İnsan hüquq və azadlıqlarının əsas təminatçısı
Hər il noyabr
ayının 12-si müstəqil Azərbaycanda Konstitusiya
Günu kimi qeyd olunur. 14 il əvvəl ümummilli lider Heydər
Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi
altında hazırlanaraq referendum yolu ilə qəbul edilmiş
müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası xalqın dövlətçilik iradəsinin,
suverenliyinin təcəssümünə çevrilən ali
hüquqi sənəd olmaqla cəmiyyətin ictimai-siyasi
institutlarının fəaliyyətini, dövlətin idarəçilik
sistemini tənzimləyir. Əsas Qanunda Azərbaycan
xalqının hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli
iqtisadi və sosial qaydalara uyğun olaraq
hamının layiqli həyat səviyyəsini təmin etmək,
bəşəri dəyərlərə sadiqlik göstərərək
bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq
şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərmək
niyyəti təcəssüm olunmuşdur.
Əsas Qanunun ideya müəllifi
Müstəqil
yaşamaq haqqını təmin etmiş hər bir ölkədə
Konstitusiya təkcə dövlətçiliyin hüquqi
bazasını yox, həm də xalqın milli inkişaf prioritetlərini
müəyyənləşdirən, dövlət idarəçiliyinin
çevik və işlək mexanizmlər əsasında həyata
keçirilməsini
təmin edən fundamental hüquqi sənəddir. Konstitusiya
dövlət qanunlarının təməl prinsiplərini
müəyyən edən Əsas Qanun olmaqla hökumətin fəaliyyətini
nizamlayır, cəmiyyətdə ictimai münasibətləri
qaydaya salır. Azərbaycan 1991-ci ilin 18
oktyabrında dövlət müstəqilliyini elan edərək
beynəlxalq birliyin tamhüquqlu üzvünə
çevrildikdən sonra demokratik cəmiyyətin atributu olan,
hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli
iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat
səviyyəsini təmin edən yeni milli
Konstitusiyanın qəbulu ciddi vəzifə kimi qarşıda
dayanırdı. Bu, ilk növbədə, totalitar rejimdən
liberal cəmiyyətə transfer olunmaq istəyən Azərbaycanda
keyfiyyətcə yeni dövrün tələblərinə
cavab verən demokratik hüquq sistemi formalaşdırmaq,
dövlətin inkişaf perspektivlərini xalqın iradəsinin
təcəssümü olan Konstitusiya ilə müəyyənləşdirmək
zərurəti ilə şərtlənirdi.
1991-1993-cü illərdə
hakimiyyətdə xalqımızın etimad göstərdiyi
siyasi qüvvənin olmaması dövlət idarəçiliyi
mexanizmlərinin formalaşmasında ciddi maneəyə
çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş
itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac
vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların
azad, təhlükəsiz yaşamaq hüququnun
reallaşdırılması, ən nəhayət, ictimai
asayişin qorunması sahəsində əsaslı problemlər
yaratmışdı.
1992-ci ilin
mayında silahlı yolla iqtidara yiyələnən
AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti
dövründə ölkədəki vəziyyət daha da gərginləşmiş,
vətəndaşların təhlükəsiz yaşamaq kimi təbii
hüququnun təminatında ciddi problemlər yaranmışdı. Hüquq-mühafizə
orqanlarının üzərinə düşən vəzifələri
həyata keçirə bilməməsi son nəticədə
ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin
baş alıb getməsinə, cinayətkar ünsürlərin
mütəşəkkil fəaliyyətinə, qanunsuz
silahlı qruplaşmaların cövlan etməsinə
münbit şərait formalaşdırmış, daxildə
qeyri-sabit və təhlükəli vəziyyətə səbəb
olmuşdu. Respublikada qanunçuluğun,
hüquq qaydalarının son dərəcə zəif
olması, dövlət idarəçiliyinin iflic vəziyyətə
düşməsi, ayrı-ayrı siyasətçilərin
"könüllü döyüşçü" adı
altında qanunsuz silahlı dəstələr yaratması nəticə
etibarı ilə hakimiyyətdə olan qüvvələrin
iflasını daha da sürətləndirirdi. Bir
tərəfdən ayrı-ayrı məmurların dövlətin
ozamankı rəhbərinə tabe olmaması nəticəsində
hakimiyyət böhranının dərinləşməsi, digər
tərəfdən isə ölkənin cənubunda və
şimalında separatçıların məkrli niyyətlərlə
baş qaldırması, Ermənistanla sərhəddə Azərbaycan torpaqlarının
müdafiəsinin taleyin ümidinə buraxılması, daha
sonra Gəncə hadisələri ölkədəki vəziyyəti
daha da ağırlaşdırmışdı. Belə bir
şəraitdə AXC-Müsavat cütlüyü hakimiyyətini
qoruyub saxlamaq üçün yeni parlament seçkilərinin keçirilməsinə
hər vəchlə mane olur, yeni
konstitusiyanın qəbuluna tələsmirdi. Əsas Qanunun qəbulunun
süni şəkildə gecikdirilməsi həm də
ozamankı hakimiyyətin səbatsızlığı -
ölkənin gələcək iqtisadi, siyasi, hüquqi
inkişaf hədəfləri haqqında konkret təsəvvürlərə
malik olmaması ilə bağlı idi.
1993-cü ilin iyununda ölkədəki
hakimiyyət böhranının kulminasiya zirvəsinə
çatması və silahlı qarşıdurmanın
yaranması isə hərc-mərcliyin, anarxiya mühitinin,
ozamankı iqtidara qarşı total inamsızlığın məntiqi
sonluğa yetişməsi idi. Belə bir şəraitdə vəziyyəti
sabitləşdirmək iqtidarında olmayan AXC-Müsavat
cütlüyü acizanə bir şəkildə ulu öndər
Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın
təkidli tələbi ilə hakimiyyətə gələn
ümummilli lider qısa müddətdə vəziyyəti
sabitləşdirdi, vətəndaş həmrəyliyini təmin
etdi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində
qətiyyətli addımlar atmağa başladı. Ulu öndər
yaxşı bilirdi ki, Azərbaycan dövlətinin
gələcık inkişaf prioritetlərinin düzgün
müəyyənləşdirilməsi, iqtisadi, siyasi, hüquqi
islahatlara etibarlı zəmin yaradılması, bir sözlə,
uzunmüddətli inkişaf strategiyasının
reallaşdırılması baxımından ölkədə
yeni dövrün tələblərinə cavab verən
Konstitusiyanın qəbuluna ehtiyac var. Bu
Konstitusiya yeni dövrün tələblərinə cavab verməli,
inkişaf etmiş dövlətlərin təcrübəsini və
milli maraqları, ölkənin özünəməxsus
xüsusiyyətlərini, milli-mənəvi dəyərləri
unikal formada özündə əks etdirən hüquqi sənəd
olmalı idi.
Dövlətçiliyə
qarşı yönəlmiş qəsdlərin
qarşısı alındıqdan sonra 1995-ci il mayın 2-də
Milli Məclisin iclasında ümummilli lider Heydər Əliyevin
sədrliyi ilə Azərbaycan Respublikasının
Konstitusiyasını hazırlayan Dövlət
Komissiyasının yaradılması ilə bağlı qərar
qəbul edildi. Həmin qərarla komissiyanın tərkibi sədr
müavinindən və 32 üzvdən ibarət müəyyənləşdirildi.
İşin həcmi, əhəmiyyəti nəzərə
alınmaqla, ayrı-ayrı vətəndaşlar, təşkilatlar
və dövlət orqanları tərəfindən daxil olan təkliflərin
dərindən öyrənilməsi məqsədi
ilə komissiyanın 1995-ci il 5 iyun tarixli qərarı ilə
işçi qrup yaradıldı. Həmin iclasda
çıxış edən ümummilli lider Heydər Əliyev
Konstitusiyanın xalqın və dövlətin taleyində
müstəsna əhəmiyyətini nəzərə alaraq
deyirdi: "Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul
etməliyik ki, o, müstəqil Azərbaycan
Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən əsas
qanun, tarixi sənəd olsun. Hakimiyyət
bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə
hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin
olunmalıdır".
Nüfuzlu
hüquqşünasların, o cümlədən cəmiyyətin
görkəmli ictimai-siyasi və elm xadimlərinin daxil
olduğu komissiya ulu öndərin rəhbərliyi altında gərgin
işlədi, Konstitusiyanın hər bir müddəası ətrafında
geniş müzakirələr, diskussiyalar aparıldı. 6 ay sürən ictimai
müzakirələrdən sonra 1995-ci ilin 12 noyabrında
müstəqil Azərbaycanın ilk Konstitusiyasının
referendum yolu ilə qəbulu çağdaş tariximizin
mötəbər hadisələrindən biri olmaqla, ulu öndərin
Azərbaycan dövlətçiliyi qarşısındakı ən
mühüm xidmətlərindən sayılır. Böyük strateq Konstitusiyanın hər bir müddəasını
şəxsən nəzərdən keçirir, dövlətin
gələcək taleyi, demokratik imici baxımından bu işə
son dərəcə məsuliyyətlə yanaşırdı.
Ulu öndər sonralar çıxışlarında bu barədə
deyirdi: "Bu sənədin hazırlanmasına xeyli vaxt
sərf etmişəm. Haqqım var ki deyəm, çox zəhmət
çəkmişəm. Hər bir kəlmənin, hər bir
sözün mənasını dəfələrlə
araşdırmışam. Onun bu gün, gələcək
üçün nə qədər əsaslı
olmasını dəfələrlə təhlil etmişəm.
Mən çox rahatlıq hissi ilə bu layihənin altına
imza atıram və bu layihəyə görə tam cavabdeh
olduğumu bəyan edirəm".
İnsan hüquqlarının təminatçısı
1995-ci il
Konstitusiyasının əsasında hakimiyyətin yeganə mənbəyi
kimi xalqın tanınması, ölkənin
bütövlüyünün qorunması, hakimiyyətlərin
bölünməsi prinsipinə ciddi riayət olunması, insan
hüquq və azadlıqlarının dövlətin ali məqsədi
kimi bəyan edilməsi, beynəlxalq hüququn milli
qanunvericilik üzərində üstünlüyü kimi
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğuna imkan verən mütərəqqi ideyalar
dayanmışdır. Öz müqəddəratını sərbəst
və müstəqil həll etməyi və idarəetmə
formasını müəyyənləşdirməyi
Azərbaycan xalqının suveren hüququ kimi tanıyan
Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi,
dünyəvi, unitar respublika elan etmişdir. Əsas Qanun ənənəvi
hüquqi dövlət ideyalarını özündə ehtiva
etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini
də nəzərə almış, onları
özünəməxsus milli dəyərlər və təsdiq
olunmuş müasir yanaşmalarla zənginləşdirmişdir.
Ümumilikdə, Azərbaycan
Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində
bir ali məqsəd - insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təminatı
məramı dayanır. İnsan şəxsiyyətinin
toxunulmazlığı, onun həyat və
sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin
təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan
Respublikası Konstitusiyasının başlıca mahiyyətini
təşkil edir. 5 bölmədən, 12 fəsil, 158 maddədən
ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin
və yaxud üçdə birinin sırf insan hüquq və
azadlıqları ilə bağlı olması ümummilli
liderin yüksək daxili demokratizmini, insanpərvərliyini bir
daha təsdiqləyir. Konstitusiyada əksini tapmış
strateji məqsədlər, ilk növbədə, hüquqi
islahatların və insan hüquqlarının qorunması
prinsipinin real həyatda tətbiqini zəruri etmişdir.
Azərbaycan
Konstitusiyanın bəzi maddələrinin qısaca şərhi
fonunda onun nə dərəcədə liberal və demokratik
hüquqi sənəd olduğu, insan hüquqlarına
etibarlı təminat yaratdığı tam təsdiqini
tapır. Əsas Qanunun birinci maddəsində göstərilir
ki, "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan
xalqıdır". Konstitusiyanın 4-cü maddəsində
vurğulanır ki, xalqın seçdiyi səlahiyyətli
nümayəndələrdən başqa heç kəsin
xalqı təmsil etmək, xalqın adından danışmaq
və müraciət etmək hüququ yoxdur. 6-cı maddəyə
görə isə Azərbaycan xalqının heç bir
hissəsi, sosial qrup, təşkilat və ya şəxs
hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə
bilməz. Həmin maddənin 2-ci bəndində hakimiyyətin
mənimsənilməsi xalqa qarşı ən ağır
cinayət kimi xarakterizə olunur.
Hüquqi dövlətin
mühüm prinsipi kimi dəyərləndirilən hakimiyyət
bölgüsü isə Azərbaycan Konstitusiyasının
7-ci maddəsinin III hissəsində birbaşa təsbit
olunmuşdur. Azərbaycan Respublikasının
Konstitusiyasında qanunverici, icra və məhkəmə
hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri
dəqiq müəyyən edilmişdir.
Əsas Qanunun 24-cü maddəsinin
1-ci bəndində isə qeyd olunur ki, "Hər kəsin
doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz
hüquqları vardır". Azərbaycan
dövləti ölkə ərazisində yaşayan
bütün vətəndaşların toxunulmazlıq
hüququnu tanıyır və bu hüququn qorunmasına təminat
verir. Şübhəsiz, bu azadlıqlar sərhədsiz deyildir
- həmin maddənin 2-ci bəndində bildirilir ki,
"Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət
və başqa şəxslər qarşısında məsuliyyətini
və vəzifələrini də özündə ehtiva
edir". Yəni, hər bir vətəndaşın hüquq və
azadlıqları digər vətəndaşın hüquq və
azadlıqlarının başladığı yerdə
qurtarır. Heç bir şəxsin öz hüququndan istifadə
edərək digərlərinin hüquqlarını
pozmasına yol verilmir.
Əsas Qanunun 25-ci maddəsində
isə hər bir şəxsin qanun və məhkəmə
qarşısında bərabərliyi prinsipi təsbit
edilmişdir. Bu müddəanın 2-ci bədində
göstərilir ki, dövlət irqindən, milliyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq hər bir şəxsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir.
Bununla yanaşı, Konstitusiyamız insan və vətəndaş
hüquqlarını və azadlıqlarını, irqi, milli,
dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və
sosial mənsubiyyətə görə məhdudlaşdırmağı
qəti şəkildə qadağan edir.
Konstitusiyanın
keçid müddəalarında Azərbaycan dövlətinin
demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar
olaraq bir sıra hüquqi islahatların həyata keçirilməsi
öhdəlik kimi qəbul edilmiş və bunun yerinə
yetirilməsi yönündə mühüm addımlar
atılmışdır. Bu baxımdan son illərdə bir sıra konstitusiya
qanunlarının qəbulunu xüsusi qeyd etmək olar.
Konstitusiyanın 95-ci maddəsinin IV hissəsində göstərilir
ki, bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr
edilə bilər. 156-cı maddədə isə Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələrin qəbul
edilməsi qaydası əksini tapmışdır. Həmin
maddənin I bəndinə görə, Azərbaycan
Respublikası Konstitusiyasına əlavələr Milli Məclisdə
95 səs çoxluğu ilə konstitusiya qanunları şəklində
qəbul edilir. Konstitusiya qanunları Azərbaycan
Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və
Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə
zidd olmamalıdır.
Xatırlatmaq yerinə
düşər ki, 28 dekabr 2001-ci il tarixli "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında", 24 dekabr 2002-ci il
tarixli "Azərbaycan Respublikasında İnsan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında", 24 dekabr 2002-ci il tarixli "Azərbaycan
Respublikasının Milli Məclisinin Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin
həll edilməsi hüququnun əlavə təminatları haqqında",
5 dekabr 2006-cı il tarixli "Beynəlxalq cinayətlərə
görə məsuliyyət müəyyən edən qanunun
qüvvəsinin geriyə şamil olunması haqqında"
konstitusiya qanunları Milli Məclisdə Əsas Qanuna əlavə
kimi qəbul edilməklə, ölkədə insan hüquq və
azadlıqlarının daha etibarlı təminatı məqsədindən
irəli gəlmişdir.
Zamanın diktə etdiyi dəyişikliklər
Hüquq cəmiyyətin
iradəsinin sanksiyalaşdırılmış forması
olduğundan, ictimai həyatın ən müxtəlif sahələrində
özünü göstərən yeniliklər onun xarakterində
təkmilləşmə və müasirləşməni
obyektiv zərurət kimi ortaya çıxarır. Eləcə də,
iqtisadi inkişaf tempinə adekvat olaraq insanların
demokratik-siyasi şüurunda baş verən kardinal dəyişikliklər
cəmiyyətin hüquqi bazasının əsasını,
istinad mənbəyini təşkil edən Konstitusiyada bir
sıra əlavə və dəyişikliklərin edilməsinə
obyektiv tələbat yaradır. Bu baxımdan Azərbaycan
Konstitusiyasına hələ 2002-ci ilin 24 avqustunda ümumxalq
referendumu ilə edilmiş bir sıra əlavə və dəyişikliklər
cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər
sisteminin xarakterindən irəli gəlirdi.
Həmin vaxt
Konstitusiyaya ümumxalq referendumu əsasında edilmiş
prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini,
fövqəladə hallarda prezident səlahiyyətlərinin
baş nazirə keçməsini, eləcə də Prezident
seçkilərinin nəticələrinin sadə səs
çoxluğu ("50+1" faiz) prinsipi ilə
hesablanmasını, habelə hökumətin Milli Məclis
qarşısında illik hesabatla çıxış etməsini,
siyasi partiyaların ləğvi səlahiyyətlərinin
Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı
məhkəmələrə verilməsini, alternativ hərbi
xidmət növünün
formalaşdırılmasını, respublika Prokurorluğuna və
Ali Məhkəməyə qanunvericilik təşəbbüsü
ilə çıxış etmək səlahiyyətinin verilməsini,
vətəndaşlara Konstitusiya Məhkəməsinə
birbaşa müraciət etmək imkanının
yaradılmasını nəzərdə tuturdu. Bu dəyişikliklər
mahiyyət etibarilə insan və vətəndaş
hüquq-azadlıqlarının konstitusion təminatını
gücləndirməyə xidmət etməklə
yanaşı, eyni zamanda, hakimiyyət qolları arasında
hüquqi tarazlığın təmin olunmasına yönəlmişdi.
Həmin dəyişikliklərdən
əvvəl Əsas Qanunun 105-ci maddəsi Azərbaycan
Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə
onun səlahiyyətlərinin Milli Məclisin sədrinə
keçməsini nəzərdə tuturdu. Konstitusiyaya
edilmiş dəyişikliyə görə fövqəladə
hallarda ölkə prezidentinin səlahiyyətlərinin baş
nazirə keçməsi hakimiyyət bölgüsü prinsipi
baxımından daha məntiqəuyğun idi. Çünki həm
prezident, həm də baş nazir icraedici hakimiyyətin
nümayəndələri olduğundan, birincinin hansısa səbəbdən
öz vəzifəsini icra edə bilməməsi halında səlahiyyətlərinin
icraedici hakimiyyətin digər nümayəndəsinə verilməsi
məntiqi və qanunauyğundur. Bu qanunauyğunluq həm də
hakimiyyət bölgüsü haqqında nəzəriyyələrin
diktə etdiyi tələblərdən irəli gəlir.
Hakimiyyətin icraedici, qanunverici və məhkəmə
orqanları arasında bərabər surətdə
bölünməsi prinsipinin qorunub saxlanılması demokratik
dövlətin əsas atributlarından hesab olunur. Milli Məclis
rəhbərinin həm qanunverici, həm də icraedici hakimiyyətin
səlahiyyətlərini müvəqqəti də olsa, öz əlində
cəmləşdirməsi isə istər-istəməz
hakimiyyətin iki qanadı arasında tənzimləmə
prosesini çətinləşdirirdi. Bu, istər Azərbaycan
cəmiyyətində, istərsə də beynəlxalq səviyyədə
dəstəklənərək zamanın tələbindən
irəli gələn müsbət dəyişikliklər kimi xarakterizə
edilmişdir.
Konstitusion islahatların keyfiyyətcə
yeni mərhələsi
2002-ci ilin 24 avqust referendumundan
sonra Azərbaycanda baş verən ictimai-siyasi, iqtisadi və
hüquqi inkişafın miqyası barədə dolğun təsəvvür
formalaşdırmaq, bu sahədə özünü göstərən
yenilikləri bir yazıda əhatə etmək çətindir.
Azərbaycan Prezidenti İlham Əliyevin son 6
illik rəhbərliyi dövründə respublikamız bir
çox inkişaf etmiş dövlətlərin onilliklər
boyu keçdiyi inkişaf mərhələlərini sürətlə
adlamış, iqtisadi tərəqqi, demokratikləşmə,
insan hüquq və azadlıqlarının, vətəndaş
cəmiyyəti təsisatlarının təminatı
sahəsində böyük uğurlara imza atmışdır.
Ümumi daxili məhsulun sürətli artımı, cəmiyyətdə
orta təbəqənin mövqelərinin möhkəmlənməsi,
insan hüquq və azadlıqlarının müdafiəsi
mexanizmlərinin daha da təkmilləşdirilməsinə,
habelə müasirləşdirilməsinə xidmət edən
məhkəmə-hüquq islahatlarının keyfiyyətcə
yeni mərhələyə qədəm qoyması,
siyasi-hüquqi və iqtisadi islahatların biri-birindən təcrid
edilmədən həyata keçirilməsi 2009-cu ilin 18 mart
referendumunun hansı səbəblərlə şərtləndiyini
bir daha əyani şəkildə göstərir. Azərbaycan Respublikası Konstitusiyasına əlavə
və dəyişikliklərlə bağlı
keçirilmiş bu referendumla Əsas Qanuna obyektiv tələbatdan
irəli gələn əlavə və dəyişikliklərin
edilməsi respublikamızın mütərəqqi inkişaf
xüsusiyyətlərindən irəli gələrək onun
beynəlxalq aləmdə demokratik dəyərlərə,
insan hüquqlarına sadiq dövlət kimi tanınması,
nüfuz və mövqelərinin möhkəmləndirilməsi
məqsədi daşımışdır. Səsvermə
hüququna malik seçicilərin 71,08 faizinin Azərbaycan
Konstitusiyasının 29 maddəsinə təklif edilən
bütün əlavə və dəyişiklikləri dəstəkləməsi
bu mütərəqqi prosesə olan əsaslı ictimai
inamı bir daha nümayiş etdirmişdir.
Azərbaycan
Respublikası Konstitusiyanın 29 maddəsinə edilmiş 41 əlavə
və dəyişikliyin böyük qisminin respublikamızda
insan və vətəndaş hüquq və
azadlıqlarının daha etibarlı təmini məqsədinə
xidmət etdiyi bir sıra müddəaların qısa şərhinə
nəzərən tam təsdiqini tapır. Məsələn,
12, 15 və 17-ci maddələrə təklif edilən əlavələr
xalqın layiqli həyat tərzinin təmin edilməsini
dövlətin ali məqsədi kimi təsbit edir, ölkədə
həyata keçirilən sosialyönümlü siyasətə,
habelə uşaq hüquqlarının daha etibarlı
qorunmasına, uşaq əməyinin istismarına qarşı
konstitusiya təminatını gücləndirməklə bir
sıra yeni normalara konstitusion status verir.
Konstitusiyanın
32-ci və 50-ci maddələrinə edilmiş dəyişikliklər
isə hər bir vətəndaşın şəxsi və
ailə toxunulmazlığının daha etibarlı təmini
məqsədi daşıyır. 32-ci maddəyə edilən əlavələrlə,
qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və
ailə həyatına müdaxilə, eləcə də şəxsin xəbəri
olmadan və ya etirazına baxmadan izlənilməsi, video və
foto çəkilişinə, səs yazısına və digər
bu cür hərəkətlərə məruz qoyulması
qadağan olunur. Eyni zamanda, qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, hər kəsin onun haqqında
toplanmış məlumatlarla tanış olmasına, barəsində
toplanmış və həqiqətə uyğun olmayan, tam
olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə
edilmiş məlumatların düzəldilməsini və ya
çıxarılmasını tələb etmək hüququna təminat yaradılır. 50-ci
maddənin III hissəsində yer alan əlavə ilə
"Hər kəsin hüquqlarını pozan və ya mənafeyinə
xələl gətirən, kütləvi informasiya vasitələrində
dərc edilən məlumatı təkzib etmək və ya ona
cavab vermək hüququna təminat verilir".
71 və 72-ci maddələrə
edilən əlavə və dəyişiklik hər kəsin cəmiyyət
və başqa şəxslər qarşısında məsuliyyətini,
vəzifələrini, hüquq və azadlıqlarının
qanuni çərçivələrini müəyyən edir.
71-ci maddəyə edilən əlavəyə görə, "Hər kəsin
hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda
müəyyən edilmiş əsaslarla, habelə digərlərinin
hüquq və azadlıqları ilə məhdudlaşır".
Şübhəsiz, yalnız tam, aydın və demokratik cəmiyyətdə
zəruri məhdudiyyətlərin qanunla müəyyənləşdirilməsindən
sonra insan hüquqlarının səmərəli
reallaşdırılması mümkündür. Bu baxımdan
təklif olunan əlavə də demokratik cəmiyyət
quruculuğunun meyarlarına tamamilə uyğundur. 72-ci maddə
isə hansısa vətəndaşın üzərinə
Konstitusiya və qanunlarda nəzərdə tutulmayan vəzifələrin
qoyulmasını birmənalı qadağan edir.
Konstitusiyanın
67-ci, 125-ci, 129 və 131-ci maddələrinə edilmiş əlavələr
məhkəmə təcrübəsi ilə bağlı bəzi
hüquqi normalara konstitusion statusun verilməsi baxımından
təqdirəlayiqdir. 67-ci maddəyə (Tutulan, həbsə
alınan və cinayət törədilməsində ittiham
edilənlərin hüquqları) edilən dəyişikliyə
görə "cinayət törədilməsində ittiham
edilənlər" ifadəsinin "təqsirləndirilənlər"
sözü ilə əvəz edilməsi təqsirsizlik
prezumpsiyasının (Konstitusiyanın 63-cü maddəsi) mahiyyətindən
irəli gəlir. 67-ci maddəyə edilən digər əlavədə
göstərilir ki, "Cinayət törədilməsində
təqsirləndirilən hər kəs məhkum edilməzdən
əvvəl dinlənilməlidir". Cinayət Prosessual
qanunvericiliyində əksini tapmış bu hüququn
Konstitusiyada da təsbit edilməsi təqsirləndirilən
şəxsin mənafeyinə hesablanmış mütərəqqi
yenilikdir.
125-ci maddəyə edilən əlavəyə
görə "Məhkəmə icraatı həqiqətin
müəyyən edilməsini təmin etməlidir". Yəni, məhkəmənin həqiqəti müəyyən
etməkdən başqa məqsədi olmamalı,
çıxarılan qərar ədalətə, qanuna,
obyektivliyə söykənməlidir. 129-cu maddəyə olunan
əlavələr isə məhkəmə qərarlarının
icrasının məcburiliyi ilə bağlı müddəaya
konstitusion təminatı gücləndirir. Həmin əlavəyə
əsasən, "Məhkəmə qərarının icra
olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur". Bu dəyişiklik məhkəmə
qərarlarının təsir gücünün və səmərəliliyinin
daha yüksək səviyyədə təminatına, məhkəmə
qərarlarının icrası sahəsində bəzi problemli
məqamların tamamilə aradan qaldırılmasına xidmət
edir. Bundan başqa, 130 və 131-ci maddələrə
edilən əlavələrlə Konstitusiya Məhkəməsi
və Ali Məhkəmənin qərarlarının rəsmi mətbuatda
dərc edilməsi Konstitusiyada əksini tapır.
Azərbaycan
Konstitusiyasının 75-ci maddəsinə edilən əlavədə
isə göstərilir ki, "Dövlət rəmzlərinə
hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur". Azərbaycan xarici sərmayədarlar, əcnəbi
iş adamları üçün açıq ölkə
olduğundan belə bir əlavənin Konstitusiyada əksini
tapması son dərəcə vacib və aktual məsələdir.
Ölkə vətəndaşları ilə yanaşı,
respublikamızda fəaliyyət göstərən və
yaşayan hər bir əcnəbinin Azərbaycanın
dövlət rəmzlərinə hörmətlə
yanaşması vacibdir.
Konstitusiyanın 96-cı maddəsinə
görə, Azərbaycan Respublikasının seçki
hüququ olan 40 min nəfər vətəndaşına qanunvericilik
təşəbbüsü hüququ verilmişdir. Bu
mühüm dəyişiklik vətəndaşların mənafeyinə
xidmət edən qanun layihələrinin birbaşa Milli Məclisin
müzakirəsinə çıxarılmasına və qəbuluna
real imkanlar yaradır.
Konstitusiyanın
101-ci maddəsinin (Azərbaycan Respublikası Prezidenti
seçkilərinin əsasları) V hissəsinin yeni redaksiyada
qəbulu da ümumən respublikamızın hazırkı
dinamik inkişafı ilə şərtlənərək hər
bir vətəndaşın aktiv seçki hüququnun səmərəli
təminatı baxımından xüsusi aktuallıq kəsb edir. Bu dəyişikliklə
bir şəxsin iki dəfədən artıq təkrarən
Azərbaycan Respublikasının Prezidenti seçilməsinə
qoyulmuş məhdudiyyət aradan qaldırılır.
Ümumiyyətlə, bir şəxsin
iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin
qoyulması və yaxud belə bir məhdudiyyətin olmaması
müasir dövrdə dövlətin demokratikliyini kölgə
altına alan amil kimi dəyərləndirilə bilməz. Siyasi hakimiyyətin legitimliyi də qətiyyən bu
amillərlə şərtlənməyib xalqın azad
seçim hüququna, demokratik, şəffaf və azad
seçkilərə əsaslanır. 2008-ci ilin 15 oktyabr
seçkiləri göstərdi ki, Azərbaycanda siyasi hakimiyyətin
tamamilə legitim və hüquqi yolla
formalaşdırılması üçün münbit seçki
qanunvericiliyi, demokratik mühit mövcuddur. Belə olan halda
hansısa namizədin prezident seçkilərində iki dəfədən
artıq təkrarən iştirakı Azərbaycanın
demokratik yolla inkişafına heç bir maneə yaratmır.
Konstitusiyanın
101-ci maddəsinin V hissəsinə olunan dəyişikliyə
görə "Müharibə şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi
əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar
seçkilərin keçirilməsini təmin edən dövlət
orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
qəbul edilir".
Konstitusiyada əksini
tapan bu dəyişiklik eyni zamanda, Milli Məclis seçkilərinə
də şamil edilir. Əsas Qanunun 84-cü maddəsinin (Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyət müddəti)
I hissəsinə edilmiş əlavəyə görə
"Müharibə şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin
keçirilməsini mümkün etmədikdə Azərbaycan
Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti
hərbi əməliyyatların sonunadək uzadılır. Bu
barədə qərar seçkilərin (referendumun)
keçirilməsini təmin edən dövlət
orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
qəbul edilir".
Konstitusiyanın
101-ci maddəsinin beşinci hissəsinə və 84-cü maddəsinin
birinci hissəsinə edilmiş dəyişikliklər
müharibə şəraitində ölkədə prezident və
parlament seçkilərinin keçirilməsi aktiv
döyüş əməliyyatlarının aparılması
üzündən mümkün olmadığı halda tətbiq
edilir. Bu da
müharibə şəraitində ölkənin milli təhlükəsizlik
maraqlarının qorunması, müdafiə qabiliyyətinin təmin
olunması zərurətindən irəli gəlir.
Bütün bunlar
deməyə əsas verir ki, ötən 14 il ərzində
Konstitusiya öz həyati gücünü, humanist, dinamik və
realist bir sənəd olduğunu sübut etmişdir. Əsas
Qanunun əhatə etdiyi bütün sahələrdə -
hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin
tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi,
insan haqlarının və azadlıqlarının təmin
olunması və sair ilə bağlı mühüm irəliləyişlər
baş vermişdir. Ölkəmizdə demokratik prinsiplər və
dəyərlər, insan hüquq və azadlıqları getdikcə
daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas
hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir,
bu sahədə beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlıq həyata keçirilir. Ölkəmiz
dünya dövlətləri içərisində öz
müstəqil siyasəti, inkişaf perspektivləri,
potensialı və dövlət idarəçiliyinin
effektiv təşkili ilə seçilir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 4.