Milli Məclisdə görüş

 

Noyabrın 9-da Sloveniya Respublikasının Prezidenti Danilo Türk Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişafı barədə fikir mübadiləsi aparılmış, Sloveniya Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin ikitərəfli əlaqələrdə yeni mərhələ açdığı qeyd olunmuşdur.

Bildirilmişdir ki, artıq səfərin ilk günü ölkələrimiz arasında beş mühüm sənəd imzalanmışdır.

Ölkələrimizin coğrafi mövqeyinin əlverişli olduğunu söyləyən Milli Məclisin Sədri, Azərbaycanın Cənubi Qafqaz, Sloveniyanın isə Balkan regionunun inkişafında mühüm rol oynadığını vurğulamışdır. Sədr demişdir ki, Azərbaycan bir sıra regional layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Sloveniyanın Avropa İttifaqına üzvlüklə əlaqədar keçdiyi yol bizim üçün maraqlıdır və yaxşı təcrübə ola bilər.

Milli Məclisin Sədri ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan "Şərq Tərəfdaşlığı" Proqramının uğurla icra edildiyini diqqətə çatdırmışdır.

Parlamentlərimiz arasında əlaqələrdən danışan O.Əsədov bildirmişdir ki, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları fəaliyyət göstərir və bu yaxınlarda bizim dostluq qrupunun üzvləri Sloveniyaya səfər etmişlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inkişafa yeganə və ciddi təhlükə olduğunu bildirən sədr, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməyə indiyədək məhəl qoymadığını və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını diqqətə çatdırmışdır.

Sloveniya Prezidenti Danilo Türk Azərbaycana ilk rəsmi səfərinin onda böyük təəssürat oyatdığını bildirmişdir.

Yeni müstəqil ölkələr olan Sloveniya ilə Azərbaycan arasında tarixi inkişaf baxımından oxşarlıqların olduğunu qeyd edən Prezident Danilo Türk bu səfərinin ölkələrimizin mövcud əlaqələrinin daha da inkişafına yaxşı töhfələr verəcəyinə əminliyini bildirmişdir.

Sloveniya Prezidenti Milli Məclisin əsas iclas zalına baxmış, deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşdur. Ali qonaq parlament binasının yüksək mərtəbəsindən şəhərimizin mənzərəsini seyr etmişdir.

Sonra Heydər Əliyev muzeyi ilə tanış olan Sloveniya dövlətinin başçısı xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 3.