Zamanla səsləşən Konstitusiya quruculuğu siyasəti

 

Qloballaşan dünyada hər bir dövlətin beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı, ilk növbədə, onun daxili siyasətindən, demokratik normalara, insan hüquq və azadlıqlarına necə əməl etməsindən asılıdır. Bu gün iqtisadi, siyasi və sosial inkişaf səviyyələrinin müxtəlifliyinə, liberal dəyərlərin mənimsənilməsi göstəricilərinin fərqliliyinə baxmayaraq, demək olar ki, bütün ölkələr insan haqlarına sadiqliklərini birmənalı bəyan etmişlər.

Sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyərək böyük uğurlara imza atan müstəqil Azərbaycanın ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim nəzarətdə saxlamışdır. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı Azərbaycanda yeni iqtisadi və siyasi-hüquqi münasibətlər sisteminin formalaşması hüquqi, dünyəvi dövlət quruculuğunu, vətəndaşların layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da ciddi zərurətə çevirmişdi. Bu reallığı düzgün dəyərləndirən ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır.

1995-ci il noyabrın 12-də Milli Məclisə seçkilərlə yanaşı, referendum keçirilmiş, Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Konstitusiyanın hazırlanması və qəbulu zamanı hər bir vətəndaşın, ümumilikdə, xalqın hüquq və azadlıqlarının hərtərəfli təminatı ideyası rəhbər tutularaq qanunvericiliyin təkmilləşdirilməsi prosesində də prioritet istiqamət təşkil etmişdir. İlk milli Konstitusiyamız respublikanın müstəqilliyini təmin edən sənəd olmaqla, hüquqi, demokratik dövlətin qurulmasının, vətəndaş cəmiyyətinin formalaşmasının əsas təsisatını yaratmışdır. 12 fəsil, 158 maddədən ibarət olan ali qanunumuzda Azərbaycanda insan hüquq və azadlıqlarına dair xüsusi bölmənin olması da təqdirəlayiq haldır.

Azərbaycan Konstitusiyasının ən yüksək məziyyəti insan və vətəndaş hüquqlarının kifayət qədər aydın və sadə şəkildə təsbit olunması və bunun dövlətin ali məqsədi elan edilməsidir. 12-ci maddədə göstərilir ki, insan hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin ali məqsədidir. Ümumilikdə, Konstitusiyada əksini tapmış maddələrin üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da həmin reallığı bir daha təsdiqləyir. İnsan hüquqlarına belə həssas münasibət inkişaf etmiş bir sıra dövlətlərin konstitusiyalarında bu dərəcədə aydın, dəqiq və genişliyi ilə əksini tapmamışdır.

Əsas Qanunda Azərbaycanın demokratik yolla inkişafının qaçılmaz olduğunu nəzərdə tutan şərt ali hakimiyyətin xalqa məxsus olmasının birmənalı şəkildə təsbit edilməsidir. Eyni zamanda, Konstitusiyada öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququ kimi qeyd olunur. Mühüm məsələlərdən biri də xalqın hüquq və mənafeləri ilə bağlı bütün məsələlərin (3-cü maddə) referendum yolu ilə həll edilməsidir. Xalqı təmsil etmək hüququ isə (4-cü maddə) yalnız onun seçdiyi nümayəndələrə verilir.

Milli strateji sənəd olan Konstitusiya dövlət hakimiyyətinin təşkilinin konseptual başlanğıcını müəyyən edir, insan hüquqları, siyasi plüralizm, mülkiyyət formalarının çoxnövlüyü və bərabərliyi, hakimiyyətin qanuni məhdudlaşdırılması və hamılıqla qəbul olunmuş digər demokratik dəyərləri özündə cəmləşdirir. Bu mənada, Konstitusiya həm də ideoloji funksiyanı həyata keçirmiş olur. Lakin bu ideologiya totalitar rejimlərdə olduğu kimi, hər hansı qrupun və ya siyasi qüvvənin mövqelərinin qorunmasına deyil, ümumilikdə cəmiyyətin demokratik-hüquqi inkişafının təmin edilməsinə yönəlmiş olmalıdır. Konstitusiyamızın cəmiyyətdə çox mühüm birləşdirici funksiyaya malik olması da xüsusi vurğulanmalıdır. Yəni, Əsas Qanunumuz hər bir vətəndaş qarşısında dövlətin vahidliyini və bölünməzliyini təmin etmək, onun parçalanmasının qarşısını almağa hazır olmaq kimi vacib tələblər qoyur.

Konstitusiyamızda bütün növ insan hüquqları - əmək hüququ, istirahət hüququ, sosial təminat hüququ, mənzil toxunulmazlığı hüququ, təhlükəsiz yaşamaq hüququ, tətil hüququ, təhsil hüququ, milli mənsubiyyət hüququ, vicdan azadlığı, fikir və söz azadlığı, sərbəst toplaşmaq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ aydın təsbit edilmişdir.

Əsas Qanuna dəyişikliklər əgər tarixi zərurətdən, ictimai tələbatdan irəli gələrək proqressiv nəticələrə imkan yaradırsa, konstitusiyanın sabitliyini və dəyişilməzliyi fikrini əsas gətirərək qanunvericilik islahatlarından imtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz. Əsas Qanun dinamik olaraq inkişaf edən cəmiyyətdə formalaşmağa başlayan, yaxud formalaşmış ictimai münasibətləri tənzimləmək funksiyasını yerinə yetirir. İctimai münasibətlərin dinamik inkişafı - sosial-iqtisadi tərəqqinin başlanması, ölkənin siyasi və hüquq sisteminin əhəmiyyətli dərəcədə təkmilləşməsi, Avropa Şurasına üzvlüklə əlaqədar Avratlantik məkana inteqrasiyanın sürətlənməsi və digər mühüm yeniliklərin Əsas Qanunda adekvat əksini tapması məqsədilə hələ 2002-ci il avqustun 24-də Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirilmişdir. Bu referendumun nəticəsi kimi Konstitusiyaya insan hüquq və azadlıqlarının daha səmərəli təminatına xidmət edən, obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

Həmin vaxt ümumxalq səsverməsinə çıxarılan referendum layihəsi 24 maddədə dəyişiklik edilməsini nəzərdə tutaraq 8 bölmədə qruplaşdırılmışdı. Məsələn, 83-cü maddəyə edilən dəyişiklik Milli Məclisə seçkilərin yalnız majoritar qaydada keçirilməsini nəzərdə tuturdu. Proporsional seçki sisteminin ləğvinə bütün dünyada meylin artdığı bir zamanda Azərbaycanda siyasi partiyaların həddən artıq çoxluğu və onların parlamentdə yer qazanmaq imkanlarının məhdudluğu üzdə olan acı reallıq idi. Digər tərəfdən, majoritar və proporsional seçki sistemlərinin müqayisəli təhlili göstərir ki, vətəndaşların iradəsinin hansı formada ifadə olunması ölkədə parlament və ya prezident üsul-idarəsinin tətbiqindən bilavasitə asılıdır. Majoritar seçki sistemi prezident üsul-idarəli ölkələrdə daha geniş tətbiq olunur. Azərbaycan da məhz bu ölkələr sırasına daxildir və prezidentin timsalında icraedici hakimiyyətlə qanunverici hakimiyyət arasındakı səlahiyyət bölgüsünun nisbəti təbii olaraq birincinin xeyrinə yüksək şəkildə ifadə olunur. Bu mənada, Azərbaycanda qanunverici orqana seçkilərin sırf majoritar seçki sistemi əsasında keçirilməsi siyasi qanunauyğunluğun nəticəsi olmaqla, demokratik normalara, beynəlxalq təcrübəyə və siyasi nəzəriyyələrə qətiyyən zidd sayıla bilməzdi. Vətəndaşlar bəzən istəmədikləri, yaxud tanımadıqları təsadüfi adamlara səs vermək məcburiyyətində qalır, iradələrini azad surətdə ifadə edə bilmirdilər. Parlament seçkilərinin sırf majoritar sistem üzrə keçirilməsini nəzərdə tutan konstitusion dəyişiklik də hansısa partiyanın deyil, sırf ölkə vətəndaşlarının mənafeyini özündə ehtiva edirdi.

24 avqust 2002-ci il referendumunun digər prinsipial dəyişikliyi Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin "50+1" prinsipi əsasında hesablanmasını nəzərdə tuturdu. 24 avqust referendumuna qədər ölkədə seçicilərin üçdə ikisinin, yaxud 67 faizinin səsini toplamış namizəd qalib elan olunurdu. Yeni prinsip isə hər bir namizədin xeyrinə olmaqla, seçkilərin demokratikliyinin daha yüksək səviyyədə təmin edilməsi istiqamətində atılmış ciddi addım idi.

24 avqust referendumunun ən mühüm nəticələrindən biri də vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət imkanının yaradılması olmuşdur. Bu referenduma qədər Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sorğusu əsasında normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğu məsələsinə baxılırdı. Normativ-hüquqi aktla vətəndaşların hüquq və azadlıqları pozulduqda onların müdafiəsinin hüquqi mexanizmi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 352-ci maddəsi ilə müəyyən edilirdi. Həmin mexanizmə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqları pozulduqda o, müvafiq məhkəmələrin vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək, məsələnin Konstitusiya Məhkəməsinə sorğu vermək yolu ilə göndərilməsini xahiş edirdi. Beləliklə, həmin müraciət uzun bir yol keçdikdən və xeyli vaxt itkisindən sonra Konstitusiya Məhkəməsinə çatırdı. 24 avqust 2002-ci ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada və hallarda pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi barədə Konstitusiya Məhkəməsinə birbaşa müraciət edə bilməsi müddəası təsbit olunmuş, insanların hüquq və azadlıqlarının qorunmasına təminat yaranmışdır.

Müasir dünyada hər hansı dövləti və onun qanunvericilik sistemini beynəlxalq hüquqdan təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün deyildir. Beynəlxalq hüquq normaları, habelə inkişaf etmiş ölkələrin təcrübəsində özünü doğrultmuş hüquqi prosedur və qaydalar əksər dövlətlərin norma yaradıcılığı prosesində nəzərə alınaraq geniş tətbiq olunur. Beynəlxalq inteqrasiya prosesləri, ikitərəfli və çoxtərəfli müqavilələrin iştirakçısı olan ölkələrin həmin müqavilələrlə təsis edilən dövlətüstü orqanların yurisdiksiyasını qəbul etməsi də milli qanunvericilik sistemlərinin inkişafına, təkmilləşdirilməsinə və dəyişdirilməsinə təkan verir.

Bu məsələdə hər bir ölkənin milli hüquq sisteminin əsasını təşkil edən konstitusiyalar da istisnalıq təşkil etmir. Xüsusən də, hüquq sistemində köklü dəyişikliklər aparılan, yeni müstəqillik əldə edən dövlətlərdə konstitusion islahatların aparılması təbii qəbul olunmalıdır. Konstitusiya digər qanunvericilik aktlarına nisbətən daha stabil sənəd sayıldığı üçün yalnız ictimai-siyasi, hüquqi zərurətdən irəli gələn, xalqın iradəsini ifadə edən islahatlar belə dəyişikliklərə haqq qazandıra bilər. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş milli Konstitusiyamız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyalarını, inkişaf etmiş dövlətlərin təcrübəsini, insan hüquq və azadlıqlarının təmin olunmasına müasir yanaşmanı, həmçinin Azərbaycanın dövlətçilik ənənələrini və milli dəyərlərini özündə ehtiva edən kifayət qədər mükəmməl sənəddir. Bununla belə, nəzərə almalıyıq ki, Konstitusiya qəbul edildikdən sonrakı illərdə Azərbaycanda siyasi-hüquqi və institusional sahədə bir sıra pozitiv dəyişikliklər aparılmış, ardıcıl və məqsədyönlü sosial-iqtisadi, demokratik islahatlar həyata keçirilmişdir.

Xüsusən də, son illərdə Azərbaycanda iqtisadi, siyasi və hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun obyektiv dəyərləndirilməsi və onların dövlətin maliyyə dəstəyi ilə əhatə olunması, sosial tələbatı əhəmiyyətli dərəcə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı qənaətinin möhkəmlənməsi və digər pozitiv yeniliklər Konstitusiyada yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsinə tələbat yaratmışdı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət bütün çalarları ilə məhz insana, şəxsiyyətə yüksək qayğı və hörmət prinsipi üzərində qurulduğundan, Konstitusiyaya vətəndaş hüquqlarının konstitusion təminatının daha da gücləndirilməsi məqsədinə hesablanmış əlavə və dəyişikliklərin edilməsi məsələsi yenidən aktuallaşmışdı. Yeni dövrün tələblərindən irəli gələn Konstitusiya islahatı ictimai-siyasi həyatın bütün sferalarında xalqın rolunun artırılmasına xidmət etmişdir.

Milli Məclisin 26 dekabr 2008-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi referendumun keçirilməsinin mümkünlüyünə dair rəy vermiş, Referendum Aktı layihəsində əksini tapmış təkliflər Əsas Qanunun xalq hakimiyyəti və dövlətin əsaslarına dair ümumi müddəaları ilə ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan onun ümumxalq səsverməsinə çıxarılması mümkün hesab edilmişdir. Əsas Qanunun bir çox normalarını təkmilləşdirmək məqsədi daşımaqla, dövlətin sosialyönümlü siyasətinə konstitusion status yaradan, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi və təminatına, ali dövlət hakimiyyəti, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə istiqamətlənmiş Referendum Aktının xalq tərəfindən birmənalı dəstəklənməsi isə mühüm siyasi kampaniyanın uğurlu məntiqi sonluğu kimi dəyərləndirilə bilər.

18 mart 2009-cu il referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir. Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasına, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, habelə icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli və əhəmiyyətli məsələlər daxildir.

Referendumda ölkə vətəndaşlarının mütləq əksəriyyətinin də birmənalı şəkildə dəstəklədiyi bu əlavə və dəyişikliklər çoxşaxəli olmaqla, cəmiyyətin ən müxtəlif sahələrini əhatə edir. Məsələn, 12-ci maddəyə edilən dəyişikliyə görə insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədləri sırasına daxil olunur. Bununla, dövlət hər bir vətəndaşın layiqli həyat tərzinin təminatını konstitusion öhdəlik kimi üzərinə götürür.

Bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə baxmayaraq Azərbaycan dövlətinin yeritdiyi siyasətin ana axarında sosialyönümlü məsələlərin prioritet təşkil etdiyi, "sosial dövlət" modelinə doğru inamlı addımların atıldığı Əsas Qanunun 15-ci maddəsinə edilən dəyişiklik fonunda bir daha real təsdiqini tapır.

25-ci maddəyə edilən əlavə hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun və hərtərəfli ifadəsinə hüquqi təminat yaradır. Bu maddəyə ediləcək birinci əlavəyə görə, "Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz". Digər əlavəyə görə isə "Hüquq və vəzifələrlə bağlı qərar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir". Azərbaycan demokratik dəyərləri milli inkişafda prioritet kimi qəbul edən tolerant dövlət olduğundan hər iki əlavənin Konstitusiyada əksini tapması tamamilə məntiqidir.

32-ci maddəyə edilən əlavə və dəyişikliklər isə respublikamızda hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına yönəlməklə, informasiyanın əldə edilməsi və yayılması baxımından müəyyən hüquqi çərçivələri müəyyənləşdirir. Etiraf etməliyik ki, son illər məhkəmələrdə ictimai-siyasi xadimlərin, dövlət məmurlarının, hətta sıravi vətəndaşların KİV-yə qarşı mülki qaydada qaldırdığı iddiaların böyük əksəriyyəti şərəf və ləyaqətin müdafiəsi, şəxsi toxunulmazlıq hüququnun pozulması halları ilə bağlı olur. Peşə etikasına və qanunlara riayət etmək istəməyən müəyyən qəzetlər ölkədə söz və mətbuat azadlığını əsas gətirərək məhkəmə iddiaları ilə razılaşmaq istəmirlər. Halbuki hər bir vətəndaşın söz və mətbuat azadlığı Əsas Qanunda digər vətəndaşın şəxsi toxunulmazlıq hüququndan üstün norma deyildir. 32-ci maddəyə edilmiş əlavə və dəyişikliklər qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eyni zamanda, "Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Dövrün reallıqları ilə səsləşən digər əlavəyə əsasən, "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". Bu, ölkə vətəndaşlarının şəxsi toxunulmazlıq hüququna əlavə təminatlar yaradır, KİV-cəmiyyət münasibətlərinin qanuni çərçivələrini və sərhədlərini daha dəqiq müəyyən edir.

48-ci maddəyə (vicdan azadlığı) edilən əlavə isə hər bir ölkə vətəndaşının Konstitusiya ilə təsbit edilmiş vicdan azadlığı hüququna əlavə konstitusion təminat yaradır. Həmin əlavəyə görə, "Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". Bu əlavə müxtəlif xalqların, dini konfessiya və icma nümayəndələrinin dinc, yanaşı yaşadığı respublikamızda dini-etnik dözümlülüyün daha da gücləndirilməsi, habelə hər kəsin vicdan azadlığı hüququnun konstitusion müdafiəsi baxımından vacib əhəmiyyətə malikdir.

Əsas Qanunun 71-ci maddəsinə edilən əlavə də ümumən demokratiyanın tələbləri ilə səsləşir. Bu maddədə nəzərdə tutulan əlavəyə görə, "Hər kəsin hüquq və azadlıqları bu Konstitusiya və qanunla müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır". Demokratiyanın mühüm şərti kimi qəbul olunan bu müddəaya konstitusion statusun verilməsi hər bir vətəndaşın hüquq və azadlıqlarının qanuni sərhədlərinin, eləcə də hüquqi meyarlarının dəqiqləşdirilməsi baxımından vacibdir. Şübhəsiz, heç bir qanun, o cümlədən Konstitusiya vətəndaşlara son imkanları görünməyən hüquq və azadlıqlar vermir.

Təqdir olunan əlavələrdən biri də Azərbaycan Respublikasının 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsidir. Konstitusiyanın 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) edilən dəyişikliyə görə, Azərbaycan Respublikası vətəndaşlarına qanun layihələrini Milli Məclisin müzakirəsinə çıxarmaq hüququnun verilməsi, ilk növbədə, ictimai mənafelərə xidmət edir. Qüvvədə olan Konstitusiyada Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsusdur. Əlavə olaraq 40 min Azərbaycan vətəndaşına belə bir hüququn verilməsi Konstitusiyanın I maddəsinin (Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi xalqdır) tələbindən irəli gəlir. Bu yenilik ölkə vətəndaşlarına onların maraq dairəsinə daxil olan məsələlərin hüquqi tənzimlənməsi məqsədilə qanun layihələri hazırlamasına və Milli Məclisin müzakirəsinə çıxarmasına imkan yaradacaqdır.

Ümumiyyətlə, Əsas Qanunun 29 maddəsinə edilmiş 41 əlavə və dəyişikliyin hər biri mahiyyətcə respublikamızın tərəfdar çıxdığı beynəlxalq konvensiya və sazişlərin tələblərinə tam cavab verir. İctimai dəstək almış hüquqi yeniliklər 1948-ci il tarixli "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nə, 1950-ci il tarixli "İnsan Hüquqları üzrə Avropa Konvensiyasına", 1966-cı il tarixli "Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt"a, 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyanın və s. müddəalarına uyğun olmaqla, ölkənin milli qanunvericiliyinin beynəlxalq norma və prinsipləri ilə uzlaşdırılmasına yönəlmişdir.

Konstitusiya islahatlarının ictimai münasibətlərin hüquqi tənzimlənməsi prosesində praktik surətdə tətbiqi baxımından milli qanunvericiliyin təkmilləşdirilməsi də yeni mərhələ üçün qarşıda duran əsas vəzifələrdən birinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə" sərəncamı da məhz bu məqsədə xidmət etmişdir.

Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təminatında yeni mərhələnin əsasını qoymuş son referendum mühüm siyasi kampaniya olaraq respublikamızın demokratik islahatlara, vətəndaş cəmiyyəti yoluna sadiqliyini sübuta yetirir. Ümidvarıq ki, mütərəqqi xarakterli Konstitusiya islahatından sonra Azərbaycanda milli qanunvericiliyin liberallaşdırılması prosesi daha da sürətlənəcək, yeniləşən qanun və normativ-hüquqi aktlar ictimai həyatın müasirləşdirilməsini təmin edəcəkdir.

 

 

Elşad ABDULLAYEV,

hüquq elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 5.