Arıçılıq məhsullarının növbəti
respublika sərgi-satış yarmarkası
açılmışdır
Noyabrın 9-da Bakıda Dənizkənarı
Milli Parkda arıçılıq məhsullarının
növbəti respublika sərgi-satış yarmarkası
açılmışdır.
Yarmarkada 52 rayondan 510 arıçı iştirak edir.
Bu münasibətlə keçirilən mərasimdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək bildirmişdir ki, arıçılığın inkişafı həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Sərgi-satış yarmarkasının keçirilməsindən məqsəd arıçılığı təbliğ etmək, müvafiq qurumların diqqətini sahənin inkişafının vacibliyinə yönəltmək, arıçıları maarifləndirməkdən ibarətdir.
Nazir müavini demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlərin tərkibinə arıçılığın inkişafı da daxildir. Belə ki, "Arıçılıq haqqında" qanunun qəbul edilməsi və sahənin təsərrüfatçılarına dövlət tərəfindən kreditlərin verilməsi bunun bariz nümunəsidir. Təsadüfi deyildir ki, son iki ildə dövlət tərəfindən 25 arıçıya 124 min 328 manat kredit verilmişdir. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Lerik, Qəbələ, Daşkəsən, Gədəbəy, Yardımlı və Xızı rayonlarında arıçılığın inkişafına dair Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) layihəsini həyata keçirir. Bu rayonlarda 300 nəfərə 3 mindən çox arı ailəsi paylanmışdır. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da arıçılıq məhsulları istehsalının artırılması zərurəti qeyd edilmişdir. Ölkəmizin əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genofondu arıçılıq təsərrüfatlarını 5 dəfədən çox artırmaq üçün geniş imkanlar açır. Son illər bu sahədə görülən işlər və həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, buna nail olacağıq.
A.Aslanov zəngin floraya malik, lakin bu gün işğal altında olan bölgələrdə, o cümlədən Dağ Qarabağında, Kəlbəcərdə vaxtilə bol arıçılıq məhsulu götürüldüyünü xatırlatmışdır. Əmin olduğunu bildirmişdir ki, dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız tezliklə mənfur düşməndən geri alınacaq, məcburi köçkünlər doğma yurdlarına qayıdacaq və arıçılıq məhsullarının sərgi-satış yarmarkası Şuşada keçiriləcəkdir.
Natiq qeyd etmişdir ki, arıçılığın böyük potensiala malik qida mənbəyi kimi perspektivi elmi şəkildə sübut olunmuşdur. Bunun nəticəsidir ki. "Apimondiya" Beynəlxalq Arıçılar Assosiasiyasının arıçılığın inkişafını və tətbiqini nəzərdə tutan bir çox layihələri BMT-nin "Aclıqla mübarizə kampaniyası" proqramına daxil edilmişdir.
"Dağ arıçıları" İctimai Birliyinin sədri Şamil Quliyev, "Naxçıvan arıçıları" İctimai Birliyinin sədri Zakir Salmanov və digərləri çıxış edərək, yarmarkanın ənənəvi hal almasını alqışlamış və bu tədbirin ölkəmizdə arıçılığın inkişafına təkan verdiyini bildirmişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə arıçılıq məhsullarının qablaşdırılması və ixracı sahəsində dünya standartlarının tətbiqi vacibdir.
Yarmarkanın keçirilməsindən həm satıcılar, həm də alıcılar razılıqlarını bildirirlər. Alıcıları razı salan, ilk növbədə, məhsulların keyfiyyəti və münasib qiymətə olmasıdır. Burada keyfiyyətindən və çeşidindən asılı olaraq 1 kiloqram balın qiyməti 15 manatdan 40 manatadəkdir. Yarmarkada "APİMEDFARM" MMC-nin arı məhsulları ilə dərman bitkilərindən hazırlanmış və müxtəlif xəstəliklərin (ürək, böyrək, qara ciyər və s.) dərmanı olan məhsulları da nümayiş etdirilir.
Satılan məhsulların tərkibinə və keyfiyyətinə Respublika Baytarlıq Laboratoriyası tərəfindən ciddi nəzarət olunur. Laboratoriyanın nümayəndəsi Mehman İmanov deyir ki, satışa çıxarılan arıçılıq məhsullarından nümunələr götürülərək analiz üçün təmsil etdiyi quruma göndərilir. Əgər müayinənin nəticələri müsbət olarsa satışına icazə verilir.
Sərgi-satış yarmarkası noyabrın 19-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 6.