Xarici işlər nazirinin müavini Araz Əzimovun Meksikaya işgüzar səfəri

 

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Meksika Birləşmiş Ştatlarında işgüzar səfərdə olmuşdur.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirmişlər ki, səfər çərçivəsində nazir müavini bu ölkənin Xarici İşlər Nazirliyində BMT ilə əlaqələr üzrə idarənin rəisi Pablo Masedo və xarici işlər nazirinin müavini Mariya de Lourdes Aranda ilə görüşmüşdür.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və transmilli cinayətkarlıq, narkotik maddələrin qanunsuz daşınması və insan alverinə qarşı mübarizə, qarşılıqlı informasiya mübadiləsi, enerji və qeyri-neft sektorunda, həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Tərəflər siyasi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, eyni zamanda ölkələrimiz arasında hüquqi bazanın, o cümlədən iqtisadi, ticarət, informasiya texnologiyaları, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar.

A.Əzimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, problemin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə müvafiq sənəd və xəritələr əsasında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edən qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə və regionda davamlı sülhün bərqərar olmasına maneələr törədir.

Nazir müavini BMT Baş Məclisinin növbəti iclasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin müzakirələri zamanı Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin ölkəmiz üçün vacib olduğunu vurğulamışdır.

Sonra A.Əzimov Meksika XİN-nin konfrans salonunda Mexikoda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Türkiyənin, Rusiyanın, Ukraynanın, Serbiyanın və Bolqarıstanın səfirləri, Meksika Diplomatik Akademiyasının (Matias Romero İnstitutu) tələbələri və XİN-nin əməkdaşları üçün "Azərbaycan və regional təhlükəsizlik" mövzusunda təqdimatla çıxış etmişdir.

O, Azərbaycanın enerji və regional təhlükəsizlik siyasəti, terrorizm və narkotik maddələrin qanunsuz daşınmasına qarşı mübarizə sahələrində beynəlxalq əməkdaşlıq, Azərbaycan iqtisadiyyatının inkişaf templəri, həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti, problemin həlli istiqamətində aparılan danışıqlar və münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat vermiş, dinləyicilərin suallarını cavablandırmışdır.

Görüşdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov və Matias Romero İnstitutunun rektoru Mariya Selia Toro Ernandes də iştirak etmişlər.

Nazir müavini A.Əzimov Meksikanın ən nüfuzlu mətbuat orqanlarından biri olan "Reforma" qəzeti və "Mexico Al Dia" televiziya kanalına müsahibə vermişdir. Mətbuat nümayəndələrinə səfərin məqsədi, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti və beynəlxalq terrorizmə göstərdiyi dəstəyin tarixi həqiqətləri barədə məlumat verilmişdir.

Bundan əlavə, noyabrın 6-da A.Əzimov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, həmçinin Latın Amerikası regionunda ilk səfirliyinin rəsmi açılış mərasimində iştirak etmişdir.

Mərasimdə nazir müavini A.Əzimov, səfir İ.Muxtarov və Meksikanın xarici işlər nazirinin müavini M.Aranda çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini məmnunluqla qeyd etmiş, Azərbaycan ilə Meksika arasında nəzərdə tutulan bir sıra potensial sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirmişlər.

Açılış mərasimində Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, bu ölkənin XİN-nin və dövlət qurumlarının rəsmiləri, həmçinin Meksikada yaşayan Azərbaycan, Türkiyə, Ukrayna və Rusiya diasporlarının təmsilçiləri iştirak etmişlər.

Tədbirdə hər iki ölkənin dövlət himnləri, Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri canlı olaraq səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən və ölkəmizin tarixindən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.

Xarici işlər nazirinin müavini A.Əzimovun Meksikaya işgüzar səfəri başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 noyabr.- S. 5.