Özəl kanalların ictimai tamaşaçısı
Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetinin 2 oktyabr 2009-cu il tarixli nömrəsində dərc edilən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi ölkə ictimaiyyətinin böyük marağına səbəb olaraq cəmiyyətdə, o cümlədən KİV-də davamlı müzakirələrə yol açdı. Xüsusi diqqəti çəkən məqam odur ki, məqalə hətta siyasi və ictimai fəallığı o qədər də nəzərə çarpmayan zümrələri belə məlum diskussiyalara qoşdu. Məqalədə müəllif qloballaşan dünyanın efir məkanında Azərbaycan telekanallarının da layiqli yer tutmasının vacibliyini qeyd edir, mövcud problemləri televiziyanın beynəlxalq standartları və milli dəyərlər aspektində araşdırır, fikir və mülahizələrini tutarlı faktlarla əsaslandırırdı.
Bir faktı xüsusi vurğulamalıyıq ki, məqalə 2001-ci ilin avqust ayında ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması barədə məşhur müraciətinin tezislərini və Prezident İlham Əliyevin bu mövzu ilə bağlı dəfələrlə bəyan etdiyi mülahizələri tam müfəssəlliyi ilə əks etdirirək, problemə qətiyyətli, prinsipial yanaşmanı və dövlətin bu sahədəki nöqsanları aradan qaldırmaq üçün ictimai təşəbbüsləri fəallaşdırmaqda maraqlı olduğunu nümayiş etdirirdi.
Məzmunca bir qəzet səhifəsinə
sığışan məqalə mahiyyət etibarilə əslində,
milyonlarla vətəndaşımızın mövqeyini tam
ehtiva edirdi. Bu fikrin qətiliyini "Azərbaycan" qəzetinə
gələn oxucu məktubları, redaksiyamıza daxil olan
telefon zəngləri, həmçinin qəzetimizin səhifələrində
bu mövzuda dərc edilən məqalələr, rəylər
də tam isbatlayır. Yalnız "Azərbaycan" qəzetinin
timsalında aydın görünür ki, məqalə cəmiyyəti
məlum problemin ətrafında sıx səfərbər edərək
fəal müzakirələrə imkan yaratdı. Müxtəlif
peşə sahibləri, fərqli yaş kateqoriyasına mənsub
insanlar, əksqütblü siyasi əqidə
daşıyıcıları - bir sözlə, ictimaiyyətin
geniş zümrələri teleradio məkanındakı
problemlərə qəzetimiz vasitəsilə artıq bu məqalənin
kontekstində şərhlər verdilər, açıq və
prinsipial münasibətlərini ifadə etdilər. İctimai
müzakirələrdə "Azərbaycan" qəzetinin fəallığını
təmin edən əsas amil məhz hörmətli akademikin bu
həssas məsələyə fundamental
baxışının redaksiya heyətində
yaratdığı yaradıcı ovqat, eyni zamanda qəzetimizə
bu mövzudakı diskussiyalarda iştirak etmək
üçün çoxsaylı istək və müraciətlərin
olması idi. Ölkənin görkəmli ictimai xadimlərinin,
ziyalıların, Milli Məclis deputatlarının, siyasi
partiya təmsilçilərinin, televiziya mütəxəssislərinin
fəallığı ilə redaksiyamızda keçirilən
"dəyirmi masa"da səslənən dəyərli
mülahizələr böyük ictimai rezonans doğurdu. Tədbirdə
bu kimi diskussiyaların daha geniş miqyasda keçirilməsi
ilə bağlı söylənilən fikirlərin məntiqi
davamı kimi, müvafiq dövlət qurumlarında,
Qeyri-Hökumət Təşkilatlarında, respublikanın
ayrı-ayrı rayonlarında müzakirələr
keçirildi, konkret təkliflər, ideyalar irəli
sürüldü.
Ötən bir ay müddətində
qəzetimizdə məlum mövzuda dərc olunan 30-a qədər
məqalədə, poçtumuza daxil olan onlarla oxucu məktubunda,
teleqramda, redaksiyamıza edilən yüzlərlə telefon zəngində
bir münasibət aparıcı idi: akademik Ramiz Mehdiyev
hamımızın ürəyindən xəbər verən
araşdırma aparıb, ictimaiyyəti uzun müddətdən
bəri narahat edən prosesləri dərindən təhlil
edib, problemə kompleks yanaşaraq obyektiv şərh verib,
qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib,
teleşirkətlərin məngənələrində
olduqları böhrandan necə qurtulmalarının konkret
yollarını göstərib. Vətəndaşlarımız
müəllifin teleməkandakı problemlərdən qurtulmaq
üçün göstərdiyi çıxış yolunu dəstəkləməklə
bərabər, özlərinin də xeyli təkliflərini qəzetimiz
vasitəsilə bildirmişlər.
Beləliklə, ötən bir ay
ərzində "Azərbaycanın efir məkanı: problemlər
və vəzifələr" məqaləsinin dərci ilə
başlayan geniş ictimai müzakirələr efir məkanındakı
problemləri bir daha gün işığına
çıxardı, nöqsanları konkretləşdirdi,
onların aradan qaldırılması yollarını göstərdi.
Bəs, bu proses qarşı tərəfdə - özəl
telekanalların fəaliyyətində hansı
dönüşü yaratdı?
Ötən bir ay onu da
nümayiş etdirdi ki, teleradiokanalların səlahiyyət
sahibləri ictimai təşəbbüsləri yetərincə
dəyərləndirməmişlər. Məqalədə toxunulub,
cəmiyyətdə geniş intişar tapan problemlər silsiləsi
tamamilə aradan qalxmamış, kosmetik dəyişiklik və
ya yeniləşmə imitasiyası üstünlük təşkil
etmişdir. Yaradıcı mühitin yüksəldilməsi,
peşəkarlığın artırılması, kadr
hazırlığının təkmilləşdirilməsi,
yeni və daha maraqlı verilişlərin hazırlanması,
aparıcıların seçimində sağlam prinsiplərə
və peşəkarlıq meyarlarına söykənilməsi
kimi ümdə məramlara əməl olunmamışdır. Əsas
qınaq obyekti olan şou-biznes verilişlərinin
yayımı nəinki dayandırılmış, əksinə,
bu proqramların aparıcıları bəzən efir
vaxtlarında obyektiv tənqidə qarşı səviyyəsiz,
qərəzli arqumentlər səsləndirərək,
mövqelərini qorumağa çalışmışlar.
Özəl teleradio məkanını
bürüyən primitivlik və səviyyəsizlik bəlasının
"məhsulları" hər gün daha inadlı və
daha acıqlı formada evlərimizə daxil olur. Bir para cahil və
naqis aparıcı telekanallara müəyyən gəlir, reklam
gətirsələr də, hələ də xalqımıza və
ləyaqətli telejurnalist adına utanc bəxş etməkdə
qalırlar. Özəl telekanalların müasir siması
sayılan şit və bayağı aparıcılar, mənəviyyatsızlığı
həyat tərzinə çevirən istedadsız "sənətkarlar"
yenə də ekrandan düşmürlər. Əvvəlki tək
ağıllarına gələn hər bir sözü, bazar və
çayxana söhbətlərini ekranda dilə gətirir,
milyonlarla tamaşaçı üçün təkrar-təkrar
tirajlayırlar. Bu gün özəl teleradiokanallar yeni
veriliş üzərində yaradıcı
potensiallarını reallaşdırmaq əvəzinə, kəndbəkənd,
evbəev qapılara düşüb elliliklə efiri
"qonaqlıqlara", mətbəx qoxusuna ithaf edirlər, ən
"yaxşı" proqramlarını idman mərkəzlərində,
sauna və hamamlarda (!), mebel və gözəllik
salonlarında, minik maşınlarının salonlarında ərsəyə
gətirirlər. Belə primitiv səviyyəyə enən
telekanallar, deyəsən, yaradıcılıq və peşəkarlıq
mühitindən tamamilə uzaq düşüblər!
İstedadsızlığın
"at oynatdığı", maddi gəlir əldə etmək
naminə verilişlərin səviyyəsini
aşağılamaq kimi meyillərin geniş miqyas
aldığı teleməkanda bu acınacaqlı durumla
bağlı kimin məsuliyyət
daşıdığını akademik Ramiz Mehdiyev məqaləsində
aşkar bəyan edirdi: "Azərbaycan televiziya və radio kanallarının
monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı
və əyləncə funksiyaları arasında ciddi disbalans
yaranmış, peşəkarlıq, yaradıcılıq,
yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin
qorunması kimi məsələlər teleradio rəhbərlərini
o qədər də maraqlandırmır... Bu sahələrdə
müşahidə olunan çatışmazlıqlara görə
məsuliyyət teleradio qurumlarının rəhbərlərinin
üzərinə düşür". Ancaq
göründüyü kimi, bu məsuliyyəti daşıyan
şəxslər özəl telekanallardan bezərək
seçimini xarici ölkə televiziyaları üzərində
qərarlaşdıran tamaşaçını yenidən
milli efir məkanına qaytarmaq niyyətində (yaxud
iqtidarında) deyillər!
Azərbaycan
xalqı-tamaşaçısı ötən bir ay ərzində
çoxsaylı müzakirələrdə ölkə
KİV-də, o cümlədən "Azərbaycan" qəzetinin
səhifələrində akademik Ramiz Mehdiyevin məqaləsi
konteksində özəl teleradio kanalların rəhbərlərinə,
əməkdaşlarına öz gözləntilərini
aydın şəkildə izhar edib: telekanallar
tamaşaçının, cəmiyyətin maraqlarına xidmət
edən ekran və efir siyasəti, fəaliyyət
konsepsiyası yaratmalı, strateji hədəfləri müəyyənləşdirməlidir,
biznes maraqlarının hər verilişdə güdülməsi
praktikasına son qoyulmalıdır; İxtisaslı kadr
seçimi, yaradıcılığın səviyyəsinin
yüksəldilməsi, kadrların peşəkarlığının
artırılması, müasir tendensiyaların öyrənilməsi
və yeniliklərin tətbiqi istiqamətində təxirəsalınmaz
tədbirlər həyata keçirilməlidir; Televiziya
informasiya, maarifləndirici və əyləncəli
verilişlər hazırlamaqla yanaşı,
tamaşaçısını düşündürməyi,
istiqamətləndirməyi də bacarmalıdır, milli-mənəvi
dəyərlərin, vətənpərvərlik hissinin,
tariximizin öyrənilməsinə və təbliğinə
önəm verilməlidir.
Bəs deyilən prinsiplərin həyata
keçirilməsi üçün son bir ayda özəl
teleradio kanalları hansı tədbirlər planı
hazırlayıb, onları reallaşdırmağa
başladı? Müşahidələr göstərir ki, Azərbaycanın
teleradio məkanında problemlərin və ciddi
qüsurların ictimai müzakirəyə
çıxarıldığı ilk günlərdə
ziyalıların və mütəxəssislərin əsaslı
irad və təpkisinə tuş gələn özəl kanal
rəhbərləri nöqsanlarını etiraf etməyə,
"bu fikirlər tamamilə haqlıdır, biz onu tam
bölüşürük, həqiqətən də teleməkanda
vəziyyət dözülməzdir" - deyərək tənqidi
qəbul etdiklərini söyləməyə başladılar.
Hətta dəyişikliklər yönündə müəyyən
addımların atıldığı da hiss olunurdu: Qınaq
hədəfinə çevrilən bir sıra verilişlər
və aparıcılar proqramlardan çıxarıldı, bəzi
verilişlərdə müzakirə olunan məsələlər
ciddi və aktual mövzularla əvəzləndi, bir sıra
proqramların isə formatı dəyişdirildi. Təəssüf
ki, bu dəyişmək istəyi uzun sürmədi. Özəl
teleradio şirkətlərində yaradıcı mühitin yoxluğu,
peşəkarların olmaması və ya onlara meydan verilməməsi,
hazırlanmasına zəhmət və vəsait sərf
olunmayan dedi-qodu verilişlərinin birbaşa efirə
ötürülməsinin daha asan və sərfəli
olması, başlıcası isə teleradio sahiblərinin vətən
və xalq qarşısında məsuliyyət hissini itirmələri
ciddi və arzuolunan dəyişikliklərə imkan vermədi!
Onlar gözdən pərdə asmağa xidmət edən vasitələrə
meyilləndilər! Başqa sözlə, başın
ağrıma səbəbini öyrənərək onu
müalicə etmək əvəzinə papağı
başqası ilə əvəz etmək yolunu tutdular. Əvvəlki
aparıcılar geriyə qaytarıldı, şou-biznes və
dedi-qodu verilişləri yenidən hakim mövqeyə yiyələndi!
Düzdür, bəzi kanallarda
formal baxımdan nə isə etməyə cəhd göstəriblər.
Amma bu "təşəbbüslər"
yarımçıq alındığından və kanalın
maddi maraqlarına uyğunlaşmadığından elə
axara salınıb ki, qaş düzəltmək istəyən
yerdə vurub gözü də çıxarıblar.
Bütövlükdə özəl teleradio kanalları yeniləşməkdə
maraqlı olmadıqlarını göstərdilər! Əslində,
ictimaiyyətin narazılıqlarını və böhrandan
qurtulmaq üçün səslənən təklifləri
qulaqardına vuraraq, Azərbaycan tamaşaçısına
keyfiyyətli, zövqlü, maraqlı verilişlər təqdim
etmək yox, yalnız öz maddi maraqlarını güdmək
məqsədi daşıdıqlarını bir daha
nümayiş etdirdilər! Bütün bunlar sübut edir ki,
telekanalların fəaliyyətini təkmilləşdirmək,
bu sahədəki özbaşınalığı aradan
qaldırmaq üçün müvafiq qanunvericilikdə dəyişikliklərin
edilməsi olduqca vacibdir. Görünür, İnzibati Xətalar
Məcəlləsində inzibati tənbeh tədbirlərinin sərtləşdirilməsindən
başlayaraq, teleşirkətlərdə qanunvericiliyin tələblərini
pozan verilişlərin yayımını dayandırmaq, yaxud
kanalın yayımını müddətli məhdudlaşdırmaq
və onları iri məbləğdə cərimə etmək,
ümumiyyətlə isə lisenziyanın ləğvinə qədər
uzanan hüquqi tədbirləri tətbiq etməklə teleməkana
məsuliyyət hissini qaytarmaq üçün mövcud
qanunvericilikdə müvafiq düzəlişlər
aparılması vaxtı çatıb.
Hörmətli akademikin hər bir
azərbaycanlının ürək sözünə
çevrilən bir ay öncəki fikri bu gün də
aktualdır: "Azərbaycan tamaşaçısı radio və
televiziyalardan ölkəmizdə və dünyada baş verən
taleyüklü hadisə və proseslər haqqında obyektiv,
hərtərəfli informasiya
çatdırılmasını, onların yüksək
peşəkarlıqla şərh edilməsini, maarifləndirmə
xarakterli keyfiyyətli verilişlər gözləyir. Radio və
televiziya həm də milli-mənəvi dəyərlərimizin
qorunmasında, azərbaycançılıq ideyasının təbliğində,
Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə
bağlı tarixi həqiqətlərin yayılmasında
mühüm rol oynamalıdır. Ümid etmək olar ki,
teleradio qurumları fəaliyyətlərini yeni dövrün tələblərinə
uyğun quraraq cəmiyyətin aktual problemlərinə diqqəti
artıracaq, tamaşaçıların və dinləyicilərin
informasiya tələbatını ödəyəcək,
müxtəlif peşə sahibi və sosial təbəqədən
olan insanların zövqünə və maraqlarına cavab verən
cəlbedici proqramlar hazırlayacaqlar".
Bu tipli verilişləri, belə
fəaliyyəti özəl telekanallardan tələb etmək
bizim vətəndaş haqqımız, bu öhdəlikləri
ödəmək isə onların hüquqi borcudur!
"Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr" məqaləsində
toxunulan məsələlər ətrafında qəzetimizdə
gedən ictimai müzakirələrin ilkin mərhələsinə
yekun vururuq. Hər bir
vicdanlı vətəndaş, ölkəsinin teleməkanındakı
problemlərindən narahatlıq keçirən azərbaycanlı
akademik Ramiz Mehdiyevin obyektiv tədqiqatına həssaslıqla
yanaşdı və buradakı fikirləri öz qəlbinin sədası
kimi qəbul etdi. İnanmaq istərdik ki, bu istiqamətdə
davam edən ictimai təşəbbüslər öz effektiv nəticəsini
verəcək, özəl telekanallar fəaliyyətlərini
müstəqil Azərbaycanın imicinə çevrilən
davamlı inkişafın və dönməz yüksəlişin
dinamikasına uyğunlaşdıracaqlar. İnkişafda olan
Azərbaycanda heç bir sahə geridə qalmamalıdır!
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 8.