Vətəndaş hüquq və azadlıqlarına
etibarlı təminat mexanizmi
Hər bir dövlətdə ali
hüquqi sənəd kimi yüksək təsir qüvvəsinə
malik olan konstitusiya ictimai münasibətləri sivil şəkildə
tənzimləyən, dövlətlə vətəndaş
arasında qarşlıqlı məsuliyyət və vəzifələri
müəyyənləşdirən təkmil hüquqi mexanizm
kimi xarakterizə edilir. Konstitusiyalar tarixən hər bir
xalqın sabit və davamlı inkişaf yolunu beynəlxalq
hüquq normaları əsasında formalaşdıran ali sənəd
olmaqla yanaşı, ayrı-ayrı dövlətlərin siyasi
sisteminin xarakterini açmış, ümumbəşəri
demokratik dəyərlərə, insan hüquq və
azadlıqlarına münasibətini özündə ehtiva
etmişdir. Müstəqil yaşamaq haqqını təmin
etmiş hər bir ölkədə konstitusiya təkcə
dövlətçiliyin hüquqi bazasını yox, həm də
xalqın milli inkişaf prioritetlərini müəyyənləşdirən,
dövlət idarəçiliyinin çevik və işlək
mexanizmlər əsasında həyata keçirilməsini təmin
edən fundamental hüquqi sənəddir.
Azərbaycan Respublikası
müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə
1993-cü ilin oktyabrında yeni konstitusiyanın
hazırlanması üçün təşəbbüs
göstərilsə də, ölkədə siyasi sabitliyin
mövcud olmaması, sosial gərginlik, dövlət
çevrilişi cəhdləri, həmçinin
qarşıya çıxan bir sıra təxirəsalınmaz
vəzifələr bu təşəbbüsün
reallaşmasını ləngitmişdir. Ümummilli lider Heydər
Əliyevin böyük səyləri sayəsində dövlətçiliyə
qarşı yönəldilmiş qəsdlərin
qarşısı alındıqdan və ölkədə Əsas
Qanunun qəbuluna imkan verən zəruri şərait, siyasi
sabitlik formalaşdıqdan sonra - 1994-cü ilin iyul ayında
Milli Məclisin iclasında ölkə Prezidentinin sədrliyi
ilə konstitusiya layihəsinin hazırlanması
üçün xüsusi komissiya yaradılmışdır.
Görkəmli alimlərin, hüquqşünasların,
mütəxəssislərin daxil edildiyi komissiyanın 1995-ci il
iyul ayının 5-də keçirilmiş ilk iclasında nitq
söyləyən ümummilli lider Heydər Əliyev bir
sıra dəyərli tövsiyələrini, məsləhətlərini
vermişdir. Ulu öndər müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasının
hazırlanmasında həm Azərbaycanın tarixi
keçmişindən, milli dəyərlərindən, həm
də ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin təcrübəsindən
istifadə edilməsini mühüm vəzifə kimi irəli
sürmüşdür.
Azərbaycan Respublikasının
yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il
noyabrın 10-da keçirilmiş iclasındakı nitqində
Heydər Əliyev demişdir: "Bu gün hamımız mənəvi
rahatlıq hissi keçirə bilərik. Çünki tarixi
bir iş görülmüşdür. Tarixi bir sənəd
yaradılıbdır. Bu gün biz Azərbaycanın
bugünü, gələcəyi üçün çox
böyük bir sənəd - siyasi, hüquqi sənəd
yaratmışıq. Bizim konstitusiya layihəsinin ən
mühüm əhəmiyyəti ondan ibarətdir ki,
xalqımızın, respublikamızın tarixində bu, ilk,
tamamilə sərbəst, müstəqil şəkildə
yaranmış konstitusiyadır. Konstitusiya layihəsi indiyə
qədər olan bütün konstitusiyaların, qanunların
hamısından fərqlənir. Ona görə fərqlənir
ki, bu, müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasıdır".
Xalqın keçdiyi tarixi yolun,
müstəqillik uğrunda apardığı ardıcıl
mübarizənin məntiqi yekunu və parlaq təntənəsinin
əksi olan Konstitusiyamız dövlətin fəaliyyətinin əsas
istiqamətlərini, demokratik dövlət quruculuğu
prosesinin başlıca prinsiplərini, vətəndaşların
əsas hüquq və vəzifələrini müəyyən
etmişdir. Faktiki olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda
siyasi-hüquqi sistemin formalaşmasına
başlanılmış, ən müxtəlif sahələrdə
islahatların aparılmasına fundamental baza
yaradılmışdır.
Azərbaycan Respublikasının
Konstitusiyası nəinki dövlətin, habelə xalqın
dövlətçilik iradəsini, suverenliyini ifadə edən
əsas qanun olmaqla ictimai-siyasi institutların fəaliyyətini,
dövlətin özünüidarə sistemini tənzimləyir,
vətəndaş cəmiyyətinin formalaşmasının və
inkişafının hüquqi təminatçısı
qismində çıxış edir. Konstitusiyamızın
preambulasında Azərbaycan dövlətinin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü qorumaq,
bu ali sənəd çərçivəsində demokratik
quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq, xalqın iradəsini
ifadə edən, insan hüquq və azadlıqlarını təmin
edən hüquqi, dünyəvi dövlət qurmaq və digər
bu kimi ülvi niyyətlər bəyan edilmişdir. Əsas
Qanun Azərbaycan dövlətinin hakimiyyətlərin
bölünməsi prinsipi əsasında təşkil edilən
demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu təsbit
edir, başqa sözlə, dövlətin təyinatını
tam yerinə yetirməsi üçün bütün zəruri
xüsusiyyətləri əks etdirir. Konstitusion quruluşun
vacib əsası kimi xalq hakimiyyətini (xalqın suverenliyini)
bəyan edən və Azərbaycan xalqını hakimiyyətin
yeganə mənbəyi elan edən Konstitusiya xalqın öz
suveren hüququnu bilavasitə ümumxalq səsverməsi -
referendum və ümumi, bərabər və birbaşa
seçki hüququ əsasında sərbəst, gizli və
şəxsi səsvermə yolu ilə seçilmiş
nümayəndələri vasitəsilə həyata
keçirməsini nəzərdə tutur. Əsas Qanun Azərbaycan
dövlətini hakimiyyətlərin bölünməsi prinsipi
əsasında təşkil edilən demokratik, hüquqi,
dünyəvi, unitar respublika olduğunu təsbit edir, başqa
sözlə, dövlətin öz təyinatını tam yerinə
yetirməsi üçün bütün zəruri xüsusiyyətləri
göstərir.
Əsas Qanunda əksini
tapmış mühüm məsələlərdən biri də
xalqın hüquq və mənafeləri ilə bağlı
bütün məsələlərin referendum yolu ilə həllinin
nəzərdə tutulmasıdır. Konkret olaraq 3-cü maddədə
göstərilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının qəbulu və ona dəyişikliklər
edilməsi, habelə Azərbaycan Respublikasının dövlət
sərhədlərinin dəyişdirilməsi məsələləri
yalnız ümumxalq referendumu yolu ilə həll oluna bilər.
Yəni Konstitusiyanın ümumxalq referendumu ilə qəbul
olunması və sabitliyi onun daimi dəyişməzliyi kimi
tövsif olunmur. Konstitusiya qəbul olunduğu andan onun tənzimləmə
predmetini təşkil edən ictimai münasibətlərin
inkişafı, sosial, iqtisadi və siyasi şəraitin dəyişməsi
bu qanunvericilik sənədinə müvafiq dəyişiklik və
əlavələr edilməsi zərurətini yaradır.
Azərbaycan Respublikasında insan
hüquq və əsas azadlıqlarının həyata
keçirilməsinin təmini, ölkədə məhkəmə
islahatlarının uğurla reallaşdırılması, Azərbaycan
Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin
daha da təkmilləşdirilməsi ilə bağlı yeni
müddəaların Azərbaycan Konstitusiyasında təsbit
edilməsi məqsədilə 2002-ci il avqustun 24-də
keçirilən referendum məhz dövrün zəruri tələbləri
ilə şərtlənmişdir. Həmin vaxt Konstitusiyaya
ümumxalq referendumu əsasında edilmiş prinsipial dəyişikliklər
proporsional seçki sisteminin ləğvini, fövqəladə
hallarda prezident səlahiyyətlərinin Baş nazirə
keçməsini, eləcə də prezident seçkilərinin
nəticələrinin sadə səs çoxluğu prinsipi ilə
hesablanmasını, hökumətin Milli Məclis
qarşısında illik hesabatla çıxış etməsini,
habelə siyasi partiyaların ləğvi səlahiyyətlərinin
Konstitusiya Məhkəməsindən alınaraq ümumi
yurisdiksiyalı məhkəmələrə verilməsini,
alternativ hərbi xidmət növünün
formalaşdırılmasını, Respublika Prokurorluğuna və
Ali Məhkəməyə qanunvericilik təşəbbüsü
ilə çıxış etmək səlahiyyətinin verilməsini,
vətəndaşlara Konstitusiya Məhkəməsinə
birbaşa müraciət etmək imkanının
yaradılmasını nəzərdə tutmuşdur. Bu dəyişikliklər
mahiyyət etibarilə insan və vətəndaş
hüquq-azadlıqlarının konstitusion təminatını
gücləndirməyə xidmət etməklə
yanaşı, eyni zamanda hakimiyyət qolları arasında
hüquqi tarazlığın təmin olunmasına yönəlmişdi.
Məsələn, dəyişikliklərdən əvvəl
105-ci maddə Azərbaycan Prezidenti vaxtından əvvəl vəzifədən
getdikdə onun səlahiyyətlərinin Milli Məclisin Sədrinə
keçməsini nəzərdə tuturdu. Konstitusiyaya
edilmiş dəyişikliyə görə, fövqəladə
hallarda prezidentin səlahiyyətlərinin Baş nazirə
keçməsi hakimiyyət bölgüsü prinsipi
baxımından daha məntiqəuyğun idi. Çünki həm
prezident, həm də Baş nazir icraedici hakimiyyətin
nümayəndələri olduğundan, birincinin hansısa səbəbdən
öz vəzifəsini icra edə bilməməsi halında səlahiyyətlərin
icraedici hakimiyyətin digər nümayəndəsinə verilməsi
məntiqi və qanunauyğundur. Bu qanunauyğunluq həm də
hakimiyyət bölgüsü haqqında nəzəriyyələrin
diktə etdiyi tələblərdən irəli gəlir.
Hakimiyyətin icraedici, qanunverici və məhkəmə
orqanları arasında bərabər surətdə
bölünməsi prinsipinin qorunub saxlanılması demokratik
dövlətin əsas atributlarından hesab olunur. Milli Məclis
rəhbərinin həm qanunverici, həm də icraedici hakimiyyətin
səlahiyyətlərini müvəqqəti də olsa öz əlində
cəmləşdirməsi isə istər-istəməz
hakimiyyətin iki qanadı arasında tənzimləmə
prosesini çətinləşdirirdi. Təsadüfi deyildir
ki, həmin dəyişikliklər istər Azərbaycan cəmiyyətində,
istərsə də beynəlxalq səviyyədə dəstəklənərək
zamanın tələbindən irəli gələn müsbət
dəyişikliklər kimi xarakterizə edilmişdir.
Həmin referendumdan ötən 7
illlik zaman kəsiyi Konstitusiyaya əlavə və dəyişikliklərin
cəmiyyət üçün müstəsna əhəmiyyətini,
faydasını təsdiqləməklə yanaşı, bu sahədə
dövrün tələbi ilə səsləşən əlavə
islahatların aparılmasını obyektiv zərurətə
çevirmişdir. 2003-cü ildən Azərbaycanda demokratik
transformasiyanın yeni mərhələsinin başlanması,
hüquqi, siyasi və iqtisadi islahatların paralel şəkildə
aparılması, cəmiyyətdə siyasi mədəniyyətin,
demokratik təfəkkürün güclənməsi, ən əsası,
vətəndaşların həyat tərzində kardinal dəyişikliklərin
qabarıq duyulması keyfiyyətcə yeni mərhələdə
Konstitusiyaya müəyyən pozitiv əlavə və dəyişikliklərin
edilməsinə yaranmış sosial ehtiyacı da qabarıq
şəkildə üzə çıxarır.
Azərbaycan Prezidenti İlham Əliyevin
6 illik rəhbərliyi dövründə respublikamız son illərdə
bir çox inkişaf etmiş dövlətlərin onilliklər
boyu keçdiyi inkişaf mərhələlərini sürətlə
adlamış, iqtisadi tərəqqi, demokratikləşmə,
insan hüquq və azadıqlarının, vətəndaş
cəmiyyəti təsisatlarının təminatı sahəsində
nəzərəçarpacaq uğurlara imza
atmışdır. Ümumi daxili məhsulun sürətli
artımı insan hüquq və azadlıqlarının
müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə,
habelə müasirləşdirilməsinə xidmət edən
məhkəmə-hüquq islahatlarının keyfiyyətcə
yeni mərhələyə qədəm qoyması, ən
başlıcası, siyasi-hüquqi və iqtisadi islahatların
bir-birindən təcrid edilmədən həyata keçirilməsi
Azərbaycan Konstitusiyasına növbəti dəfə əlavə
və dəyişiklikləri nəzərdə tutan 2009-cu ilin
18 mart referendumunun hansı səbəblərlə şərtləndiyini
bir daha əyani şəkildə göstərir.
Yeni ictimai-iqtisadi formasiyaya
keçidlə bağlı bəzi hallarda ictimai
düşüncəni müəyyən pozitiv yeniliklərə
hazırlamaq, habelə iqtisadi və siyasi islahatları paralel
şəkildə həyata keçirmək müəyyən
vaxt tələb edir. Sosial-iqtisadi inkişafın yüksək
tempi ilə əlaqədar ictimai münasibətlərin
inkişafı, liberallaşmaya xidmət edən islahatların
sürətlənməsi, habelə Azərbaycanın
Avratlantik strukturlara inteqrasiya prosesinin sürətlənməsi
keyfiyyətcə yeni mərhələdə konstitusion
islahatları obyektiv zərurətə çevirmişdi. 18
mart referendumu ərəfəsində bəzi konkret müddəalar
üzərində aparılan müqayisəli hüquqi təhlillər
də göstərdi ki, konstitusiya islahatı Azərbaycan
xalqının suverenliyi, perspektiv demokratik və iqtisadi
inkişafı ilə bağlı mühüm əhəmiyyət
daşıyan məsələdir.
Hər bir konstitusiyanın
hüquqi, siyasi və ideoloji funksiyaları, ictimai məqsədi
var. Bunlardan ən başlıcası hüquqi funksiya
olduğu üçün digər qanunlar, qanun qüvvəli
aktlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən
qəbul olunmuş normativ-hüquqi aktlar Konstitusiya ilə
ziddiyyət təşkil etməməlidir. Bu baxımdan 18 mart
referendumunun nəticəsi olaraq Konstitusiyanın 25, 32, 39, 50,
57, 71, 72, 96, 109, 125, 129, 131 və 146-cı maddələrinə
edilən əlavə və dəyişikliklər
Konstitusiyanın hüquqi funksiyasının daha yüksək
səviyyədə, çevik və işlək mexanizmlər
əsasında realizəsinə yönəlmişdir. Məsələn,
Konstitusiyanın 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü
hüququ) edilən dəyişikliyə görə, Azərbaycan
Respublikası vətəndaşlarına qanun layihələrini
Milli Məclisin müzakirəsinə çıxarmaq
hüququnun verilməsi ilk növbədə ictimai mənafelərə
xidmət edir. Referenduma qədər Azərbaycan
Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü
ilə çıxış etmək hüququ (qanun layihələrini
və başqa məsələləri Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim
etmək hüququ) Azərbaycan Respublikasının Prezidentinə,
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan
Respublikasının Ali Məhkəməsinə, Azərbaycan
Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə məxsus idi. Referendumun
nəticəsi kimi səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının
40 min nəfərinə belə bir hüququn verilməsi həm
də Konstitusiyanın I maddəsinin (Azərbaycan
Respublikasında hakimiyyətin yeganə mənbəyi
xalqdır) tələbindən irəli gəlir. Bu yenilik
ölkə vətəndaşlarına onların maraq dairəsinə
daxil olan məsələlərin hüquqi tənzimlənməsi
məqsədilə qanun layihələri hazırlamasına və
Milli Məclisin müzakirəsinə çıxarmasına
imkan yaradır.
Konstitusiya ali hüquqi sənəd
olmaqla yanaşı, eyni zamanda dövlətin idarəetmə
sistemini tənzimləyir, siyasi sistemin ahəngdarlığını,
hakimiyyət bölgüsü prinsipinin səmərəli
reallaşdırılmasını təmin edir. Əsas
Qanunumuz dövlət quruculuğu prosesini və onun strukturunu,
ayrı-ayrı şəxslərlə və qruplarla
münasibətlərini müəyyən etməklə
yanaşı, siyasi sistemin hüquqi əsası kimi
çıxış edir. Hər bir siyasi qüvvə dövlət
hakimiyyəti uğrunda siyasi mübarizəni yalnız Azərbaycan
Konstitusiyasında müəyyən edilmiş prinsiplər əsasında
apara bilər. Bu baxımdan Konstitusiyanın 84, 88, 92, 95, 101,
108-ci maddələrinə edilən əlavə və dəyişikliklər
Konstitusiyanın siyasi funksiyasının həyata keçirilməsinin
təmin edilməsinə yönəlmişdir. Məsələn,
Konstitusiyanın 84-cü maddəsinin (Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyət müddəti)
I hissəsinə edilən əlavəyə görə,
"Müharibə şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərin keçirilməsini mümkün etmədikdə
Azərbaycan Respubikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti
hərbi əməliyyatların sonunadək uzadılır. Bu
barədə qərar seçkilərin (referendumun)
keçirilməsini təmin edən dövlət
orqanının müraciətinə əsasən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
qəbul edilir". Azərbaycan Ermənistanın təcavüzü
ilə üzləşdiyindən və müharibə şəraitində
yaşadığından belə bir müddəanın
Konstitusiyada əksini tapması milli maraqlar baxımından son
dərəcə vacibdir. Şübhəsiz, müharibə
şəraitində seçkilərin keçirilməsi və
siyasi ehtirasların qızışması Azərbaycanın
milli maraqlarını ciddi təhlükə altına ala bilər.
Bu baxımdan 84-cü maddənin I hissəsinə edilən əlavə
obyektiv zərurətdən, ümumxalq mənafeyindən irəli
gəlmişdir.
18 mart referendumunun mühüm nəticələrindən
biri də budur ki, Azərbaycan Konstitusiyasının hüquqi
və siyasi funksiyası ilə yanaşı, ideoloji
funksiyası da təkmilləşdirilmişdir. Konstitusiya hər
bir insanın həyatında rol oynayan müqəddəs sənəd
olub cəmiyyətdə ən ali və ülvi dəyərlərə
- insan və mülkiyyət hüquqlarına, demokratikləşməyə
təminat verir. 12, 17, 29, 48, 75-ci maddələrə edilən əlavə
və dəyişikliklər Konstitusiyanın ideoloji
funksiyasının həyata keçirilməsinin təmin edilməsinə
yönəlmişdir. Məsələn, 75-ci maddəyə
edilən əlavə və dəyişiklik istər siyasi və
mənəvi, istərsə də hüquqi baxımdan təzə
müstəqillik əldə etmiş Azərbaycan
üçün müstəsna əhəmiyyət kəsb
edir. Bu əlavəyə görə, "Dövlət rəmzlərinə
hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən
edilmiş qaydada məsuliyyətə səbəb olur". Azərbaycanın
bayrağı, gerbi və himni onun hər bir vətəndaşı
üçün müqəddəs, toxunulmazdır. Hər bir
azərbaycanlı dövlət rəmzlərimizi
özünün milli heysiyyəti, qüruru, fəxarət
yeri sayır. Dövlət rəmzlərinə hörmətsizliyin
nümayiş etdirilməsi ilə bağlı Azərbaycanın
Cinayət-Prosessual Məcəlləsində hüquqi məsuliyyət
müəyyən olunmuşdur. Nəzərdə tutulan əlavə
isə Azərbaycan Respublikası Cinayət Məcəlləsində
əksini tapmış bu məsələyə konstitusion
status verir.
Göründüyü kimi,
Konstitusiyaya əlavə və dəyişikliklər
dövrün tələblərindən irəli gələrək
vətəndaşların mənafeyinə xidmət edir, habelə
insan hüquqlarının təminatı sahəsində daha
geniş imkanlar açır. Konstitusiyaya əl basaraq Azərbaycan
xalqına və dövlətinə layiqincə xidmət edəcəyinə
and içən Prezident İlham Əliyev hər bir vətəndaşın
Əsas Qanunda təsbit olunmuş hüquq və
azadlıqlarının etibarlı təmini istiqamətində
ardıcıl və sistemli iş aparır. Dövlət
başçısının son 6 ildə Konstitusiyaya əsaslanmaqla
həyata keçirdiyi məhkəmə-hüquq islahatları
isə ölkə vətəndaşlarının hüquq və
azadlıqlarının daha etibarlı təminatı məqsədinə
xidmət edir.
İsaxan VƏLİYEV,
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq
İnstitutunun şöbə müdiri,
hüquq elmləri doktoru
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 7.