Pakistanın "İttehad" qəzeti AzərTAc ilə əməkdaşlıq
edəcəkdir
Noyabrın 10-da AzərTAc-da
Pakistanın "İttehad" qəzetinin redaktoru Tahir Faruq
ilə görüş keçirilmişdir.
AzərTAc-ın baş direktoru
Aslan Aslanov qonağa 1920-ci ildə, Şərqdə ilk
demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yaradılmış rəsmi informasiya
agentliyinin tarixi barədə məlumat vermişdir.
Görkəmli siyasi xadim Heydər
Əliyevin ölkəyə rəhbərliyə
qayıdışından sonra Azərbaycanın keçdiyi
böyük inkişaf yolundan, ulu öndərin AzərTAc-a
diqqət və qayğısından, Prezident İlham Əliyevin
rəhbərliyi altında sürətli inkişaf yolu ilə
irəliləyən ölkəmizin uğurlarından
danışan agentliyin rəhbəri
vurğulamışdır ki, son illər Azərbaycanın
nüfuzu dünyada xeyli yüksəlmiş, o, regionun lider
dövlətinə çevrilmişdir. Bu uğurlar artıq
dünya informasiya məkanına çıxmış AzərTAc-ın
beynəlxalq əlaqələrinin daha da genişlənməsi
baxımından yeni imkanlar açır.
Qonağa bildirilmişdir ki,
hazırda AzərTAc dünyanın iki ən böyük
regional qurumunun Asiya və Sakit Okean Ölkələri Xəbər
Agentlikləri Təşkilatının (OANA) və onun rəhbər
orqanı - İcraiyyə Komitəsi idarə heyətinin,
Avropa Xəbər Agentlikləri Alyansının (EANA)
üzvüdür. Agentlik, həmçinin Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
üzvü olan Ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyasının (BSANNA) və Türkdilli Xəbər
Agentlikləri Birliyinin (TKA) təsisçilərindən
biridir, 2008-ci ildən TKA-da sədrlik edir. Ötən il AzərTAc
həm TKA-nın, həm də OANA-nın geniş tərkibdə
iclaslarına ev sahibliyi etmişdir.
Azərbaycan-Pakistan münasibətlərinə
toxunan Aslan Aslanov Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllində ölkəmizin haqlı
mövqeyinin Pakistan tərəfindən dəstəkləndiyini
diqqətə çatdırmışdır.
Ətraflı məlumata görə
təşəkkür edən Tahir Faruq Azərbaycan ilə Pakistan
arasında tarixi köklərə söykənən əlaqələrin
bu gün də yüksək səviyyədə olduğunu
demişdir.
Təmsil etdiyi qəzet
haqqında məlumat verən qonaq demişdir ki,
"İttehad" müxtəlif dövrlərdə Azərbaycanın
tarixi haqqında, o cümlədən ölkəmizdə
aparılan irimiqyaslı islahatlar barədə materiallar dərc
etmişdir. 2008-ci ildə Azərbaycanda keçirilmiş
prezident seçkilərinə dair geniş məqalə
hazırladıqlarını deyən redaktor qəzetin ölkəmizin
rəhbəri İlham Əliyevin möhtəşəm qələbəsinə
həsr etdiyi "Xalqın Prezidentə etimadı: İlham Əliyev
yenidən prezident seçildi" başlıqlı yazı
çap etdiyini diqqətə çatdırmışdır.
AzərTAc ilə əlaqələrinin
genişləndirilməsində maraqlı olduğunu bildirən
Tahir Faruq əməkdaşlıq haqqında sənədin
imzalanması barədə təkliflə
çıxış etmişdir. Təklif razılıqla
qarşılanmışdır.
Daha sonra qonaq AzərTAc-ın
maddi-texniki bazası, əməkdaşların iş şəraiti
ilə tanış olmuş və onlarla səmimi söhbət
etmişdir.
Azərbaycan.- 2009.-11
noyabr.- S. 6.