2010-cu ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi davam edir

 

Deputat Əli Əhmədov bildirdi ki, dünyanın əksər ölkələrini bürüyən maliyyə-iqtisadi böhran həm də onların iqtisadiyyatlarının həqiqi qiymətini verdi. Çox az ölkənin iqtisadiyyatı bu böhranın sınağından təsirsiz çıxdı. Bu ölkələrdən biri də Azərbaycandır. Bunun fonunda Azərbaycanın müxalifət təmsilçilərinin ölkəmizin iqtisadiyyatını, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasəti tənqid etmələri mənasız məşğuliyyətdən başqa bir şey deyildir. Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qlobal böhran şəraitində heç bir sosial sarsıntıya, əhalinin maddi rifahının aşağı düşməsinə, işsizliyin yaranmasına imkan verilmədi. Böhranın Azərbaycan iqtisadiyyatına təsirinin qarşısını almaq üçün seçilən yollar da özünün unikallığı ilə fərqlənir. Bütün bunların nəticəsində Azərbaycan dünyanı bürüyən iqtisadi böhranın təsirlərinə məruz qalmadı. Ən əsası ondan ibarətdir ki, bu böhran Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin, xüsusilə də neft gəlirlərinin xərclənməsi üçün seçilmiş taktikanın yeganə, düzgün və alternativsiz olduğunu bir daha ortaya qoydu.

Əli Əhmədovun sözlərinə görə, dövlət büdcəsi iki başlıca funksiyanı yerinə yetirir. Bunun biri ölkənin maliyyə ehtiyaclarının ödənilməsi, ikincisi sosial-iqtisadi inkişafının stimullaşdırılmasıdır. 2010-cu ilin büdcə layihəsi həm birinci, həm də ikinci funksiyanın yerinə yetirilməsi baxımından kifayət qədər əsaslı şəkildə hazırlanıb. Növbəti ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyatutumludur. 2010-cu ilin dövlət büdcəsi ölkəmizin növbəti ildə də sosial və iqtisadi inkişafının təmin edilməsi üçün çox ciddi əsas yaradır.

Əli Əhmədov bəzi təkliflərini də irəli sürdü, respublikanın regionlarının gəlirləri ilə xərcləri arasında balansın yaradılmasının vacibliyini önə çəkdi. Hökumət ona nail olmağa səy göstərməlidir ki, Azərbaycanın inzibati ərazi subyektlərinin iqtisadi və sosial fəaliyyətinə qiymət verilməsi büdcədən ayrılan vəsaitlər hesabına görülən işlər əsasında yox, hər bir inzibati ərazi subyektinin gəlirləri hesabına olsun.

Əli Əhmədov onu da təklif etdi ki, xaricdə təhsil alıb gələn gənclərin Azərbaycanın inkişafının bütün istiqamətlərində iştirakının təmin edilməsi üçün ayrıca dövlət proqramının hazırlanmasına ehtiyac var.

Növbəti ilin büdcəsinin ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşmasına xidmət edəcəyini deyən deputat Sevindik Hətəmov diqqəti daha çox məcburi köçkünlərlə bağlı həllini gözləyən məsələlərə yönəltdi. Bildirdi ki, Laçın rayonundan olan 14 minədək məcburi köçkün Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Amma onların müəyyən problemləri hələ də qalmaqdadır. Sevindik Hətəmov hökumət rəsmilərindən bu problemlərin yoluna qoyulmasına diqqət göstərilməsini xahiş etdi.

Deputat Mirkazım Kazımov aqrar sahəyə göstərilən diqqət və qayğıdan söz açdı. Qeyd etdi ki, büdcə layihəsində nəzərdə tutulan vəsaitlər növbəti ildə də aqrar sektorun yüksəlişini təmin edəcək. Meliorasiya və irriqasiya tədbirlərindən söz açan Mirkazım Kazımov bunların ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini dedi. Onun fikrincə, dövlət proqramlarının icrası üçün büdcə layihəsində maliyyə vəsaitlərinin nəzərdə tutulması çox müsbət haldır. Mirkazım Kazımov onu da bildirdi ki, gələn il yaşayış minimumunun və ehtiyac meyarının artırılmasının nəzərdə tutulması vətəndaşların sosial rifahına xidmət edir.

Büdcə layihəsi ilə bağlı maliyyə nazirinin və Hesablama Palatası sədrinin təqdimatlarının kifayət qədər əsaslandırılmış olduğunu deyən deputat Fəzail İbrahimlinin fikrincə, mədəniyyət sahəsinə daha artıq diqqət yetirmək lazımdır. Deputat 80 kəndin sakinlərinin istifadə etdiyi Cəlilabad-Yardımlı yolunun bərpasının başa çatdırılmasının vacibliyini də önə çəkdi. Uzunluğu 70 kilometr olan bu yol kəndləri rayon mərkəzləri ilə birləşdirən yeganə vasitədir. Sovet illərində çəkilən bu yol sonradan bərbad vəziyyətə düşdüyündən qış aylarında ondan istifadə etmək olmur.

Deputat Cəlilabadın əsasən ruslar yaşayan Privolnı kəndini rayon mərkəzi ilə birləşdirən və son dərəcə bərbad vəziyyətdə olan avtomobil yolunun yenidən qurulması, şəhər statusu almış Göytəpədə mədəniyyət evinin tikintisi ilə bağlı təkliflərini də diqqətə çatdırdı.

Deputat Əhəd Abıyev sosial proqramların davam etdirilməsi, yoxsulluğun azaldılması, sosial infrastrukturun yeniləşdirilməsi, ərzaq təhlükəsizliyi ilə bağlı gələn ilin büdcə layihəsində çoxsaylı tədbirlərin nəzərdə tutulmasını yüksək qiymətləndirdi. Qeyd etdi ki, büdcə layihəsində elmin, təhsilin, səhiyyənin və mədəniyyətin maliyyələşdirilməsinə olan yüksək qayğı olduqca müsbət haldır və ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Əhəd Abıyev təəssüflə qeyd etdi ki, bəzi iqtisadçı olmayan insanlar dövlət büdcəsi layihəsinin təqdim olunmuş formada qəbul olunmasının onun icrasında böyük problemlər yaradacağını söyləyirlər. Bu insanlar büdcə layihəsi ilə bağlı müxalifət qəzetlərində əsası olmayan fərziyyələr yürüdürlər. Azərbaycan hökuməti 2010-cu ilin büdcəsinin tərtibi zamanı ölkənin maliyyə və iqtisadi siyasətini tam nəzərə alıb. Büdcə ilə bağlı əsassız fikirlər söyləyənlər Hesablama Palatasının dövlət büdcəsinin layihəsi ilə bağlı rəyini oxuya bilərlər.

Əhəd Abıyev büdcə layihəsinin yüksək səviyyədə tərtibi ilə əlaqədar Maliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi. Onun sözlərinə görə, 2010-cu ilin büdcə layihəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan xalqının sosial rifahının yaxşılaşmasına, ölkənin hərbi qüdrətinin artmasına, sosial sahələrin, nəqliyyatın və yol infrastrukturunun, aqrar sektorun daha da inkişafına zəmin yaradacaqdır.

Deputat Məjlum Şükürovun sözlərinə görə, gələn ilin büdcə layihəsi olduqca ölçülüb-biçilmiş və ehtiyatlı şəkildə tərtib olunmuşdur. Layihədə aqrar sahə üçün nəzərdə tutulmuş vəsaitlər növbəti ildə də ölkəmizdə kənd təsərrüfatının inkişafını təmin edəcək. Məjlum Şükürov bəzi təkliflərlə də çıxış etdi. Bildirdi ki, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən kənd təsərrüfatı texnikalarının sayının artırılmasına ehtiyac var. Deputat kəndlərin təbii qazla təmin edilməsi və kənd yollarının bərpası və yenidənqurulması ilə bağlı fikirlərini də diqqətə çatdırdı.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında dedi ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu və dərin elmi əsaslara söykənən iqtisadi siyasəti nəticəsində ölkəmiz bütün dünyada cərəyan edən maliyyə-iqtisadi böhran şəraitində belə, iqtisadi inkişafına görə liderliyini qoruyub saxlaya bilib. Büdcə layihəsindən söz açan komitə sədri bildirdi ki, növbəti ildə aqrar sahəyə ayrılacaq vəsaitin büdcə xərclərinin tərkibində 3,4 faiz təşkil etməsi, cari ilə nisbətən isə 15 faiz artırılması dövlətimizin bu sferanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ölkəmizdə aqrar sahədə yeni inkişaf mərhələsinin başladığını deyən Eldar İbrahimovun sözlərinə görə, indi əsas vəzifələrdən biri yeni texnologiyaların tətbiqi ilə rəqabətədavamlı kənd təsərrüfatı məhsulları istehsal etməkdir. Onun fikrincə, bunun üçün kooperasiyalar da inkişaf etdirilməlidir. Komitə sədri büdcədə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikintisi üçün vəsaitin nəzərdə tutulmasını təklif etdi. Eldar İbrahimov kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı bəzi məsələləri də diqqətə çatdırdı, bunda "Azərittifaq"ın imkanlarından istifadənin mümkünlüyünü önə çəkdi.

Eldar İbrahimov damazlıq heyvandarlığın və toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı təkliflərini də irəli sürdü.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə 2010-cu ilin büdcə layihəsinin cəmiyyətdə böyük maraqla qarşılandığını dedi. Onun sözlərinə görə, ölkəmizin 2009-cu il üçün dövlət büdcəsi dünyada cərəyan edən dərin maliyyə-iqtisadi böhrana qarşı duruş gətirdi. 2009-cu ildə büdcədə əksini tapmış əsas prinsiplərin 2010-cu ildə də davam etdirilməsi olduqca müsbət haldır.

Deputat 2010-cu ildə də təhlükəsizlik və müdafiə xərclərinin yüksək səviyyədə saxlanılmasını təqdir etdi. Çünki güclü ordu faktoru işğalçı Ermənistana Azərbaycanın mövqeyini qəbul etdirmək üçün əsas şərtlərdən biridir.

Aydın Mirzəzadə daha sonra Mingəçevir Politexnik Universiteti üçün yeni binanın tikintisi və bu ali məktəbin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı təkliflərini verdi.

Deputat Tahir Süleymanov qeyd etdi ki, gələn ilin büdcəsi də ölkəmizin dinamik inkişafını təmin edəcəkdir. Çünki büdcə layihəsində bu inkişafı şərtləndirən bütün amillər öz əksini tapmışdır. Layihədə bütün sahələrin yüksəlişinə qayğı ilə yanaşılıb. Bunlar göstərir ki, Azərbaycan hakimiyyəti ölkənin kompleks inkişafı və vətəndaşlarının sosial rifahının yüksəlişi üçün lazım olan nə varsa hamısını edir.

Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev büdcə layihəsinin kifayət qədər əsaslandırılmış şəkildə hazırlandığını və növbəti ildə ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verəcəyini qeyd etdi. Musa Quliyev xərclərlə bağlı bəzi təkliflərini verdi. Bildirdi ki, büdcədən xarici ölkələrdə tibbi kadrların yetişdirilməsi üçün vəsaitin ayrılması bu gün çox vacib məsələlərdən biridir. Musa Quliyev 2010-cu ildə büdcədən ünvanlı sosial yardım üçün ayrılan vəsaitin, eləcə də qeyri-hökumət təşkilatlarına dəstək məqsədilə ayrılan vəsaitlərin bir qədər artırılmasını təklif etdi.

Deputat Səttar Möhbalıyev bildirdi ki, büdcə layihəsinin tərtibi zamanı dünyada gedən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına təsiri dərindən təhlil edilmişdir. Onun sözlərinə görə, hazırda dünyada neftin bir barelinin qiyməti 78-80 dollardır. Ekspertlərin fikrincə, növbəti ildə neftin qiyməti orta hesabla 65-70 dollar olacaq. Bu onu göstərir ki, neft satışından əlavə maliyyə imkanları yaranacaqdır. Səttar Möhbalıyev aidiyyəti qurumlar tərəfindən bu vəsaitin istifadəsi ilə bağlı ehtiyat planı hazırlanmasını təklif etdi.

Gələn ilin büdcə layihəsinin mükəmməl olduğunu deyən deputat Yaqub Mahmudov sosial məsələlərə ötən illərdə olduğu kimi diqqət yetirilməsini yüksək qiymətləndirdi. Bununla yanaşı Yaqub Mahmudov elmə ayrılan vəsaitin bir qədər çoxaldılmasını, bu sahədə çalışanların məvaciblərinin artırılmasını təklif etdi. Onun sözlərinə görə, bu gün elm sahəsində çalışanların məvacibi ölkə üzrə orta aylıq əməkhaqqından azdır.

Şəki rayonu ilə bağlı təkliflərini diqqətə çatdıran Yaqub Mahmudov Gəncə ilə Naxçıvan arasında təyyarə reysinin açılmasının vacibliyini qeyd etdi. Onun fikrincə, bu təyyarə reysinin açılması blokada vəziyyətində olan Naxçıvana böyük kömək olar.

İclasda deputatlardan Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Vasif Əliyev, Rafiq Məmmədhəsənov, Qənirə Paşayeva, Elmira Axundova, Asim Mollazadə, Jalə Əliyeva, Əli Məsimli və digərləri 2010-cu ilin büdcə layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər.

Növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirəsi bu gün davam etdiriləcək.

 

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 2.