Respublika Prokurorluğu Kadrlar İdarəsinin Tədris Mərkəzində
seminar-məşğələ
Respublika Prokurorluğunun mətbuat
xidmətindən bildirmişlər ki, Azərbaycan Prezidentinin
"Dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı
mübarizənin gücləndirilməsi haqqında"
2009-cu il 22 iyun tarixli fərmanında prokurorluğa
ünvanlanmış tövsiyələrdən irəli gələn
vəzifələrin tam və dəqiq yerinə yetirilməsinin
icrası ilə bağlı baş prokuror tərəfindən
avqustun 18-də təsdiq olunmuş tədbirlər planına əsasən
Kadrlar İdarəsinin Tədris Mərkəzində seminar-məşğələ
keçirilmişdir.
Tədbirdə respublika
Prokurorluğunun məsul vəzifəli şəxslərinin
qeyd edilən fərmandan irəli gələn vəzifələrə,
sənədin tələblərinin dərindən öyrənilməsi
və düzgün tətbiqinin həyata keçirilməsi,
onların icrası mexanizminə, bu sahədə prokurorluq
orqanlarında həyata keçirilən tədbirlərə
dair məruzələri dinlənilmişdir. Məruzələr
ətrafında fikir mübadiləsi
aparılmışdır. Seminar-məşğələnin
iştirakçılarına fərmanın icrası ilə əlaqədar
yaranan məsələlərin praktiki həlli yolları barədə
ətraflı məlumat verilmiş, suallar
cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 11 noyabr.- S. 6.