Bakıda "İpək Yolu" ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair ikinci Beynəlxalq forum keçirilir

 

Noyabrın 11-də Bakıda "Qafqaz Point" mehmanxanasında "Böyük İpək Yolu" ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair ikinci Beynəlxalq forum işə başlamışdır.

Tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Qonaqlar buradan Bakının füsunkar mənzərəsini seyr etmişlər.

Burada uyuyan türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuşdur.

Əməkdaşlıq, əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsinə həsr olunmuş forumda 11 ölkənin - Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, Qırğızıstan, İran, Yaponiya, Koreya Respublikası, Gürcüstan və Monqolustanın gömrük xidməti orqanlarının məsul şəxsləri, Dünya Gömrük Təşkilatı, Beynəlxalq Yol Daşımaları İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Avropa İqtisadi Komissiyası, Asiya İnkişaf Bankı və TRASEKA-nın səlahiyyətli nümayəndələri iştirak edirlər.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov bildirmişdir ki, "Böyük İpək Yolu" nəhəng ticarət yolları şəbəkəsi hələ birinci minillikdən başlayaraq Avropa və Asiya xalqlarını və ənənələrini bir-biri ilə əlaqələndirmişdir. Bu tarixi marşrutlar qiymətli əşyaların, informasiya və biliklərin Şərq və Qərb arasında nəqli üçün əsas ötürücü dəhliz olmuşdur. Tarixi "Böyük İpək Yolu"nun Azərbaycandan keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynamış və ölkə ərazisində beynəlxalq tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılmışdır.

Sonra A.Şərifov iştirakçılara dünyada baş verən qlobal maliyyə-iqtisadi böhran şəraitinə baxmayaraq, regionda lider dövlət olan Azərbaycanın son illər qazandığı nailiyyətlər barədə qısa məlumat vermişdir.

Forumun vacibliyinə toxunan Baş nazirin müavini tədbirin hazırda dünya ticarətində əhəmiyyətli paya sahib olan və bu payını hər il yüksək sürətlə artıran "Böyük İpək Yolu" ölkələri arasında mal dövriyyəsinin artırılması sahəsində də əhəmiyyətini qeyd etmişdir.

Bildirmişdir ki, Avrasiyanın ənənəvi ticarət marşrutu kimi bu yol müəyyən infrastruktur və təşkilati tədbirlər vasitəsilə beynəlxalq ticarət üçün sürətli və səmərəli alternativ yol kimi fəaliyyətini uğurlu şəkildə artıra bilər. Bu cəhətdən "Böyük İpək Yolu" ölkələrinin gömrük xidmətləri tərəfindən həyata keçiriləcək tədbirlər onun potensial imkanlarının artırılmasında olduqca mühüm əhəmiyyət kəsb edir.

Gömrük xidməti beynəlxalq ticarətə yardım edir və beynəlxalq ticarət zəncirinin təhlükəsizliyi kimi modern çətinliklərin öhdəsindən gələ bilmək üçün fəaliyyət göstərir. Ona görə də qanuni ticarətin dəstəklənməsi və qorunmasında, gömrük hüquqpozmalarına qarşı mübarizə aparılmasında beynəlxalq gömrük əməkdaşlığı son dərəcə vacibdir.

Bu baxımdan Türkiyənin Antalya şəhərində ötən il oktyabrın 25-də keçirilmiş birinci forumun nəticəsi olaraq daha şəffaf və düzgün gömrük rəsmiyyətinə nail olmaq, bərpa konsepsiyası əsasında birgə və fərdi təşəbbüsləri gücləndirmək, gömrük-biznes əməkdaşlığını təkmilləşdirmək, həmçinin qanunsuz hərəkətlərin, terrorçuluğun və insan alverinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görmək məqsədi ilə Antalya bəyannaməsi qəbul olunmuşdur.

Sonra Abid Şərifov Antalya bəyannaməsinə əsasən Azərbaycanda müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, qısa zamanda respublikada xarici ticarətin dövlət tərəfindən tənzimlənməsini təkmilləşdirmək, ixrac potensialını genişləndirmək, ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiya olunmasını sürətləndirmək, daxili bazarda sağlam rəqabət mühitini yaratmaq, fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması məqsədi ilə müvafiq proqram və qərarlar qəbul olunmuş və hazırda onların icrası müvəffəqiyyətlə təmin olunur. Görülən tədbirlərin əsas məqsədi ölkələrarası ticarət dövriyyəsinin artımını təmin etmək, ölkənin iqtisadiyyatını gücləndirmək və ölkələrarası qonşuluq əlaqələrini möhkəmləndirməkdir.

TRASEKA Hökumətlərarası Komissiyası Daimi Katibliyinin baş katibi Jantoro Satıbaldiyev tədbirin əhəmiyyətindən danışmış, "Böyük İpək Yolu" dövlətlərinin gömrük xidmətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Sonra Dünya Gömrük Təşkilatı (DGT) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Bakı şəhərində DGT-nin Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin yaradılması barədə Anlaşma Memorandumu imzalanmışdır. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və DGT-nin nümayəndəsi Vitali Mikeladze imzalamışlar.

Türkiyənin dövlət naziri Hayati Yazıci ötən il ölkəsində keçirilmiş birinci forumdan sonra ikinci tədbirin məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirmişdir. Forumun gündəliyinə salınmış məsələ və məruzələrin "İpək Yolu" ölkələrinin gömrük orqanları arasında əlaqələrin, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini söyləyən, ölkəmizdə ilk dəfə olduğunu söyləyən H.Yazıci tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev demişdir ki, "Böyük İpək Yolu" üzərində yerləşən ölkələrin gömrük xidməti və nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin vaxt taparaq bu Beynəlxalq forumda iştirak etməsi, burada müzakirə olunacaq məsələlərin vacibliyini bir daha sübut edir. Elə buna görə də tədbirdə birgə müzakirə edəcəyimiz mövzular "İpək Yolu" üzərində yerləşən ölkələrin gömrük xidmətlərinin həmrəyliyini təcəssüm etdirir.

Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsi və inkişaf etməsinə təsir edən bir çox amillər sırasında ticarət münasibətlərinin formalaşması və genişlənməsi üçün yaradılmış əlverişli şərait, həmçinin ticarətin tənzimlənməsi ilə əlaqədar həyata keçirilən tədbirlər çox əhəmiyyətlidir. Xüsusilə ticarətin inkişafında xarici ticarətin liberallaşdırılması vacib yer tutur. Hazırda Azərbaycanda sistemli yanaşma əsasında bazar iqtisadiyyatının daha da inkişaf etdirilməsi, iqtisadi qüdrətin artırılması, dünya təsərrüfat sisteminə sıx inteqrasiya olunması istiqamətində müvafiq proqramlar qəbul olunmuş və onlar müvəffəqiyyətlə həyata keçirilir. Beynəlxalq ticarətə yardım və onun asanlaşdırılması mövzusu gündəlik işimizdə aktual olmaqla yanaşı, həm də ictimaiyyət üçün bu gün maraq doğuran məsələlərdən biridir. Ölkələr arasında ticarət əlaqələrinin genişlənməsi, daşımaların həcminin artdığı bir zamanda beynəlxalq təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi gömrük hüquqpozmalarına qarşı birgə mübarizənin aparılmasına zərurət yaradır.

A.Əliyev diqqətə çatdırmışdır ki, bəşəri problem olan narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, silahların, kimyəvi, bioloji maddələrin, nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, çirkli pulların yuyulmasının qarşısını almaq, eləcə də beynəlxalq terrorizmlə mübarizədə, habelə insanların sağlamlığının qorunmasında gömrük xidmətlərinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Elə bu səbəbdən də gömrük xidmətləri inteqrasiya olunmalı, beynəlxalq ticarət şəbəkəsində ən son təhlükəsizlik texnologiyaları tətbiq edilməlidir.

Ölkələrin dünya iqtisadi proseslərinə inteqrasiyası gömrük xidmətlərinin qarşısında yeni vəzifələr qoyur. Bunlar ticarət dövriyyəsində əsas rol oynayan mal və nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və ticarətə yardım üzrə tədbirləri gömrük orqanlarından gündəlik fəaliyyətlərində öz ölkələrinin iqtisadiyyatının inkişaf etdirilməsində daim axtarışda və dinamik hərəkətdə olmağı tələb edir.

Əminəm ki, "Böyük İpək Yolu"nun bərpası ölkələrimiz arasında iqtisadi, ticarət və mədəni əlaqələrin intensivləşməsinə şərait yaradacaq, keçirilən forum isə iştirakçı dövlətlərin gömrük xidmətləri və beynəlxalq təşkilatlar arasında qabaqcıl təcrübənin öyrənilməsində faydalı olacaqdır.

Fasilədən sonra forumun birinci bölməsində "İpək Yolu" ölkələri arasında ticarətin asanlaşdırılmasında Dünya Gömrük Təşkilatının rolu", "Ticarətin asanlaşdırılması alətləri - bir pəncərə", "Malların sərhəddən keçirilməsinin asanlaşdırılmasında Yaponiyanın təcrübəsi", "Pakistan gömrüyü və quru yollarla aparılan ticarət", "Pakistan ərazisindən keçməklə əfqan tranzit ticarəti", "Türkiyə sərhəd buraxılış məntəqələrinin müasirləşdirilməsi: "İpək Yolu"nun bərpası perspektivləri", "Səlahiyyətli İqtisadi Operator", "e-Gömrük: Milli yanaşma" və digər mövzularda məruzələr dinlənilmişdir.

Forum işini noyabrın 12-də davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 10.