Azərbaycanda işləyən xarici vətəndaşların
sosial ödəmələrə cəlb olunmalarına diqqət
artırılır
Cari ilin 10 ayı ərzində
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) uçota
alınan əcnəbilərin sayı 15,3 faiz artıb. Belə
ki, hesabat dövründə əlavə olaraq 1196 nəfər
əcnəbi vətəndaş uçota alınıb və
beləliklə, fondda uçota alınan əcnəbilərin
sayı 7833 nəfərə çatıb.
DSMF ictimaiyyətlə əlaqələr
sektorunun məlumatına görə, ümumilikdə 83
ölkəni əhatə edən əcnəbilər
arasında Türkiyə vətəndaşları çoxluq
təşkil edir - 4520 nəfər. 10 ay ərzində digər
ölkələrdən olan əcnəbilərin sayında da
artım müşahidə olunub. Fərdi uçot sistemində
qeydiyyata alınan əcnəbilərin sayına görə
ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının
sayı 1196 nəfərə yüksəlib.
Üçüncü yerdə gələn Rusiya Federasiyasının
vətəndaşlarının sayı isə 537 nəfərdir.
Sonrakı yerlərdə İran İslam Respublikası (242 nəfər),
Hindistan (195), Çin Xalq Respublikası (93), Ukrayna (74), Pakistan
İslam Respublikası (70), Böyük Britaniya və
Şimali İrlandiya Krallığı (68), Malayziya (63),
Qazaxıstan (62), Özbəkistan (59), Türkmənistan (46),
Almaniya (44), İtaliya (42), ABŞ (32) və s. ölkələr
gəlir.
Prezidentin 30 dekabr 2008-ci il tarixli sərəncamı
ilə təsdiq edilən "2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı"na uyğun olaraq, DSMF dövlət
sosial sığorta sistemində fərdi uçotun
inkişafı üçün ardıcıl tədbirlər
görür. Bu tədbirlərin istiqamətlərindən biri
də Azərbaycan Respublikası mənbələrindən əmək
ödənişi və məcburi dövlət sosial
sığortası cəlb olunan digər gəlirləri əldə
edən əcnəbilərin məcburi dövlət sosial
sığortası ilə əhatə olunmasıdır.
Bununla yanaşı, xarici ölkələrdə əmək
miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının
gələcək pensiya hüquqlarının qorunmasını
təmin etmək və sosial müdafiəsini gücləndirmək
məqsədilə xarici ölkələrlə beynəlxalq
müqavilələrin bağlanılması üzrə təkliflər
hazırlanır, həmin dövlətlərin
sığorta-pensiya qurumları ilə əməkdaşlığın
inkişafı üçün sistemlərin
qarşılıqlı öyrənilməsi istiqamətində
işlər görülür.
Xatırladaq ki, ölkəmizdə
Azərbaycan Respublikası mənbələrindən əmək
ödənişi və məcburi dövlət sosial
sığorta haqqına cəlb olunan digər gəlirləri əldə
edən əcnəbilərin məcburi dövlət sosial
sığortası ilə əhatə olunması prosesinə
2006-cı ilin yanvarın 1-dən
başlanılmışdır.
Azərbaycan.- 2009.-11 noyabr.- S. 4.