Azərbaycan İKT-yə üzv ölkələrlə
iqtisadi əməkdaşlığı bundan sonra da inkişaf
etdirəcəkdir
Azərbaycanın Baş nazirinin
müavini Abid Şərifov İstanbulda İslam Konfransı Təşkilatı
İqtisadi və Ticarət Daimi Komitəsinin (COMCEC) 25-ci
sessiyası çərçivəsində keçirilmiş
zirvə toplantısında çıxış etmişdir.
Baş nazirin müavini ilk olaraq,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
COMCEC-in yaradılmasının 25-ci ildönümü
münasibətilə təbriklərini və səmimi
salamlarını Türkiyə Prezidenti Abdullah Gülə və
İKT-nin baş katibi Ekmələddin İhsanoğluna
çatdırmışdır.
Abid Şərifov bildirmişdir
ki, Azərbaycan COMCEC-in fəaliyyətinə böyük əhəmiyyət
verir və onu yüksək qiymətləndirir. Xüsusilə,
dünyanı bürümüş dərin maliyyə
böhranı şəraitində bu komitə müsəlman
ölkələri arasında iqtisadi əməkdaşlığın
genişlənməsində böyük rol oynayır.
Müstəqilliyinin ilk illərindən
qardaş müsəlman ölkələri ilə əməkdaşlığı
inkişaf etdirən Azərbaycan müxtəlif layihələrin
həyata keçirilməsində fəal iştirak edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev
İKT-nin xidmətlərini yüksək qiymətləndirmiş
və bu təşkilatın fəaliyyətinin nə qədər
mühüm olduğunu dəfələrlə
vurğulamışdır. Ulu öndərin siyasətini davam
etdirən Azərbaycan Prezidenti İlham Əliyevin səyləri
nəticəsində son illər İKT ilə əməkdaşlıq
yüksələn xətlə inkişaf edir. Dövlətimizin
başçısı təşkilatın 2005-ci ildə Məkkədə
keçirilmiş zirvə görüşündə
İKT-nin bütün təşəbbüslərini dəstəklədiyimizi
bildirmiş, əməkdaşlığın möhkəmlənməsinə
dair yeni təkliflər irəli sürmüşdür.
A.Şərifov daha sonra
bildirmişdir ki, ölkəmiz bölgədə həyata
keçirilən layihələrdə fəal iştirak etməklə,
onların bir çoxuna liderlik edir. Böyük İpək
Yolunun bərpasında mühüm əhəmiyyət kəsb
edən TRASECA layihəsinin baş katibliyi Bakıda yerləşir.
Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində
kommunikasiya layihələrində də mühüm rola
malikdir. Türkiyə və Gürcüstanla birlikdə həyata
keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti bü
cür önəmli layihələrdəndir.
Abid Şərifov təəssüflə
bildirmişdir ki, nəqliyyat dəhlizləri, digər
mühüm layihələrin önündə Ermənistanın
Azərbaycan torpaqlarını işğal etməsi kimi ciddi əngəl
vardır. İşğal nəticəsində ərazilərimizin
20 faizi zəbt olunmuş,
1 milyondan çox insanımız
qaçqın və köçkün vəziyyətində
yaşamaqda davam edir, minlərlə tarixi abidə, sosial və
iqtisadi obyekt dağıdılmışdır. Biz Azərbaycanın
ədalətli mövqeyini hər zaman dəstəkləyən
İKT üzvü olan ölkələrə təşəkkürümüzü
bildiririk. BMT Baş Məclisinin və Təhlükəsizlik
Şurasının Azərbaycanın lehinə qəbul etdiyi qətnamələrdə
də islam ölkələrinin mühüm rolu vardır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 8.