Dövlət başçıları mətbuat
üçün bəyanatlarla çıxış etmişlər
Azərbaycan Prezidenti İlham ƏLİYEV
bəyanatla çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Cənab Prezident, Sizi ölkəmizdə
bir daha salamlayıram. Sizi görməyimə çox
şadam. Bu gün bizim ikitərəfli münasibətlərimizdə
çox mühüm bir gündür. Bu, Sloveniya Prezidentinin Azərbaycana
ilk rəsmi səfəridir. Bu gün ikitərəfli
münasibətlərimizin gələcək inkişafı,
regional və qarşılıqlı maraq doğuran məsələlərlə
bağlı çox yaxşı müzakirələrimiz
baş tutdu. Mən Sizə deyə bilərəm ki, ölkələrimiz
arasında əlaqələrin perspektivlərinə dair
yaxşı qarşılıqlı anlaşmamız
vardır. Bizim çox yaxşı siyasi münasibətlərimiz
mövcuddur. Əminəm ki, Sizin, cənab Prezident, ölkəmizə
səfəriniz nəticəsində iqtisadi əlaqələrimizi
genişləndirəcəyik. Ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın inkişafı
üçün yaxşı potensial vardır və
Sloveniyadan Sizi müşayiət etmək məqsədi ilə
gəlmiş iş adamlarının burada olması bizim ikitərəfli
iqtisadi münasibətlərə göstərdikləri
maraqdan irəli gəlir. Bu, eyni zamanda, bizim birgə iqtisadi fəaliyyətimizin
potensialını göstərir. Bizim iqtisadiyyatlarımız
bir-biri ilə rəqabət aparmır, onlar bir-birini dəstəkləyən
iqtisadiyyatlardır. İqtisadi sahədə nə qədər
çox təmaslarımız olarsa, biz özümüzü
bir o qədər yaxşı tanıyacağıq və bu əməkdaşlığın
praktiki nəticələrinin şahidi olacağıq.
İqtisadi fəaliyyət çərçivəsində bir
çox sahələr mövcuddur ki, onlar bizim sərmayələr
üçün cəlbedici ola bilər. Eyni zamanda, biz turizm,
infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, sənaye,
energetika və digər sahələrdə sərmayə
imkanlarını araşdırdıq. Biz bütün sahələrdə
əməkdaşlıq edə bilərik və əminəm
ki, bunun yaxşı nəticələrini görəcəyik.
Əməkdaşlığımızın
mühüm sahələrindən biri, həmçinin
energetika sahəsidir və hesab edirik ki, bu baxımdan Avropa
İttifaqı ilə Azərbaycan arasında münasibətlər
mühüm əhəmiyyət kəsb edir. Çünki biz
artıq bir neçə ildir ki, enerji təhlükəsizliyi
məsələləri, enerji nəqlinin şaxələndirilməsi
sahəsində avropalı tərəfdaşlarımızla
işləyirik. Azərbaycan nəhəng neft və qaz
yataqlarına və çox müasir nəqletmə
infrastrukturuna malik olan ölkə kimi enerji təchizatının
şaxələndirilməsində artıq mühüm rol
oynayır. Ümidvaram ki, biz gələcək illərdə
bu istiqamətdə daha mühüm addımlar atacağıq.
Bu həm Avropanın, həm də Azərbaycanın
marağındadır. Ona görə enerji amili bizim münasibətlərimizdə
çox mühüm önəm daşıyır.
Eyni zamanda, bu gün biz humanitar
sahədəki əlaqələrimizi çox geniş şəkildə
müzakirə etdik. Xüsusən də, biz mədəni
dialoqa toxunduq və ötən cümə günü
Lyublyanada mühüm bir beynəlxalq konfransın keçirilməsini
bilmək çox maraqlı oldu. Eyni vaxtda, Bakıda da elə
bir tədbir keçirilmişdir. Bu tədbir mədəni
dialoqa, mədəni mübadiləyə aid olan dini dialoqa və
sivilizasiyaların dialoquna həsr olunmuş tədbir idi. Hesab
edirik ki, biz belə bir formatda ölkələrimiz arasında
bu baxımdan çox möhkəm əlaqələr qura bilərik.
Siz Balkan, biz isə Qafqaz regionunda yerləşirik. Bunu nəzərə
alaraq, biz xalqların bir-birini yaxşı tanıması və
sivilizasiyalararası dialoqun və dinlərarası münasibətlərin
praktiki nəticələrini görmək üçün
daha yaxşı mühit yarada bilərik.
Bu gün müzakirə etdiyimiz məsələlərdən
biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi idi. Ümumiyyətlə, regional hadisələr
nəzərdən keçirildi. Təbii ki, dondurulmuş
münaqişələr bu proseslərə təsir göstərir.
Uzun illərdir ki, torpaqlarımız işğal
altındadır. 1994-cü ildən etibarən biz atəşkəs
rejimində yaşayırıq. Nə hərb, nə sülh vəziyyətidir.
Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri pozulub. Ölkəmiz
Ermənistanın təcavüzü və
işğalından əziyyət çəkir. Bunun nəticəsində
torpaqlarımızın 20 faizi işğal altındadır.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin
aparılması nəticəsində ölkəmizdə bir
milyondan artıq qaçqın və məcburi
köçkün vardır. BMT-nin Təhlükəsizlik
Şurası erməni silahlı qüvvələrinin Azərbaycan
torpaqlarından çıxarılmasını tələb edən
dörd qətnamə qəbul edib. Eyni zamanda, BMT-nin Baş Məclisində
və digər beynəlxalq təşkilatların iclaslarında
bu cür qətnamələr qəbul olunub. Lakin bunlara
baxmayaraq, əfsuslar olsun ki, münaqişə hələ də
həll olunmayıb və işğal davam edir. Ermənistan-Azərbaycan
münaqişəsinin həlli regiona sülh gətirə bilər,
əməkdaşlıq və təhlükəsizliyi təmin
edər. Bu əsas maneə aradan qaldırılmalıdır.
Ümidvarıq ki, gələn aylar ərzində biz bu sahədə
daha çox irəliləyişin şahidi olacağıq.
Ümumiyyətlə, regional vəziyyət də müzakirə
olunmuşdur. Regionun inkişafı ilə bağlı bizim
baxışlarımız üst-üstə düşür.
Avropa İttifaqı ilə region dövlətləri
arasında əməkdaşlıq və bu yaxınlarda
başlanmış "Şərq tərəfdaşlığı"
Proqramı əməkdaşlıq üçün yeni
imkanlar açır. Mən yekun olaraq onu bildirmək istəyirəm
ki, biz münasibətlərimizdən və onların
inkişafından çox məmnunuq. Ümidvaram ki, cənab
Prezidentin səfəri qarşılıqlı əməkdaşlıq
üçün çox imkanlar açacaqdır.
* * *
Sloveniya Prezidenti Danilo TÜRK bəyanatla çıxış edərək dedi:
- Çox sağ olun, cənab Prezident!
Siz müzakirələrimizi o qədər dəqiq və düzgün şəkildə təsvir etdiniz ki, mən hesab edirəm, bunun üçün heç bir əlavəyə ehtiyac qalmadı. Hesab edirəm ki, münasibətlərimiz keyfiyyəti və potensialı haqqında söylədiyiniz fikirlər tam yerinə düşür. Biz bundan sonra da çalışmalıyıq ki, əlaqələrimiz daha geniş şəkildə inkişaf etsin. Mən, sadəcə, onu deməliyəm ki, siyasi əlaqələrimiz sayəsində biz bir-birimizi daha yaxşı anlayırıq. Biz bir-birinə oxşar ölkələrik. Bizim mədəniyyətimizdə, adət-ənənələrimizdə də oxşarlıqlar vardır. Təbii ki, eyni zamanda, suverenlik və müstəqillik uğrunda siyasi tariximizdə də oxşarlıqlar mövcuddur və bu da tariximizin vacib hissələridir. Biz bir-birimizi yaxşı tanıyırıq, anlayırıq və çox şadam ki, bu anlaşma əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı çərçivəni təmin edir.
Bu gün məlumat aldıq ki, ötən həftə mədəniyyət sahəsində, ölkələrimizin mədəni həyatında mühüm tədbirlər keçirilib. Sloveniya mədəni irsin qorunmasına xüsusi diqqət yetirir.
Bizim kimi ölkələrdə və yerləşdiyimiz regionlarda bu addımları atmalıyıq ki, Avropa Şurasının və Avropa İttifaqının amalları daha lazımi şəkildə tətbiq edilsin. Biz bu regiondakı mədəni irsdən xəbərdar olmalıyıq. Fəaliyyətimizi təkcə bununla məhdudlaşdırmalı deyilik. Biz mədəni irsin qorunması və inkişaf etdirilməsində iştirak etməliyik. Bu, eyni zamanda, sülhün möhkəmləndirilməsinə də xidmət edə bilər. Əminik ki, gələcəkdə bu münasibətlər daha geniş şəkildə inkişaf edəcəkdir.
Avropa İttifaqına gəldikdə, Siz bildiyiniz kimi, Avropa İttifaqı nəinki iqtisadi bir klubdur, iqtisadi məkan və ya sırf iqtisadi sistemdir. Bu təşkilat, eyni zamanda, yeni mədəniyyətin formalaşmasına və mədəni adət-ənənələrin bu tərzdə təşviq edilməsinə xidmət edən bir təşkilatdır. Ona görə də, bu baxımdan biz qarşımızda duran həmin məqsədlərə doğru getməliyik. Bir çox iqtisadi və praktiki məsələlər var ki, biz bugünkü görüşlərimizdə onları nəzərdən keçirdik və gələcəkdə də bu cür müzakirələr davam edə bilər.
Ümid edirik ki, biz artıq vacib əməkdaşlığımızın çərçivəsi üzərində razılığa gəldik. Biz, cənab Prezident, Sizinlə Birgə Bəyanatı imzaladıq. Mən bunu xüsusilə qeyd edirəm ki, bu bəyanat bizim gələcək əməkdaşlığa dair gündəliyimizin konkret mexanizmlərini əks etdirir. Bu gün biz digər mühüm sənədləri imzaladıq. Burada energetika sahəsində, iqtisadi nazirliklərimiz arasında əməkdaşlıq nəzərdə tutulur. Hesab edirik ki, bu, bizim gələcəkdə işlərimizə kifayət dərəcədə yardım edəcəkdir.
Siz qeyd etdiyiniz kimi, mən Bakıya böyük biznes nümayəndə heyəti ilə gəlmişəm. Burada, eyni zamanda, biz həm hökumət rəsmiləri, həm də iş adamları ilə təmaslarımızın genişləndirilməsində maraqlıyıq. Əminəm ki, onlar nəinki yeni təmaslar quracaq, o cümlədən gələcək üçün konkret addımlar atacaqlar. Siz burada bir sıra sahələri xatırlatdınız. Fikrimcə, biz həmin sahələrdə çalışa bilərik. Energetika və enerji nəqlinin şaxələndirilməsi sahələri gələcəkdə nəzərə alına bilər. Biz bilirik ki, Azərbaycanda su-elektrik stansiyalarının inkişafı gündəlikdədir və bizim bu sahədə yaxşı təcrübəmiz vardır. Bu sahədə işləyən şirkətlərimizin əməkdaşları nümayəndə heyətində təmsil olunub və mənimlə buraya gəliblər. Əminəm ki, onlar faydalı təmaslar quracaqlar və bu istiqamətdə əməkdaşlığı genişləndirəcəklər. Eyni zamanda, telekommunikasiya, informasiya texnologiyaları, əczaçılıq və digər sahələrdə də işbirliyi qurula bilər.
Çıxışımı yekunlaşdırmazdan əvvəl mən həmçinin onu qeyd etməliyəm ki, Sloveniya Qafqaz regionunu xarakterizə edən həssas məsələləri yaxşı bilir. Qafqaz regionunda təhlükəsizlik məsələləri, eyni zamanda, Avropada təhlükəsizlik və əməkdaşlığa təsir göstərən məsələlərdir. Biz heç də məmnun deyilik ki, dondurulmuş münaqişələr bu cür uzun müddətdə davam edir. Dağlıq Qarabağ demək olar ki, ən uzun çəkən münaqişələrdən biridir və bu illər ərzində biz həll olunma sahəsində istənilən irəliləyişi görmədik. Münaqişənin həlli prinsipləri artıq keçmişdə müəyyən olunub və onlar çox aydındır. Bu prinsiplər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişənin sülh yolu ilə həll olunma prinsipləridir. Hesab edirik ki, keçmişdə müəyyən irəliləyiş əldə olunub, yəni, həll variantının konkret məsələləri müəyyən edilib. İndi bilirik ki, sülh yolu ilə nizamlanma üçün hansı addımların atılması zəruridir. Hazırda güclü siyasi iradəyə ehtiyac duyulur. Mən Bakıda bu tribunadan çıxış edərək demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artıq müəyyən edilmiş prinsiplər əsasında problemin yekun və birmənalı həlli məqsədi ilə ATƏT-in Minsk qrupu və digər iştirakçıların daha güclü səylər göstərməsinə dəstək veririk. Hesab edirəm ki, biz hamımız, Avropa bu nizamlamada maraqlıyıq və bizim hamımız çoxdan gözlənilən daha güclü səylərin olmasını dəstəkləyirik.
Cənab Prezident, Siz burada əməkdaşlığımızın bütün sahələrinə toxundunuz. Mən onların bir neçəsinə toxunmaq istərdim. Hesab edirəm ki, bu bizim münasibətlərimizdə yeni mərhələnin başlanğıcıdır. Bu fürsətdən istifadə edərək ictimaiyyət qarşısında bəyan edirəm ki, biz də çox istərdik, Siz yaxın zamanda vaxt tapıb Sloveniyaya səfər edəsiniz. Biz dialoqumuzu davam etdirək və müzakirə etdiyimiz bütün əməkdaşlıq sahələrini inkişaf etdirək.
AzərTAc
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 2.