Milli lider fenomeni: şəxsiyyət və müasirlik

 

Noyabrın 10-da Astanada "Milli lider fenomeni: tarix və müasirlik" mövzusunda ekspert forumu açılmışdır. Forumda XX-XXI əsrlərdə Avrasiya regionunun tarixində mühüm rol oynamış siyasi xadimlərdən söhbət gedəcəkdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatı sədrinin müavini E.Əliyev "Heydər Əliyev: milli lider fenomeni", "Vestnik Qafqaza" informasiya portalının baş redaktoru Aleksey Vlasov "Postsovet məkanında milli lider fenomeni", "Sentr Asii" (Qazaxıstan) jurnalının baş redaktoru Sultan Akimbekov "Modernləşmə dövründə Şərq ölkələrində siyasi rəhbərlik", Türkiyənin "6 Nyus" teleşirkətinin informasiya direktoru Toğrul İsmayıl "Atatürk şəxsiyyəti" mövzularında çıxış edəcəklər. Digər iştirakçıların da çıxışları nəzərdə tutulmuşdur.

Forum ərəfəsində "Vestnik Qafqaza" portalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsiyyəti barədə məqalə vermişdir. AzərTAc həmin məqaləni təqdim edir.

Sovet İttifaqının süqutu, geosiyasi vəziyyətin dəyişməsi, dünya liderliyinin məzmunca yeniləşməsi, Cənubi Qafqaz, Orta Asiya və Avrasiya regionunda bir-birinin ardınca yeni müstəqil dövlətlərin qurulması, bütövlükdə yeni tip insanların yaranmasını tələb edirdi. Fenomenal liderlik keyfiyyətlərinə, genetik cəhətdən innovasiyalara uyğunlaşa bilən insanlara ehtiyac var idi. 1990-cı illərdə Heydər Əliyev Azərbaycan üçün nəqliyyat dəhlizi, Şərq ilə Qərbi birləşdirən ölkə statusu məsələlərini aktuallaşdıran, respublikanı regional geosiyasi oyunçu formatına çıxara bilən şəxsiyyət idi. Taleyinə Heydər Əliyev ilə işləmək qisməti düşmüş insanlar onu mürəkkəb dövlət quruculuğu illərində ölçülüb-biçilmiş siyasi qərarları, uzaqgörən strategiya və taktikası, məqsəd və vəzifələrinin geniş əhatəli olması ilə fərqlənən böyük siyasətçi kimi səciyyələndirirlər. Nüfuzlu siyasi xadim, tarixçi və filosof, gözəl natiq olan Heydər Əliyev, siyasi opponentlərinin əksəriyyətinin qeyd etdiyi kimi, təkcə əl sıxmaqla artıq mülahizələrinin doğruluğuna inandıra bilmişdir. Onu tanıyanlar deyirdilər: "Bu insanın zəhmli baxışları altında gizli fikirləri ört-basdır etmək mümkün deyil. Əl sıxanda bunu elə ürəkdən edirdi ki, bu görüş uzun müddət yadda qalırdı". Heydər Əliyev hakimiyyətə gələndən sonra yeni regional diplomatiyanın bütöv bir strategiyasını həyata keçirməyə başlamışdı. Şəxsiyyət, ilk növbədə, dolğun şəxsiyyət istənilən səviyyədə və vəzifədə olan insanları əməkdaşlığa cəlb edə bilər. Britaniya Kraliçası II Elizabet demişdir: "Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində və Azərbaycanın inkişafında xidmətləri çox böyükdür. Mən 1998-ci ilin iyulunda onun Birləşmiş Krallığa səfəri zamanı görüşümüzü çox yaxşı xatırlayıram". Böyük Britaniya Kraliçasının bu sözləri Heydər Əliyevin bütün səviyyələrdə insanlarla qarşılıqlı münasibətlər qurmaq kimi fenomenal keyfiyyətindən xəbər verir.

Respublikanın çətin günlərində xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev ən dəhşətli faciənin - Azərbaycan Respublikasının parçalanmasının qarşısını aldı. Onun siyasi və iqtisadi əməkdaşlığın strateji tərəfdaşlıq istiqamətində inkişafı kursu bu formatda təkcə MDB məkanında deyil, habelə hegemon ölkələrlə münasibətlər qurmağa imkan verirdi. O, türk dünyası ilə əlaqələri qoruyub saxladı və genişləndirdi, Rusiya ilə münasibətləri tənzimlədi, özünün islam köklərini də unutmadı, nəhayət, Qərb ilə qarşılıqlı etimada əsaslanan münasibətlər yaratdı. 1995-2007-ci illərdə Fransanın Prezidenti olmuş Jak Şirak onu belə xatırlayır: "Bu nadir şəxsiyyət Azərbaycanı firavanlığa qovuşdurdu. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlarda onun qəhrəmanlığını, müdrikliyini, münaqişəni sülh yolu ilə həll etmək əzmini yüksək qiymətləndirirəm".

Şəxsiyyətin tarixi hadisələrə təsir göstərmək bacarığı onun böyüklüyündən xəbər verir. Ən çətin yükü də adətən məhz tarixin gərdişini dəyişmək iqtidarında olan siyasətçilər daşıyırlar. Politoloqlar dövlət xadimlərinin bu yükü daşımaq bacarığından, ölkənin tarixi inkişafının hansı istiqamətini seçməsindən asılı olaraq şəxsiyyət fenomenini tarixi liderlərin mühafizəkar, islahatçı, yaxud inqilabçı kimi üç növündən birinə aid edirlər. Müasir şəraitdə islahatçı, adət-ənənələri, mənəvi mədəniyyəti qoruyub saxlaya bilən, eyni zamanda mürəkkəb islahatlar dövrünün və ictimai şüurun dekonstruksiyasının məsuliyyətini üzərinə götürə bilən liderlərə ehtiyac vardır.

Sovet İttifaqının süqutu, iqtisadi və siyasi kollaps ərəfəsində olan respublika, dəstək və dövrün suallarına cavab axtaran xalq Heydər Əliyev şəxsiyyətinin müstəsna keyfiyyətlərini üzə çıxardı. Uzun illər keçməsinə baxmayaraq, aydındır ki, Heydər Əliyev respublikanı millətçilikdən və dini fanatizmdən qurtarmış, "Azərbaycançılıq" anlayışını vətəndaşlıq keyfiyyətinin tərkib hissəsi elan etmişdir.

 

 

Azərbaycan.- 2009.- 11 noyabr.- S. 6.