1. Özəlləşdirmə proqramlarının Azərbaycan iqtisadiyyatına töhfəsi

 

Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq.

 

İlham ƏLİYEV

 

Bu gün beynəlxalq miqyasda Azərbaycanı xarakterizə edən əsas cəhətlərdən biri də onun sürətli iqtisadi inkişaf tempinə malik olması və bu göstərici üzrə son illərdə dünya dövlətlərinin reytinq cədvəlinə liderlik etməsidir. İqtisadi sferada həyata keçirilən bu uğurlu siyasətin ən əsas nəticələrindən biri də ondan ibarətdir ki, Azərbaycan, sözün əsl mənasında dünyanı silkələmiş qlobal maliyyə böhranının təsirlərinin neytrallaşdırılmasında kifayət qədər effektiv bir nümunənin əsasını qoymuş oldu.

Elə buna görədir ki, dünyanın əksər ölkələrində böhranla əlaqədar iqtisadi geriləmə davam etdiyi bir vaxtda cari ilin ilk 9 ayının yekunlarına əsasən, Azərbaycanda ümumi daxili məhsulun həcmi 6,1 faiz artmışdır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, ilin sonuna kimi ölkəmizdə iqtisadi artım göstəricisi 7,5 faiz təşkil edəcək və yenidən bu sahə üzrə MDB-nin lideri olacaq. Qlobal böhranın davam etdiyi şəraitdə bunun kifayət qədər uğurlu bir göstərici olduğu isə beynəlxalq sferada da açıq etiraf olunur.

 

Azərbaycan iqtisadi cəhətdən artıq güclənmiş dövlətdir

 

Ancaq postsovet məkanında Azərbaycanı iqtisadi sferada fərqləndirən əsas cəhətlər qeyd olunanlarla məhdudlaşmır. Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmiz qarşısında duran və olduqca vacib xarakter daşıyan daha bir məsələnin uğurlu həllinə imkan vermişdir. Söhbət ölkənin iqtisadi sahədə keçid dövrünü başa vurmasından gedir. Danılmaz faktdır ki, bu gün postsovet məkanında mövcud olan ölkələrin əksəriyyəti iqtisadi keçid finişinə çatmaqdan hələ çox uzaqdır və qlobal iqtisadi böhranın başlanması həmin ölkələrin keçid mərhələsini başa vurmasında böyük ləngimələrə yol açıb. Azərbaycan isə həmin ölkələrdən fərqli olaraq iqtisadi keçid mərhələsini başa vurmaqla kifayət qədər ciddi bir uğura imza atıb. Bununla əlaqədar Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirmişdir: "Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır".

İqtisadi sahədə keçid dövrünün başa vurulması isə Azərbaycana yeni və daha vacib dividendlər vəd etməkdədir. Əvvəla, ona görə ki, Azərbaycan artıq keçid dövrünün problemlərini arxada qoyub və gündəlikdə belə problemlər yox, ölkənin daha sürətli tərəqqisinə yol açan inkişaf strategiyası, onun həyata keçirilməsi yolları dayanır ki, bu istiqamətdə də uğurlu addımlar atılmaqdadır. İkinci bir tərəfdən iqtisadi sferada keçid mərhələsini qət etməklə Azərbaycan bu sahə üzrə dünya birliyinə daha sıx inteqrasiya etmək imkanı da qazanıb. Belə ki, dünyanın aparıcı ölkə və təşkilatları iqtisadi sahədə böyük uğurlara imza atan Azərbaycanla artıq daha böyük həvəslə əməkdaşlığa can atır və bu əməkdaşlıqdan hər iki tərəfin qazancla çıxacağını gözəl anlayırlar.

Lakin o da faktdır ki, iqtisadi keçid mərhələsini elə də böyük olmayan zaman kəsiyində başa vurmaq Azərbaycan üçün asan olmayıb və bu, kifayət qədər dəqiqliklə düşünülmüş siyasətin, gərgin əməyin, böyük enerji tələb edən çalışmanın məntiqi nəticəsidir. Ötən əsrin son onilliyndə dövlət müstəqilliyini qazanan və bu müstəqilliyin ilk illərində ağır vəziyyətdə olan, az qala iqtisadi və siyasi cəhətdən dünya xəritəsindən silinmək təhlükəsi yaşayan Azərbaycan həm də yenidən parçalanmaq təhlükəsi yaşayırdı. Ölkədə tez-tez baş verən hakimiyyət dəyişiklikləri, müxtəlif silahlı qruplaşmaların mövcudluğu, ərazilərimizin itirilməsi, iqtidarda olan qüvvələrin səriştəsizliyi nəinki Azərbaycanın iqtisadi və digər sahələr üzrə inkişafına imkan verirdi, əksinə, bir dövlət kimi onun mövcudluğunu davam etdirə bilməsini ciddi sual altına alırdı. Əlbəttə ki, belə vəziyyət xalqı narahat etməyə bilməzdi və ölkənin xilası üçün yeganə ümid yeri olan ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zamanın kəskin tələbinə çevrilmişdi. Elə bu səbəbdən Azərbaycanın xilası üçün ulu öndərin hakimiyyətə qayıdışı xalqın əsas və təkidli arzusu idi. Yenidən hakimiyyətə gəlməklə ümummilli lider nəinki Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, həm də onun kifayət qədər ziddiyyətli, mürəkkəb xarakter daşıyan bir geosiyasi şəraitdə sürətli inkişaf yoluna qədəm qoymasını təmin etdi. Dünyanın bir çox aparıcı neft şirkətləri məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycana irihəcmli investisiyalar yatırmağa başladı. Görülən digər tədbirlər nəticəsində iqtisadi sahədə böhran yaşayan Azərbaycan artıq bu sahə üzrə də yeni inkişaf yoluna qədəm qoydu. Beləliklə, Azərbaycan məhz 1993-cü ildə ümummilli liderin qayıdışı ilə həqiqi dövlət müstəqilliyinə qovuşdu, ölkə sabit inkişaf mərhələsini yaşamağa başladı ki, bütün bunlar həm də Azərbaycanın iqtisadi keçid mərhələsində qarşıda duran yolun tez qət edilməsi üçün uğurlu start götürməsinə imkan verirdi.

 

Milli Məclisə ünvanlanan tarixi müraciət

 

Həmin dövrdə Azərbaycanın qarşısında duran və ölkənin sürətli iqtisadi inkişafını təmin edəcək əsas məsələlərdən biri də xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatı sisteminə mümkün qədər tez keçidin təmin edilməsi idi. Bu da təbii olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsini tələb edirdi. Xatırladaq ki, bu məqsədlə hələ 1992-ci ildə Dövlət Əmlak Komitəsi yaradılsa da və 1993-cü ilin yanvarında "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" qanun qəbul edilsə də, reallıqda hər hansı ciddi nəticə yox idi. Bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın inkişafını təmin etmək üçün Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də məhz dünya təcrübəsi əsasında düzgün, ədalətli bir şəkildə dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı oldu. Bu xüsusda isə ulu öndərin 1995-ci il 30 iyun tarixində özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar Milli Məclisə məktub vasitəsi ilə ünvanladığı tarixi müraciət diqqəti xüsusi cəlb edir. Müraciətində olduqca fundamental məqamlara toxunan dahi rəhbər böyük uzaqgörənliklə qeyd edirdi ki, Azərbaycan öz müstəqilliyinin və suverenliyinin təminatlarını tam şəkildə ancaq iqtisadi böhran aradan qaldırıldıqdan sonra əldə edə biləcək. Bildirilirdi ki, möhkəm və inkişaf etmiş iqtisadiyyata əsaslanmayan siyasi müstəqillik heç də real suverenliyin yeganə göstəricisi deyil: "Buna baxmayaraq, Azərbaycanın müstəqil bir dövlət kimi bərqərar olunmasından sonra hakimiyyətə gələn müxtəlif qüvvələr tərəfindən iqtisadiyyatda köklü dəyişikliklər aparılması üçün heç bir şey edilməmişdir və nəticədə əhalinin həyat səviyyəsi olduqca aşağı səviyyəyə düşmüşdür. İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatların aparılması mümkün deyildir. "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanununun 1993-cü il yanvarın 7-də qəbul edilməsinə və bu qanunun qüvvəyə minməsi haqqında qərarla Dövlət Əmlak Komitəsinin rəhbərliyinə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında proqramın təqdim edilməsi üçün 1993-cü il martın 1-dək vaxt verildiyinə baxmayaraq, nə göstərilən müddətdə, nə də sonra bu tapşırıqların öhdəsindən gələ bilmədilər".

Lakin Heydər Əliyev özəlləşdirmə kimi olduqca əhəmiyyətli bir prosesin gecikdirilməsinin Azərbaycanın sonrakı iqtisadi inkişafına nə dərəcədə böyük əngəllər yarada biləcəyini əvvəlcədən görür və bunun mümkün qədər tez başlanmasının vacibliyini yaxşı bilirdi. Digər tərəfdən həmin dövrdə özəlləşdirmənin nəzəri-qanunverici bazasının hazırlanmasında ciddi nöqsanların olduğunu nəzərə alan dahi rəhbər 1995-ci ilin yanvarında özəlləşdirmənin aparılması üçün yaradılan dövlət qurumunun rəhbərliyində dəyişikliklər etdi və 3 mart 1995-ci ildə dövlət özəlləşdirilməsi haqqında proqramın hazırlanması üçün xüsusi komissiya yaradılmasına göstəriş verdi. Bununla bağlı Heydər Əliyevin qanunverici orqana ünvanladığı müraciətində qeyd olunurdu: "1995-ci ilin yanvarında Dövlət Əmlak Komitəsinin rəhbərliyində dəyişikliklər aparılmış və 1995-ci ilin martın 3-də Azərbaycan Respublikası prezidenti tərəfindən dövlət özəlləşdirilməsi haqqında proqramın hazırlanması üçün xüsusi komissiya yaradılmışdır. 1995-ci il iyunun 24-də həmin komissiya öz işini yekunlaşdırmışdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında proqram hazırlanarkən əsas amil kimi əhalinin həyat səviyyəsinin qaldırılması götürülmüşdür".

O da xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu məsələlər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə 1995-ci ilin martında Bakıda keçirilən hökumətin açıq müşavirəsinə çıxarıldı. Əsas məqsəd isə proseslərin mahiyyətinin ölkə ictimaiyyətinin nəzərinə çatdırılması və şəffaflığın təmin edilməsi idi. Digər tərəfdən burada ictimaiyyətin nümayəndələrinin də fikir və təkliflərinin nəzərə alınmasına ayrıca diqqət yetirilirdi. Bununla əlaqədar sözügedən tarixi müraciətdə bildirilirdi: "1995-1998-ci illəri əhatə edən proqramın əsas mahiyyətini xüsusi mülkiyyətçilər təbəqəsinin formalaşdırılmasına və nəticədə səmərəli fəaliyyət göstərən bazarın yaradılmasına, xalq təsərrüfatının inhisarlaşdırılmasına və onun strukturunun yenidən qurulmasına, ölkənin iqtisadi dövriyyəsinə kapitalın cəlb olunmasına və kapitallaşma mexanizminin yaradılmasına, iqtisadi prosesə bütün növ istifadə olunmamış resursların cəlb edilməsinə, vətəndaşların sahibkarlıq və işgüzarlıq fəallığının artırılmasına, işgüzarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılmasına, inflyasiyanın qarşısının alınmasına və manatın alıcılıq qabiliyyətinin artırılmasına yönəldilmiş əməli tədbirlər təşkil edir. Bu tədbirlərin nəticəsində maliyyə stabilliyinə, əhalinin əmanətlərinin artırılmasına və bu əmanətlərin investisiyalara çevrilməsinə, istehsalatın canlandırılmasına və iş yerlərinin artırılmasına, nəhayət, vətəndaşların həyat səviyyələrinin keyfiyyətcə yaxşılaşdırılmasına nail olmaq olacaq".

Beləliklə, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" təsdiq olunmaq üçün Milli Məclisə təqdim edildi. Eyni zamanda, qüvvədə olan qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zəruriyyətini nəzərə alaraq, "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər haqqında Azərbaycan Respublikasının qanun layihəsi müzakirə üçün qanunverici orqana göndərildi.

1995-1998-ci illərdə aparılacaq özəlləşdirməni özündə ehtiva edən birinci Dövlət Proqramı Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını əks etdirirdi. Dövlət Proqramında mülkiyyətin özəlləşdirilməsi sahələri, istiqamətləri, müddəti, mərhələləri və s. öz əksini tapmışdı. Proqram 1995-ci il iyulun 21-də Milli Məclis tərəfindən bəyənilərək qəbul edildi. Beləliklə, konkret proqram əsasında Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlandı ki, bu da yeni iqtisadi inkişaf mərhələsinin əsasının qoyulmasında olduqca böyük rol oynadı. Xüsusən də torpaqların özəlləşdirilməsi və bu sahədə aparılan islahatlar Azərbaycanda fermerçiliyin inkişafında, kənd təsərrüfatı sahəsində məhsuldarlığın yüksəlməsində ciddi dönüş yaranmasına gətirib çıxardı.

 

Özəlləşdirmənin qazandırdığı dividendlər

 

Ümumiyyətlə, sözügedən proqram Azərbaycanda sovetlər dövrünün yadigarı olan planlı iqtisadiyyatdan bazar iqtisadiyyatı sisteminə keçmək yolunda böyük əhəmiyyət kəsb etdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanda ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz artdı. 1998-ci ildə sənaye və kənd təsərrüfatı məhsulları istehsalında daha böyük göstəricilər qeydə alındı.

1995-ci ilə qədər Azərbaycanın iqtisadiyyatına, maliyyə sisteminə böyük zərbələr vuran inflyasiyanın isə görülən tədbirlər nəticəsində qarşısı alındı və tədricən aradan götürüldü. Hətta 1998-ci ildə Azərbaycanın milli valyutasının - manatın dəyəri möhkəmləndi ki, nəticədə istehlak mallarının qiymətlərinin azalması və deflyasiya müşahidə olundu. Bu dövrdə Azərbaycana gələn xarici investisiyanın da həcmi durmadan artırdı. Məsələn, 1998-ci ildə Azərbaycan iqtisadiyyatına 1,5 milyard 500 dollar dəyərində investisiya qoyulmuşdu. Adambaşına xarici investisiya qoyuluşunun miqdarına görə həmin vaxt Azərbaycan Müstəqil Dövlətlər Birliyində birinci yerdə dururdu.

Bütün bunlar həm də 1998-ci ildə dünyanın əksər ölkələrini bürüyən maliyyə böhranından Azərbaycanın yenə uğurla çıxmasına imkan verirdi. Halbuki, həmin vaxt böhranın dünyanın aparıcı dövlətlərinə, o cümlədən Rusiyaya böyük zərbələr vurması MDB dövlətlərinin iqtisadiyyatına da dağıdıcı təsir göstərirdi. Lakin Azərbaycan burada istisnalıq təşkil edirdi. Bununla bağlı o dövrdə ulu öndər Heydər Əliyev bildirirdi: "Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda son illər aparılan düzgün iqtisadi siyasət, həyata keçirilən düşünülmüş tədbirlər və ölçülüb-biçilmiş islahatlar nəticəsində biz Azərbaycanın maliyyə və iqtisadiyyat sahəsində elə bir şərait yaratmışıq ki, hətta Rusiyada baş vermiş böyük maliyyə böhranının da ölkəmizə təsirini azaldıb, onun qarşısını ala bildik".

Əlbəttə ki, Azərbaycanın sadalanan uğurlar əldə etməsində özəlləşdirmə prosesi vacib rol oynamışdı. Belə ki, artıq 1998-ci ilin sonlarına doğru Azərbaycanda ümumi daxili məhsul istehsalının 55 faizi özəl sektora məxsus idi. Sənaye məhsulunun 26 faizi də məhz özəl sektorda istehsal olunurdu. Kənd təsərrüfatı məhsulları istehsalının 95 faizi, ticarətin 98 faizi və inşaatın 70 faizi yenə də özəl sektora məxsus idi. Eyni zamanda, bu göstəricilər Azərbaycanda iqtisadi islahatların və onların içərisində özəlləşdirmənin düzgün və səmərəli aparıldığını göstərirdi. Xatırladaq ki, ölkə vətəndaşlarının özəlləşdirmə prosesində iştirak etməsi üçün 1997-ci il yanvarın 1-dən əhaliyə özəlləşdirmə çeklərinin verilməsi prosesi də həyata keçirilmişdi.

O da xüsusi qeyd edilməlidir ki, bütün bunlarla yanaşı, dövlət idarəetmə sistemində də aparılan islahatlar ölkənin inkişafı ilə bir həmahənglik təşkil edir və bu inkişaf prosesini daha da sürətləndirirdi. Belə ki, iqtisadi islahatlarla və özəlləşdirmə proqramının həyata keçirilməsi ilə bağlı iqtisadiyyatı idarəetmə sahəsində ölkənin 20-dən çox nazirliyi, dövlət komitəsi, konserni və şirkəti ləğv olunmuş, yaxud da yenidən qurulmuşdur. Bir çox nazirliklərdə və idarəetmə orqanlarında ayrı-ayrı qurumlar da ləğv edilmiş, yaxud da onların fəaliyyəti bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmışdı. Bütün bunlar yekun nəticədə sürətli inkişafa xidmət edir və Azərbaycanın daha da möhkəmlənməsinə gətirib çıxarırdı.

 

Yeni özəlləşdirmə proqramı

 

Sonrakı dövr isə artıq Azərbaycanda özəlləşdirmə prosesinin daha geniş miqyası əhatə etməsi və yeni sahibkarlar ordusunun formalaşması üçün daha bir müvafiq proqrama ehtiyac yarandığını göstərdi. Yenə də böyük uzaqgörənlik göstərən ümummilli lider Heydər Əliyev 10 avqust 2000-ci il tarixdə dövlət əmlakının özəlləşdirilməsi haqda ikinci Dövlət Proqramının təsdiq edilməsi barədə fərman verdi. İqtisadiyyatda aparılan struktur islahatlarını, sahibkarlığın inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək, iqtisadiyyata investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin artırılmasına nail olmaq məqsədi ilə həmin fərmanla Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı təsdiq edildi. Fərmanın digər mühüm əhəmiyyəti ondan ibarət idi ki, iki ay müddətində "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nın həyata keçirilməsi prosesində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilirdi.

Özəlləşdirmə ilə bağlı ikinci Dövlət Proqramının əsas məqsədləri isə aşağıdakılardan ibarət idi: iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək, bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirmək, iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaq, dövlət əmlakını dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etmək.

Bununla yanaşı, II Dövlət Proqramı müəssisə və obyektlərin özəlləşdirmə baxımından təsnifatını, dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydasını, dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadə olunması qaydasını, özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştləri, özəlləşdirilən müəssisə və obyektlərin, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılmasını, özəlləşdirmə prosesində yerli və xarici investorların iştirakı qaydasını, özəlləşdirmə zamanı qoyulan məhdudiyyətləri, özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydasını, müəssisələrin özəlləşdirməqabağı restrukturizasiyasını, sağlamlaşdırılmasını və özəlləşdirilmiş müəssisələrin dəstəklənməsini, özəlləşdirmə prosesinin informasiya-metodiki təminatını, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri də müəyyən edirdi.

Bütün bunlar həm özəlləşdirmə prosesinin daha da təkmil xarakter daşımasından xəbər verir, həm də Azərbaycanda özəl sektorun kifayət qədər güclənməsinə təkan verirdi. Məhz yuxarıda qeyd olunan özəlləşdirmə ilə bağlı hər iki dövlət proqramı iqtisadi inkişafda böyük rol oynamaqla yanaşı, Azərbaycanda bu sahədə uğurlu bir başlanğıcın əsasını qoydu. Məhz bunun nəticəsidir ki, indi də davam edən özəlləşdirmə prosesi müvafiq tələblərə tam cavab verir. Onu da qeyd edək ki, özəlləşdirmə prosesinin indiki mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaq, uzunmüddətli perspektivdə isə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

Prezident İlham Əliyevin bu məsələ ilə bağlı imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi sənədlərdə bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyən olunub. Belə vəzifələrdən danışarkən ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, xüsusən də qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.

Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan özəlləşdirmə prosesinin Azərbaycanın iqtisadi tərəqqisinin sürətlənməsində nə dərəcədə vacib rol oynadığını bir daha əyani nümayiş etdirir. Bu prosesə vaxtında başlanması isə Azərbaycanın iqtisadi keçid mərhələsini daha tez başa vurmasına özünəməxsus mühüm töhfə verib.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 5.