Kitabda Bəkir Nəbiyev, Məhərrəm Qasımlı, Teymur Kərimli, Vilayət Quliyev, Nikbur Cabbarlı və Nizaməddin Şəmsizadənin müxtəlif illərdə apardıqları tədqiqatlar yer alıb.

"Heydər Əliyev haqqında etüdlər"də ulu öndərin çox zəngin mənəvi irsində varislik məsələsinə toxunulur, ulu öndəri başqa siyasi xadimlərdən, dövlət başçılarından fərqləndirən mühüm cəhətlərindən danışılır. Bəllidir ki, ümummilli lider Heydər Əliyev öz doğma xalqının ədəbiyyatına və mədəniyyətinə yalnız himayədarlıq etməklə kifayətlənmirdi. Həm də bu mənəviyyat sahələrinin dərin bilicisi və təbliğatçısı kimi tanınırdı. Təqribən 35 il ərzində etdiyi məruzə və çıxışlarında aparılan araşdırmalar nəticəsində bu qənaətə gəlinir ki, Azərbaycan ədəbiyyatının elə bir görkəmli nümayəndəsi tapılmaz ki, Heydər Əliyev onun barəsində fikir söyləməmiş olsun. Hətta elə tədbirlər, simpoziumlar, konfranslar olurdu ki, Heydər Əliyev sahənin mütəxəssislərindən daha ətraflı, daha dürüst çıxış edirdi. Çox zamanlarda Azərbaycan ədəbiyyatının daha da inkişaf etməsi üçün Heydər Əliyev bir sıra səmərəli tədbirlərin təşəbbüskarı olurdu.

Kitabda ümummilli liderin folklorun təbliği, nəşri və tədqiqi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən, şəxsi təşəbbüslərindən söz açılır. Bu qayğının nəticəsində də xalq arasında yaranan aşıq mahnılarından, qoşma və gəraylılardan bəhs edilir. Klassik irsimizə, ədəbiyyatımıza və onun nümayəndələrinə həmişə diqqət və qayğı göstərən Heydər Əliyev heç vaxt bu sahənin nümayəndələrinin qəlbindən silinməyəcək.

Ulu öndərin milli-mənəvi və ümumbəşəri dəyərlərə bağlılığı unudulmaz şəxsiyyətin ədəbiyyata həssas münasibətindən doğurdu: "Heydər Əliyev zəngin mütaliə sahibi, fəal teatr və kino tamaşaçısı, milli muğamlarımızın, xalq mahnılarımızın və eləcə də klassik Avropa simfonik musiqisinin peşəkar dinləyicisi, rəssamlıq, heykəltəraşlıq və memarlıq əsərlərinin səriştəli xiridarı idi".

Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, uğurlar bəxş edən ümummilli lider Heydər Əliyev həm də azərbaycançılıq təliminin yaradıcısı idi.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabı təkcə ədəbiyyatla maraqlananlar üçün deyil, ali məktəb tələbələri tərəfindən də istifadə edilə biləcək mükəmməl bir monoqrafiyadır. Burada ulu öndərin ədəbiyyatın bütün sahələrinə göstərdiyi böyük himayədarlıqdan və qayğıdan söz açılır. Kitabın elmi redaktoru, akademik Bəkir Nəbiyev, buraxılışına məsul filologiya elmləri namizədi Nikbur Cabbarlıdır.

 

 

Azərbaycan.- 2009.- 7 noyabr.- S. 8.