Tbilisidə GUAM ölkələri Parlament
Assambleyasının 4-cü iclası işə
başlamışdır
Noyabrın 9-da Tbilisi şəhərində
GUAM ölkələri Parlament Assambleyasının 4-cü
iclası işə başlamışdır.
İclası Gürcüstan
parlamentinin sədri David Bakradze açaraq GUAM-ın regional təşkilat
kimi üzv ölkələrin parlamentləri arasında əməkdaşlıq
istiqamətində mühüm rol oynadığını
bildirmişdir.
İclasda GUAM-ın geosiyasi əhəmiyyəti,
siyasi, iqtisadi, energetika, nəqliyyat, ekologiya və s. sahələrdə
regional təhlükəsizlik məsələləri, GUAM məkanında
mövcud münaqişələr, həmin münaqişələrin
regional və beynəlxalq sabitliyə, sülhə, inkişafa
təsiri, bu qurumun Avropa İttifaqı, Baltik-Qara dəniz
regionu ölkələri ilə əməkdaşlığının
perspektivləri, regional inteqrasiyanın dərinləşdirilməsi
işində parlamentlərarası əməkdaşlığın
rolu məsələləri müzakirə olunmuşdur.
İclasda Azərbaycan
Respublikasını GUAM ölkələri Parlament
Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin
rəhbəri, GUAM PA-nın ticarət-iqtisadiyyat komitəsinin
sədri Elton Məmmədov, deputatlardan Elman Məmmədov, Əli
Məsimli, Mirkazım Kazımov və Rüstəm Xəlilov
təmsil edirlər.
Elton Məmmədov AzərTAc-ın
xüsusi müxbiri ilə söhbətində demişdir:
- Biz Parlament Assambleyasının
Tbilisidə keçirilən büro iclasında komitə
iclasları və ümumi iclasın gündəliyinə daxil
olan məsələləri müzakirə etdik. Həmçinin
bəyannamə layihəsini də nəzərdən
keçirdik və Azərbaycan Respublikasının
maraqlarını təmin edən məsələlərin
layihəyə daxil edilməsinə nail olduq.
Parlament Assambleyasında 3 komitə
ilə yanaşı, daha bir komitənin yaradılması da qərara
alınmışdır. Bu, münaqişə regionlarında
təhlükəsizlik məsələləri komitəsidir.
GUAM ölkələrinin hər biri bu məsələdə
maraqlıdır ki, dondurulmuş münaqişələr və
bu gün baş verən proseslər öz həllini siyasi
yolla tapsın. Azərbaycanın ağrılı problemi olan
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
məsələsi həmişə olduğu kimi, indi də
nümayəndə heyətimizin iclas
iştirakçılarının diqqətinə
çatdırılacağı əsas məsələlərdəndir.
Biz çalışırıq ki, yekun sənədi kimi qəbul
olunacaq bəyannamədə bu məsələlər öz əksini
tapsın. GUAM Parlament Assambleyasının növbəti, 5-ci
iclasının Moldovanın paytaxtı Kişinyovda
keçirilməsi planlaşdırılır.
GUAM-ın baş katibi Valeri
Çeçelaşvili təşkilatın gələcək
planları və digər məqamlar barədə
danışaraq demişdir:
- Bu günlərdə GUAM
üzvü olan dövlətlərin Daxili İşlər
nazirləri müavinlərinin iştirakı ilə mütəşəkkil
cinayətkarlığa qarşı mübarizə məsələləri
üzrə işçi qrupunun iclası, gələn həftə
isə Kiyevdə Milli Əlaqələndirmə
Şurasının iclası keçiriləcəkdir. Sonra isə
Yaponiyaya səfərimiz gözlənilir. Burada yaponiyalı
turoperatorlarla görüşüb birgə turizm məhsullarımızın
Yaponiya bazarına çıxarılması məsələlərini
müzakirə etmək niyyətindəyik. Yeri gəlmişkən,
bu layihəni dəstəklədiyinə görə Yaponiya
hökumətinə təşəkkürümüzü
bildiririk. Əsas tədbirimiz GUAM ölkələri xarici
işlər nazirlərinin ATƏT çərçivəsində
cari il dekabrın 1-də Afinada keçiriləcək
görüşüdür.
Bu görüşdə nazirlər
GUAM formatında il ərzində əməkdaşlığın
inkişaf məsələsinin yekunlarını müzakirə
edəcək, gələn il üçün qarşıda
duran vəzifələrə dair öz tövsiyələrini
verəcəklər.
GUAM ölkələrindəki
münaqişələrə gəlincə, təşkilatın
mövqeyi bu problemlərin sülh yolu və beynəlxalq
hüquq normaları əsasında tənzimlənməsidir.
Bu, GUAM ölkələri prezidentlərinin 2006-cı ilin
mayında imzaladıqları xüsusi bəyanatda bir daha təsdiq
edilmişdir. Onlar münaqişələrin sülh yolu ilə
tənzimlənməsinə israrlı olduqlarını təsdiqləmişlər.
Biz beynəlxalq təşkilatların diqqətini bölgədə
sülhün və sabitliyin təmin olunmasına cəlb etməyi
bundan sonra da başlıca vəzifə sayırıq.
Tədbirdə Gürcüstan
hökumətinin nümayəndələri, Azərbaycan
Respublikasının Tbilisidəki səfiri Namiq Əliyev
iştirak etmişlər.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan.- 2009.-10
noyabr.- S. 6.