Dalğalanan bayrağımız

 

Azərbaycan Respublikasının Dövlət Bayrağının ilk dəfə səmada dalğalanmasından 91 il ötür. Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Milli Şura Gəncədə fəaliyyət göstərərkən verilmişdi. Bu qərara əsasən, bayraq al-qırmızı materialdan hazırlanmış, üzərində ağ aypara və qırmızı fonda ağ rəngdə səkkiz guşəli ulduz təsviri verilmişdi. Xatırladaq ki, həmin tarixdə qəbul edilən qərara görə ilk Dövlət Bayrağı yalnız qırmızı rəngdə, Türkiyənin Dövlət Bayrağı formasında idi. Yeganə fərq ulduzun səkkizguşəli olması idi. 1918-ci il senytabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakını xarici işğalçılardan azad etdikdən sonra hökumət Gəncədən Bakıya köçdü və bir neçə mühüm qərarlar verdi. Onlardan biri də 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında idi.

Bayrağımızın üçrəngli olması ideyasının müəllifi görkəmli Azərbaycan ziyalısı, türk dünyasının böyük şəxsiyyətlərindən olan Əli bəy Hüseynzadədir. Ay-ulduzlu və üçrəngli bayraq onun düşüncələrini əks etdirirdi. Mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə dinimizə bağlılığın nişanəsi idi. Türk milli şüurunun təkamülü və onun orta əsrlərin ümmət fəlsəfəsindən milliyyət müstəvisinə çevrilməsi də Əli bəy Hüseynzadənin həmin üç düsturu ilə bağlıdır. Və o düstur bu gün milli ideologiyamızın əsas prinsipləri kimi bayrağımızın rəngində də əksini tapır. Yeri gəlmişkən Əli bəy Hüseynzadənin siyasi və milli-ideoloji xəttini ifadə edən mülahizələri sonrakı mərhələdə milli özünütəsdiqin və Azərbaycan istiqlal savaşının işıqlı yollarını nişan verdi. Bu gün o yolla Türk və Azərbaycan qardaş kimi əl-ələ verərək gedir.

Hökumətin 9 noyabr 1918-ci il tarixli qərarında deyilir: "Azərbaycan Respublikasının Dövət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir". Sonra bayrağın hazırlanmasının texniki tərəfləri dəqiqliyi ilə açıqlanır. Bu bayraq 1920-ci il aprelin 27-dək millətin başı üzərində dalğalandı. Lakin ilk müstəqil dövlətin süqutundan sonra üçrəngli Dövlət Bayrağı dəyişdirildi və yasaq edildi. Yalnız 70 il sonra -1990-cı ilin noyabrında xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, üçrəngli bayraq bütöv Azərbaycanın Dövlət Bayrağı statusunda yenidən dalğalandı.

Sonsuzadək dalğalanacaq ay-ulduzlu bayrağımızı XX əsrin əvvəllərində böyük Azərbaycan şairləri Əhməd Cavad, Məhəmməd Hadi, Cəfər Cabbarlı və başqaları şeirlərində öymüş, onu ulduzlardan da yuxarıda dayanan nazlı hilala bənzətmişlər.

Dövlət bayrağımızın 91 yaşı münasibətilə Cəfər Cabbarlının 29 avqust 1919-cu ildə yazdığı "Azərbaycan Bayrağına" şeirini oxuculara təqdim edirik.

 

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli: üç boyalı, üç mənalı bayrağı!

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu?Aman Allah! Od yurdunun yaprağı.

Göy yapraklar, al çiçəklər, yaşıl otlar topasımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,

Fəqət bizim bayrağımız yucaları pək seviyor,

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır...

Gölgəsində Ay əyilib bu gözəli qucmada,

Qucuşaraq sevdigiylə yüksəklərə uçmada.

Şu görünüş bir ananın şəfqətinə oxşayır,

Düşündükcə duyğularım, vicdanımı oxşayır.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə şöylə söyləmək:

Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Yürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı!

Səkkiz uclu şu yıldız da səkkiz hərfli "Od yurdu",

Əsarətin gecəsindən fürsət bulmuş quş gibi,

Səhərlərə uçmuşdur...

Şu hilal da türk bilgisi düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur...

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış istiqlal!

Yürəgimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun, bu göy bayraq Turan üstə açılsın!..

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 6.