Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 123 nömrəli fərmanına əsasən yaradılmışdır. Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət tənzimlənməsini, fəaliyyətin səmərəli təşkilini və dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) Əsasnaməsini, Azərbaycan Respublikası sənaye və energetika nazirinin əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində nazirliyin tabeliyində olan struktur bölmələri, digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, nazirliyin və agentliyin öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Agentliyin saxlama xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Agentlik Bakı şəhərində yerləşir.

 

II. Agentliyin fəaliyyət istiqamətləri

 

7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahənin inkişafı və infrastrukturunun yaradılması üzrə dövlət siyasətinin işlənib hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların və normativ sənədlərin işlənib hazırlanmasında iştirak edir;

7.3. müvafiq sahədə enerji mənbələrinin istifadəsi, obyektlərin layihələndirilməsi, tikintisi, istismarı və həmin məqsədlər üçün lazımi avadanlıqların istehsalı ilə əlaqədar fəaliyyətin tənzimlənmə mexanizminə dair təkliflər verir;

7.4. müvafiq sahədə fəaliyyətin (layihələndirmə, tikinti, istismar və istehsal) stimullaşdırılmasına və bu sahəyə olan tələbatın ödənilməsinə yönəldilən tədbirlər haqqında təkliflər hazırlayır;

7.5. müvafiq sahədə fəaliyyətin həyata keçirilməsinə nəzarət edir;

7.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Agentliyin vəzifələri

 

8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. Azərbaycan Respublikasının ayrı-ayrı zonaları üzrə bərpa olunan enerji resurslarının, o cümlədən günəş, külək, biokütlə, termal sular, su axınları, müxtəlif növ tullantılar və bu kimi digər mənbələrin müəyyən olunmasını, yerli və xarici mütəxəssisləri cəlb etməklə müasir texnologiyaların tətbiqi üçün optimal şəraitlərin öyrənilməsini, dövlət və məqsədli proqramların işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

8.2. müvafiq sahədə fəaliyyət göstərən təşkilat və müəssisələrdə, habelə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunan ərazilərdə belə enerji mənbələrindən istifadənin səmərəliliyi ilə bağlı təkliflər hazırlamaq;

8.3. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müvafiq sahədə fəaliyyət göstərən dövlət, kommersiya və qeyri-kommersiya təşkilat və müəssisələrinin müvafiq qaydada uçotunu aparmaq, bu sahədə müasir texnologiyaların, texnika, qurğu və avadanlıqların tətbiqi ilə bağlı səlahiyyətləri daxilində tədbirlər həyata keçirmək;

8.4. müvafiq sahədə fəaliyyətə qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi icazənin verilməsi barədə nazirlik qarşısında vəsatət qaldırmaq;

8.5. müvafiq sahədə qəbul olunmuş dövlət və beynəlxalq standartların tələblərinə uyğun olmayan, insanların həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən avadanlıqların və qurğuların istifadəsinin qarşısının alınması məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.6. müvafiq sahədə fəaliyyət göstərən təşkilat və müəssisələrin müvafiq sahə üzrə fəaliyyətinə, bu sahədə avadanlıqların quraşdırılmasına, qurğulardan düzgün istifadə olunmasına və müəyyən edilmiş qaydada saxlanılmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.7. müvafiq sahədə fəaliyyətə nəzarət məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla icrası məcburi olan göstərişlər vermək, müvafiq sahədə fəaliyyətə verilmiş xüsusi icazənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında nazirlik qarşısında vəsatət qaldırmaq;

8.8. müvafiq sahədə ölkə üçün strateji əhəmiyyətə malik olan layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər vermək;

8.9. beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahə ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiq edilməsi üzrə təkliflər vermək, ölkədə müvafiq sahədə istifadə oluna bilən qurğu, avadanlıq və ehtiyat hissələrinin istehsalı haqqında təkliflər hazırlamaq;

8.10. alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunan ərazilərdə əhalinin və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi, əhalinin məlumatlandırılması və ekoloji monitorinqin keçirilməsi sahəsində aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.11. müvafiq sahə ilə bağlı dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün təkliflər hazırlamaq;

8.12. Agentliyin fəaliyyətinin təşkili üçün ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və qanunvericilikdə nəzərdə tutulan digər maliyyə vəsaitlərindən səlahiyyətləri daxilində təyinatı üzrə istifadə etmək;

8.13. Agentliyin fəaliyyətinə dair məlumat bazası yaratmaq, nazirliyə mütəmadi olaraq hesabatlar təqdim etmək, Azərbaycan Respublikasında mövcud olan alternativ və bərpa olunan enerji mənbələri haqqında məlumat bankı yaratmaq, onların yerli şəraitə uyğun səmərəli istifadəsinə imkan verən texnologiyaların tətbiqi üçün təkliflər hazırlamaq;

8.14. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;

8.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.16. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

8.17. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək;

8.18. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Agentliyin hüquqları

 

9. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.2. Azərbaycan Respublikasının müxtəlif regionlarında alternativ və bərpa olunan enerjinin hərtərəfli və geniş tətbiqi ilə bağlı təhlillər və tədqiqatlar aparmaq, fəaliyyət istiqamətləri üzrə təkliflər hazırlamaq;

9.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.4. müvafiq sahədə işçilərin peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;

9.5. alternativ və bərpa olunan enerji istehsalı, enerji səmərəliliyi və ətraf mühitin qorunması ilə bağlı tədbirlər təşkil etmək və keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək;

9.6. qanunvericiliyə uyğun olaraq müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək;

9.7. qanunvericiliklə müəyyən olunmuş qaydada müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

9.8. qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.9. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Agentliyin fəaliyyətinin təşkili

 

10. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən agentliyin direktoru (bundan sonra - direktor) rəhbərlik edir.

11. Direktor agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12. Direktorun Azərbaycan Respublikasının sənaye və energetika naziri (bundan sonra - nazir) tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən bir müavini vardır.

13. Direktorun müavini direktor tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

14. Agentliyin işçilərinin vəzifələrə təyin və vəzifələrdən azad edilməsi qanunvericiliyə uyğun olaraq nazir tərəfindən həyata keçirilir.

15. Direktor:

15.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində agentliyin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün nazirliyə təqdim edir;

15.3. Agentliyin struktur bölmələrinin əsasnamələrini hazırlayır və təsdiq olunmaq üçün nazirliyə təqdim edir;

15.4. Agentliyin işçilərinin qanunvericilikdə nəzərdə tutulmuş həvəsləndirmə və intizam tədbirlərinə cəlb edilməsi üçün nazirliyə təqdimat verir;

15.5. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan aktlarını ləğv edir;

15.6. öz səlahiyyətləri daxilində agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə beynəlxalq danışıqlarda iştirak edir;

15.7. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir.

15.8. Agentliyin xərclər smetasına uyğun olaraq ona ayrılan vəsaitin istifadəsinə sərəncam verir;

15.9. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə agentliyi vəkalətnaməsiz təmsil edir;

15.10. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi barədə nazirliyə təkliflər verir;

15.11. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini təmin edir.

16. Agentliyin səlahiyyətlərinə aid olan məsələlərin həlli, həmçinin müvafiq sahə üzrə strateji əhəmiyyətə malik olan proqramların hazırlanması üçün agentlikdə nazirliyin, agentliyin, aidiyyəti təşkilatların işçilərindən, o cümlədən mütəxəssis və alimlərdən ibarət ictimai əsaslarla fəaliyyət göstərən texniki şura yaradıla bilər. Texniki şuranın tərkibi və əsasnaməsi nazir tərəfindən təsdiq edilir.

 

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 8.