Prezident Danilo Türk: Azərbaycan xalqının mədəni
və zəngin irsi olan İçərişəhər məndə
çox gözəl təəssürat yaratdı
Azərbaycan xalqının mədəni
və zəngin irsi olan İçərişəhər məndə
çox gözəl təəssürat yaratdı.
Bu sözləri Sloveniya
Respublikasının Prezidenti Danilo Türk noyabrın 10-da
İçərişəhərlə tanış olarkən
demişdir.
Gəzinti zamanı Sloveniya
Prezidentinə və xanımı Barbara Mikliç Türkə
dünya şəhərsalma sənətinin nadir nümunəsi,
YUNESKO-nun Dünya irs siyahısına daxil edilmiş
"İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu, habelə buradakı tikililərin tarixi, maddi mədəniyyət
abidələri, onların bərpası istiqamətində
aparılan işlər barədə geniş məlumat verildi.
Diqqətə
çatdırıldı ki, möhkəmliyi ilə seçilən
qala divarları vaxtilə qədim Bakının müdafiə
funksiyalarından birini yerinə yetirmişdir. Abidələrin
sırasında beynəlxalq əhəmiyyətli mədəni
nümunələr də vardır. İçərişəhərdəki
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət
Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan
memarlığının nadir incilərindəndir.
Son illər buradakı abidələrin
qorunması və bərpasına göstərilən dövlət
qayğısı daha da artmışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin xüsusi diqqəti sayəsində
bu gün İçərişəhər özünün
intibah dövrünü yaşayır. Burada
abadlaşdırma, təmir-bərpa işləri köhnə
şəhərin ab-havasına uyğun aparılır.
İçərişəhərin
mövcudluğu və tarixi barədə xəbərdar
olduqlarını deyən qonaqlar "Brilyant əl" bədii
filminin məşhur epizodlarından birinin çəkildiyi
küçə ilə tanış oldular.
Sloveniya Prezidenti İçərişəhərin
gələcəkdə məşhur turizm mərkəzlərindən
birinə çevrilməsi üçün zəngin mədəni-tarixi
potensiala malik olduğunu dedi.
Ali qonaq burada həyata
keçirilən layihələrlə də maraqlandı və
aparılan bərpa işlərini yüksək qiymətləndirdi.
Gələcəkdə Azərbaycan ilə Sloveniya arasında
mədəni irsin qorunması istiqamətində əməkdaşlığın
aparılması üçün fikirlərini bildirdi.
Paytaxtın nadir memarlıq incilərindən
sayılan Qız qalası və Azərbaycanın Mərkəzi
Asiyanın müxtəlif ölkələri ilə ticarət
və mədəni əlaqələrini təsdiqləyən
Multanı və Buxara karvansaraları Sloveniya Prezidentinin və
xanımının diqqətini daha çox cəlb etdi.
Mədəni irslə
tanışlıqdan sonra ali qonaq və xanımı
karvansarada çay süfrəsinə dəvət edildilər.
Prezident Danilo Türk və
xanımı İçərişəhərdən zəngin
təəssüratla ayrıldıqlarını bildirdilər.
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 5.