Sloveniya Prezidentinin xanımı Beynəlxalq Muğam Mərkəzi
ilə tanış olmuşdur
Azərbaycanda rəsmi səfərdə
olan Sloveniya Respublikasının Prezidenti Danilo Türkün
xanımı Barbara Mikliç Türk noyabrın 10-da Beynəlxalq
Muğam Mərkəzi ilə tanış olmuşdur.
Sloveniya Prezidentinin xanımına
dənizkənarı Milli Parkda yerləşən mərkəz
haqqında ətraflı məlumat verildi.
Xanım Barbara Mikliç Türk
qaval daşına maraqla baxdı.
Bildirildi ki, Heydər Əliyev
Fondunun milli mənəvi dəyərlərimizin qorunması və
dünyada geniş təbliği ilə bağlı
reallaşdırdığı layihələr sırasında
xüsusi əhəmiyyəti olan bu mərkəzin
inşası fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilmişdir. 2005-ci il aprelin 6-da Prezident
İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin
yaradılması haqqında sərəncam
imzalamışdır. Azərbaycan muğamının bəşər
mədəniyyətinin nadir inciləri ilə bir sırada
YUNESKO-nun Dünya qeyri-maddi irs siyahısına daxil edilməsi
onun nə dərəcədə bənzərsiz sənət
növü olduğunu bir daha təsdiqləyir.
Mərkəz ilə yaxından
tanış olan xanım Barbara Mikliç Türk burada Azərbaycanın
görkəmli muğam ifaçılarının büstlərinə
baxdı və ona milli musiqi alətləri barədə ətraflı
məlumat verildi.
Sloveniya Prezidentinin xanımı gənc
muğam ifaçıları Güllü Muradovanın və
İlkin Əhmədovun ifasında Azərbaycan
muğamlarını dinlədi.
Barbara Mikliç Türk
ifaçılara xatirə hədiyyələri verdi.
Sonra hörmətli qonağa Heydər
Əliyev Fondunun təşəbbüsü ilə çap
edilmiş "Qarabağ xanəndələri" albomu,
"Muğam ensiklopediyası" toplusu, "Azərbaycan
musiqi alətləri" kitabı hədiyyə edildi.
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 5.