Hüquq sisteminin fundamental təməli

 

Bəşəri ideallara sadiqlik nümayiş etdirən hər bir dövlət hazırkı qloballaşma dövründə insan hüquq və azadlıqlarının təminatı sisteminin təkmilləşdirilməsini ictimai münasibətlərin inkişafından doğan sosial zərurət kimi dəyərləndirir, bu sahədə sistemli tədbirlər həyata keçirir. Demokratikləşmə prosesinin sonu olmadığından, hansısa dövlətin bu qəbildən olan tədbirlər sistemi ilə kifayətlənməsi, liberallaşmaya xidmət edən islahatlara ara verməsi qətiyyən mümkün deyildir. Azərbaycan Respublikası da demokratik inkişaf və vətəndaş cəmiyyəti quruculuğu yolunda olan dövlət kimi ictimai münasibətləri tənzimləyən hər bir qanunun, normativ-hüquqi aktın dövrlə səsləşməsini, xalqın mənafeyinə cavab verməsini son dərəcə vacib sayır.

 

Tarixi təcrübə göstərir ki, siyasi hakimiyyət yalnız xalqın mənafeyinə cavab verən, onun hüquq və azadlıqlarının daha etibarlı təminatına şərait yaradan islahatlarla ictimai etimad qazana bilir. Bu məqsədə hesablanan, xalqın iradəsinə cavab verən islahatlar dövlətin hüquq sistemini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq arenada da nüfuzunu yüksəldir. Azərbaycanda Konstitusiyanın qəbulu və zamanın diktəsinə adekvat olaraq müasirləşdirilməsi mərhələləri də bu baxımdan xalqımızın demokratik-hüquqi, ədalətli dövlətdə yaşamaq, qanuni mənafeyini gerçəkləşdirmək istəyinin parlaq təcəssümüdür. Bu prosesin tarixi-politoloji və hüquqi aspektdən təhlili Azərbaycanın mütərəqqi Qərb dəyərlərinə sadiq olan və demokratik inkişaf yolunda həlledici uğurlara imza atan dövlət olduğunu bir daha təsdiqləyir.

Konstitusiya dedikdə, dövlətin konstitusion quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas əlamətlərini, milli dövlət quruculuğunu, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının sistemini, onların təşkili və fəaliyyət prinsiplərini, yerli özünüidarəçiliyin əsaslarını təsbit edən fundamental hüquqi akt başa düşülür. Tarixən məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin həyata keçirildiyi, vətəndaş cəmiyyəti quruculuğu yönümündə inamlı addımların atıldığı dövlətlərdə insan hüquq və azadlıqlarına maksimum təminat yaradan yeni konstitusiyanın qəbulu qaçılmaz olur. Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi razılığın, bəzi hallarda hətta milli barışığın təminatçısı kimi çıxış edən konstitusiya, eyni zamanda, dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, yol verilən həddini dəqiqləşdirir, bu sahədəki siyasətin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və digər xüsusiyyətləri ilə konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Azərbaycanda tarixən ictimai münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar olsa da, istər ilk dünyəvi, demokratik dövlətin yaranmasının, istərsə də cəmiyyətin hüquq sisteminin fundamental əsası kimi çıxış edən ilk konstitusiyanın qəbulu yalnız ötən əsrə təsadüf edir. 1918-ci ildə Yaxın Şərqdə və ümumən müsəlman dünyasında ilk dünyəvi, demokratik, unitar dövlət kimi yaranan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti xalqın hüquqi düşüncə sisteminin inkişafında şanlı epoxa kimi xatırlanır. Milli Şuranın 1918-ci il mayın 28-də bütün dünyaya elan etdikləri İstiqlal Bəyannaməsində göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün xalqlarla mehriban dostluq əlaqələri yaratmaqla, millət, din, sinif və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir. İstiqlaliyyət Bəyannaməsi konstitusion mahiyyət daşımasa da, ilk dəfə olaraq məhz bu sənəddə Azərbaycanın demokratik və hüquqi yolla inkişaf etmək məramı dünya ictimaiyyətinə bəyan olunmuşdur.

Respublikamızda konstitusiya yaradıcılığının əsası isə bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan xeyli sonra - sovet hakimiyyəti illərində qoyulmuşdur. Ümumiyyətlə, imperiyanın tərkibində olduğu 70 il müddətində respublikamızda dörd dəfə Konstitusiya qəbul edilmişdir. Keçmiş Azərbaycan SSR-in 1921, 1925, 1937 və 1978-ci il konstitusiyaları oxşar ideya və prinsiplərin varisliyini qoruyub saxlamaqla, daha çox ideoloji xarakter daşımış, cəmiyyətə hakim kəsilmiş siyasi rejimi, hüquq qaydalarını və dövlət idarəetmə sistemini müəyyən etmişdir. Bu konstitusiyalarda insan hüquq və azadlıqları ilə bağlı əksini tapmış bəzi normalar isə şərti səciyyə daşımış, onların praktik surətdə gerçəkləşdirilməsi mümkün olmamışdır. Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə - 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyası isə bəzi mütərəqqi cəhətləri, liberal xüsusiyyətləri ilə nisbətən fərqlənmişdir. Milli ideallara qəlbən bağlı olan ümummilli liderin israrlı tələbləri, təkidi ilə ittifaq rəhbərliyi həmin Konstitusiyada Azərbaycan dilinin ana dili kimi təsbit olunmasına razılıq vermişdir.

Tarixi şansdan və ulu öndər Heydər Əliyevin hələ respublikaya birinci rəhbərliyi dövründə formalaşmış güclü iqtisadi potensialdan yararlanaraq ötən əsrin 90-cı illərində müstəqilliyinə qovuşmuş respublikamızın konstitusion müstəvidə ilk addımı 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu olmuşdur. Həmin Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. Aktda eyni zamanda, Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuşdur. "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır. Bu ali sənəddə hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdir.

1991-1993-cü illərdə bir tərəfdən ictimai-siyasi sabitliyin, qanunçuluğun kövrək xarakter daşıması, xalqla hakimiyyət arasında mənəvi-siyasi böhranın dərinləşməsi, qanunsuz silahlı dəstələrin özbaşınalığı, digər tərəfdənsə iqtisadi tənəzzülün dərinləşməsi bu məqsədlərin praktik surətdə gerçəkləşməsinə imkan verməmişdir. Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün hələ 1991-ci il fevralın 9-da keçmiş Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 74 nəfərdən ibarət komissiya yaradılsa da, bu istiqamətdə faktiki olaraq uzun müddət heç bir iş görülməmişdir.

1993-cü ilin iyununda, kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti istiqamətində mühüm addımlar atmışdır. Məhz bu mərhələdən ardıcıl olaraq gerçəkləşdirilən islahatlar respublikamızda demokratik cəmiyyətin mühüm atributu olan, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbuluna da ciddi tələbat yaranmışdır. Bu reallığı düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanaraq qəbulunu vacib saymışdır.

1995-ci ildə Konstitusiya Komissiyasına rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında həm respublikanın tarixi keçmişindən və milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür. 1995-ci ilin 12 noyabrında Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi yolu ilə ilk milli Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, ictimai həyatın bütün sahələrinin inkişafına təkan vermiş, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlamış komissiyanın 1995-ci il noyabrın 24-də keçirilmiş iclasında dərin məzmunlu nitq söyləyən Heydər Əliyev demişdir: "Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

Konstitusiyanın preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, süverenliyini və ərazi bütövlüyünü qorumaq, bu ali sənəd çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsini ifadə edən, insan hüquq və azadlıqlarını təmin edən hüquqi, dünyəvi dövlət qurmaq və digər bu kimi ülvi niyyətlər bəyan edilmişdir. Əsas Qanun Azərbaycan dövlətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu təsbit edir, başqa sözlə, dövlətin öz təyinatını tam yerinə yetirməsi üçün bütün zəruri xüsusiyyətləri əks etdirir. Konstitusion quruluşun vacib əsası kimi xalq hakimiyyətini (xalqın suverenliyini) bəyan edən və Azərbaycan xalqını hakimiyyətin yeganə mənbəyi elan edən Konstitusiya xalqın öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirməsini nəzərdə tutur. Əsas Qanun Azərbaycan dövlətini hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu təsbit edir, başqa sözlə, dövlətin öz təyinatını tam yerinə yetirməsi üçün bütün zəruri xüsusiyyətləri göstərir.

Konstitusiya ölkədə sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi müxtəliflik və plüralizm kimi mühüm prinsipləri təsbit edir. Eyni zamanda, konstitusiyalı quruluşun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığını, mülkiyyət növlərinin müxtəlifliyini və onların bərabər müdafiəsinə verilən təminatı əks etdirir.

Azərbaycan Respublikasının Konstitusiyasında həmçinin BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam, əhatəli şəkildə təsbit olunmuşdur. Belə normalar bu və ya digər şəkildə, lakin tamamilə fərqli doktrinada ölkədə qüvvədə olmuş sovet konstitusiyalarında da əksini tapmışdı. Həmin dövrdə bu konstitusion hüquqları vətəndaşlara dövlət verirdisə, müstəqil Azərbaycan Respublikası Konstitusiyasının əsas və prinsipial fərqi odur ki, insan hüquq və azadlıqlarının üstünlüyünü birmənalı bəyan etməsidir.

Konstitusiyanın 7-ci maddəsinin III bəndində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə, məhkəmə hakimiyyəti isə Azərbaycan Respublikasının məhkəmələrinə mənsubdur. Bu, Əsas Qanunumuzda tamamilə yeni, beynəlxalq təcrübəyə uyğun prinsiplərdən biridir. Qarşılıqlı fəaliyyət göstərən bu hakimiyyətlər öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Lakin hansısa biri səlahiyyətini aşarsa, digərləri onu durdurmaq səlahiyyətinə malikdir.

Əsas Qanunun 147-ci maddəsinə görə, Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik qanunvericilik sənədidir. Bu, o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və konstitusion müddəalar birbaşa təcrübədə tətbiq edilir. Yəni, hər hansı qanunun olub-olmamasından asılı olmayaraq, vətəndaş konstitusion normaların realizə edilməsini tələb edə bilər.

İnsan hüquq və azadlıqlarının təmin edilməsinin ayrı-ayrı dövlətlərin müstəsna daxili işi deyil, bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi müasir dövrdə hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyildir. Ölkə Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm də son 14 ildə ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yaxşı imkanlar açmışdır. Əsas Qanunda əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının son 14 ildə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilmişdir. Bu müddəa respublikamızın dünya birliyinə inteqrasiyasına geniş imkanlar açmaqla yanaşı, beynəlxalq hüquq normalarının, xüsusilə də, insan hüquqlarına dair normaların ölkəmizdə maneəsiz tətbiqinə əlverişli şərait yaratmışdır.

Konstitusiyanın qəbulundan sonra ayrı-ayrı sahələr üzrə qanunlar yaradılmağa başlamış, Əsas Qanunun müddəalarına uyğun yenidən işlənmişdir. 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" qanun qəbul edilmiş, 2000-ci ildə Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və digər məcəllələr, qanunlar qəbul olunmuşdur. Məhkəmələrin fəaliyyətində səmərəliliyi artırmaq üçün Azərbaycan-Avropa Şurası İşçi Qrupu yaradılmışdır. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün üçpilləli məhkəmə sisteminin yaradılması da Konstitusiyamızda əks olunan mühüm müddəalardan biridir. İnsanlara hüquqi xidmətin keyfiyyətini yüksəltmək üçün hakim korpusunun yeni forma və metodlarla formalaşdırılması da bu sırada xüsusi vurğulana bilər.

Normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Əsas Qanuna zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. 7 il əvvəl - 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac da məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi.

İlk dəfə 2002-ci ildə keçirilmiş Konstitusiya islahatından ötən 7 ildə respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər - iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun obyektiv dərk olunması və onların dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, ən əsası, sosial ehtiyacları əhəmiyyətli dərəcədə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı fikrinin möhkəmlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir.

1995-ci ildə Azərbaycanda dövlətin, xalqın təhlükəsizliyi baxımından müəyyən daxili və xarici təhdidlər hiss edilirdisə, respublikamız hazırda milli təhlükəsizliyinə etibarlı təminat formalaşdırmaqla regionda əsas söz sahiblərindən birinə çevrilmiş, idarəetmə təsisatlarını inkişaf etdirərək dövlətçilik sütunlarını möhkəmləndirmişdir. Yalnız bir faktı vurğulamaq kifayətdir ki, həmin dövrdə təxminən 400-500 milyon dollar civarında olan dövlət büdcəsi hazırda 10 milyard manat təşkil edir. İnkişafdakı zaman fərqini qabarıq büruzə verən bu və digər rəqəmlər, habelə ictimai şüurdakı pozitiv dəyişikliklər Konstitusiya islahatlarının obyektiv tələbatdan irəli gəldiyini bir daha önə çıxarır. Hələ 2002-ci ilin 24 avqustunda bu zərurət nəzərə alınaraq Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilsə də, cəmiyyətin hazırkı sürətli inkişafı, habelə xalqın ümumi mənafeyi baxımından bu məsələyə yenidən qayıdılmasını zərurətə çevirmişdir.

2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqləmişdir. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu seçkilər xalqın mövcud hakimiyyətə olan inamının da bariz təcəssümü kimi diqqəti çəkmişdir. Azərbaycanda sürətli sosial-iqtisadi inkişafa zəmin formalaşdıran, ictimai-siyasi sabitliyi təmin edən, qlobal enerji layihələrinin təminatçısına çevrilən, eyni zamanda, respublikanın beynəlxalq arenada nüfuz və mövqeyini möhkəmləndirən ölkə iqtidarı növbəti dəfə cəmiyyətin həlledici çoxluğunun ciddi dəstəyini almışdır.

18 mart referendumunun yekun nəticələrinə nəzərən şübhə etmədən demək olar ki, ötən 6 ilin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlı daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa qətiyyən alternativ görmür. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçərək xalqın siyasi iradəsini ifadə edən ümumxalq referendumunun nəticələri həm də təsdiqləmişdir ki, Azərbaycan seçicisi Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişikliyin həm şəxsən özünün, həm də respublikanın gələcək taleyi baxımından əhəmiyyətini düzgün dəyərləndirir. Konstitusiyaya edilən əlavə və dəyişikliklərin ümumən zamanın ruhu ilə səsləşdiyi, mövcud reallıqlardan irəli gəldiyi danılmaz həqiqət olaraq obyektivlik hissini itirməyən hər bir vətəndaş tərəfindən etiraf olunur.

Konstitusiya hüququ ilə bağlı tarixən formalaşmış nəzəriyyələrdə hüquqi və faktiki konstitusiya anlayışları fərqli yanaşmalar kimi təsbit edilir. Hüquqi konstitusiya dedikdə, insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür. Tənzimləməyə məruz qalan ictimai münasibətlər, daha dəqiqi, real mövcud olan münasibətlər isə faktiki konstitusiya ifadəsi ilə xarakterizə edilir. Hüquqi və faktiki konstitusiya arasında fərqin aşkar duyulması isə hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması, müasir tələblərə tam cavab verməməsi anlamına gəlir. 18 mart referendumunun başlıca məqsədi də məhz Azərbaycanda hüquqi və faktiki konstitusiyaları bir-birinə yaxınlaşdırmaqdan, onlar arasındakı sivil balansı təmin etməkdən ibarət olmuşdur.

18 mart referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətlərinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir. Referendumun nəticəsi olaraq Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasına, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli əhəmiyyətli məsələlər daxildir.

Konstitusiyaya əlavə və dəyişikliklər, eyni zamanda, Azərbaycanın insan hüquqları sahəsində qəbul etdiyi qanunlara və normativ-hüquqi aktlara konstitusion status yaratmaq məqsədindən irəli gəlir. Respublikamız insan hüquqları ilə bağlı 150-dək beynəlxalq müqavilənin iştirakçısı olmaqla, bu sahədə formalaşmış beynəlxalq təsisatlara dövri hesabatlar təqdim edir. Bu baxımdan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığın dərinləşdirilməsi, bu məhkəmənin presedent hüququnun öyrənilməsi də vacib istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanının 6-cı bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə, o cümlədən apellyasiya məhkəməsinə Avropa presedent hüququnu öyrənmək və təcrübədə tətbiq etmək tövsiyə edilmişdir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının mühüm müddəalarından biri də milli qanunvericiliyin beynəlxalq hüquqi aktlara uyğun daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə islahatlara milli qanunvericiliyin əsası olan Konstitusiyadan başlanılması isə tamamilə məntiqəuyğundur.

Son illər vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi problemlərin tədricən həllini tapması paralel olaraq demokratik və hüquqi islahatlara olan ictimai marağı daha da gücləndirir. İnsanların hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini ilə bağlı dövlətdən gözləntiləri artır, hakimiyyət isə öz növbəsində, üzərinə bir sıra yeni öhdəliklər götürərək ictimai rəyə həssas münasibətini izhar edir. Konstitusiyaya yeni dövrün tələbləri ilə uzlaşan bir sıra əlavə və dəyişikliklər edilməsi də məhz bu reallıqla şərtlənmiş, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq niyyətindən irəli gəlmişdir.

"İnsan və vətəndaş hüquqları barədə" Fransa Bəyannaməsində göstərilir ki, "Azadlıq başqasına zərər vurmayan hər bir hərəkəti etmək imkanından ibarətdir". Ulu öndər Heydər Əliyevin "şah əsəri" olan Azərbaycan Respublikası Konstitusiyası da hər bir fərdin - başqalarının mənafeyinə zərər vurmamaq şərtilə - bütün fundamental hüquqlarına etibarlı təminat mexanizmləri yaradır. Əsas Qanuna zaman-zaman edilən əlavə və dəyişikliklər də məhz ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, qanuni mənafeyinin daha səmərəli təmin olunması məqsədinə yönəlmişdir. Bu əlavə və dəyişikliklər Azərbaycan dövlətinin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir.

 

 

Zahid CƏFƏROV,

Bakı Dövlət Universitetinin dosenti,

hüquq elmləri namizədi

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 6.