Heydər Əliyev Fondu Brüsseldə Azərbaycan mədəniyyəti günləri təşkil edir

 

Heydər Əliyev Fondunun və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birgə layihəsi əsasında noyabrın 9-dan 13-dək Brüsseldə Avropa Parlamentinin binasında Azərbaycan mədəniyyəti günləri keçiriləcəkdir.

Heydər Əliyev Fondundan bildirmişlər ki, bu məqsədlə Brüsselə mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən Azərbaycan mətbəxini təqdim edəcək kulinar qrupu yola düşmüşdür. Mədəniyyət günlərində tamaşaçılara ölkəmiz haqqında daha dolğun informasiya çatdırmaq məqsədilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanmışdır.

Parlament binasının "Yehudi Menuhin" zalında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərindən ibarət sərgilərin təşkili də nəzərdə tutulmuşdur. Mədəniyyət günlərində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, "Bakı ulduzları" rəqs qrupu isə rəqslərimizi təqdim edəcəklər. Konsert proqramında caz trionun çıxışı da nəzərdə tutulur.

Tədbir iştirakçıları Azərbaycan mətbəxi ilə də tanış ola biləcəklər. Tanınmış kulinariya ustalarımız qonaqlara milli mətbəximizin ləziz yeməklərini təqdim edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 8.