Azərbaycan Nazirlər Kabinetində görüş
Noyabrın 11-də Azərbaycanın
Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə
olan Türkiyənin dövlət naziri Hayati Yazıcinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Ümummilli liderimiz Heydər Əliyevin
"Bir millət, iki dövlət" kəlamını
xatırladan, Azərbaycan və Türkiyə arasında
dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini
diqqətə çatdıran Baş nazir Artur Rasizadə
ölkələrimiz arasında münasibətlərin
bütün istiqamətlər üzrə, o cümlədən
gömrük və ticarət sahələrində də
inkişaf etdiyini bildirmiş, Azərbaycanın ən çətin
anlarında Türkiyəni həmişə öz yanında
hiss etdiyini vurğulamışdır.
Baş nazir ölkələrimiz
arasında əlaqələrin inkişafında dövlətlərimizin
başçılarının qarşılıqlı səfərlərinin,
rəsmi görüşlərin əhəmiyyətini də nəzərə
çarpdırmışdır. A.Rasizadə dünyanı
bürümüş maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan
iqtisadiyyatının dinamik inkişaf etdiyini söyləmişdir.
Türkiyənin dövlət
naziri Hayati Yazıci Azərbaycana ilk səfəri çərçivəsində
Bakıda keçirilən "İpək Yolu" ölkələri
arasında ticarətə yardım və onun
asanlaşdırılması üzrə gömrük idarələrinin
roluna dair ikinci Beynəlxalq forumda iştirak etdiyini diqqətə
çatdırmış və tədbir barədə A.Rasizadəyə
məlumat vermişdir. Vurğulamışdır ki,
"İpək Yolu" ölkələri arasında ticarət
əlaqələri getdikcə genişlənir.
Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıçın iştirakı ilə
keçən görüşdə bir sıra məsələlər
əfrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 1.