Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə Avropa Parlamentində Azərbaycan
mədəniyyəti günləri
keçirilir
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə noyabrın
10-da Avropa Parlamentinin mənzil-iqamətgahında
ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günlərinin
açılışı münasibətilə təntənəli
mərasim keçirilmişdir.
Avropa Parlamenti
deputatlarının, Avropa
İttifaqı təsisatları
və Belçika hakimiyyət dairələri
rəsmilərinin, bu ölkədə akkreditə
olunmuş diplomatik korpusun əməkdaşlarının,
yerli ictimaiyyətin nümayəndələrinin və
diaspor təmsilçilərinin
iştirakı ilə
keçirilmiş tədbiri
Azərbaycan mədəniyyəti
günlərinin Avropa Parlamentində təşkilinə
şərait yaratmış
bolqarıstanlı deputat
Yevgeni Kirilov açmışdır. O bildirmişdir
ki, bu ildən
etibarən Azərbaycan
ilə "Şərq
tərəfdaşlığı" Proqramı çərçivəsində
əməkdaşlığa başlanmışdır. Bugünkü
tədbir Azərbaycanın
qədim tarixinə, zəngin mədəniyyətinə,
incəsənətinə və
mətbəxinə həsr
olunmuşdur. Bu tədbir həqiqətən
böyük iqtisadi potensiala malik Azərbaycan haqqında daha ətraflı məlumat əldə etməyimizə imkan yaradacaqdır. Avropa Parlamenti qüdrətli Azərbaycan dövləti
ilə siyasi, iqtisadi və mədəni sahələrdə
əməkdaşlıq etməyə
xüsusi önəm verir və hərtərəfli
əlaqələr yaratmaqda
maraqlıdır.
Avropa Parlamentinin Çexiyadan olan vitse-prezidenti Liber Ruçek qonaqları salamlayaraq demişdir: Bugünkü mərasim onu göstərir ki, qədim tarixi olan Azərbaycan
zəngin mədəniyyətə
və incəsənətə
malikdir, müxtəlif
sivilizasiyaların kəsişməsində
yerləşir. Azərbaycan
öz mədəniyyətində
müxtəlif sivilizasiyalara
məxsus aspektləri
əks etdirir. Buraya Yaxın Şərq, rus, yəhudi və digər xalqların mədəniyyət aspektləri
daxildir. Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti
və mətbəxi onun yaxın qonşuluq siyasətində
mühüm rola malik olmasını sübut edir. Azərbaycan kimi vacib bir
ölkə ilə hərtərəfli - istər
siyasət aləmində,
istər iqtisadi, istərsə də ilk növbədə Avropanın bu gün bir nömrəli
probleminə çevrilmiş
enerji təhlükəsizliyinin
təminatı və digər sahələrdə
hərtərəfli əməkdaşlığı
inkişaf etdirmək
Avropa İttifaqı üçün zəruridir.
Biz Azərbaycan
ilə Avropa İttifaqı arasında sıx əməkdaşlıq
və dostluq səviyyəsinə nail olmaq istəyirik. 27 Avropa ölkəsini öz ətrafında birləşdirən Avropa
İttifaqı üçün
Azərbaycanın yaxın
dost və tərəfdaş ölkə
olmasını arzu edirik. Mən belə hesab edirəm ki, bugünkü tədbir bu istiqamətdə atılan
addımlardan biridir və bunu qiymətləndirmək
lazımdır.
Azərbaycanın Belçika
Krallığında və
Lüksemburq Hersoqluğunda
səfiri, Avropa İttifaqı yanındakı
daimi nümayəndəliyinin
rəhbəri Emin Eyyubov tədbirin təşəbbüskarı, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizdə
təhsilin, mədəniyyətin
və səhiyyənin
inkişafı ilə
bağlı gördüyü
işlərdən danışmışdır.
Səfir Azərbaycan həqiqətlərinin təbliği
sahəsində fondun gördüyü işlər
barədə geniş
məlumat vermiş və Mehriban Əliyevanın tədbirin
iştirakçılarına müraciətini oxumuşdur.
Müraciətdə deyilir:
"- Xanımlar
və cənablar!
Sizi Azərbaycan
mədəniyyəti günlərində
salamlamaqdan böyük
şərəf duyuram.
Avropa Parlamentinin belə bir tədbirə ev sahibliyi etməsi
Qərb və Şərq sivilizasiyalarının
kəsişməsində yerləşən
qədim ölkənin
- Azərbaycanın mədəniyyətinə
verilən yüksək
qiymətin və əsl marağın sübutudur. Ölkənin
zəngin tarixi boyunca onun nadir
coğrafi mövqeyi burada nümunəvi mədəniyyətin yaranmasına, müxtəlif
etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına xidmət
etmişdir.
Azərbaycanın mədəniyyəti
dünyada ən qədim mədəniyyətlərdən
biri hesab edilir və ölkədə əsrlər
boyu yaşayan xalqların müxtəlif
adət-ənənələrini
özündə birləşdirir.
Bu ilkin şərtlər əsrlər
boyu ölkədə fəlsəfi-ədəbi
fikrin, poeziyanın və memarlığın,
habelə ölkənin
maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin çiçəklənməsinə gətirib çıxarmışdır.
Tədbir çərçivəsində
Azərbaycan mədəniyyətinin
müxtəlif nümunələri,
o cümlədən musiqi, təsviri incəsənət, xalq sənətkarlığı, folklor,
milli rəqs və mətbəxi sizin diqqətinizə təqdim ediləcəkdir.
Beləliklə, Azərbaycanda
mövcud olan mədəniyyət müxtəlifliyi
haqqında sizə, əziz qonaqlar, ilk əldən məlumat verməyə imkan yaranacaqdır.
Başqa bir
cəhət ondan ibarətdir ki, yuxarıda sadaladığım
mədəniyyət formaları
Azərbaycanın özünəməxsusluğunun
əsasını təşkil
edir və Azərbaycan xalqının
həyatında mühüm
əhəmiyyət daşıyır.
Ümid edirəm ki, bütün bu tamaşalar və sərgilər sizin Azərbaycan mədəniyyəti
ilə tanış olmağınıza xidmət
edəcəkdir.
Mən bir daha sizin mədəniyyət və tolerantlığın inkişafına verdiyiniz davamlı və dəyərli dəstəyinizi yüksək qiymətləndirir və Azərbaycan mədəniyyətinə olan marağa görə təşəkkür edirəm. Beləliklə, bu gün tanış olacağınız möhtəşəm mədəniyyəti daha yaxından görmək üçün, Azərbaycan mədəniyyətinin reallıqları haqqında daha çox bilmək və daha çox öyrənmək səylərinizi qiymətləndirərək mən sizi Azərbaycana dəvət etməkdən böyük məmnunluq hissi duyuram.
Mehriban ƏLİYEVA,
Azərbaycanın birinci xanımı
Heydər Əliyev
Fondunun prezidenti
YUNESKO-nun və
İSESKO-nun xoşməramlı
səfiri".
***
Azərbaycan incəsənət ustalarının konserti mərasim iştirakçılarına xoş təsir bağışlamışdır. Konsertdə muğam və xalq mahnıları ilə yanaşı, caz musiqisi səslənmiş, milli rəqslərimiz ifa edilmişdir.
Avropa Parlamentində
Azərbaycan mədəniyyəti
günləri çərçivəsində
açılmış sərgidə
əməkdar rəssam
Sakit Məmmədovun əsərləri, bədii
miniatürlər və
heykəllərin müəllifi
Elmira Abbaslının
işləri, Azərbaycanın
qədim tətbiqi və xalçaçılıq
sənətlərini əks etdirən eksponatlar, eləcə də Heydər Əliyev Fondunun beşillik fəaliyyəti dövründə
müxtəlif sahələr
üzrə gördüyü
işləri əks etdirən albom və broşürlər nümayiş etdirilmişdir.
Sonda mərasim iştirakçıları Azərbaycan
Milli Kulinariya Mərkəzinin baş direktoru və Milli Kulinariya Assosiasiyasının prezidenti
Tahir Əmiraslanovun rəhbərliyi altında
hazırlanmış milli
mətbəximizin ləziz
nümunələrinin dadına
baxmışlar.
Heydər Əliyev
Fondunun Azərbaycan mədəniyyətinin dünyada,
o cümlədən Avropada tanıdılması
və təbliği istiqamətində həyata
keçirdiyi davamlı
fəaliyyətin tərkib
hissəsi olaraq Avropa Parlamentindəki Azərbaycan mədəniyyəti
günləri şübhəsiz
hələ uzun müddət tədbir iştirakçılarının yaddaşından silinməyəcəkdir.
Azərbaycan mədəniyyəti
günləri noyabrın
13-dək davam edəcəkdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Brüssel
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 8.