45 il ədalətin keşiyində

 

Ədalətli cəmiyyətdə yaşamaq uğrunda mücadilə insanlığın mövcudluq tarixində şanlı epoxa təşkil edir. Daxili azadlığını təmin edəcək dövlətdə yaşamaq istəyən bəşər övladı daim haqq-ədalət, həqiqət axtarışında olmuş, məhz belə bir mühitdə saf və ali ideallarına qovuşa biləcəyini düşünmüşdür. Ədalət meyarının hər bir cəmiyyətdə bərqərar olması isə tarixən qanunun aliliyini rəhbər tutan səlahiyyət sahiblərinin - ilk növbədə, insan taleyi ilə bağlı qərar qəbul edən hakimlərin fəaliyyətindən asılı olmuşdur.

Vaxtilə böyük yunan mütəfəkkiri Sokrat hakimləri ədalət mücəssəməsi kimi səciyyələndirərək yazırdı ki, bunun üçün onların 4 şərtə əməl etməsi vacibdir: hakim nəzakətlə dinləməli, ağılla düşünməli, müdrik cavab verməli, qərəzsiz qərar qəbul etməlidir. Həyatda bu reallıq öz təsdiqini tam tapıb. Ədalət meyarı yalnız düzgünlüyə, haqqa, insanpərvərliyə, humanizmə söykənən hakimlərin fəaliyyətindən çox asılıdır. Xalqımız cəmiyyətdə qanunçuluğun zəfəri yolunda əzmlə çalışmış belə ədalət keşikçiləri ilə daim qürur duyub, onları qoruyub, zamanın sərt təlatümlərindən hifz edib. 45 il hakim kürsüsündə yorulmadan çalışan, peşə şərəfini daim uca tutan, bütün varlığı ilə haqqın, ədalətin təntənəsinə töhfəsini verən belə nəcib insanlardan biri də məhz Hüseyn Heydər oğlu Talıbovdur.

Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, "Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda". Yetkin bir insanın ömrü qədər hakimlik stajı olan Hüseyn Talıbov da çətin və şərəfli peşə fəaliyyətində daim vicdanının səsi ilə hərəkət edib, qanunun aliliyinə əsaslanıb, haqqı nahaqqa qurban verməyib. Xarakterinin bütövlüyü, kamillik səviyyəsi isə erkən yaşlarından qarşıya qoyduğu məqsəd və amallarda, saf niyyətlərdə təcəssümünü tapıb. Müdriklərimiz "ot kökü üstə bitər" deyiblər - 1937-ci il noyabrın 16-da Gəncə şəhərində zəhmətkeş ailəsində dünyaya göz açan Hüseyn Talıbovun cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsində ailə mühitinin böyük təsiri olub. Milli təfəkkür, milli kök, babalardan miras qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan ailə mühitində aldığı tərbiyə, sadə zəhmət adamları olan valideynlərinin xeyir-duası daxilindəki humanizm, insanpərvərlik kimi keyfiyyətlərdə çuğlaşaraq onu şərəfli ömür yoluna hazırlayıb.

1946-cı ildə Yeni-Yerevan qəsəbəsindəki Məşədi Əzizbəyov adına 15 nömrəli 7 illik məktəbin birinci sinfinə gedən Hüseyn Talıbov 1953-cü ildən təhsilini 19 nömrəli dəmiryol məktəbində davam etdirib. Yaşa dolduqca həyatın qəribəlikləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan fədakar insanlar kimi, onu da dünyanın əbədi sualları ilə üz-üzə qoyub. Bu sualların cavabını humanitar elmlərdə axtaran gənc Hüseynin gələcək həyat yolu, peşə seçimi də məhz onun saf və təmiz düşüncələrindən qaynaqlanıb. Orta məktəbi bitirdikdən sonra ilk cəhddə uğur qazana bilməsə də, ruhdan düşməyib, müxtəlif təşkilatlarda fəhlə kimi çalışıb. Ali təhsil almaq arzusunu gerçəkləşdirmək üçün yorulmadan əzmlə imtahanlara hazırlaşıb.

1958-ci ildə BDU-nun hüquq fakültəsinə daxil olan Hüseyn Talıbov dərs əlaçısı və ictimaiyyətçi kimi tanınıb.

1963-cü ildə universiteti bitirərək dövlət komissiyasının qərarı ilə işləmək üçün Azərbaycan Ali Məhkəməsinə göndərilib və özünü bacarıqlı işçi kimi göstərdiyindən hakim vəzifəsinə təsdiq edilib. 1964-1971-ci illərdə Xanlar, Qax, Zaqatala rayon məhkəmələrində xalq hakimi işləyib. Hakim adına layiq bütün müsbət keyfiyyətləri nəzərə alınaraq 1971-ci ilin avqust ayında respublika Ali Məhkəməsinə üzv seçilib. Həmin vəzifədə 9 il işlədikdən sonra 1980-ci ildə Ali Məhkəmə sədrinin müavini vəzifəsinə irəli çəkilib. 1985-ci ildə Ali Məhkəmə sədrinin birinci müavini, 1986-cı ildə isə Ali Məhkəmənin sədri vəzifəsinə təyin edilib. 1992-ci ilin iyul ayına kimi həmin vəzifədə çalışıb.

Hüseyn Talıbov Ali Məhkəmənin sədri işlədiyi dövrdə xeyli məhkəmə qərarlarında yol verilmiş məhkəmə səhvlərinin düzəldilməsi üçün onların yuxarı məhkəmə instansiyalarında yenidən baxılmasına nail olub. Nəticədə yüzlərlə vətəndaşın pozulmuş hüquqları bərpa edilib. Belə vətəndaşların bir çoxu qanunsuz məhkum edildiklərinə görə həbsdən azad edilib, bəraətverici əsaslarla onların haqqında olan cinayət işlərinin icraatına xitam verilib. Onların sırasında 1937-ci və sonrakı illərdə repressiyaya məruz qalmış şəxslər də az olmamışdır.

Hüseyn Talıbovun Ali Məhkəmədə işlədiyi ən çətin və mürəkkəb dövr 1988-1991-ci illəri əhatə edir. Söhbət 70 il dünyanı lərzəyə salmış totalitar bir sistemin çökməyə başlaması dövrundən gedir. Bunun ən aşkar göstəricisi Dağlıq Qarabağda baş qaldırmış separatçılıq tendensiyaları idi. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra bununla bağlı çoxsaylı cinayət hadisələri olmuş, cinayət işləri qaldırılmışdı. Həmin işlərin istintaqını bir qayda olaraq SSRİ prokurorluğunun müstəntiqləri aparırdı. Cinayət işlərinə Azərbaycan məhkəmələri, əsasən Ali Məhkəmə tərəfindən baxılırdı.

SSRİ prokurorluğu və SSRİ Ali Məhkəməsi ermənilərin təzyiqi ilə tələb edirdilər ki, bu işlər üzrə məhkumlara ağır cəzalar, hətta müstəsna cəza tədbiri olan ölüm cəzası tətbiq edilsin. Azərbaycana və azərbaycanlılara daha çox zərbə vurmaq üçün ermənilər hər cür vasitədən istifadə edirdilər. O vaxt bunu respublika vətəndaşlarının əksəriyyəti bilmirdi. Moskvanın inadlı təkidləri təəssüf ki, ozamankı respublika rəhbərliyinə də sirayət etmiş, mərkəzdən gələn tələbləri yerinə yetirirdi. Lakin bütün təzyiq və təsirlərə baxmayaraq, belə cinayət işlərinin heç biri üzrə məhkumlara Azərbaycan məhkəmələri tərəfindən ölüm hökmü çıxarılmırdı. Hətta SSRİ Ali Məhkəməsi "nümunə" göstərmək üçün həmin işlərdən birini - Sumqayıtdan olan Musayevin işini öz icraatına götürdü, ona ölüm cəzası təyin etdi və bu hökm dərhal icra edildi. Lakin Azərbaycan məhkəmələri ittifaq Ali Məhkəməsinin bu "nümunəsinə" əməl etmədi, heç nədən çəkinməyərək sonrakı vaxtlarda da həmin işlər üzrə məhkumlara müstəsna cəza tədbirləri tətbiq edilmədi. Bu, Hüseyn Talıbovun xidmətlərinin nəticəsi idi.

1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşduqdan sonra respublika məhkəmələrinin və hakimlərinin, ümumilikdə hüquq sisteminin qarşısında duran ən başlıca vəzifə azad və ədalətli məhkəmə sisteminin yaradılması idi. Fəqət, tarix göstərdi ki, dövlət müstəqilliyinin ilk illəri xalqın gözlədiklərini heç də doğrultmur, cəmiyyətin digər sahələrində olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsində də problemlər ortaya çıxır. Həmin illərin hadisələri bu gün hər kəsə məlumdur. Hüseyn Talıbov bu dövrdə də özünün prinsipiallığı ilə fərqlənmiş və baş verənlərə ədalətli yanaşmasına sadiq qalmışdır. Onun Ali Məhkəmənin sədri vəzifəsindən getməsində əsas rolu da məhz elə bu dəyişməz mövqeyi oynamışdır.

1992-ci ilin iyulunda H.Talıbovun Ali Məhkəmənin sədri vəzifəsindən istefa ərizəsi Milli Məclis tərəfindən qəbul edilmiş və həmin gün Sumqayıt Şəhər Məhkəməsinə sədr vəzifəsinə təyin edilmişdir.

1994-cü ildə H.Talıbov Sumqayıt Şəhər Məhkəməsinin sədri işlədiyi vaxt respublika məhkəmələri hakimlərinin konfransında Bakı şəhəri və respublikanın digər şəhər və rayon məhkəmələri hakimlərinin ixtisas kollegiyasının sədri seçilmişdir. Qanunun tələbinə görə, məhkəmələrə hakimlərin seçilməsi və onların vaxtından əvvəl geri çağırılması yalnız ixtisaslaşdırılmış kollegiyanın razılığı ilə olurdu. Həmçinin hakimlərə ixtisas dərəcəsi verilməsi və onların intizam məsuliyyətinə cəlb edilməsi məsələlərinə də həmin kollegiyada baxılırdı.

2000-ci ildə respublikada hakim vəzifəsinə layiq olan şəxslərin seçilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Məhkəmə-Hüquq Şurası təşkil edilmişdir. Şura 2000-ci ilin aprel ayında Dövlət Tələbə Qəbulu Komissiyasının qaydaları əsasında hakimliyə namizədlərin test imtahanını keçirmişdir. Bundan sonra isə hakimliyə namizədlər yoxlama müsahibəsindən keçirilmişlər. Göstərilən çox çətin sınaqlardan hakimliyə namizədlərin yalnız üçdə bir hissəsi keçməyə müvəffəq olmuşdur.

Bu sınaqlardan uğurla keçənlər sırasında H.Talıbov da var idi. Ümummilli lider Heydər Əliyev Hüseyn Talıbovun 3 dəfə müxtəlif vəzifələrə təyin edilməsinə öz xeyir-duasını vermişdir. 1971-ci ildə Azərbaycan Ali Məhkəməsinə üzv, 1980-ci ildə Ali Məhkəmənin sədr müavini seçilmiş, 2000-ci ildə ulu öndərimizin sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə hakim təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 16 iyun 2007-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinə hakim təsdiqlənmişdir.

Ədalətin təntənəsi naminə böyük xidmətlər göstərən zaman Hüseyn Talıbov nəciblik, insanpərvərlik nümayiş etdirib. Fəqət, həyat amalı ilə seçilən Hüseyn Talıbovun dövlət qarşısındakı xidmətlərinin obyektiv dəyərləndirilməsi cəmiyyətin özündə yetişən sosial ehtiyacdır ki, bu da müxtəlif fəxri adlar formasında sahibinə ünvanlanıb. Hüseyn Talıbov müxtəlif vəzifələrdə işlədiyi bütün dövrlərdə işinin öhdəsindən layiqincə gəlib, ictimaiyyətin, həmkarlarının dərin hörmətini qazanıb. Bunun nəticəsidir ki, iki dəfə (1983 və 1987-ci illərdə) Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilib. Qax, Zaqatala, Nəsimi rayon, Bakı Şəhər Sovetinin və Azərbaycan Ali Sovetinin deputatı olub. Orden və medallarla təltif edilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə hələ 1987-ci ildə ona birinci dərəcəli hakim ixtisas dərəcəsi verilib. Elə həmin il SSRİ Ədliyyə Nazirliyinin "Əməkdə müvəffəqiyyətə görə" döş nişanına layiq görülüb. Azərbaycan Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Hüseyn Talıbov özünü həm də elmdə təsdiqləmiş alim və tədqiqatçıdır. 1970-ci ilin iyun ayında əmək hüququ üzrə namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi adına layiq görülüb. İki kitabın, hüquq elminin müxtəlif sahələrinə dair çoxsaylı monoqrafiya və elmi məqalələrin müəllifidir.

Hüseyn Talıbov müstəqil Azərbaycan Respublikasının Ali Məhkəməsinin ilk sədri olub. Həmkarları, tanışları arasında səmimi və nüfuzlu şəxs imicinə malik peşəkar hüquqşünas kimi tanınır. Bu uğurlarının əsasında onun şəxsi keyfiyyətləri - yüksək intellekti, mənəvi təmizliyi, müntəzəm olaraq üzərində çalışması, hüquqi biliklərini və dünyagörüşünü artırması, ədalətə və qanunun aliliyinə sadiqliyi durur. İnsan kimi ali, humanist xarakterə malik olan, sadəliyi, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti ilə fərqlənən Hüseyn Talıbov hakim kürsüsünə insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını 45 illik fəaliyyətində tam sübuta yetirib, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına böyük töhfələr verib. Düzlük, zəhmətsevərlik və peşəkarlıq bütün təvazökar insanlar kimi, H.Talıbovun da aurasını daha cəlbedici edir. Hüseyn müəllimin çoxsaylı yetişdirməsi hazırda müxtəlif məhkəmə instansiyalarında, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsində, Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Apellyasiya və birinci instansiya məhkəmələrində hakimlik vəzifəsini şərəflə həyata keçirirlər. O, daim gənc hüquqşünaslara diqqətlə yanaşır, onların həyat yolunun düzgün istiqamətləndirilməsinə öz töhfəsini verir. Bu sətirlərin müəllifinin hakim işləməsinin təşəbbüskarı da məhz Hüseyn Talıbov olmuşdur.

Evlidir, üç övladı, nəvələri var, qızı həkim, oğlanları hüquqşünasdırlar.

2009-cu il sentyabr ayının 8-də Hüseyn Talıbovun hakimlik fəaliyyətinin 45, əmək fəaliyyətinin isə 55 ili tamam oldu. Hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində üzərinə düşən bütün vəzifənin öhdəsindən layiqincə gələn Hüseyn Talıbovun həyat yolu həmkarları və hakim olmaq istəyən hər bir gənc üçün örnəkdir.

 

 

İkram Kərimov

 

Azərbaycan.- 2009.-12 noyabr.- S. 11.