Azərbaycan Respublikası Sənaye və Energetika
Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Sənaye
və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin
etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikası
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə
olunur).
2. Alternativ və bərpa olunan
enerji mənbələri üzrə fəaliyyət (layihələndirmə,
tikinti, istismar) Azərbaycan Respublikasının Sənaye və
Energetika Nazirliyi tərəfindən verilən xüsusi icazə
əsasında həyata keçirilsin.
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
3.1. alternativ və bərpa olunan
enerji mənbələri üzrə fəaliyyətə
xüsusi icazə verilməsi qaydalarını təsdiq etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.2. qüvvədə olan normativ
hüquqi aktların bu fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.3. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2009-cu il
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 1.