Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir

 

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Mən cənab Prezidenti Azərbaycanda bir daha salamlamaq istəyirəm. Dünən bizim ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı çox uğurlu görüşlərimiz, müzakirələrimiz baş tutdu. Səfərin vacibliyi ondan ibarətdir ki, bu, Sloveniya Prezidentinin Azərbaycana ilk səfəridir və dünən imzaladığımız sazişlər, o cümlədən siyasi bəyanat, sözün əsl mənasında, ikitərəfli münasibətlərin bir çox istiqamətlərini əhatə edir. Zənnimcə, bu, həmçinin işgüzar dairələrə çox yaxşı bir siqnaldır ki, onlar müxtəlif birgə layihələri həyata keçirsinlər.

Güclü siyasi münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın yaxşı potensialı ikitərəfli münasibətlərimizdə çox yaxşı bir mühit yaradır. Buna görə də mən Sloveniyanın işgüzar dairələrini bugünkü biznes forumda görməkdən çox şadam. Həmçinin bilirəm ki, dünən bizim iş adamları çox yaxşı, faydalı birgə görüşlər keçirmişlər. Bu cür biznes forumlar əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır. Çünki güclü siyasi iradə vardır. Hesab edirəm ki, iqtisadiyyatlarımızın bizim və Sloveniyanın işgüzar adamları üçün cəlbedici olması göz qabağındadır. Ona görə biz indi ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün praktiki nöqteyi-nəzərdən nəyin edilməsi üzərində düşünməliyik.

Hesab edirəm ki, bu tədbir əsnasında qarşılıqlı maraq doğuran məsələlər müəyyən ediləcəkdir. Çünki işgüzar dairələr özləri üçün müəyyən edəcəklər ki, hansı sahəyə sərmayələr yatırmalıdırlar. Eyni zamanda, hesab edirəm ki, hökumətlər mütləq bu insanlara yardım etməlidirlər və müəyyən məsləhətləri, təlimatları verməlidirlər. Təbii ki, hər bir ölkənin hansı sahəni özünə vacib hesab etdiyi müəyyən olunmalıdır. Biz xarici sərmayələrə açığıq. Hesab edirəm ki, müstəqillik dövründən etibarən Azərbaycan adambaşına birbaşa xarici sərmayələrin həcminə görə regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir. Bizim ölkədə münbit sərmayələr mühiti vardır, xarici sərmayələr lazımi səviyyədə qorunur. Həmçinin enerji sektorunda əsas kommersiya müqavilələri parlamentimiz tərəfindən ratifikasiya edilib və artıq qanun formasını alıb. Yəni heç kim həmin müqavilədə heç bir sözü dəyişə bilməz. Bu da sərmayədarların əlavə etimadına səbəb olur. Biz, eyni zamanda qeyri-enerji sektoruna da sərmayələr yatırılmasında maraqlıyıq. Çünki enerji sektorunda bir çox işlər artıq görülüb. İqtisadiyyatımızın şaxələndirilməsi bir nömrəli prioritetdir.

Fikrimcə, bizim yaxşı nəticələrimiz vardır. Hazırda iqtisadiyyatımız yalnız enerji amillərindən asılı deyildir.

Əməkdaşlığın potensial və maraqlı sahələri özlüyündə çox genişdir. Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, bərpa olunan enerji mənbələri və bir çox digər sahələr mövcuddur. Ona görə hesab edirəm ki, biznes dairələri nəyin edilməsi barədə özləri qərar qəbul etməlidirlər və biz, ölkələrin rəhbərləri yalnız onlara yardım etməkdən çox şad olardıq.

Azərbaycan iqtisadiyyatı əvvəllər, Sovet İttifaqının süqutundan öncə yüz faiz planlı iqtisadiyyat idi. Lakin biz islahatlar apardıq və bizdə ümumi daxili məhsulun 85 faizi artıq özəl sektor tərəfindən təmin olunur. Özəl sektor ölkəmizin iqtisadiyyatının şaxələndirilmiş inkişafında mühüm rol oynayır. Hökumətimiz Azərbaycanda qeyri-enerji sektoruna öz yardımını göstərir və bu sektorun inkişafını stimullaşdırır. Son beş il ərzində - 2004-cü ildən 2008-ci ilə qədər iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünyada ən yüksək göstəricidir. Hətta bu gün böhran ilində - gördüyünüz kimi, neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız yenə də artır. Bu ilin 9 ayında ümumi daxili məhsulun artımı 6,1 faiz olmuşdur. Lakin dünən verilmiş məlumata görə, 10 ay ərzində ümumi daxili məhsulun artımı 8,3 faiz təşkil etmişdir. Sənaye artımı isə 7,4 faiz olmuşdur. Bu, bizim iqtisadiyyatımızın davamlı xarakterindən xəbər verir. İqtisadi böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı davam edir və uğurla həyata keçirilir.

Azərbaycan İnvestisiya Şirkəti kifayət qədər yaxın zamanlarda yaradılmış bir təsisatdır. Zənnimcə, bu haqda məlumat veriləcək və yaxud da artıq rəsmilər tərəfindən məlumat verilmişdir. Bu şirkətin əsas məqsədi xarici sərmayələri hökumətimiz üçün, prioritet sahələr üçün cəlb etməkdir. Çünki biz hər hansı bir sahədə hər hansı bir sərmayəni alqışlayırıq. Artıq qeyd etdiyim kimi, hər bir ölkənin özünün prioriteti vardır. Ona görə biz bilməliyik ki, sərmayələri hansı istiqamətə yönəltməliyik. Azərbaycan hökuməti xarici və yerli sərmayədarların stimullaşdırılması və müxtəlif layihələrdə iştirakı ilə bu işi irəliyə doğru aparmalıdır.

Bugünə qədər beynəlxalq sərmayədarlar tərəfindən Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilmiş layihələr çox uğurlu olmuşdur. Onlardan bir çoxu hazırda həyata keçirilmək üzrədir. Bu şirkətin ilkin kapitalının həcmi təxminən 100 milyon dollar idi və bu vəsaitlər artıq müxtəlif layihələrə sərf olunmuşdur. Biz gələn il ərzində gözəçarpan vəsaiti Azərbaycan İnvestisiya Şirkətinə öz büdcəmizdən ayrılmasını planlaşdırırıq ki, maraq doğuran sahələrdə ölkəmiz və sərmayədarlar üçün yeni layihələr həyata keçirilsin.

Fikrimcə, bu biznes forumun da vacibliyi onunla izah olunur ki, sloveniyalı iş adamları Azərbaycanda nəyin baş verdiyini, ümumi iqtisadi vəziyyəti, qanunverici əsasları, vergilər haqqında məlumatı öyrənmək imkanını əldə edirlər və eyni zamanda, sərmayə imkanlarını araşdırırlar. Onlar artıq planlaşdırılan layihələri də nəzərdən keçirə bilərlər. Bu bizim əməkdaşlığımızın bir forması ola bilər.

Yəni, bu, iqtisadiyyatımıza birbaşa yatırılan sərmayə, yaxud, ikitərəfli formada Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə həyata keçirilə bilər. Yaxud üçüncü forma podratçı qismində Azərbaycanda həyata keçirilən layihələrdə iştirak ola bilər. Biz məhz əsasən infrastruktur sahəsində bir çox layihələri həyata keçiririk. Biz ölkəmizdə mövcud olan bütün infrastrukturu yeniləşdirmək fikrindəyik. Çünki Sovet İttifaqı dövründə yaradılmış bütün infrastruktur təbii ki, bizim müstəqil ölkə kimi inkişafımıza yardım etdi. Amma bu gün biz onu da deməliyik ki, bu infrastruktur bizim tələbatlarımıza tam cavab vermir.

Ona görə hesab edirik ki, infrastruktur sahəsində işlərə, məsələn, yollar, elektrik stansiyaları, kanalizasiya xətləri, su təchizatı, qazlaşdırma, sosial obyektlər, məktəblər, xəstəxanalar və digər bu kimi layihələrə dövlət büdcəsindən vəsait ayrılır, sərmayələr qoyulur. Hesab edirəm ki, bu günlərdə biz potensial layihələrin mümkünlüyünü qiymətləndirə və beləliklə, işimizi dərhal başlaya bilərik.

Biz birgə layihələrin dərhal başlanmasının tərəfdarıyıq. Çünki artıq qeyd etdiyim kimi, bütün zəruri elementlər masa üzərindədir. Siyasi münasibətlər, güclü siyasi iradə və iqtisadi təkanlar vardır. Sloveniya bizim üçün həmçinin böyük əhəmiyyət kəsb edən ölkədir. Ona görə hesab edirəm ki, bizim biznesmenlər də vaxt tapıb Sloveniyaya səfər etməlidirlər və orada sərmayə imkanlarını araşdırmalıdırlar. Hazırda Azərbaycan şirkətləri xaricdə fəal şəkildə sərmayə yatırırlar. Əsasən bu, qonşu ölkələrdə baş verir. Lakin qeyd etmək istəyirəm ki, sərmayələr olduqca böyükdür, yəni bir neçə il ərzində milyardlarla dollar sərmayə yatırılıb. Tamamilə aydındır ki, sərmayədarlar öz vəsaitlərini tanıdıqları ölkələrə yatırırlar.

Ona görə də biz bir-birimizi daha yaxşı tanımalıyıq, daha çox təmaslarımız olmalıdır və birgə iqtisadi əməkdaşlığın başlanılması üçün daha nəyin edilməsi üzərində düşünməliyik. Azərbaycan böyük enerji potensialı olan bir ölkə kimi enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayır.

Biz cənab Prezidentlə görüşümüz zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətləri də müzakirə etdik. Çünki Sloveniya Avropa İttifaqının üzvü kimi Avropa İttifaqı ilə onun qonşuları arasında inteqrasiya prosesində mühüm rol oynayır. Azərbaycan artıq üç ildir ki, Avropa İttifaqının Yeni Qonşuluq Proqramının üzvüdür və bir neçə ay bundan əvvəl ölkəmiz "Şərq tərəfdaşlığı" proqramına qoşulmuşdur. Bu proqram qarşımızda yeni imkanlar açır və biz Avropa təsisatları ilə təmaslarımızı daha da sıxlaşdırmalıyıq. Əməkdaşlığımızı sırf enerji məsələləri ilə məhdudlaşdırmalı deyilik. Baxmayaraq ki, bu məsələlər vacibdir. Biz bir neçə il ərzində neft və qaz yataqlarının işlənilməsinə böyük sərmayələrin yatırılmasına nail olduq, boru kəmərlərini çəkdik, çünki biz hər tərəfdən quru ilə əhatə olunan ölkəyik. Yeri gəlmişkən onu da deyim ki, biz qazı hasil edən yeganə ölkəyik ki, bazarlara açıq çıxışa malik deyilik. Ona görə də biz neft və qazın nəqli üçün digər ölkələrin ərazisindən keçən boru kəmərlərinə ehtiyac duyuruq.

Son on il ərzində bizim bütün əsas enerji layihələrimiz həyata keçirilmişdir. Bu gün artıq bizim şaxələndirilmiş neft və qaz boru kəmərlərinin şəbəkəsi mövcuddur və bu bizim bir marşrutdan asılılığımızı aradan qaldırır. Bu il Azərbaycanda neft hasilatı gündə təxminən 1 milyon barrel təşkil edəcəkdir və qaz hasilatına gəldikdə isə, 25 milyard kubmetr həcmində olacaqdır. Biz qazı qonşu ölkələrə nəql edirik, çatdırırıq və istəyirik ki, bu həcm daha da artsın. Bu təchizatın coğrafiyasını da genişləndirmək fikrindəyik. Məhz ona görə enerji daşıyıcılarının nəqli yollarının şaxələndirilməsi olduqca vacib məsələdir. Bu, nəinki istehlakçılar, o cümlədən hasilatçılar üçün də vacibdir. Çünki bəzi hallarda hasilatçılar da, - xüsusən də əgər onlar tranzit ölkələrdən asılıdırlarsa, - problemlər və çətinliklər görürlər.

Bəzi hallarda bu tranzit ölkələrlə danışıqlarda hasilatçılar həmin ölkələr tərəfindən qəbul oluna biləcək kommersiya təkliflərinə nail olmurlar. Amma əgər biz Azərbaycan qazının ixracına, onun Avropa bazarına çıxarılmasına dair tranzit məsələlərində razılığa gələ bilsək, onda Avropa İttifaqının bazarında yeni qaz mənbəyi olacaqdır.

Əfsuslar olsun ki, artıq iki ildir bu məsələnin həlli istiqamətində beynəlxalq normalara və mövcud kommersiya tarifləri çərçivəsinə əsaslanan səylərimiz hər hansı bir nəticə verməmişdir. Amma biz yenə də ümidvarıq ki, tranzit məsələləri öz həllini tapacaqdır. Əgər bu baş verərsə, onda Azərbaycandan hasil edilən qaz Avropa bazarına çıxarılacaqdır. Bu da bizim maraqlarımıza və əminəm ki, Avropa İttifaqının da maraqlarına cavab verəcəkdir. Başqa sözlə, biz Sloveniya ilə əməkdaşlığımızı çox vacib hesab edirik. Bu, ilk növbədə, ikitərəfli əsaslarla aparılır.

Bildiyiniz kimi, bizim birgə biznes aparmaq imkanlarımız vardır. Ona görə də Sloveniyadan iş adamlarının bu cür çox sayda gəlməsi həmin marağı bir daha nümayiş etdirir. Eyni zamanda, siyasi, iqtisadi, mədəni və "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığımızın da böyük potensialı vardır. Biz hər zaman Avropa İttifaqı ilə inteqrasiya fəaliyyətimizdə Sloveniyanın dəstəyini hiss edirik. Biz demək olar ki, eyni vaxtda müstəqilliyimizi qazandıq. Hər iki ölkə digər ölkələrin tərkibində yaşamışdır. Həmin dövrdə bizim dövlətçiliyimiz olmayıb, biz sadəcə, daxildə olan respublikalar idik. Biz müstəqil dövlət deyildik, biz bu müstəqilliyi qazandıq. Bu müstəqillik Balkanlarda və keçmiş SSRİ-də 1991-ci ildə baş vermiş geosiyasi proseslər nəticəsində əldə olundu və həmin dövrdə həm Sloveniya, həm Azərbaycan bir çox çətinliklər və problemlərlə üzləşdi, lakin onları uğurla həll etdi. Siz NATO-nun, o cümlədən Avropa İttifaqının üzvüsünüz. Sizin şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadiyyatınız vardır.

Azərbaycanın da çətin vaxtları olubdur və həmçinin biz də əsas iqtisadi və sosial problemlərin həllinə nail olduq. Biz olduqca ciddi iqtisadi islahatlar həyata keçirdik. 2008-ci ildə Dünya Bankı özünün "Doing business" hesabatında Azərbaycanı islahatlarına görə dünyada birinci yerdə elan etmişdir.

Hasilat sənayesində şəffaflığa gəldikdə, Neft Fonduna da bütün digər suveren neft fondları arasında birinci yer verilmişdir. Bu qiymət həmin təsisatın olduqca şəffaf şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır. Qlobal rəqabətqabiliyyətlilik göstəricisinə görə keçmiş SSRİ məkanında bizim iqtisadiyyatımız birinci yerdə gedir. Yəni ölkələrimiz arasında bir çox oxşarlıqlar vardır. Bəli, biz müxtəlif regionlarda yerləşirik. Lakin hesab edirəm ki, bu, heç də bizim güclü siyasi və iqtisadi münasibətin inkişafına mane olmamalıdır. Ona görə mən bir daha cənab Prezidenti salamlamaq istərdim. Sözün əsl mənasında, məmnunluğumu bildirirəm ki, bizim uğurlu danışıqlarımız və müzakirələrimiz oldu, sənədlər imzalandı. Ümid edirik ki, bu biznes forumun praktiki nəticələri olacaq və işgüzar dairələr arasında əlaqələr uğurla davam edəcəkdir.

Çox sağ olun.

 

Sloveniya Prezidenti Danilo Türkün çıxışı

 

- Cənab Prezident Əliyev!

Həvəsləndirici sözlərinizə, xoş qonaqpərvərliyə və verdiyiniz geniş təhlilə görə olduqca minnətdaram. Siz siyasi əməkdaşlığımızın əsaslarını, onun mühüm cəhətlərini izah etdiniz. Qeyd etdiniz ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birinə yardım edir. Qarşımızda yaxşı imkanlar vardır. Münasibətlərimizin kifayət dərəcədə geniş təhlili Sizin tərəfinizdən verildi. Bunu nəzərə alaraq, verəcəyim şərhlər qısa olacaqdır. Sizin istinad etdiyiniz aspektləri mən burada təkrar etmək istəməzdim, çünki onların hamısı ilə tam şəkildə razıyam.

Mən biznes forumun təşkil olunmasına görə, cənab Prezident, Sizə və Azərbaycanın Ticarət və Sənaye Palatasına minnətdarlığımı bildirmək istəyirəm. Bu tədbir ikitərəfli səfərlərin mühüm nəticəsidir. Mən ümumiyyətlə, Sloveniyanın iş adamları ilə səfər etməyi xoşlayıram. Ona görə yox ki, onlar yaxşı insanlardır. Onlar, eyni zamanda praktiki baxımdan çox işgüzar şəxslərdir. Onlar ikitərəfli münasibətlərimizin inkişafında əlavə rol oynayırlar.

Cənab Prezident, Siz qeyd etdiniz ki, ölkələrimiz müstəqillik baxımından gəncdir. Bizim uzunmüddətli suveren dövlətçilik tariximiz olmayıb. Lakin bizim zəngin mədəni tariximiz vardır. Xalqlarımızın tarix boyu çətinliklərlə üzləşdiyi anlarda da bir çox oxşarlıqlar olub. Suverenliyimiz gəncdir. Hər iki ölkə böyük sınaqlardan keçib. Bu proses getdikcə iqtisadi özünəməxsusluğumuzu da təyin edib. Mən əldə edilmiş nailiyyətlərə görə Azərbaycanı təbrik etmək istəyirəm. Biz Sloveniyada yaxşı anlayırıq ki, ölkənizin enerji təchizatı sahəsində qlobal səviyyəyə çıxması Sizin böyük iqtisadi nailiyyətinizdir. Eyni zamanda, anlayırıq ki, hazırda Azərbaycan iqtisadiyyatını şaxələndirir. İqtisadiyyat inkişaf edir, müasirləşir və ölkə əhalisinin bütün tələbatlarının ödənilməsinə yönəlib. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən regionun perspektivli gələcəyini təmin edir.

Sloveniya öz gələcəyini Avropaya inteqrasiyada görür. Biz nəinki Avropa İttifaqının, o cümlədən avro zonasının üzvüyük. Bu bizə valyuta sabitliyini vəd edir. Baxmayaraq ki, həmin zonaya qoşulmaq müəyyən mənada valyuta suverenliyini məhdudlaşdırır. Lakin biz bunu qəbul edirik. Çünki bilirik ki, bu, iqtisadiyyatımızın sabitliyinə, eləcə də tərəfdaşlarımızla iqtisadi əməkdaşlığın aparılmasına şərait yaradır. Bir sözlə, qarşımızda duran üstünlüklərə nəzər yetirməli, yaradıcı və məqsədyönlü olmalıyıq.

Dünən axşam məmnunluqla öyrəndim ki, bizim iş adamları ölkənizin müxtəlif nazirlikləri və həmkarları ilə artıq təmaslar qurublar. Bu, davam etməlidir. Elə indicə gündəliyə nəzər saldım və gördüm ki, eyni sahədə işləyən şirkətlər vardır. Cənab Prezident, Siz onlara öz çıxışınızda istinad etdiniz. Həqiqətən gələcək iqtisadi əməkdaşlığımızda biz bir çox maraqlı variantları işləyə bilərik. İcazə verin, üç-dörd misal gətirim. Onlardan biri bərpa edilən enerji mənbələrinə aiddir. Biz yaxşı anlayırıq ki, Azərbaycan karbohidrogen hasilatından başqa, digər sahələri də inkişaf etdirmək fikrindədir. Elə bir vəziyyət yaranmalıdır ki, iqtisadiyyatın bütün sahələri ölkənin ümumi inkişafında iştirak etsin. Sloveniyanın su elektrik stansiyalarının tikintisi sahəsində böyük təcrübəsi vardır. Biz bütün ölçülərdə, növlərdə və coğrafı şəraitlərdə su elektrik stansiyalarını tikmişik. Bütün bunlar, keçmişdə əldə etdiyimiz təcrübəmiz bu istiqamətdə inkişafı bölüşmək imkanı yaradır.

Cənab Prezident, əslində bu məsələ Sizin ətraf mühitin qorunması sahəsinə də göstərdiyiniz qayğı ilə bir araya gəlir. Hazırda ekologiya məsələləri qlobal səviyyədə müzakirə olunan məsələlərdəndir. Biz bərpa olunan enerji mənbələrindən getdikcə daha çox istifadə etməliyik və bunlardan ən mühüm mənbə su elektrik stansiyalarıdır. Hesab edirəm ki, bu sahədə ümumi layihələr həyata keçirilə bilər və həmin layihələrdə Sloveniya şirkətləri sizə yardımçı ola bilər. Biz də həmin əməkdaşlıqdan faydalana və yararlana bilərik.

Telekommunikasiya və informasiya texnologiyaları sahəsinə gəldikdə, biz bir-birimizi tamamlayırıq. Ölkəmiz keçid dövründə informasiya cəmiyyətinin qurulması sahəsində diqqətəlayiq nailiyyətlər əldə etmişdir. İnternetdən istifadə sahəsində yaxşı təcrübəmiz vardır. Bu sahədə təcrübə mübadiləsi ola bilər və bu, iqtisadi əməkdaşlığımızın mühüm hissəsinə çevrilər. Məsələn, yolların çəkilməsinə gəldikdə Sloveniya magistral yolların tikintisi və yol qovşaqlarının inşası sahəsində zəngin təcrübə toplayıb. Təcrübəmiz bu sahədə də faydalı ola bilər. Ümumiyyətlə, inşaat sahəsi əməkdaşlıq sahəsi ola bilər və biz ümumi inşaat layihələrini həyata keçirə bilərik. Siz burada turizmi qeyd etdiniz. Fikrimcə, bu sahə iqtisadi özünəməxsusluğun mühüm bir elementidir. Turizm, eyni zamanda insanları bir-biri ilə yaxınlaşdırır, onları bir-biri ilə tanış edir. Bu sahədə əməkdaşlıq mümkündür və bizim ümumi iqtisadi əməkdaşlığımızı tamamlaya bilər.

Cənab Prezident, mən burada bu məsələlərin təfərrüatlı təhlilini aparmaq istəməzdim. Lakin onu deyə bilərəm ki, qarşımızdakı mövcud vəziyyət olduqca faydalıdır. Hətta deyərdim ki, həmin vəziyyət bizi həvəsləndirir. Nikbinlik də vardır. Siz qeyd etdiniz ki, Azərbaycan uzun müddət ərzində çox yüksək templərlə inkişaf edib. Əvvəla, hazırkı qlobal tənəzzül və böhran şəraitində sizin inkişaf etmək təcrübənizi öyrənmək bizim üçün çox maraqlı olardı. Dünya iqtisadi böhranı Sloveniyaya böyük təsir göstərmişdir. Çünki Sloveniya iqtisadiyyatı ixracyönümlü iqtisadiyyatdır və biz müəyyən mənada xarici tərəfdaşlarımızdan asılıyıq. Lakin bu dövr bitmək üzrədir. Gələn 2010-cu ildən etibarən iqtisadi inkişaf bərpa olunacaq və sabit templə irəliyə doğru gedəcəyik. Buna görə də biz gələcəyə son çətinliklər prizmasından deyil, qarşımızda duran perspektivlər baxımından nəzər yetirməliyik. Mən bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, biz gələcəkdə Sloveniya ilə Azərbaycan arasında tammiqyaslı əməkdaşlığın qurulacağına əminik. Biz əməkdaşlığmızı yalnız iqtisadi sahə ilə məhdudlaşdırmalı deyilik.

Mədəniyyət sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Sloveniya Cənubi-Şərqi Avropada mədəni irsin qorunması sahəsində mühüm rol oynamışdır. Bilirik ki, Azərbaycan da öz regionunda oxşar proqramları həyata keçirir. Biz bu sahədə tərəfdaşlığı daha da inkişaf etdirmək fikrindəyik. İstərdik ki, mədəniyyət sahəsi xalqlarımızın görüşdüyü və əməkdaşlıq etdiyi yerə çevrilsin.

Çox şadam ki, biz müəyyən sazişləri imzaladıq və onlardan bəziləri burada toplaşan iş adamları üçün faydalı olacaqdır. Sizlərdən bəzilərinin diplomatik pasportları vardır. Həmin şəxslərə bildirmək istəyirəm ki, onlar bundan sonra ölkələrimizə vizasız səfər etmək imkanına malik olacaqlar. Bu sahədəki irəliləyiş daha da möhkəmlənəcəkdir. Çünki Avropa İttifaqı qonşuluqda olan ölkələrlə əməkdaşlıq sahəsində yeni addımların atılmasını istəyir. Lakin biz praktik olmalıyıq və işləri mümkün qədər tez yerinə yetirməliyik.

Cənab Prezident, hazırda söyləyəcəyim şərhlər bu qədərdir. Ölkələrimizin iş adamları qarşısında çıxış etmək imkanı yaratdığınıza görə minnətdarlığımı bildirmək istəyirəm. Ümidvaram ki, gələcəkdə bizim nəinki çıxış edən qismində, o cümlədən qeyri-formal şəraitdə adi iştirakçılar kimi görüşmək imkanımız olacaqdır.

Çox sağ olun.

 

* * *

 

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda Sloveniyanı sənaye, maşınqayırma, informasiya-kommunikasiya texnologiyaları, inşaat, ticarət, xidmət, turizm, maliyyə, təhlükəsizlik və bir sıra digər sahələr üzrə iş adamları təmsil edirdilər.

Forumda çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini vurğulamış, bu nailiyyətləri əks etdirən iqtisadi göstəricilər, həyata keçirilən irimiqyaslı layihələr və dövlət proqramları barədə məlumat vermişdir. Nazir müavini Sloveniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmış, sloveniyalı sahibkarları Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət etmişdir.

Sloveniyanın iqtisadiyyat nazirinin müavini xanım Darya Radiç ölkəsində Azərbaycana böyük maraq göstərildiyini, biznes forumun iqtisadi əlaqələrin daha da genişlənməsində əhəmiyyətini vurğulamışdır. O, Sloveniya iqtisadiyyatının əsas inkişaf istiqamətləri barədə ətraflı məlumat vermişdir.

Sloveniya Ticarət Palatasının baş direktoru Samo Hribar Miliç ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində özəl bölmənin xüsusi rolunu vurğulamış, iş adamlarına bu sahədə daha fəal olmağı tövsiyə etmişdir.

Forumda Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev ölkəmizin investisiya mühiti və biznes imkanları, AİŞ tərəfindən həyata keçirilən layihələr, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Orxan Novruzov muxtar respublikada yaradılmış əlverişli biznes mühiti, potensial investisiya imkanları, Sloveniyanın Sahibkarlığın və Xarici İnvestisiyaların İnkişafı Agentliyinin rəhbəri İqor Plestenjak isə ölkəsində sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışmışlar.

Biznes forum çərçivəsində Azərbaycan və Sloveniya iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-10 noyabr.- S. 1, 2.