Bu gün Milli Məclisdə gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi başlayır

 

Bu gün Milli Məclisdə "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin və büdcə zərfinə daxil olan digər məsələlərin müzakirəsi başlayır. Layihədə gələn il dövlət büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat proqnozlaşdırılmışdır. 2010-cu ildə xərclərin strukturuna daxil olan cari xərclər 6 milyard 590,4 milyon manat, əsaslı xərclər 4 milyard 386,5 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 287 milyon manat təşkil edəcəkdir.

2010-cu ilin dövlət büdcəsi layihəsi növbəti ildə də davamlı iqtisadi artım üçün müvafiq kəmiyyət və keyfiyyət təminatını yaradır. Layihə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə, iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafının, o cümlədən iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə təsdiq edilmiş dövlət proqramlarına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb.

Onu da qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsinin layihəsi dünya iqtisadiyyatında və beynəlxalq maliyyə bazarlarında böhranlı vəziyyətin hələ də davam etdiyi bir vaxtda tərtib edilib. Buna görə mövcud reallığa söykənərək büdcə layihəsində dünya maliyyə bazarlarında sonradan baş verə biləcək dəyişikliklər nəzərə alınıb. Ölkəmizin mövcud sosial-iqtisadi vəziyyəti və orta müddət inkişafına təsir göstərən daxili və xarici amillər, dünya iqtisadiyyatının tənəzzül dövrünə qədəm qoyması, beynəlxalq maliyyə bazarlarında böhranla əlaqədar yarana biləcək risklərin Azərbaycan iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması imkanları təhlil edilib. Eyni zamanda, neftin dünya bazarlarında qiymətinin tez-tez dəyişməsi də nəzərə alınıb və bu səbəbdən növbəti ildə xam neftin satış qiyməti büdcədə 45 ABŞ dolları səviyyəsində müəyyənləşdirilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi yeni neft strategiyasının uğurları, əldə etdiyimiz maliyyə imkanları ölkəmizi dünya iqtisadiyyatında baş verən və gələcəkdə gözlənilə bilən bütün təlatümlərdən etibarlı qoruyur. Bu mənada, dövlət büdcəsinin tərtibi zamanı neftin müəyyənləşdirilmiş qiyməti narahatlıq doğurmur.

Xatırladaq ki, növbəti ilin dövlət büdcəsinin layihəsi və ona əlavə edilmiş məsələlər Milli Məclisin komitələrinin 3 gün davam edən iclaslarında Hesablama Palatasının rəyi də dinlənilməklə ətraflı müzakirə edilib və parlamentin plenar iclasının müzakirəsinə çıxarılması tövsiyə olunub. Müzakirələr zamanı deputatlar təqdim olunmuş layihələri yüksək qiymətləndirməklə yanaşı, bir sıra qeyd və təkliflərini də bildiriblər.

Bu il olduğu kimi, gələn il də sosialyönümlülük dövlət büdcəsinin əsas istiqamətlərindən birini təşkil edəcək. Ölkəmizin iqtisadi siyasətinə uyğun olaraq növbəti ildə sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əməkhaqqının, yaşa görə əmək pensiyalarının baza hissəsinin, sosial müavinətlərin və digər sosial xərclərin stabil maliyyələşdirilməsi, pensiyaların baza hissəsinin minimum yaşayış həddinə yaxınlaşdırılması qarşıya məqsəd kimi qoyulmuşdur. Ümumiyyətlə, 2010-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 34,4 faiz olmaqla 3 milyard 877,6 milyon manat proqnozlaşdırılmışdır.

2010-cu il icmal büdcəsinin gəlirləri 11 milyard 885 milyon manat, xərcləri 12 milyard 465,9 milyon manat nəzərdə tutulmuşdur. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərclərinin 1 milyard 757,2 milyon manat, Dövlət Neft Fondunun büdcəsinin xərcləri 5 milyard 295 milyon manat proqnozlaşdırılır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.-10 noyabr.- S. 3.