"Süfrədən elə dur ki, gözün yeməyin
dalınca qalsın"
Bir vaxtlar köklük
firavanlığın başlıca əlamətlərindən
hesab olunurdu. Şişman, yekəqarın, peysərinin
köklüyündən qulaqları qatlanan kişilər, əndamlı
xanımlar məclislərin yaraşığına
çevrilərdi. Arıq, cılız, nərmənazik
adamlar belələrinin yanında nədənsə
sıxılar, özlərinə yer tapmazdılar. Hansısa vəzifəyə
təyinatı vaxtı da bədənin çəkisi,
boy-buxun nəzərə alınardı. Birinci şəxslər
tabeliklərindəkindən cüssəli, "zəhmli"
olmalı idilər. Bütün bunlar yazılmamış
qanunun pozulmaz bəndləri kimi gündəmdə olurdu.
Yaxşı yadımdadır,
ötən əsrin 70-ci illərində Qəbələdə
orta məktəb yoldaşlarımdan biri ilə rastlaşanda
gözlərimə inanmadım. Sinfimizin ən
arıq, amma sağlam, ucaboy şagirdi indi tosqun, eni ilə
uzunu bir olan nəhəng bir kişiyə çevrilmişdi.
Özünü çox ciddi aparmağa
çalışırdı. Halbuki bir vaxtlar sinfimizin, hətta
məktəbin ən məzəlisi, zarafatcılı
sayılırdı. Hal-əhval tutduq. Dedi ki, iki il əvvəl
kəndlərindəki kolxoza sədr seçiblər, yaxın
vaxtlarda isə Aqroproma (Kənd Təsərrüfatı
İdarəsi nəzərdə tutulur) rəhbər keçəcək.
Gözləri balacalaşmış, qızıləhmədi
almasını xatırladan yanaqları, sallaq buxağı,
qatlanmış qulağı vaxtilə "Kirpi"
jurnalında dərc olunan karikaturaları yada salırdı.
Dözmədim, niyə belə kökəlməsinin səbəblərini
soruşdum. Qayıdıb nə desə yaxşıdır:
"Qardaş, sədr olan şəxs elə mənim kimi bu
cür bazburutlu olmalıdır". Sonra əli ilə xeyli irəli
çıxmış qarnını sığallayıb
"Dost-düşmən var, qoy deməsinlər ki, acından
ölür, özünə korluq verir" dedi. Vaxtilə bir
sinifdə oxuduğum, yorulmaq bilmədən ora-bura
qacdığımız, zarafatlaşdığımız
dostuma heç nə demədim. Bildim ki, nə desəm, xətrinə
dəyəcək. Buna isə yol vermək olmazdı. Kim bilir,
nə vaxtsa yenidən görüşmək qismətimiz
olacaqdı, ya yox...
Vəzifə "tələblərinə
və qanunauyğunluqlarına" görə hədsiz
çəki qazanan dostum, deyilənə görə, vəzifəsini
itirəndən sonra xeyli arıqlayıb. Birinci şəxs
olduğu vaxt aldığı kostyumları, ayaqqabıları
daha geyinə bilmir. Arıqlamaq, görünür, bəzi fəsadlar
da qoyub sir-sifətində, bədənində.
Danışırlar ki, üzünün dərisi xeyli
sallanıb, əllərinin, qollarının damarları
çıxıb, gözləri çuxura düşüb.
Yerişi, duruşu da əvvəlki deyil.
Düşünülmüş şəkildə piyləndirilmiş
bədənin birdən-birə sürətlə əriməsi
fizioloji dəyişikliklərlə yanaşı, mənəvi-psixoloji
sarsıntılarsız da keçmir axıE
Müasir oxucu misal gətirdiyim
faktın üstündən, çox güman ki, saymazyana
keçməyəcək. Sovet dövrünün bu gün də
gərəkli olan, faydalanası dəyərləri az deyil. Bunu gizlətmək insafsızlıq olardı. Amma
deputatlığa mütləq çobanı, yaxud
sağıcını da seçməyin, özü də
boy-buxunu, yaraşığı, evliliyi-subaylığı
mütləq nəzərə almağın qəti tələb
kimi qoyulması, vəzifə başında oturanın mütləq
boylu-buxunlu, bazburutlu olmasının nəzərə
alınması da acı bir xatirə kimi bu gün yaddaşlardadır.
Vaxt ötüb, indi həyatımıza yeni dəyərlər
gəlib. İnsanlar artıq çəkidən çox
sürətlə uzaqlaşmağa çalışır,
sağlam həyat tərzini özlərinin dəyişməz
ideallarına çevirirlər. Vəzifə testlərində
də fizioloji-bioloji faktorlar nəzərə alınmır.
Cavanlar daha şux, enerjili görünmək üçün
az yeməyə çalışır, idmanla məşğul
olur, tez-tez səyahətlərə çıxır, təmiz
havada gəzməyi üstün tuturlar. Bəzi istisnalar olsa
da, köklük adlı xoşagəlməz və arzuolunmaz bəladan
uzaq olmaq indi hər kəsin amalına çevrilib.
Bəs köklükdən,
artıq çəkidən necə yaxa qurtarmaq olar? Bu məsələdə
birinci və pozulmaz şərt qidalanmadır. Düzgün
qidalanmaq sağlam həyat tərzinin mühüm tərkib
hissəsidir. Yunan filosofu Aristotelin "çox yeyənlər
deyil, ən vacib qidanı qəbul edənlər sağlam ola bilərlər"
fikrini özü üçün həyati prinsipə
çevirənlər məqsədə daha tez
çatırlar. Orqanizmin normal inkişafını təmin
etmək, sağlamlığını, yüksək iş
qabiliyyətini saxlamaq, nəhayət, uzun ömür sürmək
insanın nə qədər və nə yeməsi ilə
şərtlənir.
Hələ qədimlərdə
babalarımız məsləhət bilirdi ki, süfrənin
arxasından doymamış qalxmaq gərəkdir.
Çünki çox yemək adamı az yeməkdən də
qoyur. İbn Sina deyirdi ki, yediyinizi həzm etmədən təkrar
yeməkdən çəkinin, məhz ona görə ki,
bütün xəstəliklərin səbəbi çox yeməkdir.
Ölkəmizdə dietologiyanın bir elm səviyyəsinə
qalxmasında müstəsna xidmətləri olan tibb elmləri
doktoru, professor Maqsud Qasımov "Sağlam həyat tərzi
uğrunda" kitabında yazır: "Çəkisi həddən
artıq olan şəxslər çox vaxt deyirlər ki,
heç də başqalarından çox yemirlər, əksinə,
az yeyirlər, çəkilərinin artıq olmasını isə
maddələr mübadiləsinin pozulması ilə əlaqələndirirlər.
Onlar səbəblə nəticəni səhv salırlar.
Müşahidələr göstərir ki, çəkisi
artıq olan və maddələr mübadiləsi pozulmuş
şəxslərin 98 faizində bu əlamət artıq
çəki yarandıqdan sonra nəzərə
çarpmışdır. Xəstələrin cəmi iki
faizində maddələr mübadiləsinin pozulması
artıq çəkinin yaranması səbəbindəndir".
İndi dünyanın bir sıra
ölkələrində artıq çəki insanları
narahat edən başlıca problemlərdən birinə
çevrilmişdir. Mütəxəssislər
kökəlməni bir sıra xəstəliklərə rəvac
verən, arzuolunmaz fəsadlara yol açan bir əlamət
kimi xarakterizə edirlər. Çəkinin həddən
artıq olması, bununla da maddələr mübadiləsinin
pozulması, ürək-damar, qaraciyər, şəkərli
diabet, böyrək, daxili sekresiya vəzlərinin bir
sıra xəstəliklərinə, hətta xərçəngə
tutulma ehtimalını qat-qat artırır, orqanizmin bu fəsadlara
qarşı müqavimətini azaldır. Unutmamalıyıq
ki, gənc yaşlarında yaranan və ömür boyu saxlanan
artıq çəki insan həyatını orta hesabla 7-8 il
qısaldır.
Hazırda cəmiyyətimizdə
belə bir fikir formalaşıb ki, yağlı yeməklər
yeyənlər kökəlməyə daha çox məruz
qalırlar. Lakin şəkər və
şirniyyatdan istifadəyə üstünlük verənlər
daha tez kökəlirlər. Əla növ undan hazırlanan
müxtəlif cür çörəklər, qənnadı,
makaron məmulatı, düyü və yarmalar kökəlməni
sürətləndirən qida məhsullarındandır. Ət
və ət məhsulları, balıq, süd, yumurta
artıq çəki yaranmasına səbəb olan faktorlardan
olsa da, bunlar çox miqdarda işlənmir. Qida rasionunda tərəvəz
və meyvələr də azlıq təşkil edir. Bununla əlaqədar
problemləri yoluna qoymaq, qida rejiminə ciddi əməl etmək
olduqca zəruridir. Gündə neçə dəfə yeməyin
əhəmiyyətini də unutmaq olmaz. Hər gün 5-6 dəfə
az miqdarda qida qəbul etmək, meyvə və tərəvəzə
üstünlük vermək olduqca xeyirlidir. Qısa müddətdə
arıqlamağa çalışmaq isə qətiyyən
düzgün deyil. Bu, zəifləməyə, tez yorulmağa,
başgicəllənməyə səbəb ola bilər. Ev
şəraitində arıqlamağın münasib sürəti
həftədə yarım kiloqramdır və heç vəchlə
bir kiloqramdan artıq olmamalıdır. Aclıqla
özünümüalicəyə də yol verilməməlidir.
Dietoloqlar belə bir elmi nəticəyə
gəlmişlər ki, müntəzəmlik düzgün
qidalanmada mühüm rol oynayır. Qidalanmanın
müntəzəm olması anlayışı, əvvələn,
gün ərzində qida qəbulunun sayının, ikincisi,
sutkalıq rasionun ayrı-ayrı qida qəbulları
arasında düzgün bölünməsini,
üçüncüsü, qida qəbulunun sutkanın müəyyən
vaxtına uyğunlaşdırılmasını nəzərdə
tutur. Bu qaydalara düzgün əməl olunarsa, orqanizm
qida rejiminə öyrənər, iştaha vaxtında oyanar,
vaxtında yuxu gələr, fiziki və zehni iş qabiliyyəti
yüksələr. Təəssüf ki, düzgün qida
rejiminə əməl edənlər o qədər də
çox deyil. Gah sürüşkən qrafik, gah ictimai iş,
gah da hər cür gözlənilməz vəziyyət buna
mane olur. Lakin öz sağlamlığını
qorumağı bacaran, canının qədrini bilən insanlar
hər cür maneələri geri qoymaqla istədiklərinə
nail olurlar. Professor Maqsud Qasımov bununla bağlı şahidi
olduğu bir əhvalatı danışdı: "Bir dəfə
mühazirə vaxtı birdən nəsə yeməyə
başlayan tələbə qız diqqətimi cəlb etdi.
Birinci dəfə məzəmmət etmədim, fikirləşdim
ki, hansı bir xüsusi təsadüfsə onu bu cür hərəkətə
məcbur etmişdi. Lakin ikinci və üçüncü məşğələlərdə
də eyni şey təkrar olundu. Bu dəfə onu məzəmmət
etməli oldum: "Axı fasilə vaxtı var, bir az gözləmək
olmazdımı?" Tələbə qız sakitcə cavab
verdi ki, mədə xorası olduğundan ciddi rejim üzrə
qidalanmalıdır. Etiraz etməyə yer qalmırdı. Dedim
ki, belə isə, nuş olsun, öz
sağlamlığına hörmət edən bir adam kimi
sizinlə həmişə fəxr edəcəyəm. O vaxtdan
illər keçdi. Bu yaxınlarda bildim ki, tələbəm
şəhər poliklinikalarının birində işləyir.
Lakin harada olursa-olsun - səhiyyə şöbəsinin
iclasında, baş həkimin yanında və ya öz
kabinetində, fərqi yoxdur, heç kimdən
utanıb-çəkinmədən saat 13.00-da
çantasından bir şey çıxarıb yeməyə
başlayır".
Bir çox ölkələrdə
insanlar öz sağlamlıqlarına qayğı ilə
yanaşmağa adət etmiş, bunu bir qanun şəklinə
salmışlar. Hər kəs heç bir şərtiliyə
məhəl qoymadan qrafik üzrə qidalanmağa
çalışır. Təəssüf ki, çoxumuz
nizamsız surətdə qidalanmaqla ömrümüzü nə
qədər qısaltdığımızın fərqində
deyilik. Həddən artıq yemək kimi, yəqin ki, bu da
ömrümüzü heç olmasa 7-8 il gödəldir. Bəziləri
siqaret və alkoqolun köməyi ilə bu rəqəmi bir az
da artırır. Daha yerdə nə qaldı? Bədbəxt
hadisələrin, təbii fəlakətlərin, stress və
digər fəsadların "bəxş etdiyi" sürprizləri
də yada salsaq, sağlamlığımız haqqında daha
çox düşünməli və müdriklərin məsləhətlərini
qulaqardına vurmamalıyıq.
Akif CABBARLI
Azərbaycan.- 2009.-11 noyabr.- S. 7.