Prezident İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladzeni fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladzeni fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Səfir Nikoloz Natbiladze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, səfirliyin fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Diplomat bu müddət ərzində Azərbaycan xalqının xoş münasibətini həmişə yaxından hiss etdiyini dedi.

Dövlətimizin başçısı səfirin Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Nikoloz Natbiladzenin ölkəmizdəki diplomatik fəaliyyət müddətinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm dövrü əhatə etdiyini dedi. Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin xoş arzularına görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-11  noyabr.- S. 3.