2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsi
parlamentin müzakirəsinə çıxarıldı
Noyabrın 10-da keçirilən
Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında
"Azərbaycan Respublikasının 2010-cu il dövlət
büdcəsi haqqında" qanun layihəsi müzakirə
edildi. Qeyd edək ki, gündəliyə növbəti ilin
dövlət büdcəsinin layihəsi ilə bərabər
büdcə zərfinə daxil olan digər məsələlər
də salınmışdır.
Parlamentin Sədri Oqtay Əsədov
bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş və Azərbaycan
iqtisadiyyatının uzunmüddətli inkişafını təmin
edən strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurla həyata keçirilir. Azərbaycanın
sosial-iqtisadi inkişafı onun makroiqtisadi göstəricilərində
özünün hərtərəfli təzahürünü
tapmışdır. Son dövrdə dünya iqtisadiyyatında
və maliyyə bazarlarında yaranmış böhrana
baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz
dayanıqlığını, mənfi proseslərə
müqavimət qabiliyyətini qoruyub saxlayır. Cari ilin 9
ayının iqtisadi göstəriciləri bunu əyani surətdə
təsdiqləyir. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə ümumi daxili məhsul istehsalının
həcmi 6 faizdən yüksək olmuşdur və bu, dünya
ölkələri arasında ən yüksək göstəricilərdən
biri, MDB məkanında isə birincidir. Ümumi daxili məhsulun
85 faizi özəl bölmədə istehsal edilmişdir. Azərbaycanın
tarixində ilk dəfə olaraq strateji valyuta ehtiyatları 19
milyard ABŞ dollarını ötmüşdür.
Milli Məclisin Sədri Oqtay Əsədov
qeyd etdi ki, 2010-cu ilin dövlət büdcəsi zərfinə
daxil olan sənədlər "Büdcə sistemi
haqqında" qanunun tələblərinə uyğun
hazırlanaraq parlamentin müzakirəsinə təqdim edilib.
Növbəti ilin büdcə zərfi 2008-ci ildən dünya
iqtisadiyyatında başlanan böhranın fəsadları nəzərə
alınmaqla tərtib edilmişdir. Neftin qiyməti
dövrün reallıqları, enerji resursları bazarlarında
gözlənilən dəyişikliklər əsas
götürülməklə hesablanmışdır.
Spiker onu da bildirdi ki, son dövrlərdə
Azərbaycan hökuməti büdcə xərclərini
başlıca olaraq iki-üç istiqamətdə cəmləşdirir.
Bu mənada 2010-cu ilin dövlət büdcəsi də sosial
yönümlü, investisiya tutumlu və müdafiə
xarakterlidir. Göstərilən istiqamətlərdən
yalnız birinə üstünlük verilərsə, cəmiyyətdə
formalaşmış sosial-iqtisadi tarazlıq pozula bilər.
Parlamentin plenar iclaslarında
aparılacaq müzakirələrin səmərəli
olacağını deyən spiker Oqtay Əsədov
deputatları müzakirələrdə fəallıq göstərməyə
dəvət etdi.
Sonra çıxış edən
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri
Ziyad Səmədzadə bildirdi ki, ölkəmizin 2010-ci il
dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin
komitələrində geniş müzakirə edilmişdir.
Komitələrin iclaslarında deputatlar təqdim edilmiş
qanun layihəsinin metodoloji əsaslarının ildən-ilə
təkmilləşməsini qeyd etmişlər.
Ziyad Səmədzadənin
sözlərinə görə, 2010-cu ilin büdcə layihəsi
hazırlanarkən əvvəlki illərdən fərqli olaraq
bir sıra amillərin təsiri daha ciddi şəkildə nəzərə
alınmışdır. Söhbət ilk növbədə
dünyada baş verən maliyyə böhranı və onun nəticələrindən
gedir. Azərbaycan hökuməti bu reallığı nəzərə
alıb və ona görə də baş verə biləcək
risklərin təsirini azaltmaq üçün büdcə
layihəsinin tərtibinə təmkinlə yanaşıb,
ölkənin kifayət qədər valyuta ehtiyatları
olmasına baxmayaraq, xərclərin bütövlükdə
artmasını yox, daha səmərəli istifadəsini ön
plana çəkib. Aparılan araşdırmalar göstərir
ki, bir çox ölkələrdə büdcə gəlirləri
və xərclərinin azalması daha sürətlə gedir.
Amma Azərbaycanın 2010-cu ilin dövlət büdcəsi
2003-cü ilin büdcəsindən 10 dəfəyə
yaxın çoxdur. Nə Avropada, nə Amerikada, nə də
Asiyada belə bir dinamika yoxdur.
Komitə sədri gələn
ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin
45 ABŞ dolları səviyyəsində müəyyənləşdirilməsi
ilə əlaqədar dedi ki, hökumət asan yol da seçə
bilərdi. Yəni büdcədə neftin qiymətini 45 deyil,
daha yüksək götürərdi. Amma hökumət
dünya iqtisadiyyatında, neft bazarında baş verə biləcək
risklərdən qorunmaq, iqtisadi, sosial həyatda uğursuzluqlar
yaratmamaq üçün tamamilə düzgün istiqamət
seçmişdir. Büdcənin tərtibi zamanı real amillərin
obyektiv qiymətləndirilməsi hökuməti büdcə xərclərinin
strukturunun təkmilləşməsi üçün daha
konkret tədbirlər görməyə səfərbər
etmişdir. İlk növbədə investisiya layihələri
aktuallığına görə bir daha nəzərdən
keçirilmiş, həlli bu gün üçün
taleyüklü əhəmiyyət kəsb etməyən layihələrin
gələcəkdə baxılması məqsədəuyğun
sayılmışdır. Bu gün dünyanın bir çox
ölkələrində, hətta inkişaf etmiş dövlətlərdə
belə mühafizəkar büdcələr tərtib olunur.
Buna səbəb isə əlbəttə ki, dünya maliyyə-iqtisadi
böhranıdır. Dünyanın aparıcı ekspertlərinin
böhranın qurtardığı barədə verdikləri
proqnozlara baxmayaraq, hökumətlər bu məsələdə
ehtiyatlı davranmağa üstünlük verirlər.
2010-cu ilin büdcə layihəsinə
görə ÜDM-də büdcə gəlirləri 31,5 faiz,
büdcə xərcləri isə 35,4 faiz təşkil edəcəkdir.
Bu dövlətin cəmiyyətin inkişafında, vətəndaş
cəmiyyətinin qurulmasında rolunun artması və öz
vacib funksiyalarını yerinə yetirmək imkanlarının
genişlənməsi deməkdir.
Ziyad Səmədzadənin
sözlərinə görə, növbəti ilin büdcə
layihəsinin prinsipial fərqli cəhətlərindən biri
də xərclərin məqsədli proqramlar, adambaşına
maliyyələşdirilmə prinsipləri əsasında
proqnozlaşdırılmasına üstünlük verilməsidir
ki, bu da sosial-iqtisadi inkişafa dair hədəflərin yerinə
yetirilməsi üzərində nəzarətin gücləndirilməsinə
imkan verəcək. Gələn il üçün dövlət
büdcəsi xərclərinin 39 faizi məqsədli
proqramların və tədbirlərin maliyyələşdirilməsi
üçün nəzərdə tutulmuşdur.
Büdcənin kəsiri ilə əlaqədar
komitə sədri dedi ki, bu xüsusda narahat olmağa əsas
yoxdur. Belə ki, büdcə kəsirinin minimal səviyyədə
mövcudluğu özlüyündə inkişaf
üçün əsas yaradır. Dünya iqtisadiyyatında
baş verən proseslərlə əlaqədar istər MDB
ölkələrində, istərsə də inkişaf
etmiş dövlətlərdə büdcələr daha
yüksək kəsirlə tərtib olunmuşdur. Belə ki,
2010-cu ilin dövlət büdcəsi Rusiyada 6-7,5 faiz
arasında, Rumıniyada 6,5 faiz, İrlandiyada 7 faiz, Böyük
Britaniya və ABŞ kimi inkişaf etmiş ölkələrdə
isə müvafiq olaraq 10 və 12,5 faiz civarında
proqnozlaşdırıldığı halda, bizdə bu rəqəm
3,9% həddində nəzərdə tutulur. Bu göstərici
daha optimaldır və reallığa söykənir. Digər
tərəfdən, hökumət büdcə kəsirinin
maliyyələşdirilməsi üçün daxili
imkanlardan, yəni daxili borclanmadan geniş surətdə istifadə
etməyi nəzərdə tutur.
Maliyyə naziri Samir Şərifov
2010-cu ilin dövlət büdcəsinin layihəsi ilə
bağlı geniş izahat verdi. Bildirdi ki, gələn ilin
dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi
və sosial inkişaf konsepsiyasına uyğun olaraq, qlobal
maliyyə-iqtisadi böhranın dünya iqtisadiyyatında
yaratdığı mənfi təsirlər nəzərə
alınmaqla tərtib edilmişdir. Layihə hazırlanarkən
ölkəmizin əsas makroiqtisadi proqnoz göstəriciləri,
mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli
inkişafına təsir göstərən daxili və xarici
amillər, o cümlədən 2009-cu ilin ötən
dövrü ərzində qlobal maliyyə-iqtisadi
böhranının Azərbaycan iqtisadiyyatına təsirləri
qiymətləndirilmiş, bunlarla bağlı yaranmış və
yarana biləcək risklərin
neytralllaşdırılması imkanları təhlil
edilmişdir. Eyni zamanda büdcə layihəsi hazırlanarkən
zənn edilmişdir ki, növbəti ildə dünya
iqtisadiyyatının tənəzzüldən çıxaraq
yenidən artıma qədəm qoyması, beynəlxalq maliyyə
bazarlarının canlanması və kreditləşmə
imkanlarının artması zəminində
proqnozlaşdırılan meyillər gələn il Azərbaycan
iqtisadiyyatının da inkişafı üçün
münbit şərait yaradacaqdır.
Bu fikirlər beynəlxalq maliyyə
kredit təşkilatlarının proqnozlarında da öz əksini
tapmışdır. Belə ki, beynəlxalq ekspertlər 2010-cu
ildən dünyada baş verən maliyyə-iqtisadi
böhranın sönmə fazasına keçəcəyini və
iqtisadi vəziyyətin tədricən
yaxşılaşacağını, o cümlədən
Dünya Bankı 2010-cu ildən dünyada ÜDM-in orta hesabla
2,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 1,4 faiz
artacağını proqnozlaşdırırlar.
Samir Şərifovun sözlərinə
görə, büdcə layihəsi hazırlanarkən onun
sosial və investisiya yönümlülüyünün təmin
edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin
sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin
müdafiə potensialının, iqtisadi, enerji və ərzaq
təhlükəsizliyinin möhkəmləndirilməsinə,
qəbul olunmuş məqsədli dövlət
proqramlarının maliyyələşdirilməsinə
xüsusi diqqət yetirilmişdir.
2010-cu il dövlət büdcəsinin
gəlirləri 10 milyard 15 milyon manat müəyyənləşdirilmişdir.
Vergilər Nazirliyi üzrə dövlət büdcəsinə
3 milyard 980 milyon manat daxilolma nəzərdə tutulur. Dövlət
Gömrük Komitəsinin xətti ilə daxil olan vəsaitin
dövlət büdcəsində xüsusi çəkisi 11
faiz, toplanacaq vergi və rüsumlar üzrə daxilolmanın 1
milyard 100 milyon manat olacağı nəzərdə tutulur.
2010-cu il ərzində icmal
büdcənin tərkib hissəsi olan Dövlət Neft
Fondundan dövlət büdcəsinə birbaşa transfert 4
milyard 915 milyon manat proqnozlaşdırılır. Bu 2009-cu il səviyyəsindədir.
Maliyyə naziri gələn ilin
dövlət büdcəsinin xərcləri barədə də
ətraflı məlumat verdi. Bildirdi ki, 2010-cu il dövlət
büdcəsinin xərcləri 11 milyard 264 milyon manat
proqnozlaşdırılır. 2010-cu ilin dövlət büdcəsinin
xərclərinin strukturuna daxil olan cari xərclər 6 milyard
590 milyon manat, əsaslı xərclər 4 milyard 387 milyon manat
təşkil edəcəkdir. 287 milyon manat isə dövlət
borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Gələn ilin dövlət
büdcəsi xərclərinin 4 milyard 436 milyon manatı və
ya 39,4 faizi məqsədli dövlət proqramlarının və
tədbirlərin maliyyələşdirilməsi
üçün nəzərdə tutulmuşdur.
Dövlət büdcəsinin xərclərində
sosialyönümlü xərclərin xüsusi çəkisi
34,4 faiz olmaqla 3 milyard 877,6 milyon manat
proqnozlaşdırılır. 2010-cu ildə müdafiə, məhkəmə
hakimiyyəti, hüquq-mühafizə orqanlarının və
prokurorluğun saxlanılması xərclərinə dövlət
büdcəsi xərclərinin 17 faizi həcmində və
yaxud 2009-cu ilə nisbətən 1,2 faiz çox, o cümlədən
müdafiə xərclərinə dövlət büdcəsi
xərclərinin 10,7 faizi həcmində və yaxud 2009-cu ilə
nisbətən 0,9 faiz çox vəsait nəzərdə
tutulmuşdur.
Növbəti ildə təhsil xərcləri
üçün 1 milyard 276,7 milyon manat ayrılması nəzərdə
tutulur. Bu vəsaitin dövlət büdcəsi xərclərinin
tərkibində xüsusi çəkisi 11,3 faizdir. Növbəti
ildə elm xərclərinə 98,2 milyon manat
ayrılmışdır ki, bu da büdcə xərclərinin
0,9 faizi həcmindədir.
Maliyyə naziri Samir Şərifov
daha sonra bildirdi ki, 2010-cu il icmal büdcəsinin gəlirləri
11 milyard 885 milyon manat, xərcləri 12 milyard 616 milyon manat nəzərdə
tutulmuşdur. İcmal büdcənin tərkib hissəsi olan
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərclərinin
1 milyard 757,2 milyon manat, Dövlət Neft Fondunun büdcəsinin
xərcləri 5 milyard 445 milyon manat
proqnozlaşdırılır.
İqtisadi inkişaf nazirinin
müavini Sevinc Həsənova bildirdi ki, 2008-ci ilin ikinci
yarısından başlamış qlobal iqtisadi böhran nəticəsində
ayrı-ayrı ölkələrin iqtisadi göstəricilərində
mənfi dinamika müşahidə olunmuş, məcmu tələb
azalmış, investisiya qoyuluşları və kreditlərin cəlb
edilməsi məhdudlaşmışdır. Bir çox
dövlətlərin milli pul vahidləri devalvasiyaya məruz
qalmışdır. Həmin ölkələrdən fərqli
olaraq və dünya bazarlarında neftin qiymətinin iki dəfə
azalmasına baxmayaraq, Azərbaycanda yaradılmış
iqtisadi potensial davamlı inkişafı və makroiqtisadi
sabitliyi təmin etmişdir.
Sevinc Həsənova 2009-cu ilin
arxada qalan dövrünün iqtisadi yekunları və növbəti
il üçün proqnozlaşdırılan makroiqtisadi
göstəricilər barədə məlumat verdi.
Mərkəzi Bankın İdarə
Heyətinin sədri Elman Rüstəmov bildirdi ki, Azərbaycan
iqtisadiyyatı böhrana olduqca güclü immunitet
nümayiş etdirir. Beynəlxalq ekspertlərin qiymətlənləndirmələrinə
görə böhranın təsirinə ən az məruz
qalan ölkələrdən biri Azərbaycandır. Bunun əsas
səbəblərindən biri Azərbaycanın böhrana
hazır olması idi. Son altı ildə həyata keçirilən
uğurlu iqtisadi siyasət, digər tərəfdən
böyük həcmdə valyuta ehtiyatlarının
yaradılması ölkəmizin böhranın neqativ təsirlərinə
məruz qalmasının qarşısını
almışdır.
Elman Rüstəmov dedi ki,
böhran dövründə Mərkəzi Bank çox aktiv
pul-kredit siyasəti həyata keçirmişdir. Bu gün
ölkəmizdə inflyasiyanın səviyyəsi çox
aşağıdır. Böhranın təsiri altında bir
çox ölkələrdə yüksək inflyasiya baş
vermişdir. Azərbaycanda isə orta illik inflyasiya təxminən
2 faizdir.
Böhran şəraitində bir
çox ölkələrin milli valyutaları devalvasiyaya
uğrasalar da, Azərbaycan manatı bütün ticarət tərəfdaşlarımızın
valyutalarına nisbətən bir faiz möhkəmlənmişdir.
Bu onu göstərir ki, manat bir çox valyutalara nisbətən
sabitdir. Böhrana baxmayaraq, Azərbaycan ilin əvvəlindən
valyuta ehtiyatlarını da 1 milyard dollardan çox
artırıb. İlin sonunadək valyuta
ehtiyatlarımızın 20 milyard dolları keçəcəyi
gözlənilir.
Elman Rüstəmov ipoteka kreditləşməsinin
bərpa edildiyini də xatırlatdı. Bu il 61 milyon
miqdarında 1400-dən artıq, o cümlədən 150-dən
çox güzəştli ipoteka krediti verilib. Onun sözlərinə
görə, ilin sonunadək ipoteka kreditləşməsi davam
edəcəkdir.
Növbəti ilin büdcə
layihəsinin olduqca dəqiq hazırlandığını deyən
Elman Rüstəmov neftin qiymətinin yaxşı mənada
konservativ olduğunu qeyd etdi. Onun qənaətincə, büdcə
kəsirinə də konservativ yanaşmaq lazımdır.
Çünki ölkəmizin kifayət qədər maliyyə
mənbələri var.
İclasda Azərbaycan
Respublikası Hesablama Palatasının gələn ilin
dövlət büdcəsi layihəsinə dair rəyi də
dinlənildi. Hesablama Palatasının sədri Heydər Əsədov
bildirdi ki, bu qurum "Azərbaycan Respublikasının 2010-cu
il dövlət büdcəsi haqqında" qanun layihəsinin
qanunvericilik aktlarının tələblərinə uyğun
hazırlanması və təqdim edilməsi qənaətinə
gəlmişdir. Hesablama Palatası hesab edir ki, növbəti
ildə daha çox büdcə xərclərinin intensiv
istifadəsinə ciddi fikir verilməli, nəzarət tədbirlərinin
əhatəsi genişləndirilməlidir. Heydər Əsədov
onu da bildirdi ki, 2010-cu ilin büdcə layihəsi
dünyanın iqtisadi tələblərinə cavab verir və
əsaslandırılmamış optimizmdən uzaqdır.
Dövlətimizin bu ali iqtisadi sənədi növbəti ildə
makroiqtisadi və sosial sabitliyi saxlamağa xidmət edəcəkdir.
Sonra 2009-cu ilin büdcə layihəsinin
müzakirəsi başladı. Deputat Rafael Cəbrayılov
bildirdi ki, növbəti ilin büdcəsinin əsas vəzifəsi
ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurları
qoruyub saxlamaqdır. Büdcə layihəsinin konservativ tərtib
edilməsi bu işin xeyrinədir. Rafael Cəbrayılov gələn
ilin büdcə layihəsində əvvəlki priortetlərin
qorunub saxlanmasını da müsbət dəyərləndirərək
dedi ki, sosialyönümlülük və investisiyatutumluluq
2010-cu ilin büdcəsini xarakterizə edən əsas cəhətlər
kimi təqdirəlayiqdir.
Büdcə layihəsini yüksək
qiymətləndirən deputat Gövhər Baxşəliyeva
elm sahəsinə göstərilən diqqətdən söz
açdı. Bildirdi ki, dövlət büdcəsindən elm
sahəsinə 98,2 milyon manat vəsaitin ayrılması, o
cümlədən elmi-tədqiqat layihələrinin Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu
vasitəsilə həyata keçirilməsi üçün
7 milyon manatın ayrılması elm sahəsində əldə
edilən uğurların davamlı olacağını göstərir.
Bununla yanaşı, Gövhər
Baxşəliyeva elm sahəsində çalışan, amma az
əməkhaqqı alan işçilərin məvacibindən
tutulan vergi dərəcələrinin mümkün olarsa
azaldılmasını təklif etdi.
Deputat Zahid Oruc dünyadakı
qlobal iqtisadi böhran şəraitində Azərbaycanın
iqtisadi müstəqilliyini saxlamasını, siyasətində
sosial məsələlərin prioritet olaraq önə çəkməsini
və manatın öz möhkəmliyini qorumasını
ölkəmizdə həyata keçirilən iqtisadi və
büdcə siyasətinin uğurları kimi dəyərləndirdi.
Zahid Oruc bəzi zavodların Bakıdan kənara
köçürülməsi, hərbi qulluqçuların mənzil
təminatının daha da
yaxşılaşdırılması ilə bağlı təkliflərini
də verdi.
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə
görə isə, 2010-cu ilin büdcə layihəsi ilk
növbədə balanslaşdırılmış formada
hazırlanıb. Layihədə dövlətin prioritet hesab
etdiyi bütün məsələlər öz əksini
tapıb. Komitə sədrinin fikrincə, gələn ilin
büdcə layihəsi ehtiyatlı iqtisadi davranış
prinsipinə əsaslanır. Bütün bunlara baxmayaraq, eyni
zamanda layihə konservativdir. Ən əsası isə ondan ibarətdir
ki, 2010-cu ilin büdcəsi əvvəlki illərdə
olduğu kimi sosialyönümlüdür.
Hadi Rəcəbli Lənkəran
rayonu ilə bağlı bəzi təkliflərini də diqqətə
çatdırdı.
Deputat Xanhüseyn Kazımlı
bildirdi ki, büdcə layihəsi olduqca mükəmməldir.
Onun sözlərinə görə, bu sənəd növbəti
ildə də ölkəmizin inkişafına və əhalinin
rifahının yüksəlməsinə xidmət edəcəkdir.
Xanhüseyn Kazımlı onu da əlavə etdi ki, büdcə
layihəsindəki bütün rəqəmlər
reallığı əks etdirir.
Deputatlardan Fazil Mustafa, Cəmil Həsənli,
Vahid Əhmədov, Astan Şahverdiyev, İltizam Əkbərli,
Aydın Həsənov 2010-cu ilin dövlət büdcəsinin
layihəsi ilə bağlı fikirlərini bildirdilər.
2010-cu ilin dövlət büdcəsinin
layihəsi Milli Məclisin bugünkü iclasında davam
etdiriləcəkdir.
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 4.