Bakıda "İslamda mədəniyyət və gözəllik amili" mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlamışdır

 

Dünən "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "İslamda mədəniyyət və gözəllik amili" mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlamışdır.

Mədəniyyət və Turizm Nazirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 9 ölkənin (Rusiya, Misir, Albaniya, İordaniya, Türkiyə, Macarıstan və s.) 15 elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.

Konfransı giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirmişdir ki, Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsindən sonra Azərbaycanda biri-birindən maraqlı onlarla beynəlxalq tədbir təşkil olunmuşdur. İslam dünyası və Avropanın mədəniyyət xadimlərinin qatıldıqları bu tədbirlərdə xalqlar arasında elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Bu konfranslarda Azərbaycanın İslam sivilizasiyasına töhfələri təbliğ olunmuş və ölkəmiz özünü ev sahibi kimi doğrultmuşdur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyi və təşəbbüsu ilə mədəniyyətimizin, musiqimizin təbliği istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışan S.Məmmədəliyeva vurğulamışdır ki, Azərbaycanın birinci xanımının fəaliyyyəti nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunmuşdur.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Rusiya Federasiyası Nijni Novqorod İslam İnstitutunun rektoru Dəmir Muxətdinov, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nadejda Yemelyanova və Türkiyənin Mərmərə Universitetinin nümayəndəsi Rəcəb Qaradağ tədbirdə çıxış edərək bildirmişlər ki, yarandığı ilk dövrdən böyük bir coğrafi ərazidə yayılmağa başlamış İslam dini bu gün bir milyarddan artıq insanın ortaq dəyərinə və mədəni sərvətinə çevrilmişdir. Zaman keçdikcə İslamın prinsip və dəyərləri bu dini qəbul etmiş xalqların mədəniyyətinin dərinliklərinə qədər işləmiş, onların tarixində silinməz izlər qoymuşdur. Həmin xalqlar və cəmiyyətlər üçün təkcə din yox, həm də mədəniyyət olan İslam bu gün onların mövcudluğunu şərtləndirən və təsdiqləyən fakta çevrilmişdir. Avrasiya regionunun azı on əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyildir.

İslamın bu regionda, xüsusilə Azərbaycanda yayılması böyük tarixi əhəmiyyətə malik hadisə olmuşdur. İslam yeni müsəlman sivilizasiyasının təməlində durmuş və xalqımız bu dini qəbul etməklə, nəinki daha əhatəli və zəngin sivilizasiyaya qoşulmuş, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynamışdır.

Natiqlər vurğulamışlar ki, regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslam dini mühüm əhəmiyyət kəsb etmişdir. Çünki mərhəmət, sevgi, gözəllik və əxlaq dini olan İslamda tolerantlıq ali mənəvi dəyər və yüksək mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin daşıyıcıları buna görə həm də İslama - bu dinə xas olan yüksək dözümlülük mədəniyyətinə minnətdar olmalıdırlar.

Bildirilmişdir ki, konfransda "İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu", "İslamda harmoniya - dünya ilahiliyinin ifadəsidir", "İslam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu", "Azərbaycan folkloru islam kontekstində", "İslamda qadına verilən dəyər və qadın hüquqlarının müdafiəsi", "Müasir gəncliyin tərbiyəsində islamın rolu" və digər mövzularda məruzələr dinləniləcək, ətraflı fikir mübadiləsi aparılacaqdır.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Tədbirə noyabrın 10-da yekun vurulacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-10  noyabr.- S. 8.