Heydər Əliyev Fondunda "Azərbaycan
muğamı" multimedia toplusunun və "Muğam aləmi"
nəşrinin təqdimatı olmuşdur
Noyabrın 11-də Heydər Əliyev
Fondunda "Azərbaycan muğamı" multimedia toplusunun və
"Muğam aləmi" nəşrinin təqdimatı
olmuşdur. Heydər Əliyev Fondunun 2005-ci ildən həyata
keçirdiyi "Azərbaycan muğamları" layihəsi
çərçivəsində 24 virtuoz muğam
ustadının ifaları toplanmış "Qarabağ xanəndələri"
musiqi albomu böyük maraqla qarşılanan ilk və
uğurlu iş olmuşdu. Fond tərəfindən 2008-ci ildə
hazırlanan "Muğam ensiklopediyası" qədim musiqi
irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr
kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq
Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə
respublika muğam müsabiqələrinin, 2009-cu ildə
dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq
Muğam Festivalının keçirilməsi qədim
ifaçılıq ənənələrini inkişaf etdirərək
gənc istedadlı xanəndələri üzə
çıxarmaq və muğam sənətini dünyada təbliğ
etmək məqsədi daşıyır.
Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri "Azərbaycan muğamı" interaktiv audiovizual multimedia toplusu və "Muğam aləmi" nəşridir.
Fondun "Azərbaycan
muğamları" layihəsi çərçivəsində
tədris vəsaiti kimi təqdim olunan "Azərbaycan
muğamı" multimedia toplusu musiqi irsimizin ən qiymətli
incisi olan muğamın növlərini, janrlarını, mənşəyini,
quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini
ətraflı şərh edir. "Azərbaycan
muğamı" interaktiv audiovizual multmedia toplusu 8 diskdən
ibarətdir. Toplu Azərbaycan və ingilis dillərində
hazırlanmışdır.
Dərs vəsaiti kimi nəzərdə
tutulmuş birinci disk 6 bölmədən -
"Muğamlar", "Muğam notları", "Simfonik
muğamlar", "Milli musiqi alətləri", "Şəxsiyyətlər"
və "Lüğət" bölmələrindən ibarətdir.
"Muğamlar" bölməsində muğam dəstgahları,
kiçik həcmli muğamlar, zərb muğamlar,
"Muğam notları" bölməsində Azərbaycanın
7 əsas muğamının notları təqdim olunur. Azərbaycanın
simfonik muğamları haqqında ümumi məlumat, Fikrət
Əmirov və Niyazinin simfonik muğamları "Simfonik
muğamlar" bölməsində yerləşir. "Milli
musiqi alətləri" bölməsində qədim musiqi alətlərimizin
interaktiv mündəricatı təqdim edilir, hər bir alət
haqqında ətraflı məlumat verilir. "Şəxsiyyətlər"
bölməsində Azərbaycan muğam sənətində
sözünü demiş sənətkarların və bu sahədə
tədqiqat aparanların, muğamın inkişafına
böyük dəstək olan insanların, alimlərin, musiqi
xadimlərinin həyatı və
yaradıcılığı barədə məlumat
vardır. "Lüğət" bölməsində
muğam sənətinə aid 300-ə yaxın sözün
izahı verilmişdir.
İkinci və
üçüncü disk "Muğam dəstgahları"
adlanır. İkinci diskdə "Rast", "Şur",
"Çahargah", üçüncü diskdə isə
"Segah", "Şüştər",
"Bayatı-Şiraz" və "Humayun"
muğamları yazılmışdır. İstənilən
muğamı seçib dinləmək mümkündür. Bu
disklərdə hər bir muğamın şöbə və
guşələri təqdim olunur.
Kiçik həcmli
"Qatar", "Rəhab", "Şahnaz" və
"Bayatı-kürd" muğamları dördüncü
diskdədir.
Beşinci diskdə zərb
muğamları - "Mənsuriyyə",
"Heyratı", "Simayi-şəms", "Heydəri",
"Ovşarı", "Mani", "Arazbarı",
"Qarabağ" şikəstəsi və "Kəsmə"
şikəstə zərb muğamları yer almışdır.
Altıncı və yeddinci disklərdə
Azərbaycanın məşhur xanəndələrinin
ifası vardır. Altıncı diskdə Cabbar
Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd,
Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov,
Xan Şuşinski, Yavər Kələntərli, Həqiqət
Rzayeva, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov,
Sara Qədimova, yeddinci diskdə Əbülfət Əliyev,
Fatma Mehrəliyeva, Qulu Əsgərov, Yaqub Məmmədov, Əlibaba
Məmmədov, Rübabə Muradova, İslam Rzayev, Qədir
Rüstəmov, Arif Babayev və Alim Qasımovun ifaları təqdim
olunur.
Səkkizinci diskdə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin ifasında Fikrət Əmirovun
"Gülüstan-Bayatı-Şiraz", "Kürd
ovşarı", "Şur" və Niyazinin "Rast"
simfonik muğamları yazılmışdır.
"Muğam aləmi" toplusu
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə bu ilin martında Bakıda keçirilmiş Beynəlxalq
Muğam Festivalına həsr olunmuşdur. Toplu Azərbaycan,
rus, ingilis dillərindəki kitab və Azərbaycan muğam
operalarının, simfonik muğamların, klassik Azərbaycan
muğamlarının, tanınmış xarici musiqiçilərin
çıxışlarının və etnocaz nümunələrinin
toplandığı 33 DVD-dən ibarətdir.
Beynəlxalq festivalın
materiallarını özündə əks etdirən
"Muğam aləmi" nəşri Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanımın sözləri ilə
başlayır. Maraqlı fotoşəkillərlə zəngin
olan nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin
və YUNESKO-nun ovaxtkı baş direktoru Koişiro
Matsuuranın festivalın açılış mərasimindəki
çıxışlarına, habelə Mehriban xanımın
festival çərçivəsində beynəlxalq elmi
simpoziumdakı çıxışına da yer verilmişdir.
Təqdimat mərasimində
çıxış edən Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım ƏLİYEVA dedi:
- Hörmətli qonaqlar, sizi səmimi
qəlbdən salamlayır, Heydər Əliyev Fonduna "Xoş
gəlmisiniz!" deyirəm.
Bu gün sizin diqqətinizə
muğam sənətinə aid iki yeni layihə təqdim
olunacaqdır. Əgər biz yaxın keçmişə nəzər
salsaq görərik ki, son illər muğamın qorunması, təbliği,
öyrənilməsi, ölkəmizdə və xaricdə
populyarlaşması üçün bir çox mühüm
işlər həyata keçirilir. "Qarabağ xanəndələri"
musiqi albomunun işıq üzü görməsi,
"Muğam ensiklopediyası" və "Muğam"
jurnalının nəşri, gənc muğam
ifaçılarının televiziya müsabiqəsi,
paytaxtımızda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi
və nəhayət bu il həmin mərkəzdə
keçirilən birinci beynəlxalq muğam festivalı
görülən işlərin, bizim birgə səylərimizin
nəticəsidir.
Ümidvaram ki, bu gün təqdim
olunan layihələr də muğam sənətinin
inkişafına öz layiqli töhfəsini verəcəkdir.
İlk layihəmiz "Azərbaycan muğamı" multimedia
toplusu 8 diskdən ibarətdir. Yəqin, demək olar ki, bu nadir
bir layihədir. Onun nadirliyi ondan ibarətdir ki, bu, muğama
dair müasir texnologiyalara əsaslanan ilk tədris vəsaitidir.
Tədris prosesində muğama aid bütün zəruri məlumatlar
bu disklərdə öz əksini tapmışdır. Demək
olar ki, bu gün müəllimlər üçün, ustadlar
üçün belə bir dərslikləri təqdim edirik.
Azərbaycan muğamının
tarixi, ölkənin mədəni irsində onun rolu və yeri,
Azərbaycanın əsas muğamları və onların not
yazıları, Azərbaycanın simfonik muğamları, Azərbaycan
xalq çalğı alətləri, görkəmli şəxsiyyətlər,
muğam terminləri və muğama aid digər materiallar bu
topluda, bu disklərdə öz əksini tapıb. Layihə iki
dildə - Azərbaycan və ingilis dillərində
hazırlanıb və şübhəsiz ki, bu da Azərbaycan
muğamının xaricdə təbliğinə öz
müsbət təsirini göstərəcəkdir.
Mən xüsusi qeyd etmək istərdim
ki, heç bir dərslik, heç bir vəsait müəllimləri,
ustadları, canlı ünsiyyəti əvəz edə bilməz.
Xüsusən də muğam sənətində. Muğam sənəti,
muğam bütün dövrlərdə ölkəmizdə
yaşayıb, səslənib, duyulub və sevilib. Siyasi, ictimai
və yaxud iqtisadi vəziyyətdən asılı olmayaraq,
muğam sənəti öz xüsusi yerini qoruyub, saxlayıb və
yaşayıb. Muğam mədəniyyətinin
yaşamasında, nəsildən-nəslə, ustaddan tələbəyə,
müəllimdən şagirdə, ağsaqqaldan gəncə
çatdırılan sənətkarlıq,
ifaçılıq sirləri əvəzsizdir. Bu sirləri
öyrənmək üçün canlı təmas, canlı
ünsiyyət lazımdır. Belə bir mürəkkəb
prosesdə təbii ki, heç bir kitab, ya dərslik, ya
videoyazı, audioyazı canlı təması əvəz edə
bilməz. Məhz bu canlı ənənə əsrlər boyu
bizim məşhur xanəndələrimiz və
ustadlarımız tərəfindən qorunub saxlanıb və
yaşadılıb. Bu ənənələr bu gün də
yaşadılır və mən bizim bütün
ustadlarımıza, xanəndələrimizə bir daha öz dərin
hörmətimi və təşəkkürümü bildirmək
istəyirəm.
Bu baxımdan təqdim olunan layihə
muğama dair çox ətraflı məlumatı cəmləşdirən
və müəllimlərə, ustadlara, həmçinin tələbələrə
tədris prosesində yardım göstərə bilən bir
layihədir. Eyni zamanda, təqdim olunan layihə bütün
muğamsevərlər üçün muğam haqqında
yeni və bənzəri olmayan bir informasiya mənbəyidir.
Təqdim olunan ikinci layihə -
"Muğam aləmi" cari ilin mart ayında
paytaxtımızda keçirilən I Beynəlxalq Muğam
Festivalının və elmi simpoziumunun yekunlarını
özündə əks etdirir. Bu layihə 33 diskdən ibarətdir.
O günlər ölkəmizdə, paytaxtımızda
keçirilən bütün görüşlər, tədbirlər,
konsertlər, yerli və xarici ifaçıların konsertləri
bu disklərdə öz əksini tapmışdır. Eyni
zamanda, məşhur xanəndələr və müasir
muğam ifaçıları, beynəlxalq muğam müsabiqələrinin
qalibləri və iştirakçıları haqqında burada
məlumat əks olunur və festivalda iştirak edən
bütün qonaqların rəy və fikirləri ilə də
burada, bu kitabda tanış olmaq mümkündür.
Demək olar ki, bu layihə bizə
o günlər keçirdiyimiz, sözün əsl mənasında,
musiqi bayramını yenidən bəxş edir. Bakıda
keçirilən I Beynəlxalq Muğam Festivalı bir də
sübut etdi ki, muğam - Azərbaycan muğam sənəti Azərbaycanın
milli sərvəti olmaqla yanaşı, həmçinin
dünya musiqi xəzinəsinin incisidir. Bir daha sübut etdi ki,
muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır
və bu məkanı yaşayan, yaşadan insanların
artıq daim bir görüş yeri vardır - bu da Bakı
Beynəlxalq Muğam Mərkəzidir.
Mən çox yaxşı
xatırlayıram, bir neçə il bundan əvvəl
dövlətimizin başçısı tərəfindən
Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi barədə
qərar qəbul olunandan sonra biz bir neçə dəfə
burada - Heydər Əliyev Fondunda ünlü ustadlarla, xanəndələrlə,
alimlərlə görüşlər keçirdik. Müzakirə
etdik ki, bu muğam mərkəzi necə olmalıdır, harada
yerləşməlidir, memarlıq baxımından necə
olmalıdır. Xatırlayıram, növbəti bir
görüşümüzdə biz təklif olunan bir neçə
memarlıq layihələrini müzakirə edirdik və
hörmətli Əlibaba müəllim söylədi ki,
bilirsiniz, gəlin artıq birini seçək, tikək ki, biz
də bunu görək.
Bu gün mən çox qürur
hissi ilə qeyd etmək istəyirəm ki, artıq bu
reallıqdır, artıq biz bunu yaşayırıq.
Bakının ən gözəl guşələrindən biri
olan dənizkənarı bulvarda memarlıq baxımından
gözəl, nadir, qeyri-standart bir mərkəz tikilib.
Artıq, demək olar ki, bu, Azərbaycan mədəniyyətinin
mərkəzinə, beynəlxalq musiqi mədəniyyətinin
mərkəzinə çevrilib. Mən inanıram,
şübhəm yoxdur ki, 2011-ci ildə biz birgə səylərimizlə
həmin bu mərkəzdə II Beynəlxalq Muğam
Festivalını keçirəcəyik və bu, yenə də
gözəl bir musiqi bayramına çevriləcəkdir.
Sonda əziz dostlar, mən fürsətdən istifadə edərək bir daha bütün muğam ifaçılarına, xanəndələrə, ustadlara, muğamın inkişafına töhfə verən bütün insanlara öz dərin hörmət və ehtiramımı bildirirəm. Sizə bu yolda gələcək uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayıram.
***
Sonra "Azərbaycan muğamı" və "Muğam aləmi" toplularına aid film nümayiş olundu.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadə yaxın keçmişdə arzulanan layihələrin artıq reallıq olduğunu dedi. O, bu gün təqdimatı keçirilən iki layihənin muğam dünyasının təbliğində vacib addım olduğunu bildirərək, bunların Mehriban Əliyevanın səyi nəticəsində baş verdiyini dedi. Qeyd etdi ki, I Beynəlxalq Muğam Festivalı Azərbaycan muğamının əlçatmaz zirvə olduğunu nümayiş etdirdi.
Xalq artisti Arif Babayev Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın son illərdə
gördüyü işlərin əvəzsiz olduğunu diqqətə
çatdırdı, muğamın yaşadılması ilə
bağlı həyata keçirilən layihələrin
icrasına görə minnətdarlığını bildirdi.
Əməkdar artist, I Beynəlxalq
Muğam Festivalının qalibi Təyyar Bayramov Heydər Əliyev
Fondunun böyük ustadlarla yanaşı, gənc
ifaçılara da diqqətini vurğuladı, bu amilin gəncləri
həvəsləndirdiyini söylədi.
AzərTAc
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 2.