Bakıda Azərbaycan
və Rusiya hökumətləri arasında
əmək miqrasiyası
sahəsində əməkdaşlığa
dair saziş layihəsi müzakirə edilir
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, noyabrın 10-da Bakıda
"Azərbaycan Respublikası
hökuməti ilə
Rusiya Federasiyası hökuməti arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa
dair saziş" layihəsinin hazırlanması
üzrə yaradılmış
işçi qrupun növbəti iclası keçirilmişdir.
İclası giriş
sözü ilə açan işçi qrupun həmsədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycanın
sürətlə inkişaf
edən və iqtisadiyyatı daim yüksələn bir ölkə olduğunu və bu səbəbdən
əmək miqrantları
üçün mənşə ölkəsindən
təyinat ölkəsinə
çevrildiyini bildirmişdir.
N.Məmmədov Azərbaycanda miqrasiya proseslərinin dövlətin
sosial-iqtisadi maraqlarına
uyğunlaşdırılması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və
bu proseslərin idarə olunmasında
"bir pəncərə"
prinsipinin tətbiqi istiqamətində görülən
işlər barədə
məlumat vermişdir.
Hazırda Azərbaycanda
Rusiya Federasiyasının
investisiyası əsasında
təşkil edilmiş
250-dən çox müəssisənin, habelə
bu ölkənin hüquqi və fiziki şəxsləri ilə müştərək
yaradılmış 360-dan çox
birgə müəssisənin
fəaliyyət göstərdiyini
deyən nazir müavini, eyni zamanda respublikamızda fərdi icazə əsasında
işləyənlərin 216 nəfərinin Rusiya vətəndaşı olduğunu
vurğulamışdır.
İclasda qeyd
olunmuşdur ki, ölkələrimiz arasında
dostluq və strateji tərəfdaşlıq
əlaqələrinin inkişafı
belə müəssisələrin
və həmçinin
işləyən Rusiya
vətəndaşlarının sayının artacağını
deməyə əsas verir. Ona görə də əməkçi miqrant kimi fəaliyyət göstərən hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması,
onların sosial müdafiəsinin təmini
və fəaliyyəti
üçün əlverişli
şəraitin yaradılması
məqsədi ilə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın gücləndirilməsi mühüm
əhəmiyyət kəsb
edir. Hazırda layihəsi müzakirə olunan sazişin bu istiqamətdə atılan uğurlu addım olacağı şübhəsizdir.
Rusiya Federasiyası
Federal Miqrasiya Xidmətinin xarici əmək miqrasiyası idarəsi rəisinin müavini Sergey Boldırev ölkələrimiz
arasında əlaqələrin
daim inkişaf etdiyini vurğulayaraq təmsil etdiyi dövlətin Azərbaycan
ilə miqrasiya sahəsində əməkdaşlığın
gücləndirilməsində maraqlı olduğunu və bunun üçün
müvafiq səylərin göstərildiyini diqqətə
çatdırmışdır.
Sonra işçi
qrup "Azərbaycan Respublikası hökuməti
ilə Rusiya Federasiyası hökuməti
arasında əmək
miqrasiyası sahəsində
əməkdaşlığa dair saziş" layihəsini ətraflı
müzakirə etmişdir.
İclasın yekunlarına
dair protokol noyabrın 11-də imzalanacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.-11
noyabr.- S. 6.