"Ailədaxili münasibətlərdə psixoloji amil" mövzusunda konfrans keçirilmişdir

 

Müasir dövrün aktual müzakirə mövzularından olan ailədaxili münasibətlərin qarşılıqlı anlaşma, hörmət və ehtiram şəraitində qurulmasına psixoloji amil böyük təsir göstərir. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirə və diskussiyaların aparılması böyük əhəmiyyətə malikdir.

Bununla əlaqədar olaraq noyabrın 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə "Ailədaxili münasibətlərdə psixoloji amil" mövzusunda konfrans keçirilmişdir.

Konfransda AQUPDK-nın sədri Hicran Hüseynova, psixologiya elmləri doktoru Kamilə Əliyeva, Milli Məclisin deputatı Gülər Əhmədova, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev və digərləri mövzu ətrafında məruzələrlə çıxış etmiş, konfransın əhəmiyyətindən danışmış, ailədaxili münasibətlərin milli-mənəvi dəyərlərimiz əsasında qurulmasında psixoloji amillərin vacibliyini vurğulamışlar.

Bildirilmişdir ki, konfransın məqsədi bu sahədə bir sıra problemlərin aradan qaldırılması, ailə daxilində sağlam psixoloji iqlim yaradılması yollarının araşdırılması istiqamətində birgə məsləhətləşmələrin aparılması və razılaşmaların əldə olunmasıdır. Ölkəmizdə dünya təcrübəsində artıq uğurla sınaqdan çıxan ailə psixoloqu təsisatının yaradılması, bu sahədə kadr hazırlığının gücləndirilməsi problemin aradan qaldırılması baxımından olduqca aktualdır. Aparılan monitorinqlər nəticəsində çox az sayda insanın ailə psixoloquna müraciət etməsinin şahidi oluruq. Bəzən ailədə kiçik bir anlaşılmazlıq ailə psixoloquna, yaxud bu sahədə ixtisaslaşmış xüsusi bir mərkəzə müraciət edilmədiyinə görə böyük bir münaqişəyə çevrilir.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ailə və uşaq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət dövlətin prioritet siyasəti kimi inkişaf etməkdədir. Ötən ay Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNİCEF tərəfindən keçirilən "Uşaq ili" və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə Milli Konfrans dövlətin uşaq siyasətinə necə həssaslıqla yanaşdığını bir daha sübut edir.

Diqqətə çatdırılmışdır ki, təlim-tərbiyə müəssisələrində uşaqlarla psixoloji işin aparılması və bu sahədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının prosesə cəlb olunması, xüsusilə, kütləvi informasiya vasitələrində zorakılığa qarşı mübarizənin təbliğ edilməsi uşaqların ailə mühitində sağlam böyüməsini təmin edir. Eyni zamanda, bu sahəyə peşəkar psixoloqların cəlb edilməsi qeyd olunan problemin aradan qaldırılmasına böyük yardım etmiş olar.

Konfransda Milli Məclisin deputatları Fuad Muradov, Lalə Abbasova, Azərbaycanın tanınmış psixoloq və psixiatrları, eləcə də bu sahədə fəaliyyət göstərən mütəxəssislər, media nümayəndələri iştirak etmişlər.

Tədbirdə "Yeniyetmələrin deviant davranışı", "Ailədaxili münaqişələrin psixoloji xüsusiyyətləri və aradan qaldırılması yolları" və digər mövzularda məruzələr dinlənilmiş, mövcud problemlərin, onların həlli perspektivlərinin araşdırılması kontekstində uşaq hüquqlarının müdafiəsi, ailə dəyərlərinin möhkəmləndirilməsi, ailədaxili problemlərin həlli yolları müzakirə edilmiş, təkliflər verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-10  noyabr.- S. 7.