Etiraf cəsarəti, yaxud sözümüz və özümüz haqqında

 

Nəşriyyatın pilləkənlərində üz-üzə gəldik. Həmişəki kimi haylı-küylü, sözlü-söhbətli idi. Elə salam əvəzi ilk kəlməni də özü dedi:

- Gördün də, mən də əməkdar, sən də əməkdar, filankəs (etika xatirinə həmin qadının adını yazmırıq) də əməkdar...

- Dünyanın işidir. İndi də durub onu dərd eliyəsi ha deyilik.

- Qağa, özümüzü demirəm, gör indi Arif Babayev, Mənsum İbrahimli kimilər nə çəkirlər?!

 

***

 

Əgər söhbətin mövzusu təzə olsa idi, ortaya qəfil düşsəydi, bəlkə də onda bir az darılar, küsənərdik. Yox, lap dünyanın özü qədər köhnə idi bu mövzu, zaman-zaman təkrarlandığından nimdaşı çıxmışdı, balağı süzülmüşdü. Dostumuz, tanınmış yazıçı-publisist Aqil Abbası tərpədənsə ölkənin dəyərli bir ziyalısının, lap elə götürək adi, laqeyd qalmağı bacarmayan bir vətəndaşının bu qəbil məsələlərə həssas münasibətindən irəli gəlirdi. Yaxşı, o deməsin, sən söyləmə, mən susum, bəs sonra?! Elə beləcə də davam eləsin, hə? Biz bu millətə nəyi öyrətmək istəyirik: susmağı, süstlüyü, yoxsa mübarizliyi? Bəs ziyalının əsas vəzifəsi, çiyninə düşən yük nədən ibarətdir? Aydınlıq ocağının çaxmağını kimlər çəkməlidir?

Taleyimizi bağladığımız peşəmizlə bağlı düşüncələrimdə hərdən belə bir sualla baş-başa qalmağım da olur: görəsən, jurnalist ziyalıdırmı? Deyəsən, bir qədər qəliz oldu. Fikrimizə azacıq duruluq və dəqiqlik gətirək: jurnalisti ziyalı zümrəsinə aid etmək olarmı? Azərbaycanın ən böyük ədib, dramnəvis, maarifpərvər oğulları öncə özlərini qəzet və dərgilərdə sınayıblar, bu millətə qələmlərinin ucunda, ovuclarının içində, ürəklərinin qucağında ədəb, maarif, irfan işığı daşıyıblar.

Bəs bu gün?

Bu gün Azərbaycanda sözü soyurlar... Nəsimi kimi! Şaqqalayırlar... Babək kimi! Sitəm çəkdirirlər, aşağılayırlar... özümüzdən qeyri bir özgəsinin edə bilməyəcəyi kimi! Azəri türkcəsində dünyaya gəldiyinə peşman eləyirlər sözü! Daş, dəmir olsaydı, əriyərdi, ancaq bütün bu müsibətlərə kişi kimi sinə gərir, dözür söz.

Hərdən qəribə bir statistika gətirirlər. Demə, Azərbaycanda jurnalistlik ən "çörəkli" peşə imiş və bu gün onunla məşğul olanların kəmiyyət göstəricisi az qala həndəsi silsilə ilə yüksəlir. Bu, Avropanın bizə əta etdiyi azadlığın qəhridir ki, çəkirik. Hara gedirik? Necə gedirik? Nə ilə gedirik? Fərqindəyikmi?! Söhbət bəlkə də heç beş-on şarlatanın, 20-30 cüvəllağının cibinə jurnalist vəsiqəsi qoyub qapıları sülənməsindən, olmayan abırlarını "üç şahılıq" edib kandarlarda qoymasından getmir. Bunun ağrısını qələmdana halal çörək təknəsi, jurnalistliyə peşələrin xası, sözə isə bəşəri nemət, Tanrı lütfü kimi baxanlar çəkir. Görünəni budur ki, Avropa Şurasının hər nazına "ləbbeyk!" deyənlər cini açıb buraxıblar azadlığa, indisə nə illah eləyirlər, geriyə qaytara bilmirlər.

Paradoks alınır. Deməli, müvafiq təhsili, peşəyönümü olmayanlar gedib nəinki həkim, müəllim, mühəndis, heç feldşer, çilingər da işləyə bilməzlər. Amma asanlıqla qəzet açıb səhifələrindən ağızlarına (təəssüflər olsun ki, ağıllarına gələn də ondan artıq olmur) gələn latayırı püskürürlər. Azərbaycan Mətbuat Şurasının "Qara siyahı" deyilən bir siyahısı var və bu siyahının cəmiyyətdə korrupsiya, rüşvət kimi patalogiyalara beşiklik edən hər hansı bir başqa sahə deyil, məhz jurnalistika ilə bağlı olması bizləri ağrıdır, peşman edir. Bəli, dəniz ağuşuna düşmüş təsadüfi, yad cisimləri dalğaları ilə vurub sahilə atdığı, özündən uzaqlaşdırdığı kimi, günümüzün mətbuatı da öz cərgələrini təmizləmək, sözü ehtikar buxov və inhisarlardan qorumaq məqsədilə bir bioloji yaşam mücadiləsi verir, öz "inzibati ərazisində" ictimai sanitar, el dilində desək, "kommunxoz" funksiyasını həyata keçirir. Heç şübhəsiz, belə bir könüllü "iməcilik"də toplumun qınağı, ictimai məzəmmət, cəmiyyətdən gələn sosial sifariş də az rol oynamayıb. Amma bu təmizlik əməliyyatında əsas söz sahibi elə sözün özüdür, onun səlahiyyətləndirdiyi peşəkar qələm adamlarıdır. Bilirsiniz, qəzet çıxarmaqla (məhz!) məşğul olan adamlarda sözə ikili münasibət var: biriləri sözün mənfi, neqativ enerjisindən istifadə edib qarınlarını, nəfslərini doyurmağa çalışırlar. Sözün gözəlliyi itir, təravəti solur, abır-isməti ayaqlar altına atılır. Digərləri isə sözdən həqiqəti car çəkmək, dünyanın, insanların, onların əməllərinin gözəlliyini tərənnüm etmək məqsədilə istifadə edirlər. Vasitə məqsədlə uzlaşanda cəmiyyətdə də harmoniya yaranır, əmin-amanlıq hökm sürür.

Beləliklə, içərisində 84 qəzetin adının yer aldığı "Qara siyahı" bu yaxınlarda növbəti dəfə ictimaiyyətin diqqət və mühakiməsinə təqdim olundu. Bəs sonra?.. Yəni, bu gün ölkədə bütün neqativ halların, artıq hamının alışıb adi vəziyyət kimi qəbul etdiyi ayrı-ayrı korrupsiya və rüşvət faktlarının yeganə mənbəyi və məkanı mətbuat camiəsidirmi?! Bu cür düşünmək ən azı korluq, sadəlövhlük, bir qədər də dəqiq ifadə etməyə çalışsaq, ikiüzlülük olardı. Bəli, bu kütləvi ifşa prosesində "pioner"likmi deyim, lap istəyirsiniz Pavlik Morozovluq kimi qəbul edin, təşəbbüs mətbuatın peşəkar, təəssübkeş kəsiminə məxsusdur. Amma "sonuncu mogikan" da olmaq istəmirik axı! Məgər bu təşəbbüsə qoşulanlar olmayacaqmı? Əgər mətbuatın bir ictimai institut, sosial seqment kimi ləğvi ilə cəmiyyətdə "qurdla quzu yanaşı otlayacaq", zalım basıb məzlumun haqqını yeməyəcək, bürokrat sıradan vətəndaşı xamlamayacaq, rüşvətin, müftəxorluğun kökü birdəfəlik kəsiləcəksə, həqiqi vətənpərvər kimi belə bir qurbana razı olmaya bilmərik. Fəqət!

Biz mətbuatın bozluğunu da, sarılığını da, hələ lap desən, qıpqırmızılığını da qəbul edirik. Bu fakt özünün həyasızlığı, miskinliyi, iyrəncliyi ilə o qədər qabarıb ki, bayaq qeyd etdiyimiz tək, həqiqi jurnalistikanın utanc yerinə çevrilib. Ancaq bu "qarayara" heç vəchlə ictimai münasibətlərin başqa bir sahəsində olduğundan çox deyil ki, azdır. Di gəl, hər hansı bir məmurun, bir prokuror, rəis, hakimin, yaxud həkim, müəllimin mətbuatda çıxış edərək öz həmkarlarını əyri əməllərdə ittiham etdiyini, qeyri-peşəkarlıqda suçladığını görmüsünüzmü?! Olmazmı ki, bir "qara siyahı" da onlar tərtib edib aləmə faş etsinlər, millət öz "marallar"ını tanısın? Əsla və bilmərrə! Görünəni budur ki, yalnız jurnalistlər çörəyini yedikləri ocağın paklığını, xeyir-bərəkətini, urvatını qorumaq məqsədilə sıralarına soxulmuş əxlaqsız mirzəciyəzləri ifşa edirlər. Özü də adlı-ünvanlı. Artıq qruplaşmış, cəbhələşmiş bir çetenin qisasından, böhtan və təqibindən qorxub-çəkinmədən.

Demokratiya və humanizm prinsipləri ilə nə qədər üst-üstə düşür, - deyə bilmərik, amma biz mətbuatda bir dəmir əl, söz tarlasında bir qoruq-qaytan tərəfdarıyıq. El arasında bir məsəl var, deyir, yaxşı at özünə qamçı yedirtməz! Biz qəzetlərin adının "reket" elan olunmasını da bir tənbeh proseduru kimi bəyənirik, mətbuata dəxli olduğunu yalnız cibindəki jurnalist vəsiqəsi təsdiq edənlərin məsuliyyətə cəlb olunmasını da qınamırıq. Çünki bir tərəfdə söz və fikir azadlığı ilə bağlı demokratiyanın oturuşmuş fundamental prinsipləri durursa, digər tərəfdə də insan hüquqları, şəxsiyyətin toxunulmazlığı, milli mentalitetin vazkeçilməz dəyərləri dayanır.

Eyni bayağılıq, səviyyəsizlik, qeyri-peşəkarlıq, tərbiyəsizlik bir qədər ayrı formatda, özgə əndazədə, fərqli müstəvidə məmləkətin efir məkanında cövlan edir. Son bir ayda bu barədə çox deyildi, çox yazıldı, amma telekanalların bugünkü fəaliyyəti, proqram siyasəti səslənən tənqidlərin "qoz və minbər" effektindən uzağa getmədiyini sərgiləməkdədir. Bəli, ictimaiyyətə, ictimai şüura, cəmiyyətdəki sosiomədəni dəyərlər kompleksinə daha dərin və effektiv təsir imkanları olan "mavi ekran" artıq nəinki öz birbaşa funksiyalarının öhdəsindən gələ bilmir, heç buna can atmır da. Özünün bütün vizual-yayım imkan və təbliğat-təşviqat resursları ilə nataraz bir monstra çevrilmiş teleməkan cəmiyyətdə uzun illərdən bəri möhkəm rişələrini buraxmış milli-mənəvi dəyərlər sistemini laxlatmaqla xalqın intellektual kəsiminin, düşünən çoxluğunun deyil, mətbəx-dəhliz-obıvatel üçbucağını əhatə edən auditoriyasının televiziyası olmağa üstünlük verdiyini göstərməkdədir. Çünki belə sərf eləyir. Toy müğənnisinin verdiyini alim, ziyalı, peşəkar kontingenti verə bilmir. Buna görə də efirdə "karusel" əməliyyatı gedir: istedadsız müğənni reklam olunur, o da öz növbəsində "toy tutub" xeyirxahlarının "xəcaləti"ndən çıxır. Ortada qazanan xalqın zövq, heysiyyət və mentaliteti ilə "məzə pıqqıldadan" bir ovuc efir dəllalı, itirənsə millətdir, bizik, özümüzük!

Fərqindəyik ki, toxunduğumuz məqamlar ovqatı təlx eləyən məsələlərdir. Ancaq aktualdır. Aqil Abbas da, başqaları da yüzdə-yüz haqlıdırlar; Arif Babayev, Zeynəb Xanlarova, Elmira Rəhimova, Canəli Əkbərov, Səkinə İsmayılova, Alim Qasımov, Azər Zeynalov kimi xalqının sənətkarından sonra üç-dörd çolaq mahnısı ilə "xalq artisti" adı alanlar arasında zəmini-asiman fərq var. Heç vəchlə nəsil dəyişiminin əleyhinə deyilik. Əksinə, sənətkarlıqdan yanayıq. İstedaddan, ədalətdən yanayıq! Amma samanı atın, arpanı ulağın qabağına da qoymazlar axı! Dəvənin ovsarını eşşəyin noxtasına bağlamaq günah deyilmi? Vallah, bəndə götürsə də, Allah götürməyəcək bunu! Sponsorunun "qormutu" ilə maşın, villa almağın yeri var, amma fəxri adların da şıltaq xanım və xanımabənzər bəy müğənnilərin istəyi ilə paylanması ən azı mənəviyyatsızlıqdır. Və bütün bunlardan sonra ən dəhşətlisi budur ki, xalq hər şeyi görür, bilir. Yetişməkdə olan nəslin - xalqın genefondunun zövq mədəniyyəti korlanır, dəyərlər ölçüsü pərsəng vurur! Millətin çocuqları daha alim, mühəndis, kosmonavt, ictimai xadim deyil, müğənni olmaq istəyir, şou-biznes aləminə düşmək arzusu ilə yaşayır. Çünki televiziya məhz belə bir rahat, asan, meşşan, müftəxor, mənəviyyatdan uzaq həyat tərzini tərənnüm edir. Hər bir tərənnümsə öz ictimai funksiyasına görə təbliğatdır. Daha həmin məqama kim hansı yolla çatacaq, bu, heç kimi maraqlandırmır. Belələrinə ulu öndər Heydər Əliyevin 2001-ci ilin avqustunda səslənmiş mənəviyyatla bağlı bəyanatını bir daha oxumağı məsləhət görərdik. Ələlxüsus da sponsor "əmi"lərə.

Heç də uzaq olmayan bir tarixin söhbətidir. Bu gün qələmi ilə deyil, daha çox cəbhə hakimiyyəti, eləcə də sonrakı dövrdə indiki hakimiyyətə dözülməz münasibətilə seçilən, sonralar isə "haqqın yolunu" tapan bir mətbuat funksioneri ilə qəribə dialoqumuz alındı. "Uğurlu transfer" əməliyyatı sayəsində oğlunu nüfuzlu ali məktəbin nüfuzlu fakültəsinə qəbul elətdirən, təzəlikcə isə "novostroyka"da mənzillə ənamlandırılan tanışım öz aləmində ironiya ilə soruşdu:

- Bir belə ki bu dövləti təbliğ eləyirsiz, bir evdən-filandan verib eləyirlər sizlərə?

- Yox, əlinizdən mafar var ki!.. - dedim. - Bizə çatasını da sizə verirlər.

İnanmıram ki, bu cavabımı ciddi qəbul etdi. Qeyri-ixtiyari Həzrət Əlinin (ə.s.) bir hədisini xatırladım: "Düşməni məhv etməyin ən asan yolu onu dosta çevirməkdir". Bütün zamanlarda və elə bu gün də aktual olan ən optimal taktiki-ideoloji fənd!

İstər mətbuat camiəsində, istərsə də ictimai həyatın digər sahələrində yer almış bu cür "əqidə transferlərinin", vicdan bazarlıqlarının, liberal assimilyasiyaların nədənləri barədə düşünməyə ehtiyac yoxdur, çünki səbəblər üzdə olacaq qədər bəsitdir; lüğəvi söz ehtiyatımızdan çıxıb arxaikləşmiş əqidə, ideya, prinsip... Bəzilərinə onlarsız yaşamaq çox rahat və asan, bəzilərinə isə onlarsız qalmaq cəhənnəm əzabıdır. Bəli, bu gün çox suala cavab tapmaqda acizik. Çünki insanın ən böyük faciəsi, mənəviyyatın məhşəri yerin səhv düşməsi, şəxsiyyətin ikiləşməsi ilə bağlıdır.

Qayıdaq öz mövzumuza. Bu gün jurnalist üzdə olan peşə adamıdır. Və əsl jurnalist (bu təyini işlətməyə məhkumuq), peşəkar qələm sahibi pul ifadəsində deyil, öz sözü, əqidəsi, mövqeyi, dövlətçiliyə sədaqəti ilə varlıdır. Başqa peşə adamları özlərinə gün-güzəran qurduqları, sabahlarına tədarük topladıqları bir vaxtda qəzetçilər başlarını aşağı salıb dövlətə, vətənə, xalqa xidmət edirlər, rahat mənzilin, yaxşı qazancın dadını sözlə ülfətdən çıxarırlar! Bəndənin müti muzduruna çevrilməkdənsə sözün munis sirdaşı olmaqdan böyük xoşbəxtlikmi var?!

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2009.- 11 noyabr.- S. 7.