Konstitusiya insanın əsas hüquq və
azadlıqlarına ali hüquqi qüvvə verir, onun şərəf
və ləyaqətini müdafiə edir
XXI əsrdə biz müasir
dünyanın mənzərəsinin köklü dəyişikliklərə
məruz qaldığının şahidi oluruq. Bu gün
demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət
ayrılıqda hər bir dövlətdə,
bütövlükdə isə beynəlxalq münasibətlərdə
müəyyənedici amillər kimi çıxış edir.
İstənilən demokratik cəmiyyətin əsasını insan hüquq və azadlıqlarının tanınması və onların səmərəli təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı, onun maddi və mənəvi çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi və əsas təyinatı olaraq qəbul edildiyi şəraitdə mümkündür.
Azərbaycanda
hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən
biri siyasi-hüquqi sistemin kökündən demokratikləşmə
istiqamətində əsaslı surətdə dəyişdirilməsindən
ibarət olmuş, həm də bu proses mahiyyət etibarı
ilə dövlət və cəmiyyət həyatının
bütün sahələrini əhatə etmişdir. Şübhəsiz
ki, bunların əsasında dünya şöhrətli siyasi
xadim, ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi
ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
- referendum yolu ilə qəbul edilmiş Azərbaycan
Respublikasının Konstitusiyası durur. Məhz Konstitusiya ölkədəki
köklü dəyişikliklərə müsbət təsir
göstərmiş, hüquqi dövlət quruculuğu
prosesinin əsas istiqamətlərini müəyyən
etmişdir.
Ümumiyyətlə,
"konstitusiya" anlayışının özü
latın mənşəli "constitutio" sözündən
olub təsis etmək, qurmaq mənasını
daşıyır. Ənənəvi olaraq bu termin ictimai və
dövlət quruluşunu, seçki sistemini, hakimiyyət və
idarəetmə orqanlarının təşkili və fəaliyyəti
prinsiplərini, vətəndaşların
əsas hüquq və vəzifələrini təsbit edən
dövlətin Əsas Qanunu ehtiva edir. Məhz bu termin
Konstitusiyanın təsisedici xarakterini müəyyən edir.
Müasir anlamda ilk konstitusiya
aktları və yaxud konstitusiyalar məhz XVII-XVIII əsrlərdə
yaranmışdır, baxmayaraq ki, dövlətçiliyin
yaranma tarixi daha əvvəlki dövrlərə gedir. Bu onunla əlaqədardır
ki, məhz qeyd olunan dövrdə insanlıq şəxsi
azadlığının ali dəyərini anlayaraq dövləti
qoyulmuş qaydalara tabe olmağa məcbur etmişdir. Konstitusiya haqqında təsəvvürlər bir qədər
əvvəllər meydana gəlsə də, həmin dövrdə
bu təsəvvürlər əsasən demokratiya və ədalət
anlayışı əsasında dövlət hakimiyyətinin
səmərəli təşkili məsələləri ətrafında
qurulmuşdu. Artıq Konstitusiyanın qəbulunda
məqsəd dövlət hakimiyyətinin həyata
keçirilməsində sərhədi müəyyənləşdirmək,
bu hakimiyyəti müəyyən çərçivə
daxilində məhdudlaşdırmaq və bu hakimiyyətin həyata
keçirilməsi zamanı mövcud hakimiyyət
qollarının həm bir-birinə qarşı, həm
də insan şəxsiyyətinə münasibətdə
hörmətin bərqərar edilməsi olmuşdur.
Digər normativ
aktlardan fərqli olaraq, Konstitusiya demək olar ki, bütün
müasir dövlətlərin əsas qanunudur. Çünki
ölkənin sosial-iqtisadi strukturunda, ictimai-siyasi həyatında
baş verən bütün dəyişikliklərin məzmunu
bu və ya digər formada Konstitusiyaya uyğun aparılır. Konstitusiyanın inkişafı
ümumilikdə cəmiyyətin və dövlətin
özünün inkişaf mərhələlərinə
müvafiq olur. Konstitusiya cəmiyyətin və dövlətin
bütün təbəqələrinə ümumi şəkildə
sirayət etdiyinə görə, o özündə həyatın
bütün sahələrini əhatə edən müddəaları
əks etdirir. Onun mətnində həm bəyanatlar, həm
proqram şəkildə həyata keçirilən tədbirlər
siyahısı, həm də bəzi məqamlarda tarixi
istinadlar da öz əksini tapa bilər. Lakin
bütün bununla yanaşı, Əsas Qanun normativ hüquqi
xarakter daşıyır, yəni nə qədər müxtəlif
sosial hadisələrlə əlaqədar olsa da, Konstitusiya
hüquq normaları sistemidir və bütün hüquq
sisteminə xas olan tənzimləmə, qoruma
funksiyalarını yerinə yetirir. Konstitusiya
həm də qanunvericilik sistemində bütün digər
normaların keyfiyyət və xarakterinin müəyyən
edilməsi üçün başqa heç bir hüquqi
aktın malik olmadığı funksiyanı - hüquq
normalarının hüquqa uyğunluğunun qiymətləndirilməsi,
müəyyənləşdirilməsi funksiyasını yerinə
yetirir. Bu mənada o, digər qanunlardan fərqlənir. Konstitusiyanın Əsas Qanun olması
özünü digər aspektlərdə də büruzə
verir. Əsas müddəaları dövlətin və cəmiyyətin
inkişafının faktiki olaraq bütün sahələrini əhatə
etsə də, Konstitusiya daha çox ümumi tənzimetməni
müəyyənləşdirir, bütün digər
qanunlardan daha çox cəmiyyətə, xalqa, sosial təbəqələrə,
ümumilikdə insana və vətəndaşa
ünvanlanır. Konstitusiya üçün ümumi tənzimetmə
daha səciyyəvidir.
Konstitusiya əsas sosial-siyasi
institutlara verilən tələbləri müəyyən etməklə
onları formalaşdırır və bununla da belə demək
mümkünsə, bütün sistemin əsasını təşkil
edir. O, qanunvericilik sisteminin yaradılması və dəyişdirilməsi
qaydalarını, onun məzmununu müəyyən edir. Bir
sözlə, Konstitusiya mövcud sistemin konkret olaraq necə
olduğunu və necə olmalı olduğunu ortaya qoyur.
Azərbaycan
dövlət müstəqilliyini 1991-ci ildə bərpa etsə
də, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik,
vətəndaş itaətsizliyi, xaos, hakimiyyət uğrunda
zorakılığa söykənən mübarizə və
anarxiya yeni Konstitusiyanın qəbul edilməsinə ciddi əngəllər
yaradırdı. Həmin vaxt, ilk növbədə, cəmiyyətdə
sabitliyi bərpa edə biləcək yeni Konstitusiyanın əsasını
təşkil edən ideya və dəyərlər üzərində
razılıq əldə edilməsini təmin edən siyasi
iradə və müdrikliyə çox böyük ehtiyac var
idi. Həqiqət ondan ibarətdir ki, Azərbaycan
xalqının ümummilli lideri, görkəmli siyasət və
dövlət xadimi Heydər Əliyevin hakimiyyətə ikinci
dəfə xalqın təkidli tələbləri ilə
qayıdışınadək Azərbaycan vətəndaş
müharibəsi astanasına sürüklənmiş, milli
dövlətçiliyimiz məhv olmaq təhlükəsi
ilə üzbəüz qalmışdı. Məhz belə bir
məqamda Heydər Əliyev öz böyük xarizması və
peşəkarlığı hesabına xalqı müstəqil
Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında
birləşdirərək özünün tarixi
missiyasını yerinə yetirdi. Tədricən ölkədə
ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü
siyasət nəticəsində qanunçuluq və hüquq
qaydası bərqərar edildi. Bütün bunlar isə Azərbaycan
xalqının və dövlətinin tarixində ilk milli
Konstitusiyanın qəbul edilməsi üçün lazımi
ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi.
Azərbaycan Respublikasının
ilk milli Konstitusiyasının yaradılması ulu öndər
Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev
Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə
sədrlik etmiş, dəfələrlə layihənin
açıq müzakirəsini təşkil etməklə onun
müasir dəyərləri özündə ehtiva edən ən
yetkin formada qəbul olunmasını təmin etmək
üçün gərgin əmək sərf etmişdir.
Nəhayət, Konstitusiyanın
layihəsi ümumxalq müzakirəsi üçün 1995-ci
il oktyabrın 15-də dərc edilmiş və 1995-ci il
noyabrın 12-də keçirilmiş referendumda seçicilərin
94,8 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs
vermişlər. Azərbaycan Respublikasının
Konstitusiyası 1995-ci il noyabrın 27-dən qüvvəyə
minmişdir.
Konstitusiyanın qəbul
edilməsi xalqımızın tarixi ənənələrinə
uyğun olan və eyni zamanda, ölkəmizdə müasir
dünyanın hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu tələblərinə cavab verən
dövlətçiliyin formalaşdırılması, siyasi
sistemdə və
hüquq sistemində möhkəm özülün
yaradılması işində mühüm addım olmuşdur.
Azərbaycan Respublikasının
Konstitusiyası ənənəvi Konstitusiya
anlayışının ehtiva etdiyi bütün təməl
prinsipləri özündə əks etdirir.
Əsas Qanunda Azərbaycan
Respublikası hüquqi dövlət kimi müəyyən
edilir. İnsan və vətəndaşın hüquq və
azadlıqları, onların tanınması, müdafiə və
təmin edilməsi qanunvericiliyin, onun tətbiq edilmə təcrübəsinin
hüquqi xarakterinin əsas və təyinedici meyarı kimi təsdiq
olunur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit
edilmiş insan və vətəndaşın hüquq və
azadlıqlarının prioritet prinsipi dövlət hakimiyyətinin
bütün sahələrinə ünvanlanaraq onları bu
hüquqlarla əlaqələndirir və onlar
üçün müəyyən vəzifələr
yaradır.
Ölkə Konstitusiyasının
147-ci maddəsi birbaşa şəkildə təsbit edir ki,
"Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasında ən yüksək hüquqi qüvvəyə
malikdir. Azərbaycan Respublikasının
Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik
sisteminin əsasıdır". Əgər ölkədəki
çoxsaylı hüquqi aktları bir-birilə
qarşılıqlı və əlaqəli şəkildə
fəaliyyət göstərən bütöv bir sistem kimi təsəvvür
etsək, bu zaman Konstitusiya bu sistemin əsası, özəyi,
həmçinin bütün hüquq sisteminin
inkişafının mənbəyidir. Belə
ki, Konstitusiyanın əsasında həm əvvəllər
mövcud olmuş ənənəvi hüquq sahələri
inkişaf etdirilərək müasir dövrün tələblərinə
uyğunlaşdırılmış, həm də
iqtisadiyyatda, sosial inkişafda, siyasətdə və mədəniyyətdə
baş verən dəyişikliklərlə əlaqədar
yeni hüquq sahələri təşəkkül
tapmışdır.
Ölkəmizin
ümumbəşəri dəyərlərə sadiqliyinin,
hamılıqla qəbul olunmuş hüquq normalarına
hörmətinin ifadəsi kimi Konstitusiyamız Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri ölkənin hüquq
sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən
keçirir.
Müasir dövlət
üçün Konstitusiya ondan ötrü labüddür ki,
onda dövlətin ilkin prinsipləri və təyinatı,
funksiyaları və təşkil olunma əsasları, fəaliyyətinin
forma və metodları əks olunur. Konstitusiya
ictimai inkişafın, dövlətin insan və vətəndaşla
qarşılıqlı münasibətlərinin bütün
sahələrində dövlət tənzimetməsinin sərhədlərini
və xarakterini təsbit edir, cəmiyyətin bütün
üzvlərinin hüquqi statusunun əsasını müəyyən
edir və bununla da dövlətlə fərd
arasındakı əlaqələrin ümumi
konturlarını cızır. Ən əsası isə
Konstitusiya insanın əsas hüquq və azadlıqlarına
ali hüquqi qüvvə verir, onun şərəf və ləyaqətini
müdafiə edir. Bu gün dünya təcrübəsində
insan hüquq və azadlıqları, onun şərəf və
ləyaqətinin qorunması ən ali dəyər kimi ön
plana çəkilməkdədir. Məhz bu səbəbdəndir
ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi
insan və vətəndaş hüquq və
azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin
ali məqsədi bəyan etmişdir.
Azərbaycan üçün
Konstitusiya bu gün çox mühüm əhəmiyyət kəsb
edir. Azərbaycan cəmiyyəti Konstitusiya vasitəsilə həm
yeniləşən dövlətçiliyə dair
baxışlarını, həm də müəyyən
çərçivə daxilində özünün mili
ideyalarını realizə edir. Təbii ki, Konstitusiya siyasi
proqramların və fəlsəfi konsepsiyaların məcmusu
deyil, öz təyinatına və ölkə həyatındakı
roluna müvafiq olaraq Əsas Qanuna xas bütün əlamətlərə
və xüsusiyyətlərə malik olan hüquqi aktdır.
Konstitusiyaya hüquq sistemindəki ən önəmli yer
verilmişdir. Onda cəmiyyətin xarakterini müəyyən
edən ideya və prinsiplər, iqtisadiyyat, siyasət, sosial sahə,
dövlət və hüququn baza prinsipləri öz əksini
tapır. Konstitusiya cəmiyyətin inkişafında üzərinə
düşən funksiyasını nə qədər uğurla
yerinə yetirirsə, o, milli fikrə bir o qədər
yaxınlaşır, onun məqsədini daha dəqiq və
aydın ifadə edir. Milli fikirdən ayrılan, onu təcrid
edən, hətta milli fikrin əleyhinə gedən
Konstitusiyanın cəmiyyət tərəfindən
anlaşılacağına və qəbul ediləcəyinə
heç vaxt ümid edilə bilməz.
Əsas Qanunun başlıca
hüquqi əlaməti stabillik, yəni məzmununun sabitliyi olan,
uzunmüddətli fəaliyyətə malik aktdır.
Konstitusiyanın stabilliyi - qanunçuluq rejiminin sabitliyinin,
dövlət hakimiyyətinin təşkili və həyata
keçirilməsinin, şəxs, dövlət və cəmiyyət
arasındakı münasibətlərin əsas şərtidir.
Bütün demokratik cəmiyyətlərdə
Konstitusiyanın sabitliyi başlıca meyar kimi
çıxış edir və dövlətin gələcək
inkişafında da Konstitusiya dövlətə deyil, dövlət
Konstitusiyaya uyğunlaşdırılır və inkişaf
edir. Bunun üçün isə cəmiyyətdə
qanunçuluq rejiminə ciddi əməl olunma, hər
hansı hüquq pozuntusuna qarşı
dözümsüzlük kimi xüsusiyyətlər tərbiyələndirilməli
və Konstitusiyanın səmərəli müdafiə
mexanizmi işlənib hazırlanmalıdır. Lakin
Konstitusiyanın sabitliyi heç də onun tamamilə dəyişməzliyi
demək deyildir. Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə
predmetini təşkil edən ictimai münasibətlər və
bu münasibətlərin tərkib hissəsi olan hüquqi,
sosial, iqtisadi və siyasi vəziyyət müəyyən
müddət keçdikcə dəyişə bilər.
Bütün bunlar da öz növbəsində ali qanunun
sabitliyi prinsipinə riayət etmək şərti ilə onun
baş verən dəyişikliklərə
uyğunlaşdırılmasını tələb edir.
Milli Konstitusiya qəbul
edildikdən sonra ölkəmizdə iki Konstitusiya islahatı
aparılmışdır. 2002-ci il avqustun 24-də
keçirilmiş referendumla Əsas Qanunun mətninə cəmiyyətin
inkişafından doğan və Konstitusiyanın,
qanunların, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi,
demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi
və insan
hüquqlarının daha səmərəli müdafiə
edilməsi zərurətindən irəli gələn bir
sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklər
bütövlükdə ölkəmizin İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Avropa Konvensiyasına
qoşulmasından, məhkəmə islahatlarının həyata
keçirilməsindən irəli gələn öhdəliklərə
əməl edilməsi, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi,
insan hüquq və azadlıqlarının daha səmərəli
müdafiəsi və dövlət hakimiyyəti orqanları
arasında fəaliyyətin və qarşılıqlı əlaqənin
Konstitusiya mexnizmlərinin daha da təkmilləşdirilməsi
zərurətindən irəli gəlmiş və
sadalanan məqsədlərə xidmət etmişdir.
Eyni zamanda, ölkəmizdə həyata
keçirilən irimiqyaslı qanunvericilik və institusional
islahatlar, sürətli beynəlxalq inteqrasiya və
sosial-iqtisadi inkişaf yeni Konstitusiya islahatlarının
reallaşdırılması zərurətini ortaya qoymuşdur.
Bu məqsədlə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən 2008-ci
il dekabrın 26-da hüquqi nöqteyi-nəzərdən
Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək
məqsədi daşıyan, əsasən dövlətin
sosialyönümlüyünün artırılmasına, insan
hüquq və azadlıqlarının daha
səmərəli müdafiə və təmin olunmasına, o
cümlədən bir şəxsin iki dəfədən
artıq Prezident seçilməsi ilə bağlı hüquqi
cəhətdən əsaslandırılmamış və
ictimai tələblərə cavab verməyən məhdudiyyətin aradan qaldırılmasına, ali dövlət
hakimiyyəti orqanlarının, habelə məhkəmə
hakimiyyəti orqanlarının və bələdiyyələrin
işinin, qanunvericilik sisteminin təkmilləşdirilməsinə
yönəlmiş "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında" Referendum
Aktının layihəsi qəbul edilmişdir. 2009-cu il
martın 18-də həmin akt ümumxalq səsverməsində
Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən
dəstəklənmiş və keçirilmiş referendumla
zamanın tələbindən irəli gələrək
Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər
onun çox mühüm əhəmiyyətə malik yeni
müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.
1995-ci il
Konstitusiyasının milli hüquq sisteminə gətirdiyi
mühüm yeniliklərdən biri də Əsas Qanunun ehtiva
etdiyi dəyərlərin müdafiəsinin və dövlətin
hüquqa bağlılığının təmin edilməsinin
mühüm vasitələrindən biri kimi Konstitusiya Məhkəməsinin
yaradılması
olmuşdur.
Konstitusiya Məhkəməsi bir
qayda olaraq, cəmiyyətdə və dövlətdə
sabitliyin başlıca amili kimi qəbul olunan bir təsisatdır.
Demokratiya şəraitində bir sıra kəskin hüquqi
problemlər məhz bu orqan sayəsində Konstitusiya çərçivəsində
və əsasında həll edilə bilər. Konstitusiya
Məhkəməsi milli məhkəmə orqanı kimi beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə,
ölkə Konstitusiyasına uyğun olaraq Konstitusiya məhkəmə
icraatı vasitəsilə insan və vətəndaşların
hüquq və azadlıqlarının müdafiəsini həyata
keçirir. Konstitusiya Məhkəməsinin
fəaliyyətinin əhəmiyyəti ilə bağlı
hüquq ədəbiyyatında belə bir fikir də
vurğulanır ki, dövlətin bütöv hüquq
sisteminin gələcək inkişaf istiqamətləri
konstitusion yurisdiksiya aktlarında müəyyən olunmuş
hüquqi mövqelərdən asılıdır.
Konstitusiya nəzarəti
(Konstitusiya ədalət mühakiməsi) vasitəsilə
qanunvericilik sistemində olan kolliziyalar aradan
qaldırılır, hüququn tətbiqi praktikasında ahəngdar,
məntiqi inkişaf təmin olunur, müvafiq subyektlər
arasındakı konfliktlərin qarşısı
alınır.
Qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsi
insan hüquqlarının təmin edilməsi üzrə ən
mühüm institutlardan biridir. Belə ki,
hüquq və azadlıqların pozulması yalnız dövlət
hakimiyyət orqanlarının vəzifəli şəxslərinin
qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə
deyil, həm də qanunların özünün Konstitusiyaya
zidd olması ilə bağlı ola bilər. Buna görə
də dövlət hər kəsin öz hüquq və
azadlıqlarını (o cümlədən qanunun Konstitusiyaya
zidd olması hallarından) müdafiə etməsi
üçün real imkanlar yaratmalıdır. Məhkəmə
müdafiəsi hüququnun təzahür formalarından biri də
şəxsin yalnız ümumi yurisdiksiyalı məhkəmələrə
deyil, həm də Konstitusiya ədalət mühakiməsi
orqanlarına müraciət etməsi imkanıdır.
Müasir dövrdə Konstitusiya
nəzarəti institutlarının fəaliyyətinin səmərəliliyi
və məqsədyönümlüyü müraciət edən
subyektlər dairəsindən əhəmiyyətli surətdə
asılıdır. Məhz bu səbəbdən
də ölkəmizdə mövcud olan - Konstitusiya nəzarətinin
bütün subyektlərinin, o cümlədən vətəndaşların
(öz konstitusion hüquqlarının müdafiəsi məsələsi
üzrə) Konstitusiya nəzarətini həyata keçirən
orqana müraciət etmək hüququ verən Konstitusiya
nəzarəti modeli ən yaxşı model sayıla bilər.
Ədalət
mühakiməsi orqanı kimi Konstitusiya Məhkəməsinin əhəmiyyəti
yalnız qeyd edilənlərlə bitmir. Öz qərarlarında
insan hüquq və azadlıqlarının pozuntusu ilə
bağlı ümumi problemlərə baxan Konstitusiya Məhkəməsinin
konkret iş üzrə qərarı hüquq tətbiqedici
orqanlar, o cümlədən
məhkəmələr üçün hüququn mənbəyi
qismində çıxış edir. Konstitusiya nəzarəti
orqanının presedenti məhkəmələrin
düzgün istiqamətlənməsinə və prosessual
pozuntuların qarşısının alınmasına kömək
edir.
Bəzən
Konstitusiyanın özünün müdafiə mexanizmi kimi
xarakterizə edilən Konstitusiya Məhkəməsinin səlahiyyətləri
normativ hüquqi aktların, məhkəmə və bələdiyyə
aktlarının Konstitusiyaya və müvafiq olaraq qanunvericilik
iyerarxiyasında özündən yuxarıda duran normativ
hüquqi aktlara uyğunluğunun yoxlanılmasından, Konstitusiya
və qanunların şərh olunmasından, qanunvericilik, icra
və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər
bölgüsü ilə bağlı mübahisələrin həllindən,
Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətlərin
həyata keçirilməsindən ibarətdir.
Öz fəaliyyəti
dövründə Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi ölkəmizdə demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu prosesində fəal
iştirak etmiş, qəbul etdiyi qərarları ilə hər
kəsin Konstitusiyamıza və qanunlara hörmət və
ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin
möhkəmləndirilməsinə, demokratiyanın və
hüquqi mədəniyyətin inkişafına öz dəyərli
töhfəsini vermişdir.
Konstitusiya Məhkəməsi
yeri gəldikcə öz qərarlarında Əsas Qanunun mətnində
təsbit olunmuş, yaxud onun konsepsiyasından və məzmunundan
irəli gələn, hüquqi dövlət
ideyalarının, ümumiyyətlə, hüquqi fikrin
inkişafına, hüquq təcrübəsinin düzgün
istiqamətlənməsinə yönəlmiş hüquqi mövqelərini ifadə
edir. Məsələn, məhkəmə 2005-ci
il 25 yanvar tarixli qərarında göstərmişdir ki, məhkəmələr
üçün qanunun aliliyi və ədalətlilik kimi
ümumbəşəri dəyərlər, ölkədə
xalqın iradə ifadəsi kimi çıxış edən
milli hüquq, habelə müasir demokratik cəmiyyətdə
qəbul edilən beynəlxalq hüququn və məhkəmə
icraatının prinsipləri mühüm əhəmiyyət
kəsb edir. Hakimlər öz
funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan
müddətlərdə, hər hansı üstünlüyə,
ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən
həyata keçirməklə, qanunda nəzərdə
tutulmayan fərqlər qoymadan işdə iştirak edən
bütün şəxslərə hörmət
göstərməklə, tərəflərin bərabərliyi
və çəkişməsinə əməl etməklə,
işlərə hərtərəfli və sübutların əsasında
baxaraq hər kəsin ədalətli məhkəmə
araşdırması hüququnu təmin etməlidirlər.
Məhkəmə hakimiyyətinə ictimaiyyət
tərəfindən etimad bəslənməsi və ona
hörmət olunması məhkəmə işinin səmərəliliyinin
təminatıdır. 2005-ci il 21 oktyabr tarixli qərarında
isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, insan
hüquqlarına dair beynəlxalq hüquqi
aktlar üçün ayrı-ayrı hüquqların qanuni
şəkildə və demokratik cəmiyyətdə zəruri
hallarda məhdudlaşdırılmasına aid müddəalar
xarakterikdir. Ümumiyyətlə, yalnız tam, aydın və
demokratik cəmiyyətdə zəruri məhdudiyyətlərin
qanunla müəyyənləşdirilməsindən sonra insan
hüquqlarının səmərəli
reallaşdırılması mümkündür. Bu, həm də demokratik nailiyyətlərin
qorunmasının əsas təminatıdır. 2008-ci il 8 may
tarixli qərarda Konstitusiya Məhkəməsinin hüquqi
mövqeyi ondan ibarət olmuşdur ki, hüququn aliliyi
hüquqi dövlətin təməl prinsiplərindən
biridir. Bu prinsipə riayət olunması
demokratik cəmiyyətdə ədalət mühakiməsinin
lazımi qaydada həyata keçirilməsinə dair hüquq
kimi qəbul edilmiş ədalətli məhkəmə
araşdırılması hüququnun həyata keçirilməsi
zamanı xüsusi əhəmiyyət daşıyır.
Hüququn aliliyi və ədalət mühakiməsinin
lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə
icraatının iki qarşılıqlı və bir-birini
tamamlayan şərtləridir. Bu mövqeyin daha
inkişaf etdirildiyi 2008-ci il 13 iyun tarixli qərarda isə məhkəmə
vurğulamışdır ki, Konstitusiya hüququnun
doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan
Respublikası Konstitusiyasının Preambulasında öz əksini
tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi
tanıyır. Hüquqi müəyyənlik prinsipi isə
digər tələblərlə yanaşı, ən ümumi
mənada mövcud hüquqi vəziyyətə aid
aydınlığı və müəyyənliyi nəzərdə
tutur. Bu baxımdan məhkəmələr tərəfindən
qəbul olunmuş qərarlarda həll olunan işə aid
bütün zəruri məsələlərə
aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan
qaldırılmalıdır. Azərbaycan
Respublikasının adından çıxarılan məhkəmə
aktlarında işin ədalətli həllini şübhə
altına alan, ziddiyyətlər yaradan və mübahisə
üzrə iştirakçıların Konstitusiya məhkəmə
müdafiəsi hüququna təsir göstərən müddəalar
olmamalıdır.
Yeri gəlmişkən, müasir
dövrdə milli və beynəlxalq hüquq sistemləri
arasında qarşılıqlı əlaqələrin
möhkəmləndirilməsində də Konstitusiya Məhkəməsi
mühüm rol oynayır.
Ədalət mühakiməsi
orqanı kimi Konstitusiya Məhkəməsinin fəaliyyətində
əsas yeri Konstitusiyanın aliliyinin təmin edilməsi tutur.
Bu və ya digər ölkədə Konstitusiyanın hüquqi
müdafiəsi mexanizmində Konstitusiya ədalət
mühakiməsi institutunun rolunu və yerini yalnız milli amilləri
və məhkəmə praktikasını nəzərə
almaqla müəyyən etmək olar. Lakin danılmaz
faktdır ki, hazırda bu institut demokratik hüquqi dövlətin
ayrılmaz atributuna, Konstitusiyanın hüquqi müdafiəsi
mexanizminin əsas elementinə çevrilmişdir.
Daha geniş anlamda
isə bu gün ölkə həyatını
Konstitusiyanın tələblərinə uyğun qurmaq və
onun tətbiqini, xüsusilə də ölkə ərazisində
ali və birbaşa hüquqi qüvvəsini təmin etmək
həm dövlət orqanları, həm də ictimaiyyət
qarşısında duran əsas tələblərdən biridir. Məhz Konstitusiya dəyərləri əsasında
göstərilən fəaliyyət, ümumi mənafelərin
həyata keçirilməsi üçün şəxsiyyət,
cəmiyyət və dövlət arasında Konstitusiyanın
müəyyən etdiyi çərçivələrdə
birgə əməkdaşlıq Əsas Qanunun qarşıya
qoyduğu məqsədlərin tam
reallaşdırılmasına imkan verəcəkdir.
Son illər ölkəmizdə
ulu öndər Heydər Əliyev tərəfindən
başlanmış və bu siyasi kursun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə davam etdirilən, cəmiyyət və dövlət həyatının
bütün sahələrini əhatə edən
siyasi-hüquqi, sosial-iqtisadi, humanitar-mədəni islahatlar prosesi və artıq əldə
olunmuş əhəmiyyətli göstəricilər Azərbaycan
Respublikasının parlaq gələcəyinə olan inamı
bir daha artırır. Bu islahatlar milli səviyyədə bir
çox taleyüklü problemlərin həllinə ciddi
imkanlar açmaqla yanaşı, həm də ölkəmizin
inkişaf etmiş dünya birliyində layiqli yerini tutması
prosesini sürətləndirir, ölkənin beynəlxalq
nüfuzunu artırır.
Fürsətdən istifadə edərək
xalqımızı əlamətdar bayram - Konstitusiya
Günü münasibətilə səmimi təbrik edir,
ölkəmizə xoş rifah və əmin-amanlıq
arzulayıram.
Fərhad ABDULLAYEV,
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 3.